Azərbaycanın daxili işlər naziri Türkiyə Jandarm Qüvvələrinin qərargah rəisi ilə görüşmüşdür

 

Mayın 27-də Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Jandarm Qüvvələrinin qərargah rəisi, general-polkovnik Mustafa Bıyık ilə görüşmüşdür.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, qonağı səmimiyyətlə salamlayan nazir R.Usubov ölkəmizin dövlət müstəqilliyini əldə etdikdən sonra qazandığı ən böyük dəyərlər sırasında qardaş Türkiyə ilə əlaqələrin inkişafını önə çəkmiş, ümummilli lider Heydər Əliyevin bu sahədə misilsiz xidmətlərini, ulu öndərin "Bir millət, iki dövlət" siyasətinin bu gün ölkəmizin başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini xatırlatmışdır.

Nazir 1997-ci il oktyabrın 31-də dost və qardaş dövlətin Jandarm Baş Komandanlığının və Azərbaycan Daxili Qoşunlarının Baş İdarəsinin əməkdaşlığına dair hökumətlərarası protokolun imzalanmasından sonra bu sahədə xeyli iş görüldüyünü, əlaqələrin daha da inkişaf edərək yeni məzmun kəsb etdiyini, əməkdaşlığın geniş yayılmış formalarından səmərəli şəkildə istifadə edildiyini, bu istiqamətdə kadr hazırlığına böyük önəm verildiyini qeyd etmişdir.

Türkiyə Jandarm Qüvvələrinin qərargah rəisinin ölkəmizə səfərinin əlaqələrimizin inkişafına müsbət təsir göstərəcəyinə, iki qardaş dövlətin müvafiq qurumlarının əməkdaşlığının potensial imkanlarından bundan sonra da səmərəli istifadə olunacağına əminliyini ifadə edən general-polkovnik R.Usubov, Azərbaycan Silahlı Qüvvələrinin, o cümlədən Daxili Qoşunların yüksək döyüş hazırlığına malik qurum, qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməyə qadir hərbi qüvvə kimi formalaşdığını vurğulamışdır.

General-polkovnik Mustafa Bıyık Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını, onun ordusunun, Daxili Qoşunlarının inkişafı üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəyini, qarşılıqlı əlaqələrin və əməkdaşlığın hər iki qardaş xalqın mənafelərinə xidmət edəcəyini bildirmişdir.

Mehribanlıq və işgüzarlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilmişdir.

 

 

Azərbaycan.- 2010.- 28 may.- S.  9.