Bakı konfransı kişilər və qadınlar arasında bərabərliyin təmin olunması sahəsində qəbul edilən qanunların həyata keçirilməsi üçün əlavə imkanlar açmışdır

 

Mayın 25-də "De-yure və de-fakto gender bərabərliyinin təmin olunması" mövzusunda Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin Bakıda keçirilən VII konfransının yekunlarına dair mətbuat konfransı keçirilmişdir.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Bakı konfransının kişilər və qadınlar arasında bərabərliyin təmin olunması sahəsində qəbul edilən qanunların həyata keçirilməsi üçün əlavə imkanlar açdığını demişdir.

Avropa Şurasının insan hüquqları və hüquq məsələləri üzrə baş katibi Filip Boilla toplantının böyük təəssürat bağışladığını, tədbirin gedişindən razı qaldığını söyləmiş və qonaqpərvərliyə görə Azərbaycan hökumətinə bir daha təşəkkür etmişdir.

Avropa Şurasının Kişi və Qadın Bərabərliyi üzrə Komitənin sədri xanım İfigeniya Katsarido konfransda qəbul edilən Fəaliyyət Planının Avropa Şurasına üzv olan 47 ölkənin iştirakı ilə həyata keçiriləcəyini demişdir. Bu planda gender bərabərliyi ilə bağlı stereotiplərə, zorakılıq və ayrı-seçkiliyə qarşı mübarizə məsələləri də əksini tapmışdır. Sənəddə prioritet məsələlərdən biri də qadınların operativ hüquqi yardım almasını təşkil etmək, onlarla maarifləndirmə işləri aparmaqdır. Burada gender problemlərinin həllinin maliyyələşdirilməsinə də yer ayrılmışdır. Bununla bağlı bildirilmişdir ki, Azərbaycanda artıq 2 ildir milli maliyyə sistemində bu məsələ həll olunmuşdur.

İşğal edilən ərazilərdən olan qadınların hüquqlarının Fəaliyyət Planında necə əks olunması ilə bağlı suala cavabında Filip Boilla bildirmişdir ki, onların hüquqlarının qorunması ilə bağlı məsələ prioritet sayılır. Çünki məhz bu qadınlar daha çox bərabərsizliyə məruz qalırlar.

Milli Məclisin mayın 25-də keçirilmiş iclasında birinci oxunuşda qəbul edilmiş "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun layihəsinin əhəmiyyəti ilə bağlı sualı cavablandıran Hicran Hüseynova demişdir ki, sənəd böyük imkanlara malikdir. Qanun layihəsinin təxminən 3 illik bir işin nəticəsi olduğunu diqqətə çatdıran komitə sədri bildirmişdir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu işə böyük dəstək vermişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 26 may.- S.  6.