Moskvada "Azərbaycan
Xalq Cümhuriyyəti:
tarixi təcrübə
və dərslər mövzusunda "dəyirmi
masa" keçirilmişdir
Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət Qulluğu Akademiyasında (RDQA) "Azərbaycan Xalq Cümhuriyyəti: tarixi təcrübə və dərslər" mövzusunda "dəyirmi masa" keçirilmişdir. Tədbir Ümumrusiya Azərbaycan Konqresi tərəfindən RQDA-nın milli və federativ münasibətlər kafedrası ilə birgə təşkil edilmişdi. İclas çərçivəsində Məmməd Səid Ordubadinin "Qanlı illər" kitabının təqdimat mərasimi keçirilmişdir.
RQDA-nın prorektoru İqor Bartsis tədbirdə çıxış edərək tarixin bu dövrünün müzakirə edilməsinin həm Azərbaycan, həm də Rusiya üçün vacibliyini vurğulamışdır. İ.Bartsis təmsil etdiyi ali məktəb ilə Azərbaycan elmi ictimaiyyəti arasında münasibətlərin yüksək səviyyəsini qeyd edərək əmin olduğunu bildirmişdir ki, bu mövzuda diskussiyalar hər iki ölkənin ictimaiyyəti üçün faydalı olacaq, onların bir-birini daha yaxşı tanımasına və başa düşməsinə kömək edəcəkdir.
ÜAK-ın prezidenti Məmməd Əliyev öz çıxışında "dəyirmi masa" iştirakçılarına müsəlman Şərqində ilk demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, o dövrün ictimai-siyasi prosesləri və Azərbaycanda demokratiyanın inkişafının sonrakı mərhələləri barədə ətraflı məlumat vermişdir.
RDQA-nın milli və federativ münasibətlər kafedrasının müdiri professor Vyaçeslav Mixaylov öz çıxışını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev şəxsiyyətinin fenomeninə həsr etmişdir. Alim Heydər Əliyevin demokratik ölkənin təşəkkülündə rolu, onun öz ölkəsini parçalanmaqdan xilas etmiş görkəmli dövlət xadimi kimi müdrikliyi və əzmkarlığı barədə danışaraq vurğulamışdır: "Əliyev dünya miqyaslı simadır. Mən Heydər Əliyevi postsovet məkanında birinci yerə qoyuram".
Azərbaycanlı şərqşünas alim, ölkəmizin tarixinin həmin dövrünün tədqiqatçısı, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tovhidinin çıxışı xüsusi maraqla qarşılanmışdır. O, Azərbaycanın keçdiyi demokratiya yolunda üzləşdiyi ciddi maneələr barədə söhbət açmışdır.
Diskussiyalarda iştirak edən rusiyalı və azərbaycanlı alimlər qeyd etmişlər ki, 28 May bayramını Azərbaycan dövlətçiliyinin dirçəlməsi günü hesab etmək olar və 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan tarixinin ən parlaq səhifəsidir. Sonrakı illər və onilliklər də ölkə həyatının əlamətdar hadisələrlə, Azərbaycan xalqının bütün sahələrdə böyük nailiyyətləri ilə yadda qalan mühüm mərhələlər olmuşdur, bütün bunlar indiki müstəqil Azərbaycanın iqtisadi, intellektual və mədəni potensialının təməlini qoymuşdur.
Qeyd edilmişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin obyektiv elmi cəhətdən öyrənilməsi bugünkü tarix elminin ən mühüm vəzifələrindən biridir. Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyəti Azərbaycanın müstəqilliyini, Azərbaycan xalqının azadlıq arzularını həyata keçirmək qabiliyyətini ilk dəfə olaraq bütün dünyaya göstərmişdir.
Tədbirdə Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyeva, ÜAK Rəyasət Heyətinin üzvləri, ali məktəbin müəllimləri və tələbələri, Azərbaycan gənclərinin nümayəndələri, tarixçilər və politoloqlar iştirak etmişlər.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.- 2010.-28 may.- S.6.