Azərbaycanın ədalətli
mövqeyi beynəlxalq təşkilatlar tərəfindən də
dəstəklənir
Bunu Avropa Parlamentinin qəbul etdiyi
qətnamə bir daha təsdiqləyir
Azərbaycanın əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirdiyi Avropa təsisatlarından biri də Avropa İttifaqıdır. Avropa İttifaqı Azərbaycanla əlaqələrini təkcə TRASEKA və "Tərəfdaşlıq və əməkdaşlıq sazişi" çərçivəsində deyil, həm də Cənubi Qafqazda həyata keçirilən regional əməkdaşlıq layihəsi, Avrasiya bölgəsində sülhün, sabitliyin və iqtisadi tərəqqinin təmin olunmasına yönəlmiş digər proqramlarla reallaşdırır.
Azərbaycan Avropa İttifaqının "Yeni qonşuluq siyasəti" proqramı çərçivəsində qurum ilə iqtisadi, siyasi, hüquqi və inzibati islahatları həyata keçirmək imkanı qazanır, bu məqsədlə təşkilatın texniki-maliyyə dəstəyini alır. Ölkəmiz "Yeni qonşuluq siyasəti" proqramı çərçivəsində təşkilatdan onun daxili bazarlarına çıxış kvotası, işçi, əmtəə, xidmət, investisiya-kapital resurslarının sərbəst dövriyyə imkanını əldə edir. Bundan əlavə, yeni proqram çərçivəsində əməkdaşlıq Azərbaycana Avropa ölkələri ilə qarşılıqlı iqtisadi əlaqələrin qurulması, güzəştli ticarət və kredit rejiminin yaradılması, əmək, bazar münasibətləri və miqrasiya, narkobiznes və mütəşəkkil cinayətkarlıqla mübarizə, investisiyaların təşviqi, yeni maliyyə mənbələrinin cəlb edilməsi imkanı qazandırır.
2006-cı il noyabrın 14-də Avropanın "Yeni qonşuluq siyasəti üzrə fəaliyyət planı" təsdiq edilmiş, ölkəmizin ərazi bütövlüyü ilə bağlı prinsiplər dəstəklənmişdir. Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan etmişdir. Azərbaycanın qoşulduğu 7 ili əhatə edən fəaliyyət planında Avropa qonşuluq siyasətinin əsas istiqamətləri - iqtisadi inteqrasiya, mütəmadi siyasi və mədəni əlaqələr, eləcə də sərhəd əməkdaşlığı nəzərdə tutulub. Fəaliyyət planında tərəflərin mövqeyinə uyğun genişmiqyaslı islahatlar da öz əksini tapıb. Belə ki, Azərbaycan Respublikası Avropaya inteqrasiya yolunda iqtisadi və siyasi sahədə qanunvericiliyi təkmilləşdirməlidir. Sənədin Qafqazdakı münaqişələrin, həmçinin Dağlıq Qarabağ probleminin həll edilməsində əhəmiyyətli rol oynayacağı istisna olunmur. Proqram çərçivəcində tərtib edilən bu sənəd Avropa İttifaqını öz qonşuları ilə yaxınlaşdırmağa, təhlükəsizliyə, strateji sabitliyə, rifah halının yüksəldilməsinə xidmət edir. Sənəd Avropa İttifaqının qonşu olduğu dövlətlərlə hansı şərtlər əsasında əməkdaşlıq etmək məramlarını ortaya qoyur. Avropa İttifaqı qonşularına imtiyazlı əlaqələr təklif edir, əvəzində isə demokratiya, suverenlik, insan hüquqlarının qorunması, bazar iqtisadiyyatı prinsiplərinə riayət etməyi tövsiyə edir. Avropa qonşuluq siyasəti mövcud əlaqələrin statusundan daha yüksək statusa malik siyasi əməkdaşlığı və ölkələrin Avropaya iqtisadi inteqrasiyasını təmin edən proqramdır.
2010-cu il mayın 20-də Avropa Parlamenti "Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına dair tələb" adlı qətnamə qəbul etmişdir. Qətnamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinə xüsusi yer verilmişdir. Sənəddə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən və ona bitişik rayonlardan dərhal çıxarılması barədə tələb təsbit olunmuşdur. Münaqişənin beynəlxalq hüquq norma və prinsipləri, dövlətlərin ərazi bütövlüyü çərçivəsində nizamlanmasının vacibliyi, qaçqınların və məcburi köçkünlərin hüquqlarının və onların doğma yurdlarına qayıtması imkanlarının təmin edilməsinin zəruriliyi vurğulanmışdır.
Qətnamənin hazırlanmasında Avropa Parlamentinin əsas fraksiyaları və siyasi qrupları - Avropa Xalq Partiyası, liberallar, sosialistlər, "yaşıllar" konstruktiv rol oynamışlar. Ermənistan diplomatiyasının sənədə düzəlişlər etmək, onun mahiyyətini dəyişdirmək məqsədilə qətnamə müəlliflərinə təsir etmək cəhdləri heç bir nəticə verməmiş, sənədi hazırlayan Avropa Parlamentinin Bolqarıstandan olan üzvü Yevgeni Kirilov öz prinsipial mövqeyini sonadək qoruyub saxlamışdır. Sənədin mətninə xalqların öz müqəddəratını təyin etmə hüququna istinadlar daxil etmək cəhdlərinə qarşı Y.Kirilov qəti etiraz etmişdir.
Qətnamənin 55-ci bəndində erməni tərəfə bir daha xatırladılır ki, indiki vəziyyətdə təyini-müqəddəratın ən yüksək həddi "daxili təyini-müqəddərat" ola bilər. Azərbaycan tərəfi Avropa İttifaqının bir sıra ölkələrində sınaqdan keçirilmiş, qarşılıqlı faydalı və ən davamlı nizamlama variantını təklif edir. Qətnamənin bir neçə bəndində köçkünlərin öz evlərinə qaytarılmasının zəruri olmasından bəhs edilir. Belə ki, qətnamənin 8-ci bəndində Dağlıq Qarabağdan qovulmuş insanların oraya qaytarılmasından bəhs edilərkən onlar "qaçqınlar" deyil, məhz "daxili köçkün şəxslər" adlandırılır. Bu isə, 1951-ci il Cenevrə Konvensiyasına əsasən o deməkdir ki, Dağlıq Qarabağ növbəti dəfə Azərbaycanın tərkib hissəsi kimi tanınır. Avropa Parlamentinin məlum qətnaməsi Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq birliyin ədalətli yanaşdığını bir daha təsdiq etdi.
Bu sənədlə Avropa Yerevana açıq-aydın xəbərdarlıq edir ki, o, Dağlıq Qarabağın və ətraf rayonların azərbaycanlı əhalisini Dağlıq Qarabağın qəti statusu müəyyən edilənə qədər təqib etməkdən, onları girov kimi saxlamaqdan əl çəkməlidir. Dağlıq Qarabağın Azərbaycanın tərkibində statusu yalnız bütün əhalinin tam, birbaşa və bərabərhüquqlu iştirakı ilə müəyyən edilə bilər. Bu əhali həm erməni icmasını, həm də azərbaycanlı icmasını əhatə edir. Bunun üçün öz yurdlarından qovulmuş azərbaycanlıların doğma evlərinə təhlükəsiz qayıtması üçün şərait yaradılmalıdr, bu isə yalnız hərbi işğal başa çatandan sonra mümkündür.
Avropa Parlamentinin qəbul etdiyi qətnamənin bütün müddəaları faktiki olaraq Ermənistana izah edir ki, XXI əsrdə normal dövlət, xüsusən münaqişələrin nizamlanması çərçivəsində hansı norma və prinsipləri rəhbər tutmalıdr. Avropa Parlamenti aydın şəkildə bəyan etmişdir ki, qonşu dövlətin ərazilərinin işğal edilməsinə heç bir arqumentlə, o cümlədən təyini-müqəddərat hüququ ilə bəraət verilə bilməz. Qətnamə beynəlxalq birliyin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ədalətli yanaşmasının möhkəmlənməsi işinə mühüm töhfə olacaq, problemin dinc nizamlama prosesinə müsbət təsir göstərəcəkdir.
Avropa Parlamentinin qətnaməsi Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasətinin, Azərbaycan diplomatiyasının mühüm uğurudur. BMT, Avropa Şurası, ATƏT, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatlardan sonra Avropa Parlamentinin qəbul etdiyi mühüm sənəd beynəlxalq birliyin Azərbaycanın ədalətli mövqeyini müdafiə etdiyini təsdiqləyir.
Son illərdə
dövlət rəhbərinin apardığı
danışıqlar, nümayiş etdirdiyi mövqe, verdiyi bəyanatlar
nəinki təbliğati prizmadan effektiv olub, eyni zamanda, münaqişənin
həlli ilə bağlı aparılan danışıqlarda rəsmi
Bakının psixoloji-siyasi üstünlüyünü təmin
edib. Ölkənin iqtisadi cəhətdən qüdrətlənməsi,
Azərbaycanın qlobal layihələrin həyata keçirilməsində
əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə
aparıcı qüvvəyə çevrilməsi problemin həlli
ilə bağlı danışıqlarda rəsmi
Bakının mövqelərinin güclənməsi ilə
müşayiət olunur. Azərbaycanın iqtisadi
potensialının güclənməsi, hərbi büdcəsinin
ildən-ilə artması fonunda danışıqlar prosesi də
keyfiyyətcə yeni mərhələyə qədəm qoyur.
Avropa Parlamentinin qəbul etdiyi qətnamə Ermənistanın
təcavüzkar dövlət olduğunu təsdiq etdi və sənəddə
Azərbaycanın ərazi bütövlüyü bir daha dəstəkləndi.
Nüfuzlu beynəlxalq təşkilatların ardıcıl
olaraq ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən
sənədlər qəbul etməsi haqq işimizin müdafiə
edildiyini göstərir.
Azərbaycan.- 2010.- 27
may.- S. 1.