Mavi səmanın ənginliklərində

 

Balakən Aviasiya Mərkəzi əvvəllər başqa adla fəaliyyət göstərib. Mərkəzin yerləşdiyi ərazidə 1983-cü ilədək aeroport olub.

Balakən-Bakı təyyarə reysi sərnişinlərə xidmət göstərib. 1985-ci ildə isə Balakən aeroportunun yerində 1924-cü ildən fəaliyyətə başlamış Bakı aeroklubunun əlavə bazası kimi Aviasiya İdman Klubu yaradılıb. Klub üçün Balakənin seçilməsi sözsüz ki, təsadüfi olmayıb. Həmin vaxtlar Moskvadan gəlmiş nümayəndə heyəti müxtəlif rayonlarda baxış keçirəndən sonra məhz mülayim iqliminə, sakit, küləksiz havasına görə Balakəni seçiblər.

Balakən Aviasiya İdman Klubu 2001-ci ildən Balakən Aviasiya Mərkəzi adlanıb və fəaliyyət istiqamətləri peşəkarlıqla qurulub. Mərkəzin rəisi, polkovnik-leytenant Məhyəddin Süleymanov 1988-ci ildən burada çalışır. O, 1984-cü ildə Saratov Təyyarəçilk Məktəbini bitirib. İndiyə qədər 9 min 238 saat uçuş keçirib. 10 ildir ki, aviasiya mərkəzinin əsas pilotu da özüdür. Mərkəzin iki "YAK-52" və iki "AN-2" təyyarəsi var. Ehtiyac olanda əlavə təyyarə də sifariş edə bilirlər.

Mərkəzin paraşütçülük üzrə baş məşqçisi Məhəmməd  Xəlilov və təlimatçı-paraşütçüsü Rəsul Musayev peşələrini çox sevirlər. Bunun nəticəsidir ki, indiyədək burada qanqaraldan hadisə baş verməyib. Uçuşlar həmişə uğurlu olub. Əvvəllər burada həvəskar təyyarəçilər də hazırlanıb. Müqavilə əsasında 2 il müddətinə 14 nəfər həvəskar təyyarəçi peşəsinə yiyələnib. Güc nazirliklərindən, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən paraşütdən tullanma, ibtidai uçuşa hazırlıq kurslarını keçmək üçün müraciət edənlər çox olur. Keçən il həvəskar pilot kursunu bitirənlər arasında 2 qız da olub. Əksəriyyəti balakənli gənclər olsa da, Şəkidən, Qaxdan, Zaqataladan gələn gənclər də paraşüt idmanına xüsusi maraq göstərirlər. Müvafiq proqram üzrə ilk mərhələdə sadə "D-1-5-U" və "D-6" paraşütlərindən istifadə olunur. Bu paraşütlərlə 50 dəfə tullanandan sonra mürəkkəb paraşütlə tullanmağa icazə verilir. Hazırlıq prosesi həm yerdə, həm də göydə keçilir. 2000 - 2600 metr hündürlüyün əsrarəngiz duyğularını yaşamaq, 1000 metr hündürlükdən "qanadlanıb uçmaq" sevinci, əlbəttə, ancaq cəsurların işidir.

Qeyd etmək lazımdır ki, bütün təhlükəsizliklər nəzərə alınaraq uçuşlar barədə əvvəldən müvafiq orqanlara məlumat verilir.

Məhyəddin Süleymanov söhbət zamanı onu da vurğulayır ki, 15 yaşdan 80 yaşadək sağlamlığı və digər keyfiyyətləri paraşütdən tullanmağa imkan verən hər kəs müraciət edə bilər. Düzdür, müraciət edənlərdən bəzilərinə həkim müayinəsindən sonra icazə verilmir, bəziləri isə hazırlıq prosesi zamanı həyəcan və gərginlikdən özləri imtina edirlər.

Son illər KHVTİC-nin Balakən Aviasiya Mərkəzində beynəlxalq paraşüt yarışları da keçirilir. Belə yarışlarda Belarusdan, Qazaxıstandan, Tacikistandan, Rusiyadan və digər yerlərdən gələn paraşütçülər mavi səmanın ənginliklərində öz bacarıqlarını nümayiş etdirirlər. Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş builki beynəlxalq paraşüt yarışı da əsl bayrama çevrildi.

Paraşüt idmanı insana mənəvi zövq verməklə yanaşı, cəsurluq, fədakarlıq, qəhrəmanlıq duyğuları da aşılayır. Bu duyğuların isə insanın vətənpərvərlik ruhunun artırılmasında böyük əhəmiyyəti var.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.- 2010.- 27 may.- S.  11.