28 may şərəf və ləyaqət
tariximizdir
Azərbaycan Xalq Cümhuriyyəti
hansı tarixi sınaqlardan keçərək yarandı
Yüzillik əsarətdən xilas olan Azərbaycan xalqı 1918-ci ilin mayında öz istiqlalına qovuşdu. 1918-ci il may ayının 27-də Zaqafqaziya Seyminin Azərbaycan fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə edərək müvəqqəti Milli Şura yaratmaq haqqında qərar qəbul etdi. May ayının 28-də Tiflis şəhərində Azərbaycanın istiqlaliyyəti haqqında Akt (Əqdnamə) qəbul edildi.
Beləliklə, Azərbaycan dövlətçiliyi tarixində ilk Konstitusiya Aktı - İstiqlal Bəyannaməsinin qəbulu ilə Azərbaycan dövlətçiliyi dünyada Xalq Cümhuriyyəti formasında elan olundu.
Bu siyasi və hüquqi sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan edildi, onun hakimiyyətinin sahibi olduğu ərazinin hüdudları müəyyənləşdirildi və dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapdı. İstiqlal Aktında demokratik dövlətə məxsus atributların - hakimiyyətin xalqa mənsub olması, vətəndaşların mülki və siyasi hüquqlarının təmin edilməsi, bütün xalqların və hər bir kəsin milli, dini, sinfi, silki və cinsi mənsubiyyətindən asılı olmayaraq, azad inkişafı üçün şərait yaradılması, hakimiyyətin bölünməsi kimi prinsiplərin dövlət fəaliyyətinin əsası kimi bəyan edilməsi, Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün bəşəriyyətə nümayiş etdirdi. İstiqlal Bəyannaməsinin qəbul edildiyi Milli Şuranın elə həmin iclasında Fətəli xan Xoyski müvəqqəti hökumətin sədri seçildi.
Müvəqqəti hökumət başçısı Fətəli xan Xoyski radioteleqrafla tarixdə ilk dəfə olaraq müstəqil Azərbaycan Cümhuriyyətinin yaranmasını xarici dövlətlərin başçılarına bildirdi. Beləliklə, bu tarixi hadisə ilə Azərbaycan bütün Şərq aləmində ilk dəfə olaraq demokratik respublika üsul-idarəsini bərqərar etdi. Lakin yaranmış dövlətə münasibət birmənalı deyildi.
Batum Sülh Konfransından qayıdan N.Yusifbəylinin məlumatına görə, Türkiyənin Qafqazdakı baş komandanlığı hansı formasından asılı olmayaraq Zaqafqaziyanın müstəqilliyinin saxlanılmasına tərəfdar idi. Almaniyanın mövqeyi də Türkiyənin mövqeyi ilə təxminən üst-üstə düşürdü. Hələlik dəqiq müəyyən edilməmiş sərhədlər daxilində milli dövlətin AXC adlandırılması İranı narahat etməyə başladı. İran rəsmi dairələri şübhələnirdilər ki, Azərbaycan Respublikası Türkiyənin köməyi ilə Cənubi Azərbaycanı onlardan alsınlar. İyun ayının 4-də Osmanlı imperiyası ilə Azərbaycan arasında dostluq müqaviləsinin imzalanması bu şübhələri daha da artırdı. Bu narahatçılığa son qoymaq üçün Azərbaycan hökuməti müxtəlif xarici yazışmalarda Qafqaz Azərbaycanı ifadəsini işlətməyə başladı. Tiflisdə 18 günlük fəaliyyətindən sonra Milli Şura və hökumət iyun ayının 16-da Gəncəyə köçdü.
Müvəqqəti paytaxt elan olunmuş Gəncə şəhəri başda general Fəriq Nuru paşa (1884-1949) olmaqla 7 minlik türk qoşun hissələrinin nəzarəti altında idi. Azərbaycan hökuməti adından Rəsulzadə, Xoyski, Hacınski Nuru paşa ilə görüşmüşdülər. Aparılan danışıqlar Milli Şuraya çatdırılan kimi Hümmət (menşevik) "müsəlman sos.blokunun" üzvləri müvəqqəti hökumətdən çıxdılar.
Beləliklə, Xoyskinin başçılıq etdiyi müvəqqəti hökumət istefaya çıxmağa məcbur oldu. Aslan bəy Səfikürdski öz çıxışında hökumətin istefasını Nuru paşanın təzyiqi ilə əlaqələndirdi. Yaranmış vəziyyətlə əlaqədar Nuru paşanın siyasi işlər üzrə müşaviri Əhməd bəy Ağaoğlunun iştirakı ilə hakimiyyətin Xoyskinin əlində cəmləşməsi haqqında qərar qəbul edildi. İkinci hökumətdə 6 yer köhnə hökumət üzvlərinə, 6 nazir yeri yeni şəxslərə verildi. Müvəqqəti hökumət 6 aydan gec olmayaraq Müəssislər Məclisinə seçkilər keçirib hakimiyyəti ona təhvil verməli idi.
Cümhuriyyətin fəaliyyəti üçün ən böyük təhlükə yaradan S.Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komissarları Soveti idi. Məlumdur ki, Bakıda hakimiyyətə şəriksiz yiyələnmiş bolşevik-daşnak birləşmələri 1918-ci il aprelin 25-də Bakı Xalq Komissarları Sovetini yaratdılar. Bakı XKS-nin sədri vəzifəsinə S.Şaumyan "seçildi". Beləliklə, müsəlman əhaliyə qarşı qəddar, düşmənçilik münasibəti olan S.Şaumyan "xalq hakimiyyəti" pərdəsi altında Azərbaycanı azərbaycanlılardan təmizləmək, onun torpaqlarını zəbt edib "böyük Ermənistan" dövləti yaratmaq xülyasını reallaşdırmağı öz qarşısına bir vəzifə kimi qoydu. Bakı XKS Moskvanın birbaşa göstərişi ilə neft sənayesini milliləşdirdi və Bakı nefti Rusiyaya nəql olunmağa başladı. 1918-ci il mayın 1-də Bakı XKS gələcək fəaliyyət proqramını müəyyən edən bəyannaməsini dərc etdi. Bəyannamədə qeyd edilirdi ki, Bakı XKS sovet Rusiyasının XKS-nin bütün dekret və sərəncamlarını həyata keçirməyə başlamış Ümumrusiya Mərkəzi hökuməti ilə sıx əlaqədə fəaliyyət göstərəcək.
Bakı XKS yenicə yaranmış Azərbaycan hökumətinin Gəncəyə köçməsinə qədər "vətəndaş müharibəsini" yenidən alovlandırıb Gəncə üzərinə yürüşə hazırlaşırdı. 1918-ci il iyunun 6-da Bakı kommunasının ordu və donanma işləri üzrə komissarı Q.Korqanov Gəncə üzərinə yürüş haqqında əmr verdi. İyun ayının 12-də S.Şaumyan teleqraf vasitəsilə V.Leninə və İ.Stalinə Bakı hərbi hissələrinin Gəncəyə hücumu barədə məlumat verdi. 13 minlik qızıl ordu iyunun 27-dən iyulun 1-ə qədər Göyçaya qədər gəlib çıxdı.
Azərbaycan daim Moskvanın diqqət mərkəzində idi. 30 iyun tarixli məktubda Lenin Stalinə yazırdı: "Bu gün iyunun 30-da Berlindən İoffedən xəbər gəlmişdi ki, Külman İoffe ilə ilkin danışıqlar aparmışdır. Bu danışıqdan bəlli olduğuna görə almanlar razıdırlar ki, türkləri Brest müqaviləsində göstərilən sərhəddə hərbi əməliyyatı dayandırmağa məcbur etsinlər. Bizim üçün dürüst demorkatiya xətti müəyyənləşdirsinlər. Söz verirlər türkləri Bakıya qoymasınlar, özləri də neft istəyirlər. İoffe cavab vermişdir ki, Brest sülhünə ciddi əməl edəcəyik, almaq xatirinə vermək prinsipinə tamamilə razıyıq. Bu xəbərə ciddi diqqət yetirin və çalışıb onu Şaumyana tez çatdırın. Zira, Bakını əldə saxlamaq üçün indi ən ciddi imkanlar vardır. Neftin bir qismini, əlbəttə, verərik".
Bundan sonra ikinci dəfə iyulun 7-də V.İ.Lenin İ.V.Stalinə göndərdiyi teleqramda deyirdi: "Şaumyan Berlindəki səfir İoffeyə almanların etdikləri belə bir təklifdən xəbərdar olsun ki, əgər biz neftin bir hissəsinin almanlara verilməsini təmin etsək, onlar türklərin Bakıya hücumunu dayandırmağa razı olarlar. Əlbəttə, biz razı olarıq". Həm də söhbət bu dövrdə Bakı Sovetinə təkcə diplomatik yardımdan getmirdi, hərbi yardım haqqında da əməli addımlar atılmışdı. Q.Petrovun dəstəsi təcili surətdə Bakıya göndərilmiş, Petroqrad Sovetinin sədrinə sərəncam verilmişdi ki, ümumrusiya silah kampaniyasında Bakıya dərhal zirehli avtomobillər göndərilsin. Moskvadan Şaumyana göndərilən digər bir məktubda məsləhət görüldü ki, Bakının beynəlxalq vəziyyəti ağır olduğu üçün Gürcüstanda N.Jordaniya ilə ittifaqa girsin.
Göyçay vuruşmasından sonra Bakı Sovetinin hərbi qüvvələri geri çəkilməyə başladılar. Bakıda daxili siyasi vəziyyət son dərəcə kəskinləşdi. Belə bir şəraitdə Bakı XKS iyunun 31-də istefaya çıxdı. Onun əvəzində yaranmış Sentrokaspi diktaturasının, eləcə də eser, daşnak və menşeviklərin dəvəti ilə avqustun 4-də general Danstrevil başda olmaqla Ənzəlidən Bakıya gəlmiş ingilis hərbi dəstələri burada möhkəmlətmək, məhkum Azərbaycan dövlətini ayırmaq, Türkiyə Azərbaycan qoşunlarının Bakını tutmalarına imkan verməmək üçün cəhdlər göstərdilər. Lakin bu, baş tutmadı.
1918-ci il sentyabrın 15-də Türkiyə və Azərbaycan hökuməti qoşunları hissələrlə Bakıya daxil oldular. Bakı ADP-nın iqamətgahına çevrildi. Lakin Antantanın Birinci Dünya müharibəsindəki qələbəsi Zaqafqaziyadakı siyasi vəziyyəti dəyişdirdi.
Möhkəm iradə ingilis siyasətinə
qalib gəldi
Türkiyə ilə Antanta arasında bağlanan Mudros barışıq müqaviləsinə (1918, 30 oktyabr) görə, Türkiyə qoşunları Azərbaycanı tərk etməli idi, müttəfiq qüvvələr tərəfindən Bakının tutulmasına mane olmamalı idi. İranın Ənzəli şəhərindən olan ingilis hərbi hissələri müttəfiqləri adından Bakını tutmalı idilər.
Qüdrətli qoşun hissəsi olmayan Azərbaycan hökuməti və Milli Şura Bakıya gələcək ingilis generalı Tomsonla dil tapmaq üçün Ə.Ağaoğlu, N.Yusifbəyli və M.Rəfiyevdən ibarət heyəti İrana yollandı. V.Tomson Azərbaycan nümayəndə heyətinə bildirdi ki, bizə məlum olduğuna görə Azərbaycan xalqının ümumi fikrindən meydana gəlmiş bir respublika mövcud deyil, yalnız türk komandanlığının intriqası ilə təşəkkül tapmış bir hökumət var. Siz bunun əksini iddia edirsiniz, o halda hər şeyi yerində yoxlayıb buna münasib də qərar verərik. Tomson Bakıya gəlmənin səbəbləri barədə aşağıdakı bəyanatla çıxış etdi:
1. Noyabrın 17-də saat 10-a qədər Bakı şəhəri bütün türk və Azərbaycan qoşunlarından təmizlənməlidir.
2. Azərbaycan digər yerləri istisna olmaqla, Bakı şəhəri və onun mədənləri ingilislər tərəfindən işğal olunmalıdır.
3. Azərbaycanın rəsmi olaraq tanınmasında İngiltərə, Fransa və Amerika nümayəndələri Azərbaycan hökumətini de-fakto kimi tanıyıb onunla əlaqə saxlamalıdır.
4. General Tomson Bakının general qubernatoru olmalıdır; a) şəhər polis idarəsinə ingilislər rəhbərlik etməlidir; b) şəhər Dumasına azad fəaliyyət üçün imkan verilməlidir; v) Paris Sülh Konfransında Azərbaycanın istiqlalı məsələsi diskussiyaya daxil ediləcəkdir; q) Biçeraxovun hərbi dəstələri Bakıya ingilis hərbi qüvvələri ilə daxil olmalıdır; ğ) erməni hərbi dəstələri Bakıya buraxılmayacaqdır.
Noyabrın 17-də hindli əsgərlərdən ibarət ingilis qoşunları Bakıya daxil oldu. Onun əmri ilə Azərbaycanın milli bayrağı hökumət binalarının üzərindən çıxarıldı. Sonradan məlum olmuşdu ki, Bakıya daxil olan ingilis qoşunlarının içərisində "Hayıstan" qəzetinin redaktoru Safrastiyan da olub.
Bir neçə gün Bakıda vəziyyətlə tanış olduqdan sonra Tomson yəqinlik hasil etdi ki, rus kadetlərinin "Azərbaycan bir neçə yüz siyasi fırıldaqçının uydurduğu xəyaldan başqa bir şey deyildir" fikri həqiqət deyildir. O elan etdi ki, Britaniya komandanlığı Azərbaycan hökumətinə və onun baş nazirinə böyük hörmət bəsləyir. F.X.Xoyski Bakıda ən bacarıqlı adamlardan biridir və yeni koalision hökumət təşkil olunana qədər onun hökuməti ölkədə yeganə təsirli hökumət olaraq qalır". Soyuqqanlı ingilis generalının belə bir bəyanat verməsi təsadüfi deyildi. Bu, Avropanın qabaqcıl düşüncəsinə yiyələnən və millətin taleyini öz çiyinlərində aparan Fətəli xan Xoyskinin timsalında cümhuriyyət liderlərinin iradəsinin qələbəsi, eyni zamanda tarixdə şəxsiyyətin roluna bir münasibət idi.
1919-cu ilin fevralında İngiltərə hökuməti ingilis qoşunlarının Bakıdan çıxarılması haqqında qərar verdi. Qalib dövlətlərin Ali Şurası Zaqafqaziyanın İtaliya qoşunları tərəfindən tutulması təklifini irəli sürdü. İtaliya hökuməti bu regionlar üzrə mandatı qəbul etdi. Prins Savoyun rəhbərlik etdiyi nümayəndə heyəti 1919-cu il mayın 16-da Bakıya gəldi. Onun dalınca polkovnik M.Qabbo Bakıya gəldi. Lakin İtaliyadakı kabinet dəyişikliyi vəziyyəti dəyişdirdi. İtaliyanın yeni təyin olunmuş baş naziri Françesko Hitti Zaqafqaziya üzərində mandatı ləğv etdi. İngilis müdaxiləçiləri və onların yerli quyruqbulayanlarının təxribatçılıq hərəkətlərinə baxmayaraq, Azərbaycan hökuməti və Milli Şura daha bir addım atdı.
Noyabrın 20-də keçirilən iclasda Azərbaycan parlamentinin təşkil edilməsi haqqında qanun layihəsi müzakirəyə verildi və seçki qanunu qəbul edildi. Bu böhranlı vəziyyətdə məhz Azərbaycanın siyasi xadimlərinin bacarıq və qabiliyyəti bir daha özünü göstərdi. Milli Şuranın qəbul etdiyi qərarda Azərbaycanda yaşayan bütün xalqların və siyasi partiyaların parlamentdə təmsil olunması nəzərdə tutulmuşdur. Parlament 120 nəfər olmalı idi. Onların 80-i azərbaycanlılar, 21-i ermənilər, 10-u ruslar, 1-i yəhudi, 1-i alman, 1-i polyak, 3 yer Həmkarlar İttifaqı Şurası və neft sənayeçiləri ittifaqı üçün nəzərdə tutulmuşdu. Parlamentin iclası dekabrın 7-də oldu. Parlamentin ilk iclasında Xoyski öz səlahiyyətinin qurtardığını bildirdi və hakimiyyəti parlamentə verdi. Ciddi müzakirələrdən sonra Əlimərdan bəy Topçubaşov sədr, Həsən bəy Ağayev müavin, Rəhim bəy Vəkilov katib seçildi. Parlament müvəqqəti hökumətin istefasını qəbul edib Nazirlər Şurasını müəyyən etməyi və hökumətə başçılığı Fətəli xan Xoyskiyə tapşırdı. Dekabrın 26-da Fətəli xan Xoyski hökumət proqramı və hökumətin tərkibi haqqında parlamentdə çıxış etdi və hökumət təşkil edildi.
Parlamentin daxilində tez-tez müşahidə edilən partiyalararası ziddiyyətlər, daxili və xarici münaqişələr işi çətinləşdirirdi. Elə bunun nəticəsi idi ki, F.Xoyski səhhəti ilə əlaqədar istefa verdikdən sonra təkcə 1919-cu ildə Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə iki dəfə - aprelin 14-də və dekabrın 12-də yeni hökumət kabinetləri yaradılmışdı. Sonuncu hökumət - 1920-ci il aprelin 1-də N.Yusifbəyli hökuməti istefa verməyə məcbur olmuşdur. Bütün daxili və xarici çətinliklərə baxmayaraq, mövcudluğu ərzində ADR bir sıra ciddi addımlar atmışdır: 28 avqust 1918-ci il qanununa görə Xalq Maarifi milliləşdirildi. Gəncə, Şəki və Zaqatalada müəllim kursları təşkil edildi. Qori Müəllimlər Seminariyası Qazaxa köçürüldü. 1919-cu ildən Azərbaycanda 23 dövlət müəssisəsi var idi. Müxtəlif yerlərdə pedaqoji kurslar təşkil edildi. Türkiyədən 50-yə qədər müəllim dəvət olundu. Dövlətin rəsmi orqanı olan "Azərbaycan" qəzeti nəşr olundu. Ciddi maliyyə çətinliklərinə baxmayaraq, Bakıda universitetin açılmasına 5 milyon manat ayrıldı. 1919-cu ilin noyabrında Bakıda Dövlət Konservatoriyasının açılması işinə hazırlıq başlandı:
- orta məktəblər milliləşdirildi;
- AXC xaricdə kadr hazırlığına ciddi fikir verirdi. 1919-1920-ci illər üçün 100 nəfər tələbə və abituriyentin xaricə ezamı müəyyən olundu;
- savadsızlığın ləğvi sahəsində ciddi addımlar atıldı. Axşam kursları təşkil edildi.
1918-ci il 27 iyun tarixli qərarla
Azərbaycan dilinə dövlət dili statusu verildi:
- Azərbaycan
Respublikasının pul və poçt markaları dövriyyəyə
buraxıldı.
- Gəncənin qədim
adı özünə qaytarıldı;
- Qaryagin qəzası Cəbrayıl
qəzası adlandırıldı;
- 1919-cu il avqustun 11-də
parlament Azərbaycan vətəndaşlığı
haqqında qanun qəbul etdi;
- Hüseyn Ərəblinskinin
rəhbərliyi altında Azərbaycan Dövlət Teatrı
fəaliyyətə başladı. Bu dövrdə Cəfər
Cabbarlı, Üzeyir Hacıbəyli, Əhməd Cavad, M.B.Məmmədzadə
və başqaları milli ruhun təmsilçiləri və
daşıyıcıları idi. Sonralar "Almaz",
"1905-ci ildə" pyeslərini qələmə alan Cəfər
Cabbarlı Bakının türk qoşunları tərəfindən
azad edilməsi münasibətilə "Bakı müharibəsi"
pyesini yazmışdı. Azərbaycan parlamentində
"İstiqlal" muzeyi yaradılmışdı.
- 1919-cu il dekabrın 29-da
Bakıda "Müsəlman Şərqini öyrənən cəmiyyət"
təsis edilmişdi;
- 1920-ci ildə Maarif
Nazirliyində arxeologiya şöbəsi
yaradılmışdı.
1919-cu il fevralın 1-də
hökumət səhiyyənin inkişafına 4 milyon 525 min
manat pul ayırmışdı. Bakı Universitetində tibb
fakültəsi açılmışdı.
Uğurlu xarici siyasət
AXC-nin xarici siyasətində
ilk növbədə bir-biri ilə bağlı çox
mühüm məsələlər dururdu:
1) Azərbaycanın
suverenliyinin Avropa ölkələri tərəfindən
tanınmasına nail olmaq;
2) Qonşu dövlətlərlə
münasibətləri qaydaya salmaq;
3) Ermənistanın ərazi
iddiaları məsələsini həll etmək.
Hərbi köməyə
böyük ehtiyacı olan Azərbaycan hökuməti
Türkiyə ilə ittifaq bağlamağı qərara
aldı. 1918-ci il iyunun 4-də Türkiyə ilə Azərbaycan
Respublikası arasında dostluq müqaviləsi
imzalanmışdı. Osmanlı hökuməti lazım olan
zaman Azərbaycan hökumətinə silahlı qüvvələrlə
kömək etməyi öhdəsinə
götürmüşdü. Bu, asanlıqla başa gəlməmişdir.
Ənvər paşa İstanbulda M.Ə.Rəsulzadə ilə
olan söhbətində bildirmişdir ki, Azərbaycanda
Türkiyə ordusu hər ay 1 milyon manat xərc tələb
edir. O, məsləhət görmüşdü ki, bu respublika
öz ordusunu yaratsın. Yeni yaranmış Azərbaycan
hökuməti xahişə cavab olaraq 2 milyon türk lirəsi
həcmində borc da vermişdi.
Onu qeyd edək ki, 1918-ci il
avqustun 27-də sovet Rusiyası ilə Almaniya arasında əvvəlki
Azərbaycan öz qonşuluq münasibətlərini xoş məramla qurmağa cəhd etsə də, bu, Ermənistanla mümkün olmadı. Azərbaycan Milli Şurasının 29 may 1918-ci il tarixli iclasında Ermənistan hökumətinin İrəvanı özünə siyasi mərkəz seçməsi məsələsi nəzərdən keçirildi və bunu mümkün saydı. Lakin bəzi üzvləri haqlı olaraq bunu İrəvan quberniyası müsəlman əhalisinin taleyi üçün təhlükəli olacağını irəli sürdülər. B.Rzayev Milli Şurada təmsil olunan irəvanlılar adından demişdi: "Müstəqil Azərbaycan uğrunda çalışmaqla yanaşı, rica edirik, bizi, Ermənistan Respublikası ərazisində qalanları da unutmayasınız". Belə də oldu. 1917-ci ilin dekabrından 1918-ci il iyun ayınadək təkcə İrəvan quberniyasında 200-dən çox müsəlman kəndi yerlə-yeksan oldu. Azərbaycan və Ermənistan respublikaları yaranana qədər Dağlıq Qarabağ Gəncə quberniyasının tərkibində idi. 1918-ci ilin iyulunda Ermənistan hökuməti Dağlıq Qarabağa silahlı qüvvə yeritdi. Daşnaklar 1918-ci ilin axırlarında Azərbaycanın Zəngəzurda 40 kəndini, 1919-cu ilin yanvarında Şuşa qəzasında 9 kəndini dağıtdılar.
Azərbaycan Xalq Cümhuriyyəti qəddini düzəldən kimi, 1919-cu ilin yanvar ayının əvvəlində Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarını Gəncə quberniyasından ayırıb, mərkəzi Şuşa olmaqla Qarabağ General Qubernatorluğunu yaratdı. Fevralın 12-də Xosrov bəy Sultanov ikinci qubernator oldu. Lakin Şuşa erməni milli şurası buna etiraz etdi.
İngilis hərbi missiyasının iştirakı və köməyi ilə erməni milli şurasının sədri və başqaları Azərbaycanın hüdudlarından kənara qovuldu. Şuşada Sultanovla görüşdə bir neçə yüz erməni Azərbaycan Respublikasının hakimiyyətini qəbul etdi. Diplomatik və siyasi vasitələrdən heç nə qazanmayan erməni tərəfi hərbi vasitələrə əl atdı. Andranik silahlı dəstələrlə Qarabağa yollandı və onun da qarşısı alındı.
1919-cu il noyabrın 23-də Tiflisdə Azərbaycan ilə Ermənistan arasında saziş imzalansa da, bu, kağız üzərində qaldı. Naxçıvanı Ermənistan özününkü sayırdı. Naxçıvanın isə Azərbaycana o zaman birləşməsi qeyri-mümkün olduğu üçün və Ermənistana tabe olmamaq üçün 1918-ci ilin noyabrında Araz Respublikası adı altında özünün müstəqilliyini elan etdi. Ermənistan dəfələrlə Naxçıvana basqın etsə də, oranı təslim edə bilmədi.
1920-ci ilin yanvarında Ermənistanın hərbi təcavüzü daha da gücləndi. Azərbaycan Dağlıq Qarabağa qoşun hissələri yerləşdirmək məcburiyyətində qaldı. 1920-ci ilin martında Novruz bayramı gecəsi erməni silahlı dəstələri, eyni zamanda, Şuşada, Xankəndidə, Əsgəranda və Tərtərdə yerləşən qoşun hissələrinə hücum etdi. Dağlıq Qarabağda Azərbaycan əleyhinə qiyam başlandı. Mart ayının sonunda erməni daşnak terroru nəticəsində xeyli azərbaycanlı qırıldı. Azərbaycan hökumətinin xarici siyasətində Gürcüstanla münasibəti qaydaya qoymaq vacib məsələlərdən biri idi.
Gürcüstan hökumətinin başçısı Ramşvili Azərbaycan və Gürcüstan sərhədlərini Gəncə və Tiflis quberniyalarının ərazisi üzrə müəyyən olunması haqqında bəyanat vermişdi. Bu bəyanatla əlaqədar Borçalıya hərbi hissələr göndərildi.
İyunun 14-də Azərbaycan xarici işlər naziri öz notasında Borçalı, Qarayazı və Sığnax mahallarına gürcü-alman hərbi hissələrinin yerləşdirilməsi ilə buranın Gürcüstana qatılmasına qəti etirazını bildirdi. 1918-ci il iyunun 20-də Gürcüstan hökuməti Qarayazıda olan Azərbaycan hərbi hissəsinə 24 saat ərzində buradan çıxmaq haqqında ultimatum verdi.
Almaniya və Türkiyənin Qafqazdakı nümayəndələrinin işə qarışması nəticəsində Gürcüstan hökuməti ərazi məsələləri üzrə arbitraj komissiyasının yaradılmasına razılıq verdi ki, bu da münasibətləri qaydaya qoya bildi...
Böyük iddia sahibi
Arazın şimalında Azərbaycan adlı dövlətin yaranması və onun gec-tez cənuba təsir edəcəyi İranı narahat etməyə bilməzdi. 1918-ci ilin iyulunda Azərbaycanın İstanbulda olan nümayəndə heyəti İran konsulluğuna AXC-nin yaranması haqqında bəyannamə təqdim etmiş, İran konsulu bəyannaməni geri qaytararaq, ona əlavə olunmuş vərəqdə göstərmişdir ki, o, Azərbaycan adlı müstəqil dövlət tanımır.
İran mətbuatında Azərbaycan Respublikasının adının düzgün müəyyən edilib-edilməməsi ətrafında geniş müzakirələr başlanmış, bəziləri həmin səhvin səbəbkarını Türkiyəni hesab edirdilər. İran rəsmi dairələrində AXC-yə münasibətdə müxtəlif meyillər hiss olunurdu.
1-ci meyil: Müstəqil dövlətin olması və cənuba təsiri;
2-ci meyil: Rusiya ilə İran arasında bir bufer dövlətin olması və özlərinin təhlükəsizliyi üçün əlavə amilin olması - müsbət hal kimi;
3-cü meyil: İranla azərbaycanlıların vahid dövlət təşkil etməsinin hər iki ölkə üçün əlverişli olması. Bu, sonuncu Parisə gedən İran nümayəndə heyəti tərəfindən irəli sürülmüşdü.
İran əsaslandırmağa çalışırdı ki, əvvəla, Türkiyəyə görə Antanta sizə rəğbət bəsləməyəcək, digər tərəfdən isə qonşu ermənilərin düşmən münasibəti və s. birləşməni tələb edir.
Əhməd bəy Ağayev bunu İran diplomatiyasının hiyləsi kimi qiymətləndirirdi. İran xarici işlər naziri həmin məsələni İstanbulda olan Azərbaycan Respublikası nümayəndə heyətinin başçısı Ə.M.Topçubaşov qarşısında da qaldırdı. Lakin istər-istəməz İranla müsbət əlaqə lazım idi. Çünki Naxçıvanda vəziyyət kəskinləşmişdi. Erməni silahlı dəstələrinin hücumu burada vahimə yaratmışdı. Bu zaman Naxçıvandan Təbrizə Vəliəhdin ünvanına yardım haqqında teleqram göndərilmiş, bu sənəddə həmin mahalların (İrəvan, Naxçıvan, Şərur-Dərələyəz) əhalisinin İran təbəəliyini qəbul etməyə hazır olduğu bildirilmişdir. Lakin ilk məğlubiyyətdən sonra özünü itirməyən Araz Respublikası hökuməti 6 min qüvvə toplayıb erməniləri darmadağın edib qovmuşdu.
1919-cu ilin əvvəllərində
İran tərəfi Paris konfransına böyük iddialı
rəsmi memorandum vermişdi. İran bu memorandumda Bakı, Dərbənd,
Şəki, Şamaxı, Gəncə, Qarabağ,
Naxçıvan və İrəvanı tələb edirdi. Bu,
çox qeyri-ciddi qarşılanmışdı. Ümumiyyətlə,
İranla münasibətin yaxşı olmasını
mövcud vəziyyət tələb edirdi. Belə ki, Qafqaz
Konfederasiyası ideyasının iflası, müttəfiq
qoşunlarının Azərbaycandan çəkilməsi, yeni
yaranmış dövlətlərin suverenliyinin təsdiqi sahəsindəki
qeyri-müəyyənlik, heç bir Qərb dövlətinin
himayə göstərmək istəməməsi təbii
olaraq, İranla diqqətli olmağı tələb edirdi.
1919-cu il noyabrın 1-də
Azərbaycanın nümayəndə heyəti ilə İran
nümayəndəlikləri arasında dörd bənddən
ibarət sənəd imzalandı və bu sənəddə
söhbət Qafqaz Azərbaycanından getdi. AXC-nin əsas
dünya dövlətləri tərəfindən tanınmasından
sonra İran 1920-ci il martın 20-də Azərbaycanı rəsmi
olaraq tanıdı.
Azərbaycanın müstəqilliyinə laqeyd münasibət
1918-ci il dekabrın 7-də
açılmış Azərbaycan parlamenti
1919-cu il mayın 28-də Azərbaycan
nümayəndə heyəti Vilsonla görüşdü.
Mühüm məsələlər danışıldı.
İstiqlal yolunda 2 şəhərin, 500 kəndin, 150 min
adamın qurban verildiyi bildirildi. Vilson Azərbaycan nümayəndə
heyətini çox soyuq qarşılamış və
bildirmişdi ki, Sülh konfransının dünyanın
kiçik hissələrə parçalamaq niyyəti yoxdur.
Məsləhət
görülmüşdü ki, konfederasiya ideyasını
müdafiə etmək, Millətlər Cəmiyyətinin
mandatı ilə böyük dövlətlərdən birinin
bu konfederasiya üzərində qəyyumluğunu qəbul etmək
lazımdır.
Paris Sülh
Konfransının Ali Şurası 1920-ci il yanvarın 11-də
Azərbaycanın, Gürcüstanın, bir az sonra Ermənistanın
müstəqilliyini de-fakto tanıdı. Lakin sərhəd məsələsi
həmin ölkələrin beynəlxalq vəziyyətinin tam
aydınlaşdırılmasına qədər təxirə
salındı.
Cənubi Qafqaz
respublikalarının müstəqilliyinə Avropa dövlətlərinin
laqeyd münasibəti nədən qaynaqlanırdı?
Amerika Birləşmiş
Ştatları Birinci Dünya müharibəsində əldə
etdiyi uğurlardan elə məst olmuşdu ki, kiçik
dövlətlərin taleyi onlar üçün o qədər
də maraqlı deyildi. Dünyanın idarəçilik
sükanı arxasında oturan ABŞ Prezidenti Vilsonun Azərbaycan
nümayəndə heyətinə "Paris Sülh
Konfransının dünyanı kiçik hissələrə
parçalamaq niyyəti yoxdur" söyləməsi fikrimizi
bir daha təsdiqləyir.
Digər tərəfdən,
dünyanın siyasi xəritəsini müəyyən edən
Vilsonun "14 sülh prinsipi" adlı layihəsində Cənubi
Qafqazda yaranan müstəqil respublikalarla bağlı maddə
yox idi, ona görə də bu respublikalar onlar
üçün qeyri-qanuni "doğulmuşlar" təsiri
bağışlayırdı. Bu cəhət müstəqilliyimizin
süqutunda çox ciddi amil oldu.
Fransanın rus məsələsində
"Bölünməz və vahid Rusiya" fikrini dəstəkləməsi
təsadüfi deyildi. Əvvəla, Fransanın Rusiya
marağı orada batan borcları ilə əlaqədar idi. Əsasən
sələmçiliklə məşğul olan Fransanın
Rusiyada batmış kapitalının qaytarılmasında 1,5
milyon fransızın marağı var idi. Digər tərəfdən
isə, "vahid və bölünməz Rusiya" ideyası
ilə Fransa siyasi dairələri Avropanın mərkəzində
"davakar" Almaniyaya qarşı öz ənənəvi
müttəfiqlərini bərpa etmək fikrində idilər.
Belə düşüncələr rus işğalının
reallaşmasını təmin etdi.
Rusiya məsələsində
İngiltərə də özünü elə
aparırdı ki, "bölünməz və vahid
Rusiyaya" onun heç bir etirazı yoxdur. Lakin bolşevik təhlükəsinin
güclənməsi nəticəsində Qafqazda
yaranmış vəziyyət Antanta ölkələrini ciddi
şəkildə düşünməyə məcbur etdi.
Yeni yaranmış respublikaların taleyində hiss ediləcək
dönüş Böyük Britaniyanın baş naziri L.Cocun
1919-cu il noyabrın 17-də İngiltərə parlamentinin
icmalar palatasında çıxışı ilə
başladı.
1920-ci il yanvarın 11-də
İngiltərənin xarici işlər naziri C.Kerzonun təklifi
ilə müttəfiqlərin Ali Şurası Azərbaycanın
və Gürcüstanın müstəqilliyini
"de-fakto" tanımaq haqda qərar qəbul etdi.
Zalımın başı qarışanda məzlum istədiyini
edir
Azərbaycanın
istiqlalının Antanta dövlətləri tərəfindən
tanınması sovet Rusiyasının bu respublikaya qarşı
siyasi qısqanclığını daha da artırırdı.
Cəbhələrdəki qələbələrdən sonra vəziyyəti
xeyli yaxşılaşmış Rusiyanın xarici siyasətində
"Azərbaycan məsələsi" xüsusi yer tutdu.
"Novoy mir" qəzeti 1920-ci il 13 yanvar tarixli nömrəsində
Azərbaycanla bağlı yazırdı: "Azərbaycanda
sovet hakimiyyətini bərpa etmək lazımdır.
...İnqilabi Rusiya təqvimi ilə desək, biz
oktyabrqabağı günlər içərisindəyik".
Bu ideoloji təbliğatın arxasında çox məkrli
niyyətlər dururdu.
Azərbaycan Xalq Cümhuriyyətini devirmək məqsədilə 1920-ci ilin yanvarında RK(b)P Bakı Komitəsi yanında yaradılmış "operativ qərargah"ın sədri Ə.Qarayev 1920-ci il martın 30-da Dağıstanda olan sovet qoşunlarının komandanına teleqram göndərərək bildirdi ki, ən yaxın günlərdə Bakıda çevrilişə hazırlaşırıq. Hərəkat başlanandan əvvəl öz yürüşümüzün məqsədləri haqqında Azərbaycan fəhlələrinə, kəndlilərinə müraciətnamə buraxılacaq. Beləliklə, Azərbaycanın işğalı məqsədilə qabaqcadan hazırlanmış Bakı əməliyyatının həyata keçirilməsi daha da sürətləndirildi. Beynəlxalq hüquq normalarını pozaraq Azərbaycanın hüdudlarını keçən XI ordunun birbaşa hərbi müdaxiləsi nəticəsində 1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyəti devrildi. Aprelin 28-də AKP MK Azərbaycan Müvəqqəti İnqilab Komitəsini Azərbaycanın yeni ali siyasi hakimiyyət orqanı elan etdi. Bu ali siyasi orqanda təmsil olunan və Azərbaycanın taleyini həll edən insanların yeritdiyi siyasi xəttin mahiyyətini Azərbaycan Xalq Təsərrüfatı Şurasının sədri Solovyov V.Leninə ünvanladığı "çevrilişdən sonrakı iki ay müddətində bizim Azərbaycanda siyasətimiz" adlı hesabat-qeydində aydın görmək olar. O yazırdı: "Çevrilişə qədər azərbaycanlı ziyalıların da sovet hakimiyyətinə rəğbəti var idi. Çevriliş baş verdi və azərbaycanlılardan ibarət bir hökumət yaradıldı. Heç kimə sirr deyil ki, Azərbaycan hökumətinin üzərində də bir siyasi hakimiyyət var. Bu, Azərbaycan Kommunist Partiyasıdır. Partiyanın rəhbərliyi erməni və gürcü millətçilərindən ibarətdir. Bunlar sanki Azərbaycanı başsız qoymaq siyasəti yürüdürlər. Azərbaycan ziyalıları soldan-sağa, sağdan-sola güllələnir. Küçələrdə kütləvi surətdə həbs edilən azərbaycanlılara qarşı ermənilərin istehzalı gülüşləri əvvəlcədən söylənilən belə bir fikri təsdiqlədi ki, Azərbaycanda sovet hakimiyyətinin qələbəsi ümummilli fəlakətdir".
Doğrudan da fəlakət oldu. 1920-ci ilin aprelindən 1921-ci ilin avqustuna qədər 48 min azərbaycanlı güllələndi. Lakin 70 il imperiya əsarətində yaşayan Azərbaycan xalqı bütün siyasi burulğanlardan uğurla keçib bugünkü müstəqillik taleyini yaşayır.
Bəhs etdiyimiz dövrdə baş verən hadisələrə bu günün siyasi müstəvisindən baxdıqda çox qəribə bir mənzərə görünür. Artıq bir əsrə yaxın vaxt keçməsinə baxmayaraq, sanki heç nə dəyişməmişdir: nə böyük dövlətlərin ikili siyasəti, nə bədxah qonşuların məkrli niyyətləri, nə də Azərbaycana qarşı yad nəzərlər.
Dəyişən - respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf edən, öz iqtisadi qüdrəti və hərbi potensialı ilə regionda güc mərkəzinə çevrilən, hər cür məkrli niyyətlər qarşısında durmağa qadir sabit və qüdrətli bir Azərbaycan dövlətidir. Elə bir dövlət ki, müstəqilliyi xalqın əbədi və əzəli taleyinə, babalarımızın bizə əmanət etdiyi azadlıq ruhu isə şərəf və ləyaqət hissinə çevrilmişdir.
Fəzail İBRAHİMLİ,
tarix elmləri doktoru,
professor
Azərbaycan.- 2010.- 27
may.- S. 7.