Gürcüstanın milli bayramı şərəfinə

 

Gürcüstanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Dövlət Müstəqilliyi Günü münasibətilə mayın 26-da Bakı Əyləncə Mərkəzində rəsmi qəbul təşkil etmişdir. Azərbaycanın və Gürcüstanın dövlət himnləri səslənmişdir.

Gürcüstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Nikoloz Qoqiçidze qəbulda çıxış edərək ölkəsinin 1991-ci ildə qazandığı müstəqilliyinin əhəmiyyətindən danışmışdır. O demişdir ki, Gürcüstan dövlət müstəqilliyini möhkəmləndirir, iqtisadiyyatını inkişaf etdirir, azad və demokratik cəmiyyət qurur. Bu proseslərdə Gürcüstanın Azərbaycanla əməkdaşlığının xüsusi roluna toxunan səfir xalqlarımızın qədim dostluq ənənələrinə malik olduğunu vurğulamışdır.

Nikoloz Qoqiçidze prezidentlər Mixeil Saakaşvilinin və İlham Əliyevin ölkələrimiz və xalqlarımız arasında dostluğun möhkəmləndirilməsinə xüsusi diqqət yetirdiklərini söyləmişdir.

Diplomat 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidentini və xalqını təbrik etmişdir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov əlamətdar gün münasibətilə Gürcüstan xalqını təbrik etmişdir.

Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu xatırladan Elmar Məmmədyarov xalqlarımızın qədim dostluq münasibətlərini diqqətə çatdırmışdır. Ölkələrimiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr daha da möhkəmlənmişdir. Xüsusilə ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan-Gürcüstan əlaqələri yeni istiqamətdə inkişaf etmişdir.

Elmar Məmmədyarov regional əhəmiyyətli layihələrin həyata keçirilməsinin xalqlarımızın rifahına öz təsirini göstərəcəyini vurğulamışdır.

Qəbulda Milli Məclisin deputatları, nazirlər, xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri və digər rəsmi şəxslər, paytaxt ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 27 may.- S.  9.