Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır

 

Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan ulu öndər Heydər Əliyevin ideyaları və Prezident İlham Əliyevin qətiyyəti sayəsində gündən-günə daha da inkişaf edir, qüdrətlənir

 

Çoxəsrlik tarixi olan xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması XIX əsrin sonu və XX əsrin əvvəlində ölkəmizdə və dünyada gedən ictimai-siyasi proseslərin, Azərbaycan xalqının milli özünüdərkinin, oyanışının məntiqi nəticəsi idi. İlk qərarı ilə milliyyətindən, dinindən, sosial vəziyyətindən və cinsindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına bərabər hüquqlar verən cümhuriyyətin yaranması çox mürəkkəb şəraitdə elan olundu.

 

1918-ci ildə Azərbaycanı müstəqilliyə aparan yollar heç də asan və hamar deyildi. Amma ömrü boyu xalqının işıqlı sabahını düşünərək bütün həyatını bu müqəddəs amala həsr edən, müstəqil dövlətçilik ideyasını gerçəkləşdirmək arzusu ilə alışıb-yanan, ictimai və siyasi fəaliyyətində bu hisslərini fəxarətlə büruzə verən vətənpərvər insanların yorulmaz səylərinin nəticəsi olaraq müstəqilliyə aparan dolanbac yollardakı bütün maneələr dəf edildi. Əksəriyyəti Moskvada, Peterburqda, Avropada yüksək təhsil alan, Avropa və dünya mədəniyyətinə yaxından bələd olan bu insanlar öz intellektual potensialı, millətinə olan sədaqəti ilə Azərbaycanda XX əsrin əvvəlində gedən proseslərdə fəal iştirak etmiş, siyasi-ictimai, fəlsəfi və maarifpərvər yaradıcılıqları ilə xalqımızın milli oyanışına mühüm töhfələr vermişdilər. Bu insanlar 1918-ci ildə birləşərək Tiflisdə Azərbaycanın "İstiqlal Bəyannaməsi"ni elan etdilər və respublikamızın müstəqilliyinin əsasını qoydular. Müstəqil dövlətin yaradılması, "İstiqlal Bəyannaməsi"nin elan olunması böyük zəka, uzaqgörənlik, cəsarət, iradə, qəhrəmanlıq tələb edirdi ki, xalqımızın dəyərli insanları həmin vaxt şücaət göstərərək bu tarixi addımı atdılar.

Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki rolunu hər zaman yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev 1918-ci ildə dövlət müstəqiliyimizin bərpasında böyük xidmətləri olmuş bu görkəmli şəxslərin adlarının Azərbaycan xalqının yaddaşına əbədi həkk olunduğunu bildirib: "1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində cümhuriyyətə rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur".

"İstiqlal Bəyannaməsi" ilə müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycanda demokratik respublika idarə üsulunun, parlamentli dövlətin yaradıldığı bəyan edildi. Azərbaycanın dövlətçilik tarixində ilk konstitusiya aktı olan bu sənəd müstəqil Azərbaycan dövlətinin yaradılması ilə yanaşı, onun prioritetlərini və məramını da elan etdi. Azərbaycan Xalq Cümhuriyyətinin qarşısında dayanan əsas vəzifələrdən biri Versal Ali Şurası tərəfindən 1920-ci ilin yanvarında Azərbaycanın müstəqil dövlət kimi tanınmasına nail olmaq idi. Artıq 1919-cu ilin sonlarında Azərbaycan Cümhuriyyəti 20-dən artıq ölkə ilə diplomatik əlaqələr yaratmışdı.

Qarşısına müstəqil, azad və demokratik respublika qurmaq kimi şərəfli vəzifə qoymuş ilk milli hökumət 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdi. Həyata keçirilən tədbirlər xalqımızın dövlətçilik ənənələrinin bərpasına və milli mənlik şüurunun güclənməsinə böyük təsir göstərdi. Qısa müddətdə Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlətçilik atributları yaradıldı, Silahlı Qüvvələr formalaşdırıldı. Cəmi 23 ay yaşamasına baxmayaraq Xalq Cümhuriyyəti bir sıra dövlətlərlə ikitərəfli diplomatik münasibətlərin qurulmasına nail oldu. Bunun nəticəsi olaraq qısa zamanda Azərbaycan dövlətinin müstəqilliyi beynəlxalq miqyasda tanınmağa başladı. Dövlətçilik göstəricilərinə və prinsiplərinə görə müsəlman Şərqində və türk dünyasında ilk demokratik respublika olan Azərbaycan artıq özünün parlamenti, hökuməti, ordusu və pul vahidi ilə müstəqil, suveren bir dövlət idi. Təəssüf ki, 1920-ci ilin aprelində yaranmış tarixi şərait xalqımıza istiqlal mücadiləsini sonadək davam etdirməyə imkan vermədi... Amma Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxdı, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynadı. Cümhuriyyətin ömrü qısa olsa da, xalqımızda azadlıq, müstəqillik ideyalarını daha da gücləndirdi. Buna görə, müstəqillik hissləri azərbaycanlıları sonrakı dövrdə heç zaman tərk etmədi, azadlıq ideyaları şüurlara hakim kəsildi.

1991-ci ildə Azərbaycan xalqı müstəqilliyini qanlar bahasına bərpa etdi, cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirərək bu tarixi varislik üzərində öz dövlətini yaratdı. "Əsrin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi olaraq Üzeyir Hacıbəylinin və Əhməd Cavadın yaratdıqları dövlət himnini, Xalq Cümhuriyyətinin üçrəngli bayrağını və gerbini bərpa etdi. Bu dövlətçilik atributları bu gün də hər bir Azərbaycan vətəndaşı üçün olduqca əzizdir... Bu dövlət, bu quruluş 1918-ci ildə yaranmış ilk xalq cümhuriyyətinin varisidir. Bütün dövlət onun varisidir, bütün respublika onun varisidir, bütün xalq onun varisidir" - deyə ulu öndər Heydər Əliyev bildirirdi.

Amma müstəqilliyimizin ilk illəri təlatümlərlə dolu oldu. Hakimiyyət uğrunda mübarizə az qala, hələ bünövrəsi kövrək olan müstəqilliyimizə son qoyacaqdı. Hakimiyyət çəkişmələrinin məntiqi nəticəsi kimi, cəbhədəki uğursuzluqlar və daxildə separatçı meyillərin güclənməsi dövlətçilyin məhvinə doğru gedən prosesi daha da sürətləndirdi. 1993-cü ilin iyununda ağır bir vəziyyətdə xalqın tələb və istəyi ilə hakimiyyətə qayıdan və dövlətçiliyimizin sükanını öz etibarlı əllərinə alan Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirməyə başladı. Əgər həmin ağır günlərdə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın müstəqilliyinin itirilməsi qaçılmaz olardı. Ulu öndərin sayəsində qısa müddətdə dövlətçiliyin təməl prinsipləri yaradılaraq möhkəmləndirildi, müstəqil Azərbaycan dünya birliyinin tamhüquqlu üzvünə çevrildi. Heydər Əliyevin dühası, qüdrəti və zəngin dövlətçilik təcrübəsi xalqımızı vahid milli ideya - azərbaycançılıq ideyası ətrafında birləşdirdi.

Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində rolunu həmişə yüksək qiymətləndirmiş, cümhuriyyətin xalqımızın azadlıq və müstəqillik fikirlərini daha da gücləndirdiyini bildirmişdir. Heydər Əliyev dövlətçilik tariximizdə Azərbaycan Xalq Cümhuriyyətinin özünəməxsus yeri olduğunu nəzərə alaraq 2003-cü ilin fevral ayında Bakı şəhərində Xalq Cümhuriyyətinin xatirəsinə abidə ucaldılması haqqında sərəncam imzalamışdır.

Bu gün Azərbaycanın demokratik və iqtisadi inkişafı, hüquqi, dünyəvi dövlətin formalaşdırılması dövlət müstəqilliyinin bəhrəsidir. Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev xalqımızın tarixi keçmişinin öyrənilməsi kimi məsələləri daim diqqət mərkəzində saxlayır. Ulu öndərin tariximizə doğma, təəssübkeş münasibəti onun layiqli davamçısı, dövlət başçısı İlham Əliyevin də fəaliyyətində prioritet təşkil edir. "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası"nın dövlət qayğısı ilə yüksək səviyyədə nəşri bunun parlaq təzahürüdür. Hər il 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin adından rəsmi qəbullar təşkil olunur, bu əlamətdar günlə bağlı dövlətimizin başçısı xalqı təbrik edir. "Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini, milli-mənəvi dəyərlərimizi üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Müsəlman ölkəsi olmaqla yanaşı, Azərbaycan bütün tarixi boyu Qərb dəyərlərini, mədəniyyətini məmnuniyyətlə mənimsəmiş, azərbaycanlı ziyalılar və siyasi xadimlər ölkənin gələcəyini müasir təhsildə, elmdə, sivil xalqlar ailəsinə qovuşmaqda görmüşdür" -deyə Prezident İlham Əliyev bildirib.

2007-ci ilin mayında Bakıda Xalq Cümhuriyyətinin şərəfinə ucaldılan abidənin açılışı olub. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Qranitdən və ağ mərmərdən yonulmuş abidənin üzərinə 1918-ci il mayın 28-də Tiflisdə qəbul olunmuş "İstiqlal Bəyannaməsi"nin həm əski, həm də latın qrafikalı Azərbaycan əlifbası ilə mətni həkk olunub. İstiqlaliyyət küçəsində qoyulan bu abidə adları Azərbaycan dövlətçiliyi ilə birgə tarixə düşən istiqlal mücadiləsi iştirakçılarının xatirəsinə ən böyük ehtiramdır. Ən əsası, Bakıda Cümhuriyyətin şərəfinə abidənin ucaldılması Azərbaycan hakimiyyətinin dövlətçilik tariximizə verdiyi qiymət kimi olduqca diqqətəlayiqdir. Bununla bağlı Prezident İlham Əliyev deyib: "Bu tarix, bizim tariximizdir və biz tarixdən həmişə ibrət dərsi götürməliyik".

Xalqımızın çoxəsrlik dövlətçilik tarixində mühüm yer tutan, onun parlaq və şərəfli səhifəsini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 92 il ötür. Müstəqilliyimizi bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir.

İki il öncə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illik yubileyi təntənəli surətdə qeyd olundu. Xatırladaq ki, Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi də ümummilli lider Heydər Əliyevin 1998-ci il yanvarın 30-da imzaladığı sərəncamla dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunmuşdu. Cümhuriyyətin 80 illik yubileyinə respublikamızda hazırlıq aparılarkən elmi konfranslar, müxtəlif müşavirələr, təntənəli mərasimlər keçirilmiş, tarixçilər, tədqiqatçılar, icmalçılar, ədəbiyyat, mədəniyyət xadimləri Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti haqqında geniş tədqiqat işləri aparmış və çox maraqlı faktlar meydana çıxarmışdılar.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən mühüm siyasi xətt bütün konturları ilə Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə, əbədi və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir. Mühüm geostrateji mövqe və karbohidrogen ehtyatlarla zənginlik kimi vacib üstünlüklərə sahib olan Azərbaycanın bu imkanlardan dövlətçilik maraqlarının təmin olunması prizmasından bəhrələnməsi günümüzün reallığıdır. Müstəqil daxili və xarici siyasət yeridən Azərbaycan artıq regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə və strateji tərəfdaş kimi tanınır. Bütün bunlar əminliklə söyləməyə əsas verir ki, müstəqilliyimiz əbədi və sarsılmazdır.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2010.- 28  may.- S.  4.