Bakıda Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin VII konfransı başa çatmışdır

 

Bakının "Gülüstan" sarayında Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin "Gender bərabərliyi: de-yure və de-fakto gender bərabərliyinin təmin olunması" mövzusunda VII konfransı mayın 25-də işini başa çatdırmışdır.

Tədbirin ikinci günü əsas məruzəçi olan Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova Azərbaycanda gender bərabərliyi, qadın hüquqlarının qorunması sahəsində görülən işlər, qazanılan nailiyyətlər barədə danışmışdır.

Minilliyin inkişaf məqsədlərindən birinin gender bərabərliyinin təmin edilməsi ilə bağlı olduğunu diqqətə çatdıran Rəbiyyət Aslanova Bakıda keçirilən konfransın həmin məqsədə çatmaqda böyük rol oynayacağına əminliyini ifadə etmişdir. O demişdir ki, gender bərabərliyinin təmin olunmasında dövlətin rolu çox böyükdür. Dövlətin gender siyasətinə təsiri iqtisadi inkişaf, siyasi kurs və bir sıra digər amillərlə bağlıdır. Azərbaycanda qadın hüquqları və gender bərabərliyi ilə bağlı 142 sənəd imzalanmışdır. Azərbaycan insan və qadın hüquqlarına dair mövcud olan bütün əsas beynəlxalq sənədləri, o cümlədən qadınlara münasibətdə ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılmasına dair konvensiyanı ratifikasiya etmişdir. "Gender bərabərliyinin təmin edilməsi haqqında" qanun 2006-cı ildə, "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun layihəsi isə Milli Məclisin mayın 25-də keçirilən iclasında birinci oxunuşda qəbul edilmişdir. Bütün bunlar Azərbaycanda gender bərabərliyi sahəsində vəziyyətin de-yure tələb olunan səviyyədə olduğunu göstərir.

Bildirilmişdir ki, Azərbaycanda əmək qabiliyyətli əhalinin 2,9 milyonunu qadınlar təşkil edir, 475 mindən çox qadın isə dövlət sektorunda çalışır.

Ölkədə qadın hüquqlarının qorunmasında, gender bərabərliyinin təmin olunmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın səyləri konfransda xüsusi qeyd olunmuşdur. Vurğulanmışdır ki, Azərbaycanda ailə, qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin edilməsi kimi çox həssas bir sahənin monitorinqinin aparılmasında milli mexanizmlərin əlaqələndirilməsi dövlətin strateji məqsədlərindən biridir.

Bildirilmişdir ki, Azərbaycanda bir milyondan çox adamın qaçqın və məcburi köçkün şəraitində yaşaması gender bərabərliyinin real gerçəkliyə çevrilməsinə maneə yaradan ən böyük problemdir. Ermənistanın işğalçı siyasəti nəticəsində son illərdə Azərbaycan qadını miqyaslı təsirlərə məruz qalmışdır. 1951-ci ildə dünyada bütün qaçqınların sayı bir milyon idi. Bu gün təkcə Azərbaycanda Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz yurdlarından didərgin salınmış bir milyondan çox adam yaşayır.

Konfransda çıxış edən İspaniyanın Kişi və Qadın Komitəsinin sədri İzabel MARTİNES konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirmişdir.

O, qadınların cəmiyyətin bütün sahələrinə inteqrasiyasının inkişafın əsas göstəricisi olduğunu söyləmişdir. Qadınların iqtisadi sahədə, habelə idarəetmədə iştirakının artması inteqrasiyaya daha çox imkan verəcəkdir. Bu konfrans isə həmin istiqamətdə çox vacib bir addımdır.

Tədbirdə Danimarka, Vatikan, Yunanıstan, Hollandiya və Fransanın nümayəndələri çıxış edərək, Bakıda keçirilən beynəlxalq konfransın gender bərabərliyi ilə bağlı dünyanı düşündürən problemlərin həllində böyük əhəmiyyətini qeyd etmişlər.

Vurğulanmışdır ki, gender bərabərliyinin təmin olunması XX əsrin sonlarında yaranmasına baxmayaraq, beynəlxalq siyasətdə ön sıralara çıxan yeni formalardan biridir. Bu gün gender bərabərliyinin təmin olunması üçün əlavə vasitələrin yaranması beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

Çıxış edənlər kişilər və qadınlar arasında de-fakto bərabərliyə nail olunması üçün siyasi iradənin ortaya qoyulmasının, iqtisadi, maliyyə resurslarının gender təyinatlı fəaliyyətə yönəldilməsinin, KİV-nin, təhsil və maarifləndirmənin mühüm rolunu qeyd etmişlər.

Konfransda miqrant qadınların hüquqlarının qorunması üçün ciddi tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır.

Qeyd olunmuşdur ki, qəbul edilən qərarların praktikada tam reallaşdırılması üçün birgə səyləri artırmaq vacibdir. Avropa Şurası ictimai həyatın bütün sahələrində qadın və kişilərin iştirakını balanslaşdırmaq üçün ayrı-seçkiliklə mübarizə aparmağa çalışır.

Konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirən natiqlər tədbirin gender bərabərliyi sahəsində görülən işləri müzakirə etmək və gələcək addımları müəyyənləşdirmək üçün əlavə imkanlar yaratdığını vurğulamışlar.

Tədbirin yekununda Avropa Şurası nazirləri tərəfindən qətnamə layihəsi, "De-yure və de-fakto gender bərabərliyinə nail olunmasına çağırış" adlı fəaliyyət planı layihəsi müzakirə edilərək qəbul edilmişdir. Növbəti konfransın Hollandiyada keçirilməsi qərara alınmışdır.

Qətnamə qəbul olunduqdan sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran HÜSEYNOVA bildirmişdir ki, dialoq olmadan gender bərabərsizliyi məsələləri həll edilə bilməz. İnanıram ki, burada müzakirə olunan məsələlər, qəbul olunan qərarlar və sənədlər növbəti konfransa qədər gender siyasətini həyata keçirən özünəməxsus "yol xəritəsi" olacaqdır.

Avropa Şurasının insan hüquqları və hüquq məsələləri üzrə baş katibi Filip BOİLLA konfransın səmərəli olduğunu vurğulamışdır. O, kişilərlə qadınlar arasında bərabərlik mövzusunun hər bir hökumətin prioritet məsələsinə çevrilməsinin vacibliyini qeyd etmişdir.

Azərbaycanın Baş nazirinin müavini Elçin ƏFƏNDİYEV konfransa yekun vuraraq Azərbaycan hökuməti və Avropa Şurasının birgə təşkilatçılığı ilə belə bir əhəmiyyətli beynəlxalq toplantının Bakıda keçirilməsindən məmnunluğunu bildirmişdir. Baş nazirin müavini demişdir ki, Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciəti, toplantıda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gender bərabərliyi ilə bağlı ətraflı çıxışı, tədbirə çox sayda xarici qonağın və beynəlxalq təşkilatların nümayəndələrinin qatılması bir daha bu məsələnin əhəmiyyətini təsdiq edir. Konfransda müzakirə edilən məsələlər və qəbul olunan sənədlər gender bərabərliyi sahəsində Avropa Şurası ilə əməkdaşlığın genişlənməsinə, təcrübə mübadiləsinə, qarşılıqlı fəaliyyətə əlavə imkanlar yaradır.

E.Əfəndiyev demişdir ki, təqribən 100 il əvvəl Şərqdə qadına seçib-seçilmək hüququ verən Azərbaycan üçün gender bərabərliyi anlayışı çox vacibdir. Bərabər hüquqlar və bərabər imkanlar ölkəmizin Konstitusiyası ilə də təsbit olunmuşdur. Baş nazirin müavini qadınlara qarşı zorakılıq hallarının aradan qaldırılmasına, qadın hüquqlarının qorunmasına yönələn siyasətin Avropa Şurasına üzv ölkələrdə daha geniş vüsət alacağına ümid etdiyini söyləmişdir.

Sonda konfransın uğurlu işi ilə bağlı Azərbaycan hökuməti və konfrans iştirakçıları adından Prezident İlham Əliyevə minnətdarlıq bildirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 26 may.- S.  6.