Xalq şairi Zəlimxan Yaqubun 60
illik yubileyi Milli Aviasiya Akademiyasında qeyd olunmuşdur
Mayın 27-də Milli Aviasiya Akademiyasında (MAA) elmi şuranın iclası keçirilmişdir. İclasda xalq şairi Zəlimxan Yaqubun 60 illik yubileyi ilə bağlı onun həyat və ədəbi fəaliyyətindən danışılmışdır.
Əvvəlcə akademiyanın foyesində ulu öndər Heydər Əliyevin büstü ziyarət edilmiş, ümummilli liderin əziz xatirəsi ehtiramla anılmışdır. Sonra iştirakçılar Azərbaycan aviasiyasının tarixini və nailiyyətlərini əks etdirən muzey ilə tanış olmuşlar. Müasir hava nəqliyyatının təşəkkülündə ümummilli liderin xidmətlərini və azərbaycanlı təyyarəçilərin keçdiyi şərəfli yolu əks etdirən eksponatlar maraqla qarşılanmışdır.
MAA-nın rektoru, akademik Arif Paşayev yubilyarı təbrik etmiş, yaradıcılığını yüksək qiymətləndirmişdir. Zəlimxan Yaqubun Azərbaycan ədəbiyyatında böyük xidmətlərini diqqətə çatdıran A.Paşayev onun zəngin həyat yolunun hər zaman şeirə, sözə bağlandığını söyləmişdir. Vurğulanmışdır ki, Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirən yubilyar, daim ədəbiyyatımızın inkişafına, tərəqqisinə dəyərli töhfələr vermişdir. Z.Yaqubun 1995-2005-ci illərdə Milli Məclisin deputatı olduğunu xatırladan A.Paşayev onun nəinki görkəmli ədəbiyyatçı, həm də ictimai xadim kimi fəaliyyətini yüksək dəyərləndirmişdir.
Bildirilmişdir ki, xalqın sevgisini qazanmış Zəlimxan Yaqub həm Azərbaycanın, həm də Gürcüstanın müxtəlif ali dövlət mükafatlarına layiq görülmüşdür. 2005-ci ildə isə xalq şairi fəxri adına layiq görülən Z.Yaqub hazırda Azərbaycan Aşıqlar Birliyinin sədridir.
Tədbirdə akademiyanın humanitar elmlər kafedrasının müdiri, xalq şairi Nəriman Həsənzadə, filologiya elmləri namizədi Şərəf Cəlilli və başqaları Z.Yaqubun yaradıcılığından söhbət açmış, yubilyara xoş arzularını çatdırmışlar. Vurğulanmışdır ki, Zəlimxan Yaqub ömrünün 40 ilini bir millətin eşqi, istiqlalı naminə çalışmışdır. Z.Yaqubun yaradıcılığı Azərbaycanın ədəbi tənqidçiləri tərəfindən də yüksək qiymətləndirilmişdir. Z.Yaqub əsərlərində klassik Azərbaycan şairlərini də yaşadır. Onun poetik təfəkküründə milli-mənəvi dəyərlər geniş yer tutur.
Akademiyanın tələbələri xalq şairinin şeirlərini oxumuşlar.
Sonda çıxış edən yubilyar sevgi və məhəbbət dolu təbriklərə görə iştirakçılara dərin minnətdarlığını bildirmişdir. Şair Vətənə, xalqa, torpağa, el-obaya sonsuz sevgisindən danışmış və bu hisslərini poeziyanın dili ilə iştirakçılara çatdırmışdır.
O, Azərbaycan Prezidenti İlham Əliyevin milli sərvətlərimizin qorunması sahəsində gördüyü işləri, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu sahədə fəaliyyətini yüksək qiymətləndirmişdir.
Sonda xalq
şairi Zəlimxan Yaquba xatirə hədiyyələri təqdim
edilmişdir.
Azərbaycan.- 2010.- 28 may.- S.
10.