Azərbaycan Respublikasının
Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Siyasi, sosial-iqtisadi və mədəni sahələrdə uğurlar Azərbaycanın potensialını inamla artırmasını, regional və beynəlxalq məsələlərdə onun nüfuzunun möhkəmlənməsini təmin edir.
Ölkələrimizi qədim dostluq və mehriban qonşuluq ənənələri bağlayır. Rusiya və Azərbaycan xalqları mürəkkəb sınaqlardan dəfələrlə birlikdə çıxmış, faşizmə qarşı çiyin-çiyinə mübarizə aparmışlar. Böyük Vətən müharibəsində Qələbənin 65-ci ildönümü ilə əlaqədar Moskvada keçirilmiş paradda Azərbaycan hərbi qulluqçularının iştirak etmələri ortaq tariximizə ehtiramın parlaq nümunəsi olmuşdur.
Bu gün Rusiya Federasiyasının və Azərbaycan Respublikasının strateji tərəfdaşlığının inkişafı regionda sabitliyin və təhlükəsizliyin mühüm amilidir. Bu cür tərəfdaşlıq qarşılıqlı faydalı ticari-iqtisadi əməkdaşlıq layihələrinin həyata keçirilməsinə, humanitar əlaqələrin möhkəmlənməsinə şərait yaradır. Əminəm ki, ölkələrimizin qarşılıqlı səmərəli fəaliyyətinin genişləndirilməsi naminə birgə səylərin artırılması Rusiya və Azərbaycan xalqlarının mənafelərinə tamamilə uyğundur.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan vətəndaşlarına sülh, əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
Dmitri MEDVEDEV,
Rusiya Federasiyasının
Prezidenti
Azərbaycan.- 2010.- 28 may.- S.
3.