Şərəfli istiqlal yolunun
başlanğıcı
Hər bir xalqın milli varlıq və özünüdərkinin ali təzahür forması olan müstəqil dövlət ideyasının praktik həyata vəsiqə alması əsrlərlə davam edən tarixi mücadil\ə nəticəsində mümkün olur. Dünyanın ən qədim etnoslarından biri olmaqla, bəşər sivilizasiyasına böyük töhfələr vermiş azərbaycanlılar da taleyin qismətindən minilliklər boyu milli özünəməxsusluğunu şərtləndirən keyfiyyətləri, milli dövlətçilik ənənələrini yaşatmaq, azadlıq, müstəqillik nemətinə qovuşmaq üçün ən çətin və sərt sınaqlardan çıxmışlar. Bu baxımdan azərbaycanlıların da milli dövlətçilik şüurunun və ənənələrinin inkişafı prosesi uzun əsrlər boyu davam etmiş, xalqın formalaşma, təşkilatlanma və özünütəsdiqləmə prosesinə əsaslı təkan vermişdir.
Tarix boyu bir sıra böyuk sərkərdələr, dövlət xadimləri Azərbaycan torpaqlarını vahid dövlət bayrağı altında birləşdirmək, milli dövlət qurmaq istəsələr də, obyektiv və subyektiv səbəblərdən qarşıya qoyduqları müqəddəs məqsədə çata bilməmişlər. Müstəqil Azərbaycan dövlətinin de-fakto qurucusu, ulu öndər Heydər Əliyevin bəyan etdiyi kimi, əgər XX əsrin əvvəllərində xalqımız milli azadlıq, dövlət müstəqilliyi yolunda ilk dəfə böyük addım atıbsa, XX əsrin sonunda milli azadlığa, dövlət müstəqilliyinə tam nail olubdur: "Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində - XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik və azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəffəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsini yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır".
Qısa zaman kəsiyində mövcudluğu ilə daim qürur duyduğumuz Azərbaycan Xalq Cümhuriyyəti çətin və mürəkkəb tarixi mərhələdə meydana gəlmişdir. Rusiyada 1917-ci ilin fevralında baş vermiş inqilab imperiya daxilində yaşayan xalqların azadlıq uğrunda mübarizəyə qalxması ilə nəticələndi. 1918-ci il may ayının 25-də Zaqafqaziya Seymi dağıldıqdan sonra mayın 27-də Seymin 44 nəfərlik müsəlman fraksiyası Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk milli hökuməti yaratmaq üçün Tiflisdə toplandı. Fraksiya Azərbaycanın idarə olunması səlahiyyətini üzərinə götürmək qərarına gələrək özünü Azərbaycanın Milli Şurası elan etdi, M.Ə.Rəsulzadə isə sözügedən şuranın sədri seçildi. 1918-ci il mayın 28-də isə Azərbaycan Milli Şurası Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti həmin bəyannamədə xalqın istiqlal və azadlıq əzminin nəticəsi olaraq əldə olunmuş müstəqilliyi qoruyaraq inkişaf etdirməyi, səmərəli sosial-iqtisadi islahatların həyata keçirilməsi yolu ilə xalqın firavan həyat tərzinə nail olmağı, hər bir fərdin qanuni maraq və mənafeyinin müdafiəsində dayanmağı qarşıda mühüm vəzifələr kimi müəyyənləşdirmişdi. 1918-ci il mayın 28-də elan olunan "İstiqlal Bəyannaməsi"nin 4-cü və 5-ci bəndlərində deyilirdi: "...4. Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, məslək və cins fərqi gözləmədən qəməlrovunda (hüququ daxilində) yaşayan bütün vətəndaşların hüquqi siyasiyyə və vətəniyyə təmin eləyir... 5. Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bilcümlə millətlərə sərbəstanə inkişaflar üçün geniş meydan buraxır".
Həmin dövrdə Milli Şuranın və hökumətin qarşısında duran ən mühüm vəzifələrdən biri də Azərbaycanın istiqlaliyyətinin beynəlxalq aləmdə tanınması idi. 1918-ci ilin mayın 30-da radioteleqrafla dünyanın əsas siyasi mərkəzlərinə Azərbaycanın öz müstəqilliyini elan etməsi barədə məlumat verilmişdi. 1918-ci il iyunun 4-də "Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsi" imzalanmışdı. Bu müqavilə Azərbaycan Respublikasının xarici dövlətlərlə imzaladığı ilk rəsmi sənəd idi. 11 maddədən ibarət müqavilənin mühüm əhəmiyyətə malik 4-cü maddəsində "Dinclik və asayişi möhkəmləndirmək ölkənin təhlükəsizliyinin təmini üçün əgər zərurət olarsa, Osmanlı hökuməti Azərbaycan Respublikasına hərbi yardım göstərməyi öz üzərinə götürür" müddəasının əksini tapması son dərəcə əhəmiyyətli idi.
Milli Şura ilk hökumətin təşkilini F.Xoyskiyə tapşırmışdı. İlk hökuməti "Müsavat", "Müsəlman sosialist bloku", "Hümmət", "İttihad" və bitərflərdən ibarət 9 nazir təmsil edirdi. Bu dövrdə Azərbaycan Milli Şurasının və hökumətin Gəncəyə köçməsi ilə əlaqədar müxtəlif qüvvələr arasında mübarizə gedirdi. İyunun 19-da Azərbaycanda yaranmış gərginlik nəzərə alınaraq bütün ölkə ərazisində hərbi vəziyyət elan edildi. Nazirlər Kabinetinin 1918-ci il 26 iyun tarixli 164 saylı sərəncamına əsasən Azərbaycan Milli Ordusu yaradıldı.
Milli hökumət Azərbaycan parlamentini mümkün qədər tez formalaşdırmağa çalışır, bunu bir tərəfdən milli hakimiyyəti qanuniləşdirmək, digər tərəfdən dövlət idarəetməsini demokratik prinsiplər əsasında formalaşdırmaq istəyi ilə əsaslandırmağa çalışırdı. 1918-ci il noyabrın 16-da toplanan Milli Şura mövcud fövqəladə şəraitdə Müəssisələr Məclisinin çağırılmasının qeyri-mümkünlüyü ilə əlaqədar olaraq ali hakimiyyət orqanı kimi "Azərbaycan parlamentinin yaradılması haqqında" qanun layihəsini hazırladı və həmin il noyabrın 19-da bu qanunu qəbul etdi. Milli Şuranın tərkibi demokratik tələblərə cavab vermədiyi üçün birpalatalı parlamentə gizli seçkilər keçirilməsi qərara alındı. Parlament haqqında qanun siyasi-hüquqi hadisə kimi təqdirəlayiq olmaqla seçkilərin keçirilməsi üçün də hüquqi baza yaratdı. Parlamentin yaradılması ərəfəsində ən mühüm addımlardan biri də məhz müsəlman Şərqində ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsi oldu.
Ekstremal şəraiti nəzərə alan Milli Şura seçkili orqan olan parlamentə koopitasiya qaydasında - ümumi seçki keçirmədən, məhdud seçki qaydaları əsasında, yerlərdəki nümayəndələrdən müəyyən edilməklə, - Azərbaycan Cümhuriyyəti müvəqqəti parlamentini yaratmaq qərarına gəldi. 120 nəfər deputatdan ibarət olacaq qanunverici orqanın inzibati ərazi vahidləri təmsilçilərindən də təşkil edilməsi nəzərdə tutulmuşdu. Məhz bu bölgü prinsipi həm də Azərbaycan sərhədlərini dəqiqləşdirməklə bütün bölgələrin iştirakını təmin edirdi. Seçki qanunu siyasi, sinfi, dini, milli fərqləri nəzərə almadan səsvermə hüququna malik bütün vətəndaşların iştirakını təmin edirdi. Milli Şura üzvlərinin qətiyyətli siyasi mövqeləri demokratik parlamentin formalaşmasına gətirib çıxardı. Milli hökumətin varlığını istəməyən ermənilər və Rusiya tərəfdarları, habelə milli hökuməti tanımaq istəməyən ovaxtkı ingilis hərbi komandanlığı parlamentin yaradılmasına mane ola bilmədilər.
Yeni formalaşdırılacaq parlament ölkə əhalisinin hər 24 min nəfərinə 1 nəfər nümayəndə hesabı ilə 120 nəfərdən ibarət olmalı, 80 nəfər müsəlmanları, 21 nəfər erməniləri, 10 nəfər rusları, 1 nəfər almanları, 1 nəfər isə yəhudiləri təmsil etməli idi. Milli Şuranın 19 noyabr 1918-ci il tarixli iclasının qərarına əsasən, 1917-ci ilin sonlarında Ümumrusiya Müəssislər Məclisinə seçilmiş 44 nəfər türk-müsəlman nümayəndə də birbaşa yeni yaradılacaq parlamentin tərkibinə daxil edilirdi. 1918-ci il dekabrın 7-də Azərbaycanın tarixində böyük hadisə baş verdi. Bakıda H.Z.Tağıyevin qız məktəbinin binasında Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti Milli Şuranın sədri M.Ə.Rəsulzadənin giriş sözü və təbrik nitqi ilə açıldı.
Azərbaycan parlamentində ermənilərə 21, ruslara 10 yer ayrılmasına baxmayaraq, onlar 2 ay müddətində ali qanunverici orqanın açılışında iştirak etməmiş, onun fəaliyyətini pozmağa çalışmışlar. Bakıda fəaliyyət göstərən Rus Milli Şurası isə Azərbaycanın öz müstəqilliyini elan etməsi ilə "vahid və bölünməz Rusiya"nın parçalanmasına yol açdığını "əsas" gətirərək Azərbaycan parlamentini boykot etmək barədə qərar qəbul etmiş, bu qərarı erməni daşnakları da dəstəkləmişlər. İki ay sonra parlamentin iclaslarına qatılan ermənilər həmişə olduğu kimi, Azərbaycan dövlətçiliyinə xəyanət mövqeyindən çıxış etmişlər.
İlk iclasda "İttihad" fraksiyasından Q.Qarabəyli Azərbaycan parlamentinin açılışı münasibətilə siyasi məhbuslara ümumi amnistiya verilməsi təklifi ilə çıxış etdi. Parlament fraksiyaları bu təklifi yekdilliklə qəbul edərək amnistiya haqqında qanun layihəsini hazırlamaq üçün 5 nəfərdən ibarət işçi heyəti yaratdılar. "Azərbaycan parlamentinin açılması münasibətilə siyasi əfvi-ümumi" adlanan ilk qanun say etibarilə Azərbaycan Demokratik Cümhuriyyətinin 7-ci rəsmi qanunu idi. Özünü ali hakimiyyət orqanı elan etmiş Milli Şuranın "Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi haqqında", "Birinci Müvəqqəti hökumətin tərkibi haqqında", "İkinci Müvəqqəti hökumətin tərkibi haqqında", "Müvəqqəti hökumətin hüquq və vəzifələri haqqında", "Milli Şuranın buraxılması haqqında" və "Azərbaycan parlamentinin yaradılması haqqında" qanunları ilkin mərhələdə milli qanunvericiliyin inkişafı baxımından böyük əhəmiyyət kəsb edirdi.
Azərbaycan parlamentinin 1918-ci il yanvarın 25-də qəbul etdiyi "Deputatlıq və məmurluq haqqında" qanun isə hakimiyyətlərin bölgüsü prinsipinin geniş tətbiqinə imkan yaradırdı. Qanun layihəsi qanunverici və icraedici hakimiyyətlərin bir-birindən ayrılıb müstəqil olmasını və respublika dövlət quruluşunun demokratik ənənələrinə müvafiq olmasını nəzərdə tuturdu. Dövlət qulluğu ilə paralel şəkildə parlament üzvü kimi fəaliyyət göstərməyin qaydalarını tənzimləyən "Deputatlıq və məmurluq haqqında" qanun nazirlər istisna olmaqla bütün məmurlara hər iki hakimiyyət qolunda təmsilçiliyi qadağan edirdi. İdarə xidmətində çalışmayan məktəb məmurları və ya professorlar, eləcə də müxtəlif azad peşə sahibləri - hüquq məsləhətçiləri, həkimlər, dövlət məmurları olmadıqlarına görə bu sırada istisna təşkil edirdilər. "Deputatlıq və məmurluq haqqında" qanun Azərbaycan parlament təcrübəsində istifadə olunan "qanun dərc olunduğu gündən qüvvəyə minməsi" qaydasının tətbiqini də nəzərdə tuturdu.
Parlamentdə "Hərbi mükəlləfiyyət haqqında" qanuna nəzərdə tutulan əlavələr və dəyişikliklər isə orduya çağırılanların xidmət müddətini müəyyən edirdi. Həmin vaxta qədər Rusiya imperiyası qanunlarına müvafiq olaraq Azərbaycan Cümhuriyyətində əsgəri xidmət 3 il 3 ay tətbiq olunurdu. Göstərilən müddət məqbul sayılmadığından, onun 2 ilə qədər azaldılması nəzərdə tutulurdu. Müddətin azaldılmasında məqsəd gənclərin hamısını orduya cəlb etməkdən, nisbətən qısa müddətdə xidmət edib ehtiyatda olanların sayını artırmaqdan ibarət idi. Qanuna görə, 19-24 yaşı olanlar hərbi xidmətə çağırılırdılar.
Ali qanunverici orqanın fəaliyyəti bilavasitə onun nizamnaməsi rolunu oynayan "Azərbaycan parlamentinin nakazı (təlimatı)" ilə tənzimlənirdi. Parlament Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğuna mühüm töhfə verdi, ölkə həyatının müxtəlif sahələrinə dair bir sıra vacib qanunlar, qərarlar qəbul etdi. Həmin dövrdə Azərbaycan müsəlman Şərqində yeganə parlamentli respublika idi. 23 ay ərzində respublika parlamentinin 145 iclası keçirildi, 270-dən artıq qanun layihəsi müzakirəyə çıxarıldı, onlardan 230-a yaxını təsdiq edildi.
Azərbaycan parlamenti geniş səlahiyyətlərə malik olmuş və ölkənin milli maraqlarının qorunması baxımdan mühüm addımlar atmışdı. Parlamentin sədri Ə.Topçubaşovun rəhbərliyi altında nümayəndə heyətinin Paris Sülh Konfransında uğurlu diplomatik fəaliyyəti sayəsində 1920-ci il yanvarın 11-də Antanta dövlətləri Azərbaycanın istiqlaliyyətini de-fakto tanımışdılar. AXC fəaliyyət göstərdiyi 23 aylıq müddət ərzində 20-dən çox dövlətlə, o cümlədən Türkiyə, Gürcüstan, Ermənistan, İran, Belçika, Hollandiya, Yunanıstan, Danimarka, İtaliya, Fransa, İsveçrə, İngiltərə, ABŞ, Ukrayna, Litva, Polşa, Finlandiya və başqa ölkələrdə baş konsulluq, konsul agentlikləri səviyyəsində əlaqələr qurmağa nail olmuşdu.
Azərbaycan Xalq Cümhuriyyəti müəyyən obyektiv və subyektiv səbəblər üzündən süquta uğrasa da, xalqımız milli özünüdərk və özünəməxsusluq duyğularını, milli mənini sovet imperiyasının dövründə də yaşada bildi. Zəngin mədəniyyətə malik mükəmməl etnos kimi bütün dünya tərəfindən etiraf olunan azərbaycanlıların genetik birliyi, eyni etnomədəni sistemə mənsubluğu, həmçinin milli dövlətçilik təfəkkürü bu kimi amillərə qarşı kəskin qadağalar müəyyənləşdirmiş sovetlər birliyi dövründə də məhdudlaşdırıla bilmədi.
Ulu öndər Heydər Əliyevin ötən əsrin ortalarında Azərbaycanda rəhbər seçilməsi isə respublikamızı həqiqi müstəqilliyə aparan nurlu yolun başlancığı kimi xatırlanır. Tarixin kamil şəxsiyyət, ümummilli lider kimi Azərbaycan xalqına bəxş etdiyi Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi dövründə azərbaycanlıların müstəqil düşüncə ətrafında birləşməsi, gələcəkdə müstəqil dövlət üçün hərtərəfli zəmin yaradılması imkanları genişləndi. Əsrlər boyu əxz etdiyi dövlətçilik təfəkkürünü, özünəməxsus milli-mənəvi dəyərləri, adət-ənənələri, mental xüsusiyyətləri müdrik rəhbərin sarsılmaz iradəsi, qətiyyəti sayəsində vahid sistem halına gətirərək özünütəsdiq imkanı qazanmış xalqımız hələ keçmiş İttifaq dövründə gələcək müstəqilliyinə etibarlı təməl formalaşdıra bildi.
Ümumilikdə, Heydər Əliyevin rəhbərliyi altında 70-80-ci illərdə istər icra strukturları, istərsə də parlament səviyyəsində həyata keçirilmiş kompleks tədbirlər respublikamızın ötən əsrin 90-cı illərə doğru müstəqillik uğrunda mübarizəsinə real hüquqi-siyasi və iqtisadi əsaslar yaratmışdır. Bu gün əminliklə demək olar ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarının ideallarında yaşatdıqları müstəqil hüquqi, demokratik, dünyəvi dövlət məhz ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda respublikaya qayıdışından sonra mümkün olmuşdur. Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin 15 iyununda Azərbaycan Ali Sovetinin Sədri seçilməsi isə ölkədə qanunçuluğun, hüquq qaydalarının bütün sahələrdə möhkəmlənməsini təmin etməklə yanaşı, qanunverici orqanın cəmiyyətdəki nüfuzunu qaldırmış, onun təşəkkülünə, ölkənin ictimai-siyasi həyatının sabitləşməsinə, habelə milli parlamentarizm ənənələrinin inkişafına böyük zəmin yaratmışdır.
Ali Sovetin sədri seçildikdən sonra ulu öndər Heydər Əliyev ona göstərilən etimadı doğrultmağa çalışacağını vurğulamışdır: "Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişafına həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcəkdir".
Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunub saxlanılacağı və inkişaf etdiriləcəyi ilə bağlı verdiyi bu vədini praktik olaraq gerçəkləşdirmiş, sabit dövlətçilik ənənələri yaratmış, respublikamızı davamlı inkişaf yoluna çıxarmış lider kimi xalqının qəlbində yaşayır və rəğbətlə anılır. Bu gün istər Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarının, istərsə də ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik idealları ilə bağlı həyata keçməyən arzuları Prezident İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirilir.
Bu gün ölkə iqtidarının xalqın dəstəyinə arxalanması, hər bir məsələdə milli maraqları önə çəkməsi sayəsində Azərbaycanın daxili və xarici siyasəti dövlətin maraq və təhlükəsizliyinə qarşı yönələn istənilən təhdidə çevik müqaviməti təmin edir. Dünyada gedən mürəkkəb, ziddiyyətli proseslərə baxmayaraq, ölkə vətəndaşları əmindirlər ki, cənab İlham Əliyevin yeritdiyi siyasət respublikanın siyasi müstəqilliyini və milli təhlükəsizliyini daha da möhkəmləndirəcək, onun inkişaf etmiş ölkələr sırasına yüksəlməsini təmin edəcəkdir.
Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı
Azərbaycan.- 2010.- 28 may.- S. 4.