Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 28 May - Respublika günü qeyd olunmuşdur

 

Milli dövlətçilik tariximizdə 1918-ci il mayın 28-də yaradılmış və cəmi 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti şərəfli yer tutur. 28 May Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə salnaməsinin və tarixinin ən şanlı səhifələrindəndir. Çünki çox qısa zaman kəsiyində Azərbaycan Xalq Cümhuriyyəti qədim tarixə və mədəniyyətə malik xalqımızın mətinlik, şücaət, mərdlik simvolu olduğunu bütün dünyaya bəyan etməyə müvəffəq olmuş, Azərbaycanın daha işıqlı sabahının bünövrəsini qoymuşdur. Möhkəm təməllər üzərində qurulmuş dövlətimizin hazırkı davamlı və dinamik inkişafı bunun bariz nümunəsidir.

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 28 may - Respublika Günü, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.

Yığıncağı giriş sözü ilə akademiyanın rəis müavini, general-mayor İsgəndər Allahverdiyev açmışdır. O, yığıncaq iştirakçılarını bayram münasibətilə təbrik etmiş, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını milli dövlətçiliyimizin parlaq səhifələrindən olduğunu, bu tarixi günün böyük hörmət və ehtiramla qeyd edildiyini bildirmişdir. Sonra Dövlət himni səsləndirilmişdir.

İ.Allahverdiyev Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki rolundan və əhəmiyyətindən danışaraq bildirmişdir ki, tarix Azərbaycana iki dəfə müstəqil olmaq imkanı yaratsa da, ötən əsrin əvvəllərində ilk şansdan yetərincə istifadə etmək mümkün olmamışdır. Mürəkkəb siyasi vəziyyətə, dövlət quruculuğundakı çətinliklərə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlət sisteminin formalaşdırılması sahəsində mühüm addımlar atmış, qərarlar qəbul olunmuşdur. Azərbaycan dilinə dövlət dili statusu verilmiş, dövlət atributları, o cümlədən milli bayrağımız və gerbimiz qəbul edilmişdir. Təsadüfi deyil ki, Azərbaycanın milli təhlükəsizlik orqanlarının tarixi də 1919-cu il mart ayının 28-dən, Şərqdə ilk demokratik dövlətin Hərbi Nazirliyinin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradılmasından başlayır.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın ictimai, siyasi, iqtisadi və mədəni həyatında böyük əhəmiyyətə malik hadisə olmaqla yanaşı, tarixi inkişaf prosesinin qanunauyğun nəticəsi, milli qurtuluş uğrunda uzun və ağır mübarizənin məntiqi yekunu idi. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması ilə xalqımızın düşünən beyinləri, zəkaları uzun illər təqib olunmuş, repressiyalara məruz qalmışdır.

Yaranmasının 92-ci ildönümünü qeyd etdiyimiz Xalq Cümhuriyyətinin tariximizdəki rolu əvəzsizdir. Çünki illər ötsə də, tarixi yaddaşın silinməsi istiqamətində həyata keçirilən imperiya siyasəti belə azadlıqsevər xalqımızın müstəqillik arzularını söndürə bilməmişdir. Müstəqilliyi əsrin əvvəlində süquta uğrasa da, əsrin sonlarında Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa etməyə nail olmuşdur. Azərbaycançılıq ideyaları ilə silahlanmış xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin hələ sovet dönəmindəki fəaliyyəti bu arzuların həyata keçirilməsi üçün zaman-zaman mükəmməl zəmin yaratmışdır. Fəxrlə demək olar ki, indiki dövlət müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi ulu öndər Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. Əgər Heydər Əliyevin zəngin və müdrik dövlətçilik təcrübəsi olmasaydı, bu gün müstəqil Azərbaycan yaşaya, dünya birliyi dövlətləri sırasında öz layiqli yerini tuta bilməzdi.

Natiq daha sonra qeyd etmişdir ki, bu gün ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş demokratik, hüquqi, dünyəvi dövlətin və vətəndaş cəmiyyətinin quruculuğu prosesi Prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirilir. Ali Baş Komandanın praqmatik, düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində dövlət müstəqilliyimiz günü-gündən möhkəmlənir, Azərbaycan getdikcə daha da qüdrətlənir.

Kursant Musa Ümid çıxışında demişdir ki, müstəqilliyi qazanmaq asan, əldə saxlamaq isə çox çətindir. Biz çalışmalıyıq ki, Azərbaycanın müstəqilliyi daim möhkəm və etibarlı əllərdə olsun. Bunun üçün bütün azərbaycansevərlər Prezident İlham Əliyevin xalıqımızın milli maraqlarının və mənafelərinin hərtərəfli təmin olunması istiqamətində uğurla yürütdüyü siyasəti dəstəkləməli, hər sahədə ona dayaq olmalıdırlar.

Dinləyici Nicat Musayev çıxışında 28 May - Respublika Gününün hər bir azərbaycanlı üçün milli iftixar günü olduğunu bildirmişdir. O, Silahlı Qüvvələrin Ali Baş Komandanın səyləri ilə ərazi bütövlüyümüzün tezliklə təmin olunacağını və üçrəngli bayrağımızın işğaldan azad olunmuş torpaqlarımızda dalğalanacağını vurğulamış, müstəqilliyimizin gələcək təminatçıları olan gənclərin bundan sonra da dövlətimizin başçısı İlham Əliyevin ətrafında sıx birləşəcəklərini qeyd etmişdir.

Sonda "Təhlükəsizliyimizin tarixi" adlı sənədli film nümayiş etdirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 28 may.- S.  6.