Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli Fərmanı ilə təsdiq edilmişdir

 

Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları

 

1. Bu Qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi qaydalarını tənzimləyir.

2. Xüsusi təyinatlı təhsil müəssisələri mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində təsis edilir.

3. Xüsusi təyinatlı ali təhsil müəssisələri, ali təhsil əsasında əlavə təhsil müəssisələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin və ya müvafiq mərkəzi icra hakimiyyəti orqanının vəsatəti əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən, orta ixtisas təhsili, ümumi təhsil müəssisələri, orta ixtisas təhsili əsasında əlavə təhsil müəssisələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsis edilir.

4. Bu Qaydaların 3-cü bəndinə uyğun olaraq təqdim edilən vəsatətə, həmin vəsatətdə xüsusi təyinatlı təhsil müəssisəsinin təsis edilməsi zərurəti əsaslandırılmaqla, aşağıdakılara dair məlumatlar (sənədlər) əlavə edilməlidir:

4.1. xüsusi təyinatlı təhsil müəssisəsinin fəaliyyəti üçün mövcud olan və ya tələb olunan zəruri kadr potensialı, maddi-texniki baza və təhsil infrastrukturu barədə;

4.2. xüsusi təyinatlı təhsil müəssisəsinin nizamnaməsinin layihəsi;

4.3. xüsusi təyinatlı təhsil müəssisəsinin ştat cədvəlinin layihəsi;

4.4. kadrlara olan cari və perspektiv tələbat barədə;

4.5. mövcud olduğu halda, komplektləşdirilmiş tədris qruplarının sayı barədə;

4.6. mövcud olduğu halda, ayrı-ayrı struktur bölmələri üzrə kursantların (müdavimlərin), dinləyicilərin və digər təhsilalanların sayı barədə;

4.7. xüsusi təyinatlı təhsil müəssisəsinin yerləşməsi təklif olunan mövcud və ya yerləşməsi üçün zəruri hesab edilən binaların (otaqların) sayı, sahəsi, yerləşmə ərazisi barədə;

4.8. xüsusi təyinatlı təhsil müəssisəsinin yerləşməsi təklif olunan binanın tədris və təlim-tərbiyə prosesinin həyata keçirilməsi üçün yararlılığı barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, sanitariya-gigiyena normalarına uyğunluğu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, binanın balansdan-balansa verilməsi zərurəti yarandıqda isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı.

5. Xüsusi təyinatlı təhsil müəssisələrinin kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu bu tipli təhsil müəssisələri təsis olunduqdan sonra da formalaşdırıla bilər.

6. Xüsusi təyinatlı təhsil müəssisəsinin nizamnaməsində həmin təhsil müəssisəsinin adı, fəaliyyətinin məqsədi, olduğu yer, fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, strukturu və idarə edilməsi, tədris işinin təşkili və elmi-tədqiqat fəaliyyəti, daimi və dəyişən heyəti, maliyyə-təsərrüfat fəaliyyəti, yenidən təşkili və ləğvi qaydası və "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi aktlara uyğun olaraq fəaliyyətinin təşkili ilə bağlı digər məsələlər müəyyənləşdirilir.

7. Xüsusi təyinatlı təhsil müəssisəsinin nizamnaməsi həmin təhsil müəssisəsinin təsisçisi tərəfindən təsdiq edilir.

8. Xüsusi təyinatlı təhsil müəssisəsi bu Qaydaların 3-cü bəndinə uyğun olaraq təsis edildikdən və qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alındıqdan sonra tabeliyində bu tipli təhsil müəssisəsi təsis edilmiş mərkəzi icra hakimiyyəti orqanı səlahiyyətləri daxilində həmin təhsil müəssisəsinə münasibətdə idarəetməni həyata keçirməyə başlayır, xüsusi təyinatlı təhsil müəssisəsinin strukturunu və ştat cədvəlini təsdiq edir, onun fəaliyyətinin təşkili, kadr potensialının və maddi-texniki bazasının yaradılması, o cümlədən tədris, elmi, elmi-metodiki, informasiya-kommunikasiya texnologiyaları və digər texniki vasitələrlə təminatı istiqamətində zəruri tədbirləri həyata keçirir.

9. Tabeliyində xüsusi təyinatlı təhsil müəssisəsi təsis edilmiş mərkəzi icra hakimiyyəti orqanının həmin təhsil müəssisəsinə münasibətdə səlahiyyət dairəsi "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarla müəyyən edilir.

10. Xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyəti, hüquq və vəzifələri "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlar nəzərə alınmaqla, həmin təhsil müəssisələrinin nizamnamələri ilə müəyyən edilir.

11. Təhsilin məzmununa və təşkilinə dair tələblərə əməl olunmaqla, xüsusi təyinatlı təhsil müəssisələrində maddi-texniki bazanın, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun normativ hüquqi aktların tələblərinə və dövlət standartlarına uyğunluğu təmin edilir.

12. Xüsusi təyinatlı təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu qanunvericiliklə müəyyən edilmiş normativlərdən aşağı olmamalıdır.

13. Xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətinin təşkili, saxlanma xərcləri, tədris və elmi fəaliyyəti, o cümlədən maddi-texniki bazasının möhkəmləndirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

14. Xüsusi təyinatlı təhsil müəssisəsinin filialının (filiallarının) açılması barədə bu Qaydalara uyğun olaraq vəsatət qaldırıla bilər.

 

 

Azərbaycan.- 2010.-  28 may.- S.  6.