Azərbaycançılıq məfkurəsi qloballaşmanın mənəvi aşınma təzahürlərinə qarşı etibarlı sipərdir

 

"Bütün inkişaf etmiş ölkələr kimi, indi Azərbaycan da öz fəaliyyətini bazar iqtisadiyyatı prinsipi əsasında qurur. Əlbəttə, dünya praktikası artıq sübut edib ki, bu, ən mütərəqqi yanaşmadır. Ancaq bəzi hallarda əgər mənəviyyat itirsə, mənəvi dəyərlər bazar iqtisadiyyatı içərisində əridilirsə, bu, cəmiyyətin normal yaşamasına böyük təhlükə yarada bilər. Biz çalışmalıyıq ki, ölkəmizin uğurlu iqtisadi inkişafını şərtləndirən bütün amillərlə yanaşı, mütləq və mütləq mənəvi dəyərlər itməsin. Bizim ənənələrimiz, tarixi nailiyyətlərimiz saxlanılsın, qorunsun. Əlbəttə, ölkənin gücü, zənginliyi onun iqtisadi qüdrətindədir. Ancaq eyni zamanda, onun mənəvi gücündədir. Ona güc verən məhz mənəvi dəyərlərdir".

 

İlham ƏLİYEV

 

XX əsrin sonlarından geniş vüsət alan qloballaşma prosesləri yeni dünya nizamının formalaşması ilə nəticələnir: son onilliklərdə dövlətlər arasında sərhədlər sürətlə aradan qalxır, iqtisadi inteqrasiya prosesləri dərinləşir, transmilli şirkətlərin beynəlxalq siyasi münasibətlər sistemində rolu güclənir. Bu mürəkkəb prosesi səciyyələndirmək üçün ilk növbədə, qloballaşmanın istiqamətlərini və konturlarını aydınlaşdırmağa çalışmaq, bu prosesin mənfi və müsbət təzahürlərini araşdırmaq lazımdır.

Şübhəsiz, qloballaşma kimin ona necə yanaşmasından asılı olmayaraq, qarşısıalınmaz prosesdir. Qloballaşma müasir dünyanın iqtisadi və siyasi sisteminə, beynəlxalq ictimai rəyə, habelə ayrı-ayrı xalqların tarixən formalaşan milli-mənəvi dəyərlər sisteminə müsbət və mənfi təsirləri olan obyektiv tarixi prosesdir.

Qloballaşma dünyanın və insanların universallaşması, həyat tərzi və davranışların vahid standartlarının yaranması, istehsal, istehlak və ticarətin unifikasiyasıdır. Bu proses dünya ölkələrini vahid və universal dəyərlər, texnologiya, nəqliyyat-kommunikasiya mexanizmləri, ticarət və maliyyə sistemləri ilə vahid mexanizmə çevirməyə hesablanıb. Yəni, qloballaşma prosesləri XXI əsrin başlanğıcında dövlətlərin bir-birindən siyasi, sosial-iqtisadi, sosial-mədəni və informasiya asılılığını daha da gücləndirib.

Dünya təsərrüfat sisteminin liberallaşması, investisiyaların qarşılıqlı qorunması, vergi sistemlərinin universallaşdırılması, iqtisadi və siyasi modellərin oxşarlığı elə həddə çatıb ki, milli və etnik sərhədlər az qala tamamilə aradan qalxmaq üzrədir. Biz hazırda mövcud olan Avropa Birliyi modeli fonunda bunun əyani şahidi oluruq. Yaxud Avropa Şurasına üzv dövlətlərin həyata keçirdiyi siyasi və hüquqi islahatların oxşarlığı onları qlobal məkanın subyektlərinə çevirir. Eləcə də Bolonya prosesinə qoşulan dövlətlər vahid təhsil sisteminə keçməklə oxşar standartları tətbiq edirlər və beləliklə, diplomların qarşılıqlı tanınması problemi də həllini tapır. Yəni, qloballaşma prosesi iqtisadi-ticari planda, genişmiqyaslı əməkdaşlıq anlamında daha çox mütərəqqi cəhətləri ilə diqqəti çəkir.

Ümumiyyətlə, bu gün iqtisadi qloballaşmaya bütün dünyada pozitiv yanaşma mövcuddur. Lakin bu proseslərdə ölkələrin inkişaf potensialının da nəzərə alınması vacibdir. Məsələn, son vaxtlar Yunanıstan iqtisadiyyatında yaranmış ciddi tənəzzül və büdcə kəsiri Avropa Birliyinin vahid maliyyə sisteminə ciddi zərbə vurub. Bu geosiyasi arealda vahid valyuta olan avronun məzənnəsi dollara nisbətən kəskin şəkildə aşağı düşüb. Proses onu göstərir ki, dünya iqtisadiyyatının təmərküzləşməsi prosesində ayrı-ayrı dövlətlərin daxili imkanları da nəzərə alınmalıdır.

Mübaliğəsiz deyə bilərik ki, bu gün müstəqil Azərbaycanın qlobal və siyasi-iqtisadi proseslərdə oynadığı həlledici rol dünyanın aparıcı siyasi və iqtisadi mərkəzlərində heyrətlə qarşılanır. Respublikamız liberal iqtisadi siyasət yeritməsinə, beynəlxalq təsərrüfat sisteminə sıx inteqrasiya olunmasına, investisiyalar üçün açıq ölkə kimi tanınmasına baxmayaraq, qlobal böhrandan ən az itki ilə çıxan dövlətlərdəndir. Bunu müxtəlif beynəlxalq maliyyə institutları, o cümlədən Beynəlxalq Valyuta Fondu da açıq etiraf edir. Bu mənada, respublikamızın özünəməxsus iqtisadi inkişaf modeli də ciddiliklə öyrənilir.

Amerikalı nəzəriyyəçi-filosof T.Fridmanın bir fikrini xatırlatmaq istərdim. Filosofun fikrincə, əgər ötən əsrdə böyük dövlətlər kiçikləri "udurdularsa", XXI əsrdə "sürətli" dövlətlər "ləng", "astagəl" dövlətləri "həzm edəcəklər". Bununla filosof hazırda dünya nizamında yeni geosiyasi reallıqların meydana çıxdığına, çevik xarici və daxili siyasət yeridən kiçik dövlətlərin beynəlxalq iqtisadi münasibətlər sistemindəki mövqeyinin əsaslı dərəcədə möhkəmləndiyinə işarə edir. Azərbaycan bu gün dünya neft ehtiyatlarının cəmi bir faizinə sahiblik etsə də, uğurlu və çevik diplomatiyası ilə beynəlxalq iqtisadi münasibətlər sistemində öz yerini möhkəmləndirib.

Fikrimcə, bu uğurumuzun əsasını ulu öndər Heydər Əliyevin böyük müdrikliklə irəli sürdüyü yeni neft strategiyası təşkil edir. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması, sonrakı mərhələdə "Bakı-Tbilisi-Ceyhan" neft və "Bakı-Tbilisi-Ərzurum" qaz kəmərlərinin, "TRASEKA" layihəsinin uğurla reallaşdırılması, nəhayət, "Bakı-Tbilisi-Qars" dəmiryolu xəttinin inşasına başlanılması Azərbaycanın qlobal iqtisadi proseslərdə iştirak imkanlarının yalnız üzdə olan hissəsidir. Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan respublikamız bu məqsədlə təbii sərvətləri ilə yanaşı, əlverişli nəqliyyat-kommunikasiya imkanlarından da maksimum səmərəli istifadə edir.

Bu gün Azərbaycanın iqtisadi imkanlarının artması onun özünü sərmayədar dövlətlərdən birinə çevirir. Respublikamızın milli şirkətləri, o cümlədən yerli sahibkarlarımız Türkiyə, Gürcüstan, Moldova və Orta Asiya respublikalarının iqtisadiyyatına investisiya yatırırlar. Türkiyənin nəhəng sənaye sütunu olan "Petkim"in və "Tekfen" Holdinqin səhmlərinin böyük bir hissəsinin ARDNŞ tərəfindən alınması da respublikamızın iqtisadi qüdrətinin bariz nümunəsidir. Bütün bunlar isə öz növbəsində Azərbaycanın iqtisadi qloballaşma proseslərindəki həlledici imkanlarını nümayiş etdirir.

Dünyanın inkaredilməz gerçəkliklərindən biri də budur ki, antiqlobalistlər məlum prosesin xalqların mental-əxlaqi dəyərlərinə, etnik özünəməxsusluğuna daha çox zərbə vurduğunu qeyd edir, mənəvi planda onu mənfi proses kimi qiymətləndirirlər. Hətta belə fikirlər də səslənir ki, qloballaşma iqtisadi sahədə nə qədər proqressiv xarakter daşıyırsa, mənəvi-ideoloji planda bir o qədər ziyanlıdır. Əlbəttə, belə fikirlərin real əsası var. Etiraf etməliyik ki, qloballaşma prosesləri pozitiv cəhətləri ilə yanaşı, həm də xalqların milli-mənəvi dəyərlər sisteminə qarşı yönəlib.

Qloballaşmanın əleyhdarları lokalizasiya adlanan prosesə rəvac veriblər. Bu gün qloballaşmadan ən çox ziyan çəkən milli mədəniyyət və digər milli dəyərlərdir. Çünki bu proses vahid dünya təsərrüfatı və iqtisadi sistemin yaradılmasından başqa, mənəvi, mədəni, siyasi, ictimai həyatın digər sahələrini də əhatə edir. Qərbin daha güclü strukturları elektron və digər kütləvi yayım vasitələrini işə salaraq, sözün həqiqi mənasında, xalqların milli-mənəvi irsinə qarşı, obrazlı desək, "səlib yürüşü"nə çıxırlar. Qərbin kosmopolit və universal "dəyərləri" ən mükəmməl, mütərəqqi sivilizasiya kimi, həm də cəlbedici şəkildə təbliğ edilir. Beləcə, milli mədəniyyətin, dilin, dinin, adət-ənənələrin sıxışdırılmasına və milli şüurun kosmopolitləşdirilməsinə cəhd göstərilir.

Bu proseslər fonunda, eyni zamanda, "güclünün zəifi əzməsi" kimi cəngəllik qanunu da işə düşür. Vaxtilə Taleyran deyirdi ki, "kimin döyüş meydanında informasiyası çoxdursa, o da qalibdir". Bir vaxtlar imperialist siyasət yeridərək zəif dövlətləri metropoliyaya çevirmək üsün hərbi zora əl atan dövlətlər indi də "mənəvi ekspansiya", mənəvi təcavüz yolu tutublar. Bu gün müəyyən dövlətlərin "qərbləşmə", "avropalaşma" adı altında yabançı dəyərləri yeni müstəqillik qazanmış xalqlara yeritmək cəhdləri özünü qabarıq göstərməyə başlayır. Görkəmli islam alimlərindən olan Yusif əl-Kərdavi yazır ki, "Müstəmləkəçiliyin növlərindən ən təhlükəlisi ideya müstəmləkəçiliyidir. O, torpaqları deyil, zehnləri zəbt edir, zəka isə toplardan deyil, qələmdən istifadə edir".

Təəssüf ki, belə mənfi təsirlər Azərbaycan gəncliyinin iradəcə zəif nümayəndələrinin həyata baxışlarına da təsirsiz ötüşmür. Nə gizlədək, Qərbin təsiri altında geyimini, həyat tərzini, imicini, hətta dilini dəyişməyə çalışan gənclərlə az qarşılaşmırıq. Neqativ meyillərin təsiri altında bəzi gənclərimiz narkotik vasitələrə, siqaretə, içkiyə və digər zərərli vərdişlərə meyillənirlər. Bəzi televiziya kanallarındakı qeyri-ciddi, şou xarakterli verilişlər də onların psixikasına mənfi təsir göstərir. Cənab İlham Əliyev belə bir mürəkkəb şəraitdə mənəviyyatlı və intellektual gəncliyin formalaşmasını milli-mənəvi intibah prosesində başlıca məsələlərdən sayır və bu sahəyə xüsusi diqqət yetirir. Təcrübə göstərir ki, normal ailədə böyümüş, düzgün tərbiyə, təhsil almış gəncin qurduğu ailə də möhkəm olur. Deməli, gənclərin erkən yaşlarından milli ruhda tərbiyə alması, yaxşı oxuması, bilikli, intellektli olması, işləmək, çalışmaq, karyera qurmaq vərdişlərinə yiyələnməsi ailənin monolitliyi baxımından vacib amillərdir. Biz indi bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Kapital münasibətləri cəmiyyətin ümumi ruhuna, inkişaf harmoniyasına hakim kəsilib. Bazar iqtisadiyyatı şəraitində işgüzar insanların qanuni yolla varlanması, yaxşı yaşaması üçün daha geniş imkanlar var. Bacarıqlı, çalışqan insanlar öz potensiallarından istifadə edərək sosial təminatlarını yaxşılaşdırır, bizneslərini qururlar. Fikrimcə, bu cür imkanlı insanlar, iş adamları, səlahiyyət sahibləri öz övladlarının sağlam ruhda böyüməsinin, halal zəhmətə qatlaşmasının, aza qane olmasının qeydinə daha çox qalmalıdırlar. Təəssüf ki, bəzən zəhmət çəkmədən, oxumadan, gəlir əldə etmədən, sadəcə, valideyn hesabına yaxşı yaşamaq, bahalı maşın sürmək, malikanədə yaşamaq istəyən, meşşan həyat tərzinə meyilli olan, harınlayan gənclərə də rast gəlirik. Onlara elə gəlir ki, pulla bütün dəyərləri ala və sata bilərlər. Belələri ailə məsuliyyətini çəkməyə qətiyyən hazır olmur, evləndikdən sonra da valideynlərinin himayəsinə sığınırlar. Amma şükürlər olsun ki, belə gənclərin sayı ildən-ilə azalır. Azərbaycan gənclərinin böyük əksəriyyəti yaxşı dərk edir ki, müasirləşmə heç də milli-mənəvi dəyərlərdən uzaqlaşmaq, yabançı dəyərlərə tapınmaq demək deyildir.

Bir məsələni də xüsusi vurğulamağa ehtiyac var. Müstəqillik tarixi o qədər də böyük olmayan Azərbaycan hələ ötən əsrin sonlarına doğru qloballaşma "qasırğası"na düşsə də, böyük tarixi şəxsiyyət Heydər Əliyevin müdrikliyi, uzaqgörən siyasəti sayəsində milli-mənəvi, dini dəyərlərini, çeşmə kimi saf dəyərlərini, adət-ənənələrini kənar təsirlərdən qorumağa nail olub. Ümummilli lider Heydər Əliyev 2000-ci il dekabrın 29-da - Yeni Əsr və Üçüncü Minillik münasibətilə xalqa müraciətində qloballaşmanın doğura biləcəyi mənfi fəsadlara da diqqət çəkirdi: "Dünya inkişafının indiki mərhələsinin başlıca meyilləri mədəni inteqrasiya və qloballaşmadır. Əgər bəşəriyyət XX əsri elmi inkişafın nailiyyətlərinin yaratdığı xoş ümidlərlə qarşılamışdırsa, qloballaşma prosesi çox vaxt heç də nikbinlik doğurmur. Bu mürəkkəb və birmənalı qiymətləndirilməyən prosesin perspektivləri hamımızı düşündürür. Qloballaşma dövlətlərin sabit inkişafının, bütövlüyünün və idarəetmə sistemlərinin sabitliyinin təmin olunmasına, iqtisadi münasibətlərdə ayrıseçkiliyin aradan qaldırılmasına, xalqın rifah halının yüksəldilməsinə kömək etməlidir".

Bu siyasəti son 7 ildə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də milli-mənəvi irsin, milli mədəniyyətin və incəsənətin etibarlı hamisi kimi çıxış edir. Dövlət başçısı dəfələrlə bildirmişdir ki, hər bir xalqın özünəməxsusluğunu şərtləndirən amillər onun dövlətçilik ənənələri ilə yanaşı, həm də zəngin milli-mənəvi irsi, pak və ali dəyərləri, qlobal planda maddi və mənəvi mədəniyyət nümunələri əsasında müəyyənləşir. Qədim ənənələr, ritual və mərasimlər, mental baxışlardan qaynaqlanan mənəvi-əxlaqi normalar hər bir qədim etnosun milliliyinin, kamillik səviyyəsinin ifadəsi olmaqdan savayı, həm də bəşər sivilizasiyasına dəyərli töhfədir. Milli kimliyi ifadə edən dəyərlər eyni zamanda hər bir xalqın mənəvi sərvəti, toxunulmaz xəzinəsidir. Bu toxunulmaz sərvəti qorumaq, yaşatmaq, gələcək nəsillərə çatdırmaq isə hər bir azərbaycanlının borcudur.

Əsrlərin sınağından çıxmış mədəniyyətini, mənəvi dəyərlərini, adət-ənənələrini hifz etməyi bacaran Azərbaycan xalqı eyni zamanda ümumbəşəri mütərəqqi dəyərlərə tolerant münasibət bəsləyir, müasirliyə və yeniliyə can atır. Dövlət başçısı hesab edir ki, müasir dünyada qloballaşma proseslərinin nəticəsi kimi ortaya çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi və dini dəyərlərinin qorunması məsələsini çağdaş zamanın aktual məsələlərindən birinə çevirmişdir. Dövlət başçısı total mədəniyyətin mütərəqqi cəhətlərinin mənimsənilməsi tərəfdarı kimi çıxış etməklə yanaşı, xalqın özünəməxsusluğunu şərtləndirən milli və dini dəyərlərin qorunmasını da vacib məsələ kimi önə çəkir. Nazirlər Kabinetinin 2007-ci il noyabrın 22-də keçirilmiş iclasında çıxış edən Prezident İlham Əliyev milli-mənəvi dəyərlərin qorunmasını dövlət məmurları qarşısında da ciddi tələb kimi müəyyənləşdirmişdir: "Biz indi açıq cəmiyyətdə, azadlıq şəraitində yaşayırıq. Azərbaycanda bütün hüquqlar var. Azərbaycan xalqı bütün hüquqlardan istifadə edir. Heç bir məhdudiyyət yoxdur... Ancaq dövlət məmurları, vəzifəli şəxslər, onlar o etik qaydalara riayət etməlidirlər, bizə xas olmayan, mənfi, yabançı təsiri Azərbaycanda tətbiq etməməlidirlər. Bu, mənim dövlət məmurlarına tövsiyəm və onlardan tələbimdir. Dövlət məmuru, vəzifəli şəxs hər sahədə - işdə, ictimai işində və həyatda təvazökar olmalıdır. Əgər hansısa bir iş adamı, yaxud da başqa bir adam nəsə edirsə, bu onun öz işidir. O işləri görməklə özünü biabır edir və cəmiyyətdə gözdən salır. Bunu dövlət məmuru, vəzifəli şəxs edirsə, bu, artıq təkcə onun işi deyil. Bu, bütün dövlətə, idarəçiliyə, iqtidara şərəf gətirməyən hərəkətdir".

Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərlə bağlı fəlsəfi konsepsiyasına görə, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti milli dövlətçilikdir. Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. İlham Əliyev hesab edir ki, dövlətçilik hisslərinə malik olmadan xalq öz milli dövlətini də inkişaf etdirə bilməz. Eyni zamanda, dövlət funksional imkanlarını işə salaraq xalqın milli-mənəvi dəyərlərinin və mədəniyyətinin qorunmasının təminatçısı qismində çıxış etməlidir. Milli dövlətçiliyin konkret mənəvi dəyərlər sistemi əsasında vahid məqsədə yönəldilməsi, xalqın tarixi yaddaş və mənəvi irsinin mühafizəsinə xidmət edən irimiqyaslı fəaliyyətin həyata keçirilməsi, milli ruhlu nəslin yetişdirilməsi, zəngin daxili aləmə malik azərbaycanlı obrazının bütün dünyada tanıdılması üçün zəruri olan qüvvə və potensialın səfərbər olunması cənab İlham Əliyevin dövlət başçısı kimi daim diqqət mərkəzində saxladığı məsələlərdir.

Möhtərəm Prezidentimizin bu sahədəki xidmətləri yalnız xalqın milli-mənəvi dəyərlərinə - mədəniyyətinə, ədəbiyyatına, folkloruna, incəsənətinə yüksək qayğı, diqqət nümunəsi kimi dəyərləndirilməsi bu fəaliyyətin gerçək miqyası üçün kifayət qədər dar çərçivə olar. Görülən bu işlər, sadəcə, qayğı və diqqət nümunəsi olmaqla məhdudlaşa bilməz. Bütün bunlar qədimlərdən bizə gəlib çatan müqəddəs mənəvi irsin gələcək nəsillərə əmanət edilməsi, qloballaşma dövründə azərbaycançılıq və türkçülük məfkurəsinin, əxlaqının, baxışlar sisteminin bütün dünyada təbliği, qəbul olunması üçün həyata keçirilən məqsədyönlü strategiyanın tərkib hissəsidir. Bu siyasət azərbaycançılıq ideologiyasını həyat tərzində, əxlaqda, mənəviyyatda, dildə, dində, ədəbiyyatda, bir sözlə, mənəvi mədəniyyətin bütün sahələrində istiqamətləndirici məfkurəyə çevirməyə xidmət edir.

Azərbaycan Prezidenti hesab edir ki, xalqları milli-mənəvi ənənələr qədər birləşdirən ikinci qüvvə yoxdur. Azərbaycanlıları da vahid məqsədlər ətrafında birləşdirən məhz onların zəngin mədəniyyəti, mənəvi dəyərləri, adət-ənənələridir. Xalqın da milli mədəniyyətinin yad təsirlərdən qorunması üçün, ilk növbədə, milli-mənəvi və əxlaqi dəyərlərin cəmiyyətdə tam intişar tapmasına, ictimai şüurda daha da möhkəmlənməsinə çalışmaq lazımdır.

Azərbaycanda mədəni müxtəlifliyin təmin olunmasında, bəşəriyyətin nicatına, insanlığın yüksəlişinə xidmət edən nəcib və humanist dəyərlərin inkişafında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri də xüsusi vurğulanmalıdır. İnamla deyə bilərik ki, ulu öndərin ali ideyalarına tapınan, Azərbaycan Prezidenti İlham Əliyevin dövlətin inkişafı, qüdrətlənməsi naminə həyata keçirdiyi çoxşaxəli siyasətə töhfəsini verən Heydər Əliyev Fondu Azərbaycan xalqının milli mədəniyyətinin, milli-mənəvi dəyərlər sisteminin qorunmasında, habelə cəmiyyətdə saflıq, nəciblik, xeyirxahlıq kimi dəyərlərin təbliğində müstəsna xidmətlərə malikdir. Heydər Əliyev Fondunun prezidenti haqlı olaraq qloballaşmanın qarşısıalınmaz prosesə çevrildiyi, informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə insani və mənəvi-əxlaqi dəyərlərin yad təsirlərdən qorunmasına daha çox ehtiyac olduğunu bildirir.

İqtisadi və geosiyasi plandakı bəzi pozitiv məziyyətlərinə baxmayaraq, qloballaşma ümumən milli-mədəni muxtariyyətə, suverenliyə, mədəniyyətə tuşlanmış təhlükəli silaha bənzəyir. Şübhəsiz, milli ideologiya da hər bir xalqın bu silahdan etibarlı şəkildə qorunması üçün bir növ möhkəm dəbilqə, sipər rolunu oynayır. Bu mənada, Azərbaycan xalqının da bəxti gətirib: ulu öndər Heydər Əliyev müstəqillik illərində azərbaycançılığın ayrı-ayrı komponentlərini vahid sistem halına gətirərək milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olub. Bu ideya ümummilli liderə xalqı öz ətrafında birləşdirmək, milli ideallar ətrafında səfərbər etmək imkanı yaradıb. Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində Azərbaycan dövlətinin qarşısında duran vəzifələri, onların Azərbaycan Respublikasına münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən təkmil konsepsiyadır.

Umummilli lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizin ümumbəşəri dəyərlərlə qovuşdurulmasına bütövlükdə qlobal məsələ kimi yanaşırdı və haqlı olaraq deyirdi ki, "Bu gün hər bir azərbaycanlının həm milli-mənəvi dəyərləri, həm də ümumbəşəri dəyərlərin mənəvi-əxlaqi mentaliteti onun ən böyük sərvətidir".

Azərbaycanın çağdaş fəlsəfi-siyasi fikrinin görkəmli tədqiqatçısı, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Azərbaycançılıq - milli ideologiyanın kamil nümunəsi" əsərində qeyd etdiyi kimi, azərbaycançılıq xalqımızın çox əzab-əziyyətlər bahasına nail olduğu tarixi sərvətdir. Bu, ilk növbədə, real müstəqilliyə nail olmağın, vahid və bölünməz Azərbaycanın qorunub saxlanması və möhkəmləndirilməsinin siyasi əsasıdır. Bu gün azərbaycançılıq milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının təminatçısıdır. Ölkədə yaşayan bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir. Hörmətli akademik haqlı olaraq vurğulayır ki, azərbaycançılıq ideologiyasında vahid polietnik millətin Azərbaycan dövlətçiliyinin yaradılmasına dair maraqlarının ümumiliyi, demokratiyanın, sərbəst iqtisadiyyatın, sosial həyat şəraitinin inkişafı uğrunda mübarizəsinin məqsədləri öz əksini tapmışdır: "İdeologiya kimi azərbaycançılıq müstəqil Azərbaycanın fəlsəfi-sosial doktrinasının sosiomədəni və etnik-geosiyasi cəhətlərini özündə birləşdirmişdir. O, qarşılıqlı dəstək, əməkdaşlıq və bərabərliyin mühüm əsasını təşkil edir. Bu deyilənlərdən görünür ki, ideya-nəzəri və siyasi baxımdan azərbaycançılıq və neokonservatizm bir-biri ilə sıx bağlıdır".

Qloballaşmanın doğurduğu mənəvi fəsadlar Azərbaycanın milli ailə modelinə də çox vaxt mənfi təsir göstərir. Qeyd edək ki, bu gün milli özünəməxsusluğunu yabançı Qərb dəyərlərinin dağıdıcı təsirindən qorumaq istəyən hər bir dövlət, ilk növbədə, cəmiyyətin təməli olan milli ailə institutunun tarixi ənənələr üzərində möhkəmlənməsinə çalışır. Hazırda xüsusən də Qərbdə - Avropa ölkələrində ailə institutunun zəifləməsi, bəzi hallarda tamamilə məhv olması ilə bağlı narahatçılığın güclənməsi məsələnin həyati əhəmiyyətini, aktuallığını bir daha nümayiş etdirir.

Zamanında Qərb ruhunda yetkinləşən alman filosofu Hegel "Estetika" əsərində yazırdı ki, "Biz Şərqdən gəlirik, ümumdünya tarixi Asiyadan Avropaya hərəkət edib. Şərqin ilkin şərti və zəmini isə ailəyə bağlılıqdır". Böyük mütəfəkkirin bu dahiyanə fikirləri tarixi reallıqlar fonunda tam təsdiqini tapır. Həqiqətən də Şərqdə ailə kultu mənəvi-əxlaqi normalar sisteminin daşıyıcısı kimi hər zaman üstün olub. Azərbaycana gəlincə, Şərq və Qərbin mədəniyyət təzahürlərinin tarixən qabarıq duyulduğu bu tolerant məkanda ailə institutunun monolitliyi həmişəki tək bu gün də qorunub saxlanılır. Milli ideologiyamızın - azərbaycançılığın mənşəyini də ailə kultundan kənarda təsəvvür etmək mümkün deyil. Milli ailə modelində azərbaycançılığın həm ilkin əsası, həm tarixən formalaşmış komponentləri real məzmun kəsb edir. Ailəyə bağlılıq azərbaycanlılarda tarixi kökdən, ənənələrdən, milli dəyərlərdən rişələnir.

Azərbaycan Prezidenti İlham Əliyev ailə dəyərlərinə qəlbən bağlı lider kimi Azərbaycanda bu institutun möhkəmlənməsinə, problemlərinin həllinə çalışır. Dövlət başçısı Nazirlər Kabinetinin 2009-cu ilin 1-ci rübünün yekunlarına həsr olunmuş iclasında demişdir: "Ailə və uşaq problemləri çox böyük əhəmiyyət daşıyır. Ailə dəyərləri xalqımız üçün həmişə çox doğma olub, çox əziz olub və deyə bilərəm ki, ailə dəyərləri, əslində, bizim milli dəyərlərimizdir. Azərbaycan dünya birliyinə inteqrasiya edir. Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır".

Bu gün Avropa və Qərbdə ailə institutu ilə bağlı çox ciddi, çeşidli problemlərə rast gəlinir. Buna əsas səbəblərdən biri kimi "Kaliforniya sindromu" deyilən amil göstərilir. Qloballaşmanın nəticəsi olan bu dəhşətli sindrom insanların daha çox eqoistcəsinə davranmaları, rahatlıq və sərbəstliklərini daha çox düşünmələri, ailəni ikinci plana keçirmələri ilə nəticələnir. Qərbdə gənc oğlan və qızlar arasında erkən yaşlarından nikahdankənar münasibətlərin başlanması, habelə geniş vüsət alan "vətəndaş nikahı"nın az qala "müasirlik simvolu" kimi təqdim edilməsi cəhdləri ailə ənənələrinə ciddi zərbə vurur, boşanmaların çoxalması, doğuşun azalması demoqrafik problemlərin kəskinləşməsi ilə müşahidə olunur. Avropada "ailə institutu"nun sarsılması boşanma hallarının artması və demoqrafik problemin yaranması zəminində təzahür edir. Avropa Birliyinin statistika komitəsi olan "UROSTAT"ın hesablamalarına görə, Avropa Birliyi ölkələrində boşanmalar orta hesabla 40 faiz təşkil edir. Bunun əsas səbəblərindən biri də gender probleminin şişirdilərək feminizm səviyyəsinə çatdırılması, ailə münasibətləri fonunda fərdi şəxsiyyət azadlığının ziyanlı stereotip kimi qabardılmasıdır.

Qərblə Şərqin vəhdətində olan Azərbaycan məhz tarixən formalaşmış fundamental ailə dəyərləri ilə qloballaşma prosesinin bu mənfi təsirlərini özünə yaxın buraxmamağa çalışır. Xalqımızın tarixən formalaşmış mental keyfiyyətlərini, mənəvi-əxlaqi dəyərlərini bu gün də yaşadan azərbaycanlı gənci ailənin öz həyatında oynadığı müstəsna rolu düzgün dərk edir, nikaha girməyin, ailə başçısı olmağın məsuliyyətini dərk edir. Azərbaycan xalqının ailə modeli nəinki Qərbdə, həm Şərqdə unikal hesab olunan bir ailə modelidir. Ailədaxili münasibətlərin ciddi əxlaq normalarına söykənməsi - böyüklərə hörmət və ehtiram, kiçiklərə sevgi, mərhəmət və diqqət kimi ənənələr ta qədimdən bu günə kimi gəlib çatıb. Bu dəyərləri yaşatmaq, əslində, xalqın milli özünəməxsusluğunu qoruyub saxlamaq, mənfi meyillərə etibarlı müqavimət göstərmək deməkdir.

Qloballaşmanın mənfi fəsadlarından söz düşəndə nədənsə bir qayda olaraq Qərbdən gələn təsirlər önə çəkilir. Halbuki sivilizasiyaların qovuşduğu əlverişli məkanda yerləşən Azərbaycan bəzən Şərqin, o cümlədən müsəlman dünyasının mənfi təsirlərini də qabarıq hiss edir. Bu geosiyasi arealda təşkilatlanmış müəyyən dini-ekstremist qruplaşmalar zaman-zaman Azərbaycanı təbliğat məkanı kimi nəzərdən keçiriblər. Azərbaycanda müəyyən maraqlarını həyata keçirmək istəyən radikal dini qruplaşmaların neqativ meyilləri müstəqilliyin ilk illərində özünü çox ciddi problem kimi göstərirdi. Müxtəlif radikal-dini qruplaşmalar, missionerlər respublikamızda pozuculuq fəaliyyəti ilə məşğul olur, mövcud dini durumu gərginləşdirməyə çalışırdılar. Lakin ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbilə hakimiyyətə qayıtdıqdan sonra digər sahələrdə olduğu kimi, vicdan azadlığı sahəsində də vəziyyət kökündən dəyişdi. Ölkədə dini, milli, etnik münasibətlərin yüksək səviyyədə tənzimlənməsi, vicdan azadlığının tam bərqərar olması naminə ardıcıl tədbirlər həyata keçirildi. 1995-ci ildə Azərbaycanda ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyada hər bir ölkə vətəndaşının vicdan azadlığı birmənalı təsbit edildi.

Bu gün Azərbaycanda mövcud olan etnik-dini tolerantlıq hazırda bəzi inkişaf etmiş ölkələrə də örnək göstərilir. İnsan hüquqları üzrə ixtisaslaşmış beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda müxtəlif dini sivilizasiyalar arasındakı münasibətlərin yüksək səviyyədə olduğu, dini azlıqların maraq və mənafelərinin qorunduğu razılıqla bildirilir. Bu ilin aprelində keçirilən Dünya dini liderlərinin Bakıda forumu bu reallığı bir daha təsdiqlədi.

Cənab İlham Əliyev son 7 ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsi, xüsusən də dini ziyarətgahların əsaslı təmiri və yenidənqurulmasına da xüsusi diqqət ayırmışdır. Azərbaycan Prezidentinin islam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş və inanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənləri bir daha təsdiqləyir. Son illərdə Bibiheybət, Təzəpir, Əjdərbəy və digər məscidlər əsaslı təmir olunmuş, onların təchizatına lazımi diqqət ayrılmışdır.

Azərbaycan Prezidentinin cəmiyyətin mühüm təbəqəsi olan dindarlarla mütəmadi görüşləri, onların dini-mənəvi ehtiyaclarına həssaslıqla yanaşması, dini bayram və mərasimlərdə şəxsən iştirak etməsi xalq arasında böyük razılıq və minnətdarlıqla qarşılanır, cəmiyyətdə etnik-dini dözümlülüyün təbliğində və təşviqində mühüm stimul rolu oynayır.

Azərbaycan xalqı sivil, demokratik və dünyəvi dövlət prinsiplərinə sadiq qaldığını bəyan edib. Respublikamızda din dövlət siyasətindən ayrıdır. Fəqət, respublikamızın bu konstitusion quruluşu səviyyəsində dini-mənəvi dəyərlərin inkişafı naminə atılan addımlarla, habelə xalqın qəlbində yer tapmış islami dəyərlərlə qətiyyən ziddiyyətə girmir. 70 illik totalitar sovet rejimi belə xalqın bu ülvi hiss və duyğularına hakim kəsilə bilməyib, onu öz milli-mənəvi, dini dəyərlərindən, adət-ənənələrindən ayıra bilməyib. 70-80-ci illərdə məhz Heydər Əliyevin himayəsi altında onlarca məscid tarixi abidə adı altında qorunub saxlanılıb, əsaslı təmir edilib, xalqa qaytarılıb. Bu siyasət bu gün də möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Fəqət, açıq demək lazımdır ki, son illərdə dini dəyərlərin təbliğində bəzi hallarda ifratçılığa, xurafata varma, dini ayinləri qəlbən dərk etmədən, imitasiya və görüntü naminə kor-koranə icra etmə, nəticə etibarilə islami dəyərlərin də mənəvi-əxlaqi təsir gücünün zəifləməsinə gətirib çıxarır. Respublikamızda dini-mənəvi dəyərlərin təbliğində çox vaxt vicdanlı yanılmadan irəli gələn yanlış meyillərə, hansısa dini ayinin icrası ilə bağlı məcburetmə hallarına rast gəlinir. Hətta belə bir yanlış təsəvvür formalaşdırılır ki, guya qapalı geyim tərzinə malik insan daha əxlaqlı və tərbiyəli olur. Halbuki xalqımızın ən kamil əxlaqi, milli-mənəvi dəyərlərini sırf dini-sakral görüşlərlə bağlamaq düzgün olmazdı. Bu dəyərlər həm də bizim əsrlərdən bəri yol gələn folklorumuzda, etnik düşüncə tərzimizdə qorunub saxlanılır.

Müstəqilliyin əldə edilməsi Azərbaycan qarşısında diktaturadan demokratiyaya, komanda iqtisadiyyatından sərbəst bazar iqtisadiyyatına, iki əsrlik işğalçılıq tarixi olan imperiyanın bir hissəsindən milli dövlətə çevrilmək, dünya miqyasında özünü təsdiq etmək kimi vəzifələr qoymuşdu. Şükürlər olsun ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi uğurlu təməl üzərində bu məqsədləri praktik surətdə gerçəkləşdirə bildik. Son 15 ildə iqtisadi sahədə həyata keçirilən islahatların başlıca qayəsini həm də dövlətsizləşdirmə prosesinin sürətləndirilməsi - iqtisadi cəhətdən güclü və müstəqil milli şirkətlərin yaradılması, insanların biznes təşəbbüskarlığının, özünüifadə imkanlarının artırılması, demokratik dəyərlərin ictimai şüurda möhkəmlənməsi kimi mühüm prinsiplər təşkil edib.

Bu konsepsiyanı uğurla davam etdirərək iqtisadi və siyasi islahatların uğurlu sintezinə nail olmuş dövlət başçısı İlham Əliyev də demokratik proseslərin davamlı şəkildə aparılmadığı hansısa dövlətin iqtisadi sahədə yüksək nəticələr əldə etməsini, beynəlxalq arenada layiqli yerini tutmasını, dünya təsərrüfat sisteminə inteqrasiyasını qeyri-mümkün sayır. Azərbaycan Prezidenti çıxışlarında dəfələrlə vurğulayıb ki, iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər uğursuzluqla nəticələnir. Cənab İlham Əliyev qeyd edib ki, demokratikləşmə və modernləşmənin fundamental şərti azadlıqdır. İnsanın tam azadlığı isə təkcə qanunun və hüquq qaydalarının deyil, həm də iqtisadi müstəqilliyin hökm sürdüyü cəmiyyətlərdə mümkün olur. Sosioloq Seymur Martin Lipsetin sözləridir - "Millət nə qədər varlı olsa, onun sabit demokratiyaya nail olmaq şansları da bir o qədər yüksəkdir".

Cənab İlham Əliyevin prezidentliyinin əsas konsepsiyası da məhz güclü iqtisadi bazanın yaradılmasından ibarətdir. Şübhəsiz, yalnız ölkənin iqtisadi cəhətdən güclənməsi, vətəndaşların maddi rifahının təmin edilməsi vasitəsilə cəmiyyətin mərhələli demokratikləşməsindən, keçid demokratiyasından möhkəmlənmiş, yəni, konsolidasiya olunmuş məkana transformasiyası barədə danışmaq olar.

İqtisadi modernləşmə və demokratikləşmə hər bir ölkənin milli inkişaf səviyyəsi ilə bağlı məsələ olduğundan bu iki təmayülü zorla hansısa dövlətdə sınaqdan çıxarmaq mümkün deyil. Daha dəqiqi, kənardan ixrac edilən demokratiya modelləri transformasiyalı cəmiyyətlərdə şəraitə uyğunlaşmağa heç də həmişə hazır olmur. Müasir dünyada demokratikləşmə prosesinin müəyyən universal tələbləri və meyarları olsa da, hər bir ölkənin özünəməxsus milli mentaliteti, tarixi, sosial-iqtisadi, siyasi və mədəni inkişaf xüsusiyyətləri, qeyri-bərabər başlanğıc imkanları nəzərə alınmalıdır. Bu gün Avropa dövlətlərində də eyni demokratiya modelinin mövcudluğundan danışmaq mümkün deyildir.

Akademik Ramiz Mehdiyev "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" əsərində doğru olaraq yazır ki, bizə eyni vaxtda həm demokratiyaya, həm də bazar iqtisadiyyatına keçidi zorla qəbul etdirmək səyləri iqtisadi və siyasi dəyişikliklər arasında əsrlər boyu yaranmış qarşılıqlı əlaqələr modelini dəyişmək cəhdi, tarixi presedentləri olmayan eksperiment deməkdir.

Qloballaşma prosesləri şəraitində ictimai şüurda "həzm olunmayan" normalar hər bir xalqın mövcud həyat forma və strukturları ilə münaqişəyə girir. Son nəticədə cəmiyyət hətta mütərəqqi yeniliklərə də qeyri-adekvat münasibət bəsləməyə başlayır. Bəli, demokratik dəyərlər və modernləşmə strategiyası yalnız yüksək maddi rifah şəraitində özünə möhkəm ictimai dayaqlar tapa bilir.

Son illər vətəndaşlarımızın yaşayış tərzində, sosial rifah halında özünü qabarıq göstərməyə başlayan müsbət keyfiyyət dəyişiklikləri, hər bir hüquqi dövlətdə ictimai-siyasi sabitliyin başlıca təminatçısı sayılan orta təbəqənin - milli sahibkarlar ordusunun mövqelərinin ildən-ilə möhkəmlənməsi ümumbəşəri xarakter daşıyan demokratik-hüquqi normaların ictimai rəydə düzgün dərk olunmasına, qavranılmasına və qiymətləndirilməsinə əlverişli şərait formalaşdırır.

Azərbaycanın hazırkı sürətli iqtisadi inkişaf tempi cəmiyyətdə ictimai konsensusun əldə olunmasına, liberallaşmaya xidmət edən hüquqi-siyasi və demokratik islahatlar kursunun daha da genişləndirilməsini obyektiv zərurətə çevirir.

 

 

İmamverdi İSMAYILOV,

Milli Məclisin deputatı

 

Azərbaycan.-2010.-26 may.- S. 4.