Mikayıl Ağa hamamı
Ötən əsrlərdə İçərişəhərdə Abşeron-Şirvan memarlığı üslubunda hamamlar inşa edilmişdi. Əhalinin sayı getdikcə artdığından Bakının bir çox kəndlərində də hamam tikintisinə başlanılmışdı. Sənətkar əli ilə yaradılan hamamlar, ilk növbədə, suya və rütubətə davamlı daşlardan tikilərdi. Ümumilikdə hamamların oxşar cəhəti, bayır hissəsinin soyunub-geyinmək və içəri hissəsinin çimmək üçün nəzərdə tutulması idi. Bu otaqları da ensiz dəhliz bir-birinə birləşdirərdi.
İçərişəhərin tarixi-memarlıq abıdəsi olan Mikayıl Ağa hamamı XVIII əsrdə inşa olunub. Uzaq tarixi keçmişimizdə Bakı Şirvanşahlar dövlətinin paytaxtı kimi tanınıb. O zaman Bakı səyyahların diqqət mərkəzində idi. Əslən Şamaxıdan olan Mikayıl Ağa ötən əsrlərdə İçərişəhərdə varlı şəxslərdən biri kimi tanınıb. XVII əsrin sonu, XVIII əsrin əvvəllərində Mikayıl Ağa öz vəsaiti hesabına yaşadığı mülkün yaxınlığında İçərişəhər camaatı ilə yanaşı, Bakıya gələn insanların rahatlığı üçün hamam binası tikdirib.
Bu günlərdə Mikayıl Ağa hamamının vəziyyəti ilə tanış olmaq qərarına gəldik. Hazırda hamam işlək vəziyyətdədir, hər gün insanlara nümunəvi xidməti ilə seçilir.
Mikayıl Ağa hamamı iki otaqdan ibarətdir. Üzərində qoşa günbəz olan bu otaqlar səkkizbucaqlı salonun ətrafında cəmləşib. Hamamın xüsusi külxanası-ocaqxanası var. Əvvəllər hamam odun, mazut və neftlə qızdırılardı. Daş döşəmədə vaxtı ilə olan kiçik yarıqlar otaqlara həm də istilik verərdi. Döşəmədən keçən isti buxar sonradan hamamın bacasından bayıra çıxardı. İndi də hamamın romb fiquru formasında tikilən bacası möhkəmliyi ilə diqqəti cəlb edir. Deyilənə görə, burada otaqlar arasında yaranan buxar soyunub-geyinmə salonuna keçə bilməzdi. Hamamın suyunu qızdıran ocaqdan çıxan isti hava isə kanallar vasitəsilə döşəmənin altına buraxılardı. Nəticədə hamamın daxilində istilik təmin edilərdi.
Hətta hamamın döşəməsində buxarın hesabına həddindən artıq isti yarandığından burada xüsusi olaraq taxtadan hazırlanan başmaqlardan istifadə olunardı. Hamamın içərisi günbəzlərdə qoyulan kiçik yarıqlar vasitəsilə işıqlanardı. Həftənin müəyyən günlərində növbə ilə kişilər və qadınlar hamama həm çimmək, həm dincəlmək üçün gələrdi. Onlar özləri ilə evdə xüsusi hazırladıqları hamam boxçasını da gətirərdilər. Qadınların boxçasında təmiz dəsmal, daraq, rüsul, xına, ətirli sabun və kiçik yemək ehtiyatı (xüsusən, qadınlar uşaqları ilə gələndə) olardı. İçərisində su ilə dolu olan hovuz xəzinə adlanardı. Xəzinədən isti və soyuq suyu götürmək üçün mis, saxsı, dəmir qablardan istifadə olunardı. Hamamın daş döşəməsindən təxminən 60 sm hündürlükdə olan səkilərdə paltarları soyunmaq üçün taxçalar-oyuqlar vardı.
İçərişəhərin çoxəsrlik kanalizasiya sistemi kimi, Mikayıl Ağa hamamı da eyni layihə əsasında inşa edilib. Belə ki, ötən əsrin layihəsinə əsasən, hamamda kanalizasiya xətti əvvəlcə dar, sonra geniş yolla əhatələnib. Bu da onunla izah olunur ki, hamamın çirkab suları dar yoldan keçdikdən sonra asanlıqla geniş yola daxil olub, sürətlə axa bilsin. İndi də hamamda nə qədər sudan istifadə etsən belə, çirkab su içəridə qalmayıb kanalizasiya xəttinə daxil olur.
Sevindirici haldır ki, Mikayıl Ağa hamamından bu gün şəhər sakinləri istifadə edə bilir. İçərisində kiçik dəyişikliklər edilsə də, işlək vəziyyətdə olan bu hamamın memarlıq üslubu qorunaraq saxlanılıb.
Təranə CƏBİYEVA
Azərbaycan.- 2010.- 26 may.- S.
11.