Respublika Günü münasibətilə Tehranda
bayram mərasimi təşkil edilmişdir
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyi 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.
Tehranın "Fərmaniyə" sarayında keçirilmiş qəbulda İran rəsmiləri, o cümlədən ölkənin bir sıra vilayətlərindən gəlmiş heyətlər, Tehranda fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, beynəlxalq təşkilatların rəhbərləri, ölkə ictimaiyyətinin tanınmış nümayəndələri iştirak etmişlər.
Əvvəlcə Azərbaycan Respublikasının və İran İslam Respublikasının dövlət himnləri səsləndirilmişdir.
Mərasimi giriş sözü ilə açan səfir Cavanşir Axundov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti barədə məlumat vermişdir. SSRİ-nin dağılması ərəfəsində müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan Respublikasının keçdiyi inkişaf yolundan bəhs edən səfir ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs edərək qeyd etmişdir ki, ulu öndərimiz Azərbaycan-İran münasibətlərinin inkişafına xüsusi əhəmiyyət vermişdir. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan ilə İran arasında mədəni, tarixi və iqtisadi əlaqələr sürətlə genişlənir. Xalqlarımızın ümumi maraqlarına xidmət edən bu proses qarşısıalınmazdır.
Azərbaycan və İranın tanınmış muğam ustaları maraqlı konsert proqramı ilə çıxış etmişlər.
Sabir ŞAHTAXTI,
AzərTAc-ın xüsusi müxbiri
Tehran
Azərbaycan.- 2010.- 26
may.- S. 7.