Türkiyə Jandarma Qüvvələrinin qərargah
rəisi Azərbaycanda
səfərdədir
Türkiyə Jandarma Qüvvələrinin qərargah rəisi, general-polkovnik Mustafa Bıyık Azərbaycanda səfərdədir.
Mustafa Bıyıkın rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə güllər düzülmüşdür.
Qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, məzarları önünə gül qoymuşlar.
Türkiyə Jandarma Qüvvələrinin qərargah rəisi Mustafa Bıyık mayın 26-da Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsində olmuşdur.
Qonaq əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstəsi qoymuş, Şərəf kitabına ürək sözlərini yazmışdır.
Mustafa Bıyık Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənovla görüşmüşdür.
Baş idarədən bildirmişlər ki, türkiyəli qonağa Daxili Qoşunların xidməti döyüş fəaliyyəti, keçdiyi döyüş yolu barədə məlumat verilmişdir.
Görüşdə Azərbaycanın Daxili Qoşunları ilə Türkiyə Jandarm Qüvvələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuş, qarşılıqlı maraq doğuran bir sıra məsələlər nəzərdən keçirilmişdir.
Mayın 28-dək davam edəcək səfər çərçivəsində M.Bıyıkın bir sıra görüşlər keçirəcəyi planlaşdırılır.
AzərTAc
Azərbaycan.- 2010.- 27
may.- S. 9.