Moskvada "Qlobal tədqiqatların
aktual problemləri" mövzusunda beynəlxalq konfrans
keçirilmişdir
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) qlobal proseslər fakültəsində "Qlobal tədqiqatların aktual problemləri" mövzusunda beynəlxalq elmi konfrans və fakültənin yaradılmasının 5 illiyinə, həmçinin dialoq və inkişaf naminə ümumdünya mədəni müxtəliflik gününə həsr edilmiş təntənəli bayram yığıncağı keçirilmişdir.
Tədbirin açılışında konfransın Təşkilat Komitəsinin sədri, MDU-nun rektoru, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Viktor Sadovniçi, Rusiyanın və xarici ölkələrin aparıcı alimləri, ictimai xadimlər, o cümlədən Dünya Mədəniyyət Fondunun prezidenti Federiko Mayor və qloballaşmaya aid tədqiqatların əsasını qoyanlardan biri, professor Roland Robertson çıxış etmişlər.
Konfransın əsas məqsədi qlobal tədqiqatlar sahəsində Rusiya və dünya təcrübəsini ümumiləşdirmək, habelə müxtəlif ölkələrin intellektual potensialını cəmləşdirmək, milli, regional və qlobal səviyyələrdə sosial inkişafa və əməkdaşlığa dair tövsiyələr hazırlamaqdan ibarət idi. Konfransda elmi ictimaiyyətin davamlı inkişaf yolunda qarşılıqlı fəaliyyətinin zəruri olması da qeyd edilmişdir. İnsan və onun qlobal dünyada üzləşdiyi problemlər, təhsilin, tərbiyənin və gələcəyin aktual məsələləri diqqət mərkəzində olmuşdur.
Konfrans çərçivəsində "Qlobal tədqiqatlar: fəlsəfi-metodoloji aspektlər" və "Qlobal tədqiqatlar: təbii-elmi və riyazi aspektlər" seksiyaları üzrə müzakirələr aparılmışdır.
Fəlsəfə elmləri namizədi, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi, Rusiya EA Fəlsəfə İnstitutunun doktorantı, Rusiya Fəlsəfə Cəmiyyətinin vitse-prezidentinin müşaviri, "Qlobalistikada kim kimdir və nə nədir" elm və təhsil Ekspert Şurasının üzvü Ariz Gözəlov və AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun kiçik elmi işçisi, Rusiya EA Dövlət və Hüquq İnstitutunun stajoru, Rusiya Fəlsəfə Cəmiyyətinin elmi katibi Kamilə Gözəlovanın birgə təqdim etdiyi "Qloballaşma müasir dövrdə dövlətin islahatı kimi (sosial-hüquqi təhlil)" mövzusunda məruzə də böyük maraqla qarşılanmışdır.
Elmi konfransın materialları əsasında nəşr ediləcək kitaba AzərTAc-ın Baş direktoru, Rusiya Fəlsəfə Cəmiyyətinin üzvü Aslan Aslanovun hazırladığı, konfransa təqdim edilmiş "Qloballaşma dövründə informasiya cəmiyyəti" mövzusunda məruzə də daxil ediləcəkdir.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi
müxbiri
Moskva
Azərbaycan.- 2010.- 27 may.- S.
9.