An-Mari LİZİN: Prezident İlham Əliyev Azərbaycanın işıqlı gələcəyini düşünən dövlət başçısıdır

 

İxtisasca iqtisadçı olan An-Mari Lizin ATƏT Parlament Assambleyasının sədr müavini (2003-2009), Belçika Senatının sədri (2004-2007), Birləşmiş Millətlər Təşkilatı İnsan Hüquqları Komissiyasının yoxsulluqla mübarizə üzrə müstəqil eksperti (1998-2004), Senatın müdafiə və xarici əlaqələr komitəsinin sədri vəzifələrində çalışmışdır. Paris Siyasi Elmlər İnstitutunun professoru, İtaliyanın Turin şəhərindəki BMT Universitetlər Şurasının üzvü, Nyu-York Universitetinin beynəlxalq məsələlər üzrə məsləhətçisi olan senator dəfələrlə beynəlxalq konfranslarda Belçika nümayəndə heyətinə rəhbərlik etmişdir. An-Mari 10-dan artıq kitabın müəllifidir.

ATƏT Parlament Assambleyası xətti və Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın dəvəti ilə dəfələrlə ölkəmizdə səfərdə olmuş An-Mari Azərbaycanı yaxşı tanıyır.

AzərTAc-ın xüsusi müxbiri beynəlxalq aləmdə tanınan siyasətçi An-Mari Lizinlə görüşərək ondan müsahibə almışdır.

- Xanım Lizin, Siz Azərbaycana səfərlərinizi necə xatırlayırsınız? Bu səfərlər zamanı ən çox yadda qalmış təəssüratlarınız barədə nə deyə bilərsiniz?

- Azərbaycan dünyəvi dövlətdir. Bunu şərtləndirən, xarakterizə edən bəzi məqamlara toxunmaq istəyirəm. Ölkənizə səfər etmiş xaricilərin diqqətini ilk növbədə azərbaycanlı qadınların müsəlman qadınlarına xas olan çadrasız və baş örtüksüz şəhərdə sərbəst, heç nədən çəkinmədən azad gəzmələri, geyimləri ilə avropalı qadınlardan heç də fərqlənməmələri cəlb edir. Qadın azadlığı və seçib-seçilmək hüququ ölkənin milli dəyərlərinin inkişafından xəbər verir.

Digər tərəfdən, mən belə fikirləşirəm ki, adət və ənənələri ilə tarixən müsəlman ölkəsi kimi tanınmış respublikanızda qadınların vəziyyəti və yaşadığı şərait özlüyündə hər şeyi büruzə verir. Yəni, mənşəcə türkdilli olan Azərbaycan hərtərəfli inkişaf etmiş ölkədir, Avropa dəyərlərinə inteqrasiya etməkdə maraqlıdır. Bütün bunlar dünyəvi dövlət üçün başlıca amildir.

Dünyəviliyi şərtləndirən məqamlardan biri də ölkənin tolerant olmasıdır. Bəli, Azərbaycan tolerant dövlətdir, hətta mən deyərdim ki, Azərbaycandakı tolerantlıq dünyanın inkişaf etmiş ölkələrinə sözün əsl mənasında nümunə ola bilər. Bildiyimə görə, hələ SSRİ dövründə Bakı beynəlmiləl paytaxt olmuş, burada və digər bölgələrdə azlıq təşkil edən xalqların nümayəndələri yerli əhali ilə dost və mehriban şəraitdə yaşamışlar. Sevindirici haldır ki, neçə illərin sınağından çıxmış ənənə bu gün də yaşayır. Azlıq təşkil edən qrupların dilinin, dininin və mədəniyyətinin inkişafına dövlət hərtərəfli qayğı göstərir. Onlar da seçib-seçilmək hüququna malikdirlər, yüksək vəzifələrdə təmsil olunurlar.

- Söhbətinizdən Azərbaycan barədə ətraflı məlumata malik olduğunuz hiss edilir. Amma istərdim ki, söhbətimizin məzmununu bir qədər dəyişək. 1991-ci ildə SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa edəndən sonra Azərbaycan üçün ilk illər çətin və ağır olmuşdur. Dağılmış xalq təsərrüfatını bərpa etmək və ayağa qaldırmaq üçün uzun vaxt tələb olunurdu. Amma Prezident Heydər Əliyevin həyata keçirdiyi iqtisadi islahatlar və müdrik dövlət xadiminin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan qısa bir vaxtda öz iqtisadiyyatını sürətlə inkişaf etdirərək dünyanın qabaqcıl ölkələri sırasında öz layiqli yerini tutmuşdur. Bu gün inkişaf etmiş ölkələr belə bir çox məsələnin həllində Azərbaycanın fikri ilə hesablaşırlar. Uzaq Avropadan bu proseslər necə görünür? Bir iqtisadçı kimi Azərbaycanda gedən iqtisadi proseslər, ölkənin inkişafı barədə Sizin fikrinizi bilmək maraqlı olar...

- Həqiqətən Azərbaycan qısa vaxtda iqtisadi sahədə sıçrayış edərək möcüzə göstərmişdir. Etiraf etmək lazımdır ki, keçmiş SSRİ-nin respublikaları arasında heç bir dövlət Azərbaycan kimi belə sürətli inkişaf yolunu tuta bilməmişdir.

Bu gün Avropanın üzləşdiyi enerji böhranının aradan qaldırılması kimi çox mühüm məsələnin həlli neft və qaz ehtiyatları ilə zəngin olan Azərbaycandan asılıdır. Prezident İlham Əliyevin apardığı iqtisadi islahatlar sayəsində ölkənin sürətli inkişafı respublikanın bütün sahələrində gedən əsaslı dəyişiliklərdə özünü büruzə verir. Azərbaycanda gedən yenidənqurma, infrasrtukturların inkişafı, paytaxtın ildən-ilə dəyişən siması, tikilən hündür binalar ölkə iqtisadiyyatının getdikcə güclənməsindən xəbər verir. Mənim ölkəm Belçika və Fransa Azərbaycanda gedən bu proseslərə müsbət münasibət bəsləyir və yüksək qiymətləndirirlər. Danılmaz faktdır ki, dünyanı bürümüş maliyyə böhranına baxmayaraq Azərbaycanda inkişaf prosesi nəinki dayanmış, əksinə inkişaf etmiş və ümumi daxili məhsul istehsalının həcmi artmışdır. Böhran dünyanın aparıcı və inkişaf etmiş ölkələrində dərin iz buraxdığı və açıq hiss edildiyi halda, gənc respublika bundan az itkilərlə çıxmışdır. Bu isə Azərbaycan Prezidentinin düzgün iqtisadi siyasət apardığını sübut edir.

Azərbaycan öz enerji ehtiyaclarını təmin etməklə bərabər, yeni qaz yataqlarının, məsələn, perspektivli "Şahdəniz" yatağının hesabına Avropanı təhdid edən enerji təhlükəsizliyinin aradan qaldırılmasında əsas ölkə kimi dəyərləndirilir.

- Azərbaycanın son illərdəki yüksək iqtisadi inkişafı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi islahatlar sayəsində əldə edilmişdir. Xaricdə Prezident İlham Əliyevin bir dövlət başçıcı kimi həyata keçirdiyi islahatlar, xarici siyasət sahəsindəki fəaliyyəti necə qiymətləndirilir?

- Hər hansı ölkənin iqtisadi inkişafı, yeni strukturların yaranması, xalqın rifah halının yaxşılaşmasına xidmət edən islahatların həyata keçirilməsi, xarici siyasətdə əldə edilən müvəffəqiyyətlər və nəhayət beynəlxalq aləmdə imicinin yüksəlməsi ona rəhbərlik edən prezidentin uğurlu siyasətinin nəticəsi kimi başa düşülməlidir. Artıq beynəlxalq aləmin islahatçı Prezident kimi tanıdığı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan modernləşmiş və inkişaf etmiş bir ölkəyə çevrilmişdir.

Azərbaycanın Avropa dəyərlərinə inteqrasiyasında maraqlı olan Prezident İlham Əliyev bizim ölkəyə - Belçikaya da rəsmi səfərə gəlmişdir. Səfər zamanı Prezident İlham Əliyev Senatda da olmuş, ölkələrimiz üçün mühüm əhəmiyyət kəsb edən ikitərəfli əlaqələrin inkişafı ilə bağlı sənədlər imzalanmış, bir sıra işgüzar görüşlər keçirmişdir.

Prezident İlham Əliyev təcrübəli dövlət başçısı və uzaqgörən siyasi xadim keyfiyyətlərini SSRİ-nin süqutundan sonra ağır vəziyyətə düşmüş Azərbaycanı inkişaf yoluna çıxarmış ümummilli lider Heydər Əliyevdən əxz etmişdir. Prezident İlham Əliyev bu gün ölkəsinin perspektivlərini və işıqlı gələcəyini düşünən dövlət başçısıdır. Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin siyasətini davam etdirən Prezident İlham Əliyev Rusiya və Avropa ölkələri ilə yaxşı əlaqələr qura bilmişdir. Bu, inkişaf edən Azərbaycan üçün çox önəmli məsələdir.

- Belçika ilə Azərbaycan arasında əlaqələr barədə nə deyə bilərsiniz?

- Azərbaycan ilə Belçika arasında əlaqəyə gəldikdə, etiraf etməliyəm ki, mənim kiçik ölkəmdə əvvəllər Azərbaycan barədə məlumat az idi. Enerji resursları ilə zəngin Azərbaycanla Belçika arasında əlaqələr əsas mənzil-iqamətgahı Brüsseldə yerləşən Avropa İttifaqı sayəsində qurulmuşdur.

Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı Azərbaycan ilə Avropa ölkələri, o cümlədən Belçika ilə ikitərəfli əlaqələr yaranmasında mühüm addım olmuşdur.

Cənubi Qafqaz bölgəsinin digər ölkəsi Gürcüstana gəldikdə bu ölkədə Rusiya ilə müharibədən sonra ağır vəziyyət yaranmışdır. İqtisadiyyatı getdikcə tənəzzülə uğrayan Ermənistan isə yoxsulluğun son həddindədir. Bu ölkədə praktik cəhətdən inkişaf hiss olunmur. Onlarla müqayisədə Azərbaycan varlı və çiçəklənən bir ölkədir.

-Tərcümeyi-halınızdan görünür ki, ATƏT Parlament Assambleyası sədrinin müavini kimi mühüm vəzifə tutmusunuz. Bu təşkilatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində passiv mövqe tutmasını necə başa düşmək olar?

- Bir sıra beynəlxalq təşkilatlar kimi ATƏT də çətin düyünə düşmüş münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyir. Məhz münaqişənin sülh yolu ilə həlli məqsədi ilə yaradılmış qurumun Minsk qrupunun fəaliyyəti siz deyən qədər də passiv deyildir. Əslində, digər dondurulmuş münaqişələrlə müqayisədə Ermənistan-Azəbaycan, Dağlıq Qarabağ münaqişəsi özlüyündə həllini gözləyən çox çətin prosesdir. Buna baxmayaraq, münaqişənin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllini tapacağına, qaçqın və məcbiri köçkünlərin öz doğma yurdlarına tezliklə qayıdacağına inanıram.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.- 2010.- 27 may.- S.  8.