Əqidə fədaisi
...O məşum gecədən artıq 20 il keçir. Ancaq ötən illər həmin gecə törədilən dəhşətli qətlin izlərini, onun qurbanı olan Azərbaycan fədaisini yaddaşlardan, xatirələrdən silə bilmədi. Əksinə, adı həmişə hörmətlə anıldı, uğrunda qurban getməyə belə hazır olduğu məqsədinə çatmaq üçün göstərdiyi inadkarlığa, fədakarlığa daim dərin rəğbət duyuldu.
Onu həyatdan ayırmaqla öz istəklərinə çatacaqlarını düşünənlər isə nə qədər yanıldıqlarına cəmi bir ay sonra özləri şahid oldular. Çünki bu qətl Azərbaycanın böyük oğlu, xalqının ən çətin günlərində daim onun yanında olan Heydər Əliyevin ölkəyə dönüşünü əngəlləyə bilmədi. Bədxahlar isə, sadəcə, Azərbaycanın nicatını Heydər Əliyevin qayıdışında görən, buna bütün qəlbi ilə çalışan görkəmli ziyalını yalnız fiziki cəhətdən yox edə bildilər. Mərkəzi Komitədən gələn təzyiqlərə, hədələrə baxmayaraq, ümummilli liderin Vətənə dönüşünü təmin edən prosesin əsas təşkilatçılardan olan, bunun üçün bütün çətinliklərə qatlaşan bu dəyərli insanın - Əjdər Xanbabayevin qətlinin arxasında isə İttifaq rəhbərliyindən respublika başçılarına, DTK intriqantlarından siyasi avantüristlərə qədər bütöv bir imperiya sistemi dayanmışdı.
Naşirlik fəaliyyətini özü üçün sənət seçən Əjdər Xanbabayevin ömür yolu də keşməkeşli olub, həyatda çox məşəqqətlərlə üzləşib. Ancaq bütün bunlar 1931-ci ildə Ordubadda dünyaya göz açmış Əjdər Xanbabayevi həyatın sınaqları qarşısında daha mətanətli, iradəli etdi, istedadı, savadı ilə həmişə diqqəti özünə yönəltməyi bacardı. Ali məktəbi bitirən ili akademiya nəşriyyatına baş redaktor təyin edilməsi ilə o, hamını bir daha heyrətə gətirdi. Bu etimadı ona nəşriyyatın direktoru Ziya Bünyadov göstərmişdi. Ömrünü nəşriyyat işinə bağlayan Ə.Xanbabayev müxtəlif illərdə "Elm", "Azərnəşr", "Yazıçı" nəşriyyatlarına rəhbərlik etmiş, Dövlət Nəşriyyat və Poliqrafiya Komitəsi sədrinin birinci müavinliyinədək yüksəlmişdi. 10 cildlik "Azərbaycan Ensiklopediyası", 50 cildlik "Dünya uşaq ədəbiyyatı", 30 cildlik "Dünya ədəbiyyatı kitabxanası", Azərbaycan və rus dillərində 20 cildlik "Azərbaycan klassik ədəbiyyatı kitabxanası" kimi nəşrlərin işıq üzü görməsində Əjdər müəllimin misilsiz xidmətləri olmuşdur. Bir sözlə, milli kitab nəşrinin böyük bir mərhələsi həm də bu şəxsin adı ilə bağlı idi.
1988-ci ildən etibarən Azərbaycanda baş verən ictimai-siyasi gərginlik onu da proseslərin önünə çıxartdı. Lakin onun yolu həmin dövrün aparıcı xətti olan siyasi avantürizmlə çulğaşmadı. O, bu məmləkətdə özü üçün ən düzgün, ədalətli və xalqın mənafeyinə uyğun seçimi müəyyənləşdirən ilk ziyalılardan oldu. Əjdər Xanbabayev də nicatı Heydər Əliyevdə görürdü...
1990-cı il may ayının 17-də Sovet İttifaqı Kommunist Partiyasının Naxçıvan MSSR təşkilatının konfransında bütün ittifaqı silkələyən qərar qəbul edildi: Heydər Əliyev konfrans iştirakçılarının mütləq səs çoxluğu ilə Azərbaycan KP-nin XXXII qurultayına nümayəndə seçildi. Konfransın gedişində həm mərkəzi, həm də Bakı rəhbərliyi toplantı iştirakçılarına nə qədər təzyiq göstərsələr də, məlum qərarın qəbuluna maneçilik yarada bilmədilər. İyunun 8-nə təyin olunmuş qurultayda iştirak hüququ qazanmaqla Heydər Əliyev həm də Vətəninə qayıtmaq təminatı da əldə edirdi. Nəzərə alsaq ki, 1987-ci ildən etibarən Azərbaycana gəlişi qadağan edilən bir şəxsi indi xalq özü rəsmi şəkildə vətəninə dəvət edirdi və bütün bunlar mərkəzi və yerli rəhbərliyin total təzyiqlərinə baxmayaraq, baş verirdi, onda Heydər Əliyev şəxsiyyətindən qorxanların problemlərinin miqyasını anlamaq mümkün olar. O dövrkü rəhbərlik onu da yaxşı başa düşürdü ki, Heydər Əliyevin hakimiyyətə doğrudan da heç bir iddiası olmasa da, xalqın Heydər Əliyevə yeganə nicat kimi baxması siyasi proseslərdə güc nisbətinin tamamilə dəyişməsi ilə nəticələnə bilər.
Azərbaycanda baş verən ictimai-siyasi proseslərin, kortəbii, çirkin məqsədli aksiyaların sonunun xaosa və Qarabağın tam işğalına doğru axar almasını proqnozlaşdırmaq isə Heydər Əliyev üçün çətin deyildi. Lakin Azərbaycanın üzləşdiyi problemlərin həlli üçün Qarabağda konkret addımların atılması zərurəti barədə söylədiyi fikir və təkliflər o vaxtkı rəhbərlik tərəfindən nəzərə alınmadı. Əksinə, həm Bakıda, həm də Moskvada onun əleyhinə yönəlmiş təbliğat, yaxınlarına qarşı isə repressiya maşını tam gücü ilə işə salınırdı. Ancaq Heydər Əliyevə qarşı Moskva və Bakı rəhbərliyi tərəfindən çirkin təzyiqlər və təxribatlar aparılsa da, sadə azərbaycanlılar, eləcə də böyük qisim ziyalılar vətənin və xalqın taleyində misilsiz rol oynayan həmvətənlərini unutmurdular. İmkan daxilində Heydər Əliyevi ziyarət edir, onunla telefonla danışır, bir sözlə, həyatını Azərbaycana həsr edən bir insanı unutmadıqlarını və ona hörmət bəslədiklərini nümayiş etdirirdilər.
1989-cu ilin ortalarında Heydər Əliyevin Moskvadakı evinə zəng gəlir. Danışan özünü belə təqdim etmişdi: "Sizə həmişə ehtiram bəsləyən və Sizi Azərbaycanın yeganə nicatı kimi görən Azərnəşrin baş direktoru Əjdər Xanbabayev". Ə.Xanbabayev Heydər Əliyevlə görüşmək niyyətində olduğunu bildirir və görüş üçün dəvət alır. Söhbət əsnasında öz səmimiyyəti, ziyalılığı ilə Heydər Əliyevdə maraq yarada bilən Əjdər müəllim həm də böyük etimad, inam qazanır. Bəli, onilliklər boyu xeyirxahlıq, yardım göstərdiyi yüzlərlə insan tərəfindən sonradan xəyanət görən Heydər Əliyevdə indi bu həmsöhbətinə etibar yaranır və onun əlaqələrin davam etdirilməsi xahişinə müsbət cavab verilir.
Növbəti Moskva səfərlərində artıq Əjdər müəllim konkret təkliflərlə çıxış edir: "Heydər Əliyev Azərbaycan qarşısında növbəti missiyasını həyata keçirmək üçün vətənə qayıtmalı, xalqı çıxılmaz vəziyyətdən qurtarmalıdır". Bu planı reallaşdırmaq üçün o, xeyli variant da irəli sürürdü. Dahi şəxsiyyətlə onun əməkdaşlığı elə Moskva səviyyəsində də davam edirdi. Məsələn, Əjdər Xanbabayev 20 Yanvar hadisələrindən dərhal sonra nəşr etdirdiyi "İki il davam edən faciə" və "Qara Yanvar" foto-albom kitablarını Heydər Əliyevin məsləhəti ilə Sovet İttifaqı Kommunist Partiyasının qurultayında böyük çətinliklərlə yaymış, həmçinin deputatlar arasında vərəqələr paylamışdı. Onlar, demək olar ki, artıq hər həftə telefonla danışır, Bakı səfərinin reallaşması üçün müəyyən detalları müzakirə edirdilər. Bu müddətdə Əjdər Xanbabayev özünü Bakıda Heydər Əliyevin qeyri-rəsmi sözçüsü kimi da tanıtmış və əvəzində də DTK tərəfindən güclü nəzarət qazanmışdı. Sonradan məlum olacaq ki, o, hələ Heydər Əliyevlə görüşməmişdən öncə, 1989-cu ilin avqust ayından etibarən DTK tərəfindən izlənilir, telefonları isə dinlənilirmiş. Əjdər Xanbabayevin həyatının bu çətin dövrləri barədə danışarkən qızı Afət Xanbabayeva bildirir ki, atasını 1989-cu ilin yay aylarından etibarən DTK nəzarətinə götürüldüyünü hiss ediblər.
Əjdər Xanbabayev Azərbaycanın yeni formalaşan müstəqil mətbuatında Heydər Əliyevin təbliğatını aparmaqla yanaşı, Türkiyə və İran səfərlərində də bu ölkələrin KİV-ləri ilə Siyasi Büronun keçmiş üzvünün müsahibələrini təşkil edirdi. Azərnəşrin binası Heydər Əliyevin qeyri-rəsmi nümayəndəliyinə çevrilmişdi. Azərbaycanın görkəmli ziyalıları bu binaya toplaşaraq ölkənin mövcud problemlərdən qurtulması üçün Heydər Əliyevin vətənə qayıtmasını zəruri sayırdılar və Cəlal Əliyevdən, Əjdər Xanbabayevdən tələb edirdilər ki, onların xahişini şəxsən Heydər Əliyevə çatdırsınlar. Naxçıvanda partiya konfransında yekdilliklə qurultaya nümayəndə seçilməsi barədə xəbəri də ilk olaraq Heydər Əliyevə məhz Əjdər Xanbabayev çatdırmışdı. Sonrakı günlərdə isə əsas iş ziyalıları Heydər Əliyevin qarşılanması mərasiminə cəlb etmək və DTK-nın planlaşdırdığı təxribatların qarşısını almaq idi.
Afət Xanbabayeva xatırlayır ki, atası elə ömrünün son günlərini də məhz bu fəaliyyətə həsr edib. "Mayın 27-də atam bağında professor Aqil Əliyevlə görüşdü və ona Heydər Əliyevin qarşılanması üçün hər şeyin tam hazır olduğunu dedi. Daha sonra söhbət ikilikdə davam etdi. Həmin gün o, Dağüstü parkda Bəxtiyar Vahabzadə və Nazim İbrahimovla da görüşərək onların bu məsələyə münasibəti ilə maraqlandı. Xatırladım ki, bundan bir neçə gün öncə Əjdər Xanbabayev Bəxtiyar Vahabzadədən xahiş etmişdi ki, Heydər Əliyevin qayıtması məsələsinə Ayaz Mütəllibovdan sonuncu dəfə münasibət öyrənsin. Şair atama bildirib ki, "birinci yenə də səfərə etiraz edir və Heydər Əliyevin təhlükəsizliyinə təminat vermir".
Əjdər Xanbabayev qətlə yetirildyi gün - 30 mayda Heydər Əliyevlə iki dəfə telefonla danışmış, akademik Cəlal Əliyevlə Azərnəşrin binasında görüşmüş, qarşılanma mərasiminin sonuncu detallarını müzakirə etmişlər. Cəlal Əliyevlə görüşdən sonra Azərnəşrin direktorunun kabinetində daha bir söhbət olur, bu dəfə xalq şairi Bəxtiyar Vahabzadə ilə. Mərhum şair birinci katibin son xəbərdarlığını gətirmişdi: "Əjdər öz işi ilə məşğul olsun, əgər Əliyev Bakıya gələsi olsa, qırğın düşəcək, bakılılarla naxçıvanlılar arasında qarşıdurma yaradacaqlar, bunun da əsas məsuliyyətini o daşıyacaq". Şair daha sonra əlavə etmişdi: "Əjdər, ehtiyatlı ol, təxribatların qurbanı ola bilərsən".
Həmin gün evə getməmişdən öncə mərhum dostunun mənzilinə baş çəkən Əjdər müəllim saat onun yarısında onlardan çıxır. Artıq bir neçə ay idi ki, izləndiyi və dəfələrlə hədələndiyi üçün qohumlarından onu müşayiət etmələrini xahiş edirdi. Lakin həmin gün, nədənsə, qohumlarından heç biri onun yanında olmur. Maşının mühərrikini işə salarkən arxa tərəfdən "Jiquli"yə yaxınlaşan bir qaraltını müşahidə edir. Elə bu vaxt açıq pəncərədən ona tuşlanan "Makarov" tipli tapançadan cəmi bir atəş açılır...
Sonradan istintaq nəticəsində müəyyənləşəcəkdi ki, Əjdər Xanbabayev heç də aldığı güllə yarasından keçinməyib. Onun ölümünə əsas səbəb qan itkisi olub. Başın sifət nahiyəsindən aldığı bir güllə yarası ilə Semaşko xəstəxanasına gətirilən Əjdər müəllim yarım saatdan artıq reanimasiya şöbəsində tək-tənha qalıb və bu müddət ərzində tibbi personaldan yaralıya kömək göstərən olmayıb. Əjdər müəllimin ailəsinin, eləcə də bu cinayət işi ilə əlaqədar aparılan istintaqın rəyinə görə, həkimlərin yaralı Əjdər Xanbabayevə qarşı nümayiş etdirdikləri münasibətin səbəbi yalnız Hippokrat andına səhlənkar yanaşma ilə bağlı olmayıb.
Azərnəşrin direktoru, görkəmli naşir Əjdər Xanbabayevlə vida mərasimi iyunun 1-də Azərbaycan Ensiklopediyasının akt zalında təşkil edilir. Təəssüf ki, bu insanın sağlığında mövcud olan dostlarından yalnız tək-tükü dəfndə iştirak etməyə cəsarət tapmışdı. Ümumiyyətlə isə çox sonralar, istintaq nəticəsində məlum olacaqdı ki, Əjdər müəllimin ürək qızdırıb, dost dediyi və Heydər Əliyevlə bağlı xəbərlərdən agah etdiyi şəxslərin tam əksəriyyəti DTK-nın çuğulları imiş.
Əjdər Xanbabayevi sağlığında daim izləyən problemlər, çətinliklər onun ölümündən sonra qətlin istintaqı ilə bağlı aparılan 44808 saylı cinayət işinin də taleyinə yazıldı. Qeyd edək ki, istintaq prosesi müstəntiqlərin dəyişməsi nəticəsində dəfələrlə yenidən başlanmış, bir neçə dəfə isə hətta arxivə göndərilmişdi. Yalnız Prezident Heydər Əliyevin istintaq işini şəxsi nəzarətinə götürməsindən sonra - 1995-ci ilin sonlarında proses yekunlaşaraq məhkəməyə verilmişdir.
Düzdür, bu dövrədək müəyyən istintaq araşdırmaları aparılmış və Əjdər Xanbabayevin qatilinin kimliyi, onun qətldən öncə DTK tərəfindən xüsusi nəzarətə götürülməsi kimi vacib məqamlar müəyyənləşdirilmişdi. Ancaq bu kimi faktlardan cinayət işinin açılmasında istifadə olunmaması, ən əsası isə ötən beş il ərzində istintaqın məqsədli şəkildə ləngidilməsi çox insanın vicdanında qara ləkə kimi qalacaq.
Qeyd etdiyimiz kimi, cinayətkarın şəxsiyyəti hələ 1992-ci ildən məlum idi. Bundan yalnız 3 il sonra Tarix Quliyevin evində və müəssisəsində axtarış aparılarkən iki tapança, qumbara, xeyli güllə və 2,5 kiloqram marixuana aşkar edilir. Məhkəmə-ballistik ekspertizası nəticəsində müəyyən olunur ki, T.Quliyevin evindən aşkar edilən "Makarov" tipli tapança Əjdər Xanbabayevin qətlə yetirildiyi silahla eynidir. Bir maraqlı tapıntı isə DTK sədrinin keçmiş birinci müavini və bir müddət MTN-ə rəhbərlik etmiş İlhüseyn Hüseynovun general mundiri ilə çəkdirdiyi şəklin bu evdə olması idi. Xatırladaq ki, bu şəxs Ayaz Mütəllibovun qoçu dəstəsi olan "Qardaşlıq" cəmiyyətinin və DTK-nın sifarişçisi olduğu qətlləri həyata keçirən "Böhran" qrupunun (istintaq nəticəsində məlum olacaq ki, hər iki qurumun Əjdər Xanbabayevə qarşı terrora aidiyyəti var) əsas yaradıcılarından idi. Bir sözlə, Tarix Quliyev böyük, eyni zamanda şübhəli, qaranlıq əlaqələrə malik olmaqla yanaşı, cinayətkar kimi də professional idi və istintaq işini səhv istiqamətə yönəltmək üçün peşəkar cəhdlər edirdi.
Lakin Heydər Əliyevin növbəti dəfə müdaxiləsindən və xüsusi göstərişindən sonra MTN Əjdər Xanbabayevlə bağlı arxiv materiallarının açılmasına razılıq verdi. Heydər Əliyev Respublika Prokurorluğu və MTN rəhbərləri ilə söhbətlərinin birində qeyd etmişdi ki, "Əjdər Xanbabayevin qətli DTK-nın Azərbaycanı nəzarətində saxlamaq məqsədilə həyata keçirdiyi planın tərkib hissəsidir. Ona görə də istintaqa lazım olan əsas materiallar məhz MTN-in arxivlərində saxlanıla bilər". İstintaq prosesinin sonrakı gedişi Heydər Əliyevin bu fikirlərinin tamamilə həqiqətə uyğun olduğunu təsdiqlədi.
1995-ci ilin avqust ayından etibarən sürətlə gedən istintaq prosesində DTK-nın bu cinayətlə bağlı məlumatlara malik olan əməkdaşlarının ifadələri alındıqdan sonra qaranlıq məqamların, demək olar ki, tam əksəriyyəti açıqlandı. Məlum oldu ki, Əjdər Xanbabayevin izlənilməsi və telefonlarının dinlənilməsi barədə qərar şəxsən DTK-nın sədri Vaqif Hüseynova məxsus olub. Nəzarət DTK-nın 20-yə yaxın əməkdaşına həvalə olunubmuş. O, apardıqları nəzarət barədə ölkənin birinci şəxsinə - Ayaz Mütəllibova müntəzəm hesabat verirmiş. Müəyyənləşdirilir ki, bu qətl Heydər Əliyevə qarşı nəzərdə tutulan təxribat planının tərkib hissəsi kimi həyata keçirilib. DTK-nın sabiq şöbə müdiri Sadıq Əliyev ifadəsində qeyd edirdi ki, məlum terror birbaşa DTK rəhbərliyinin icazəsi ilə təşkil edilmişdi. Belə ki, qətldən bir neçə gün əvvəl Vaqif Hüseynov Heydər Əliyevin Azərbaycana qayıtmasının qarşısını almaq üçün nəzərdə tutulan tədbirlər planını və analitik əməliyyat məlumatlarını Ayaz Mütəllibova təqdim edibmiş. Həmin məlumatlarda Əjdər Xanbabayevin fəaliyyəti xüsusilə qeyd olunur və bildirilirdi ki, bu şəxs Heydər Əliyevin Bakı səfərinin əsas təşkilatçılarındandır. Digər maraqlı məqam isə odur ki, bu ərəfədə SSRİ DTK-sının sədr müavinləri Babkov və Aqeyev, həmçinin bu qurumun şöbə müdiri Perfilyev də Bakıya gəlmişdilər. Şübhəsiz ki, belə yüksək heyətin səfəri Heydər Əliyevin qayıdışının qarşısını almaq məqsədi güdürdü.
Əjdər Xanbabayevin qətli ilə bağlı cinayət işini, eləcə də Heydər Əliyevin Azərbaycana qayıtmasına qarşı həyata keçirilən təxribatların mahiyyətini öyrəndikcə məlum olur ki, bütün bu qanlı planların əsas müəllifi yalnız Ayaz Mütəlibov deyilmiş. Əslində, birinci katibin missiyası yalnız hazır layihələrə razılıq vermək olub. Bütün bu proseslərin istiqamətvericisi hakimiyyətin "boz kardinalı" statusunu daşıyan DTK sədri Vaqif Hüseynov idi. Şahidlər bildirirdilər ki, Heydər Əliyevin qayğısı sayəsində vəzifə iyerarxiyasında bir-birinin ardınca zirvələr fəth edən bu gənc məmur keçmiş birinci katibə həmişə pərəstiş etmiş, onu özünə ideal da saymışdı. Bu münasibətini o, hətta Heydər Əliyevi məhv etməklə bağlı planı hazırlayarkən də gizlətmirmiş. Ancaq bu karyerist çekist Heydər Əliyevin əzəmətinə nə qədər səcdə etsə də, onu hakimiyyət yolu üzərində yeganə maneə sayırdı və məhz bu səbəbdən də qanlı təxribatlarını hazırlamağa məcbur olmuşdu.
Əməliyyat tədbirləri nəticəsində istintaq qrupuna o da məlum olur ki, cinayətin digər iştirakçısı "Ceyil Tofiq" ləqəbli Bakı Şəhər Sovetinin deputatı Tofiq Qasımovdur. Onu saxladıqdan sonra dinləmədə daxili işlər naziri Ramil Usubov da şəxsən iştirak edirdi. T.Qasımov cinayət faktını təkzib etməyin mümkünsüz olduğunu anlayaraq qətldə iştirak etdiyini etiraf edir. Tofiq Qasımovun etirafından dərhal sonra Tarix Quliyev də beş aylıq təkziblərdən əl çəkərək cinayətdə iştirakını boynuna alır. Məlum olur ki, bu iki şəxs cinayətin icraçısı olub. Sifarişçi isə Azərbaycan parlamentinin deputatı Hacı Seyfəl Babayev imiş. Ötən əsrin 70-ci illərində cinayət məsuliyyətinə cəlb olunan Hacı Seyfəl Ə.Vəzirov və A.Mütəllibov hakimiyyətləri dövründə güclü mövqe qazanmışdı. Məhkəmənin gedişində Əjdər Xanbabayevin ailəsi, yaxınları qətlin icraçısının məhz Hacı Seyfəl olduğunu bildikdə şoka düşdülər. Çünki bu şəxs ailənin və Əjdər müəllimin ən yaxın dostlarından idi.
Bütün
bunlardan sonra istintaq qrupu tərəfindən göstərilən
fədakarlıqlar sayəsində Əjdər Xanbabayevin qətli
ilə bağlı 44808 saylı cinayət işi qısa
müddət ərzində yekunlaşdırılaraq məhkəməyə
verildi. Məhkəmə qətlin siyasi motivli olduğunu və
Heydər Əliyevin Azərbaycana qayıtmasının
qarşısını almaq üçün həyata
keçirildiyini təsdiq etdi. Aydınlaşdırıldı
ki, mayın 30-da Bəxtiyar Vahabzadə Əjdər Xanbabayevin
ölkə rəhbərliyinin təklifinə etiraz etməsi
barədə Ayaz Mütəllibova məlumat verdikdən sonra,
DTK sədri Vaqif Hüseynov mərhumun Heydər Əliyevlə
son telefon söhbətlərinin stenoqramını birinci katibə
verir. Artıq iyunun 1-i üçün Heydər Əliyevin Azərbaycana
gəlişi planlaşdırılırdı. DTK sədri bu səfərin
qarşısını almaq üçün konkret addımlar
atılmasını zəruri sayırdı və bunu
reallaşdırmağı birinci katibdən tələb
edirdi. Bu "konkret addım" isə Əjdər Xanbabayevin
qətlə yetirilməsi demək idi. Vaqif Hüseynovdan, daha
doğrusu, onun Moskvaya donoslarından qorxan Ayaz Mütəllibov,
şübhəsiz ki, DTK sədrinə "məqsədə
çatmaq üçün istənilən vasitəyə"
bəraət qazandırdığını bildirib. Öz millətinə
qarşı bu xəyanətkar mövqe sonralar da dəfələrlə
davam edəcəkdi. Daşaltıda, Xocalıda,
Şuşada...
Həmin dövrdə isə Heydər Əliyev tərəfdarlarını növbəti təhlükə qarşısında qoymamaq üçün Azərbaycana gəlişini təxirə saldı, ancaq bu təxirəsalma cəmi bir ay müddətinə oldu. 1990-cı ilin iyul ayında Azərbaycana qayıdan Heydər Əliyev taleyin ona bəxş etdiyi yeni missiyasını şərəflə həyata keçirməklə bir daha sübut etdi ki, Əjdər Xanbabayevin canını fəda etdiyi mübarizə əbəs deyilmiş.
İxtiyar HÜSEYNLİ
Azərbaycan.- 2010.- 26 may.- S.
5.