Sərkərdə qüdrəti
və ana mətinliyi
Azərbaycan qadınları ölkəmizin hərb tarixində min illər boyu ərləri ilə çiyin-çiyinə vuruşublar, hərbin ən ağır məhrumiyyətlərinə dözüblər. Oğullarına, qardaşlarına və ərlərinə çətin məqamlarda arxa olublar. Onların içində qadın sərkərdələr də olub. Belələrindən biri Araz çayından şimalda, indiki Azərbaycan ərazilərində yerləşən Massaket hökmdarlığında əri öləndən sonra taxt-taca sahib çıxan Tomris idi. Onun eramızdan əvvəl 529-cu ildə İran şahı Kiri qanlı döyüşdə məhv etməsi Herodotun "Tarix" əsərində geniş əksini tapıb.
Məğlubiyyətin nə olduğunu bilməyən, üstünə yürüş etdiyi xalqların hamısını çökdürən İran şahı Kir massaketlərə hücumu götür-qoy edərkən Tomrisin bir qadın kimi digərlərindən daha tez məğlub olacağına əmin idi. O, əvvəlcə elçilərini Tomrisin yanına göndərib ərə getməyi təklif edir. Lakin Tomris qohumluqdan daha çox Massaket çarlığının işğalını güdən hiylədən imtina edir.
Kir döyüşmək üçün Araz çayının üstündən gəmiləri yan-yana düzərək, körpü salır. Tomris qadınlığına baxmayaraq, zəmanəsinin döyüş tələblərinə uyğun tərzdə carçısını Kirin üstünə belə bir xəbərlə göndərir: "Midiya hökmdarı, niyyətindən daşın! Saldığın körpülərin sənin xeyrinə olacağını əvvəlcədən bilə bilməzsən. Öz hökmdarlığında şahlıq et və bizim də şahlığımıza qısqanma. Lakin sən bu tövsiyəyə qulaq asmayıb, bildiyin kimi hərəkət edəcəksən. Massaketlərə belə çılğıncasına hücumun arzusundasansa, çaydan körpü salmağı dayandır. Sakitcə bizim tərəfə keç, biz isə savaş üçün çaydan üs günlük məsafəyədək uzaqlaşacağıq. Sizin torpaqlara keçməyimizə üstünlük verirsinizsə, siz də bizim kimi hərəkət edin". Bu hərbin bütün qanunlarına riayət edən qüdrətli bir sərkərdənin təklifi idi. Lakin Kirin hücum planının müzakirəsində iştirak edən lidiyalı Krez Arazı keçməyi, az bir qoşunla savaşa qoşulub uduzmağı təklif edərək deyir: "Biz onları qızıl və daş-qaşla aldada bilmərik, onlar üçün çoxlu qoyun kəsək, süfrələri yemək və çaxırla dolduraq. Az bir qoşunla məğlub olub geri çəkilək. Düşərgəmizdə belə zəngin yeməkləri görən düşmənlər duruş gətirməyib əylənəcəklər. Biz isə böyük qəhrəmanlıqlar üçün imkan qazanacağıq". Kir bütün təkliflərdən Krezin hiyləsinə üstünlük verir və döyüşü udmaqla yanaşı, massaketlərin sərkərdəsi Tomrisin oğlu Sparqapisi də əsir götürür.
Qoşunlarının oğlu ilə birlikdə düşmənin içki və yemək süfrəsindən sonra yataraq tələyə düşdüyünü bilən hökmdar Tomris qadınlığına baxmayaraq, əyilmir və Kirə belə xəbər göndərir: "Qaniçən Kir, bu qəhrəmanlığınla öyünmə. Mənim oğluma ədalətli döyüşdə silah gücünə yox, siz farsların da ağlını başından alan, danışığınızı əxlaqsız edən şərab gücünə qalib gəldiniz".
Tomris ana olsa da, oğul dərdini içində boğur, düşmənə əyilmir, bütün duruşu və nitqi ilə hökmdar olduğunu bir daha sübut edir: "Mənim xeyirxah məsləhətimə qulaq as, oğlumu mənə qaytar və yaxşılıqla torpaqlarımı tərk et. Əgər bunu etməsən, massaketlərin hökmdarı Günəş allahına and olsun ki, nə qədər acgöz olsan belə, səni qanla içizdirib doyuzduracağam".
Kir onunla savaşan qadının aslan qədər sərt, amansız, inadkar və iradəli olduğunu anlamır, onun sərxoşluqdan ayılan oğlu Sparqapisi qandallardan azad edir. İçkinin qurbanı olduğunu dərk edən şahzadə hökmdar ananın cəzasını gözləmədən özünü öldürür. Tomris onun məsləhətini qulaqardına vuran Kirin üstünə bütün qoşunu ilə hücum çəkir. Bu döyüşü bütün savaşların ən qəddarı kimi qələmə alan Herodot belə yazır: "Deyilənlərə görə, əvvəl düşmənlər üz-üzə dayanıb yaylardan atəş açdılar, oxlar tükəndikdən sonra onlar qılınc və nizələrlə əlbəyaxa döyüşə keçdilər. Bu amansız savaşda heç kim geri çəkilmək istəmirdi. Döyüş meydanı qırılan döyüşçülərin cəsədləri ilə örtülmüşdü. 29 il şahlıq edən Kir də həlak olmuşdu. Massaketlər qalib gəlmişdilər". Tomris çaxır tuluğunu qanla dolduraraq, Kiri tapmağı əmr edir. Onun cəsədini tapıb şahın hüzuruna gətirirlər. O, Kirin başını qanla dolu tuluğa salmağı əmr edərək belə deyir: "Sağ qalıb döyüşdən qalib çıxsam da, sən oğlumu əlimdən almaqla məni məhv etdin. Ona görə də hədələdiyim qədər sənə qan içdirəcəyəm".
Şifahi ədəbiyyatımızın nümunələrinə - dastanlara, nağıllara, rəvayətlərə diqqətlə nəzər salanda təxminən 2500 il bundan əvvəl yaşamış ər kimi mətin, sərkərdə kimi cəsur, şah kimi qəzəbli və barışmaz bir qadının təbiətindən, əməllərindən, həyat tərzindən sızan kiçik cizgilərin bütün Azərbaycan və digər türkdilli xalqların ortaq şifahi yazı nümunələrinə necə hopduğunu sezmək bir o qədər də çətin deyil. Azərbaycanlı qadınlar ərləri ilə bir döyüşməyi də, onların yolunu gözləməyi də bacarıblar.
B.İMANQULİYEV
Azərbaycan.-2010.-
26 may.- S.11.