Müsəlman Şərqində ilk demokratik və hüquqi dövlət

 

Tarix sübut edir ki, hər hansı xalqın təşəkkülü və qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu ən mühüm şərtlərdən biridir: əsrlər boyu özünütəsdiq imkanı əldə etməyə çalışan hər bir xalq ilk növbədə milli dövlətini yaratmağa çalışmışdır. Milli dövlətə mənsubluq eyni zamanda hər bir xalqın mənəvi, siyasi, iqtisadi potensialını, keçdiyi şərəfli mübarizə yolunu, dünya dövlətləri sırasında layiqli yer tutmaq əzmini nümayiş etdirmişdir.

 

Azərbaycan xalqını milli müstəqilliyə aparan yol nə qədər keşməkeşli, əzab-əziyyətli olsa belə, bu tarixi həqiqət bütün azərbaycanlılarda qürur və fəxarət hissi doğurur: Azərbaycan 1918-ci il mayın 28-də müsəlman Şərqində öz müstəqilliyini elan edən ilk demokratik respublika kimi tarixə düşmüş, xalqımız qısamüddətli olsa da, müstəqillik ideallarına qovuşmuşdur.

XX əsrin əvvəllərində çar Rusiyasında cərəyan edən mürəkkəb ictimai-siyasi proseslər, imperiya daxilində birləşdirilmiş xalqların azadlıq uğrunda mübarizəyə qalxması 1918-ci il mayın 28-də Azərbaycana öz istiqlaliyyətini elan etmək şansı yaratmışdır. Tarixi faktlar göstərir ki, 1918-ci il mayın 27-də müsəlman fraksiyası Tiflisdə ayrıca iclas keçirərək Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəlmişdir. Eyni zamanda müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası adlandırmış, beləliklə, Azərbaycanın ilk parlamenti təsis edilmiş, Rəyasət Heyəti və sədri seçilmişdir. 1918-ci il mayın 28-də Tiflisdə Milli Şuranın 26 üzvünün iştirakı ilə keçirilən iclasda isə Azərbaycanın dövlət müstəqilliyinə dair tarixi sənəd - İstiqlal Bəyannaməsi qəbul olunmuşdur.

Azərbaycan parlamenti birinci mərhələdə - 1918-ci il mayın 27-dən noyabrın 19-dək Milli Şura adı altında fəaliyyət göstərmişdir. 44 nəfər müsəlman-türk nümayəndədən ibarət Milli Şura qısa zamanda 10 iclasını keçirmiş, bir sıra mühüm tarixi qərarlar qəbul etmiş, ölkənin idarə olunması məsuliyyətini üzərinə götürmüşdür. Azərbaycan Milli Şurası iyunun 17-də fəaliyyətini müvəqqəti dayandırmaqla, 6 aydan gec olmayaraq Müəssislər Məclisi çağrılmaq şərti ilə, bütün qanunverici və icraedici hakimiyyəti müvəqqəti hökumətə vermişdir. 1918-ci il iyunun 17-də hakimiyyətə gələn F.Xoyskinin başçılıq etdiyi Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ağır beynəlxalq və daxili şəraitdə, faktiki olaraq soyqırım taleyi yaşayan Azərbaycan xalqını tarixin qanlı burulğanından çıxarmaq məsuliyyətini üzərinə götürmüşdür. Təcili olaraq müstəqil Azərbaycanda dövlət quruculuğuna başlanmış, hökumət yaranmış vəziyyətdən çıxmaq üçün ilk günlərdən sərt tədbirlərə əl atmışdır. İyunun 19-da Azərbaycan ərazisində hərbi vəziyyət elan olunmuş, iyunun 26-da isə müsəlman hərbi korpusu ayrıca Azərbaycan korpusuna çevrilmişdir. Diviziya komandiri səlahiyyətlərinə malik Azərbaycan Korpusunun komandiri hökumətin xüsusi tapşırığını yerinə yetirməyə başlamış, beləliklə, Azərbaycan silahlı qüvvələrinin əsası qoyulmuşdur.

1918-ci il iyul ayının 15-də Milli Şurada Fövqəladə Təhqiqat Komissiyası yaratmaq barədə qərar qəbul olunmuş, komissiyanın qarşısına I Dünya müharibəsi zamanı Cənubi Qafqazda türk-müsəlman əhaliyə qarşı törədilən soyqırım cinayətlərini, onların əmlakının talan olunması faktlarını araşdırıb cinayətkarları məsuliyyətə cəlb etmək vəzifəsi qoyulmuşdur. Həmin il avqustun 11-də "Hərbi mükəlləfiyyət haqqında" qərar qəbul olunmuş, avqustun 23-də isə "Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlığı haqqında" fərman imzalanmışdır.

1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Azərbaycan xalq könüllü dəstələrinin köməyi ilə Bakını bolşevik-daşnak birləşmələrindən azad etdikdən sonra milli hökumət sentyabrın 17-də Gəncədən yeni paytaxta - Bakı şəhərinə köçmüş, noyabrın 16-da isə Azərbaycan Milli Şurası fəaliyyətini yenidən bərpa etmişdir. Milli Şuranın noyabrın 19-da keçirilmiş iclasında "Azərbaycan Cümhuriyyətinin parlamenti haqqında" qanun qəbul edilmiş, habelə Müəssislər Məclisinə - geniş tərkibli Azərbaycan parlamentinə seçkilər dekabr ayının 3-nə təyin edilmişdir. Seçkilərlə bağlı qəbul edilmiş qərarda göstərilirdi ki, Azərbaycanda müxtəlif millətlər məskunlaşdığı üçün qanunvericilik orqanında bütün millətlərin nümayəndələri təmsil olunmalıdır. Yeni formalaşdırılacaq parlament ölkə əhalisinin hər 24 min nəfərinə 1 nəfər nümayəndə hesabı ilə 120 nəfərdən ibarət olmalı, 80 nəfər müsəlmanları, 21 nəfər erməniləri, 10 nəfər rusları, 1 nəfər almanları, 1 nəfər isə yəhudiləri təmsil etməli idi. Milli Şuranın 19 noyabr 1918-ci il tarixli iclasının qərarına əsasən, 1917-ci ilin sonlarında Ümumrusiya Müəssislər Məclisinə seçilmiş 44 nəfər türk-müsəlman nümayəndə də birbaşa yeni yaradılacaq parlamentin tərkibinə daxil edilirdi. 120 deputatdan ibarət yeni parlamentə seçkilər 1918-ci il dekabrın 3-də tamamilə demokratik prinsiplər əsasında keçirilmişdir.

1918-ci il dekabrın 7-də H.Z.Tağıyevin Qızlar məktəbinin binasında (hazırda AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan parlamentinin təntənəli açılışı keçirilmişdir. Müsəlman Şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlamentin açılışında Milli Şuranın sədri M.Ə.Rəsulzadə geniş təbrik nitqi söyləmiş, "Müsavat" fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev onun birinci müavini, Mehdi bəy Hacınski isə baş katib seçilmişdir. Parlamentin ilk iclasında həmçinin, F.Xoyski hökumətinin istefası qəbul edilərək yeni hökumətin təşkili qərara alınmışdır. Bu məsələ yenidən F.Xoyskiyə tapşırılmış, o, 1918-ci il dekabrın 26-da parlamentdə öz proqramı ilə çıxış edərək yeni hökumətin tərkibini açıqlamışdır. Parlament hökumətin proqramını qəbul etmiş, eyni zamanda yeni hökumətə etimad göstərmişdir.

Ümumiyyətlə, peşəkar parlamentin təşkili ilə Xalq Cümhuriyyətinin parlamentarizm tarixində ikinci mərhələ açılmış, 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək davam etmişdir. Bu dövrdə parlamentin 11 daimi komissiyası fəaliyyət göstərmiş, 145 iclası keçirilmiş, müzakirəyə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdur. Lakin parlamentdə daxili ziddiyyətlərin kəskinləşməsi, fraksiya və qruplaşmaların çoxluğu (10-a yaxın fraksiya mövcud idi) onun normal fəaliyyət göstərməsini əngəlləyirdi. Ayrı-ayrı fraksiya və qruplar bir çox hallarda özlərinin məhdud fraksiya və qrup mənafelərini ümummilli mənafedən üstün tuturdular. Məsələn, parlamentin sosialist bloku "yoxsulların mənafeyini müdafiə etmək" pərdəsi altında müntəzəm olaraq Azərbaycanın Sovet Rusiyasına birləşdirilməsi ideyasını təbliğ etmiş, Sovet Rusiyasında diplomatik nümayəndəliyin açılması barədə qərarın qəbuluna nail olmuş, nəhayət, qızıl ordunun ölkəyə müdaxiləsinə tərəfdar çıxmışdır. Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ayda hökumətin dörd dəfə dəyişdirilməsi də məhz bu ziddiyyətlərin nəticəsi sayılmalıdır.

Bu illərdə Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində "Azərbaycan parlamentinin yaradılması haqqında", "Parlamentin mühafizəsinin təşkil edilməsi haqqında", "Dağlılar hökumətinə 10 milyon yardım edilməsi haqqında", "Hərbi Nazirliyin heyəti haqqında", "Parlament iclaslarında iştirak etməyən deputatlar haqqında", "Dövlət xidmətində olmaqla parlament üzvü olmağın qəbuledilməzliyi haqqında", "Deputatlıq və məmurluq haqqında", "Fəhlə nəzarəti haqqında", "Azərbaycan Respublikası hökuməti idarələrində çalışan qulluqçulara birdəfəlik müavinət verilməsi haqqında", "Yollar və qara yollar, onların təmiri və inşasının Yollar Nazirliyinə verilməsi haqqında", "Müəssislər Məclisinə seçkilər üçün qanunnamə hazırlanmasına görə 20 min rubl ayrılması haqqında", "Vergilər sahəsində şikayətləri araşdırmaq üçün Maliyyə Nazirliyi nəzdindəki Ali Şura instansiyasının yaradılması haqqında", "Poçt və teleqraf nizamnaməsinin 131-ci və digər maddələrinin ləğv edilməsi haqqında", "Azərbaycan quberniya sənaye vergisi idarəsinin təşkili haqqında", "1918-1919-cu illər üçün quberniya və dairə vergi idarələrinin seçilməsi qaydaları haqqında" və digər qanunların qəbulu xüsusi əhəmiyyət daşımışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti 7 dekabr 1918-ci tarixli ilk iclasında qaldırılmış məsələni həbs olunanların ümumi amnistiyası haqqında qanun layihəsini də müzakirə edərək təsdiqləmişdir. "Azərbaycan parlamentinin açılması münasibətilə siyasi əfvi-ümumi" adlanan ilk qanun say etibarı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 7-ci rəsmi qanunu olmuşdur. Qanunda ümumilikdə 1918-ci il dekabrın 7-dək Rusiya imperiyasının cinayət qanunnaməsi üzrə mühakimə edilərək hökm verilmiş Azərbaycan vətəndaşlarının əfv olunması nəzərdə tutulurdu.

Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, AXC hökuməti və parlamenti elmin, təhsilin, xalq maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlamışdır. Ölkənin hər yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısamüddətli müəllim kursları, kitabxanalar açılmış, kənd yerində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılmışdır.

Parlamentin 1919-cu il sentyabrın 1-də qəbul etdiyi "Bakı Dövlət Universitetinin təsis olunması haqqında" qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, onun ideyalarının yaşamasında, habelə xalqımızın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynamışdır. Universitetin təşkil edilməsi ideyası özlüyündə qeyri-adi cəsarət nümunəsi, milli vətənpərvərlik örnəyi olmuşdur. Universitet yarandığı gündən ictimai-siyasi düşüncənin əsas mərkəzi kimi çıxış edən əsas ali təhsil müəssisələrindən birinə çevrilmiş, respublikada intellektual potensialın formalaşmasında, yüksək səviyyəli mütəxəssislərin hazırlanmasında yaxından iştirak etmişdir.

Əsrlərin mücadiləsi və mübarizəsi kimi XX əsrin əvvəllərində - 1918-ci ilin 28 mayında müstəqilliyini elan etmiş Azərbaycan xalqı müəyyən obyektiv və subyektiv səbəblərdən bu nemətin şirinliyini uzun müddət dada bilməmişdir: milli hökumət 1920-ci ilin aprelində bolşevik qaragüruhu tərəfindən devrilmiş, ölkə işğala məruz qalmışdır. Xalqın şüurunda dərin iz salmış milli müstəqillik və dövlətçilik amalı növbəti dəfə amansızlıqla boğulmuş, respublikamız uzun illər sovet imperiyasının ideoloji buxovları altında fəaliyyət göstərməyə məcbur olmuşdur.

Bu da etiraf olunmalıdır ki, 70 il totalitar rejimin ideoloji-siyasi buxovları altında yaşamalı olan Azərbaycan xalqının qəlbində bir müstəqil dövlətçilik idealı kök salmışdı. Ötən əsrin ortalarında Azərbaycanda siyasi hakimiyyətə irəli çəkilən ulu öndər Heydər Əliyev ilk gündən həyata keçirdiyi tədbirlərlə xalqın gələcək müstəqilliyinə iqtisadi, siyasi və hüquqi zəmin hazırlamağa çalışmış, bu məqsədlə genişmiqyaslı tədbirlər həyata keçirmişdir. Böyük öndər Azərbaycana birinci rəhbərliyi dövründə böyük təzyiqlərlə, təqiblərlə üzləşsə də, riskdən çəkinməyərək əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, adət-ənənələri və düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdıra bilmişdir. Heydər Əliyev fenomeninin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi də məhz azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir. Məhz 70-80-ci illərdə ölkədə yaradılmış möhkəm təməl əsrin sonlarına doğru Azərbaycanda milli-azadlıq hərəkatının başlanmasına və respublikamızın müstəqillik qazanmasına imkan vermişdir.

1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində formal xarakter daşımış, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başlamışdır. Bu mərhələdən etibarən respublikada müstəqil dövlət təsisatları formalaşmış, ilk milli Konstitusiya qəbul olunmuş, Milli Məclisə ilk seçkilər keçirilmiş, bütün bunlar respublikamızın demokratik və hüquqi inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. 1996-cı ildən Azərbaycan müxtəlif konvensiya və sazişlərə qoşulmuş, milli qanunvericiliyini Avropa standartlarına uyğunlaşdırmış, Avropa Şurası, ATƏT, Avropa İttifaqı, NATO, İKT və digər beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq istiqamətində həlledici addımlar atmışdır. Ümumiyyətlə, Heydər Əliyev siyasi kursu bütün istiqamətlərdə Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsinə və inkişafına xidmət etmişdir.

Ulu öndərin siyasi kursunu son 7 ildə uğurla davam etdirən dövlət başçısı İlham Əliyev də Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinə və inkişafına, demokratik, hüquqi dövlət quruculuğuna çalışır. "Vətəndaş cəmiyyəti quruculuğu, demokratik proseslərin möhkəmləndirilməsi, hüquqi dövlətin formalaşdırılması heç də şüar və arzu deyil, Azərbaycanın hərtərəfli inkişafının başlıca şərtidir. Bizim təcrübəmiz göstərir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur" - deyən Azərbaycan Prezidenti hesab edir ki, demokratik dövlətin bir təsisat kimi başlıca vəzifəsi bütövlükdə cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın maddi rifah halının yüksəldilməsi, onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunması, habelə şəxsiyyətin azad inkişafı üçün bərabər imkanların yaradılmasıdır.

Ümumilikdə, ötən 7 ildə ölkədə kadr siyasəti və dövlət idarəçiliyi məsələlərində Azərbaycanın bütün vətəndaşlarının iştirakının təmin edilməsi, əldə edilən iqtisadi nailiyyətlərdən hamının öz bacarıq, zəhmət və əqli imkanlarına görə bəhrələnməsi həm də milli birliyin möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addımlardandır. Ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət deməyə əsas verir ki, hüquqi-siyasi islahatlar bundan sonra da inamla davam etdiriləcək, ölkəmiz demokratikləşmə və insan hüquqlarının təminatı sahəsində daha yüksək nailiyyətlər əldə edəcəkdir.

 

 

Ülvi QULİYEV,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2010.- 27  may.- S.  6.