Kəsə və kəsərli söz sahibi

 

Prezidentin fəxri təqaüdçüsü, Dövlət mükafatı laureatı, əməkdar mədəniyyət işçisi, tanınmış şair Fikrət Sadıq ömrünün 80-ci baharını qeyd etməkdədir. Böyük ədəbiyyata, poeziyaya 1946-cı ildə "Azərbaycan gəncləri" qəzetində dərc edilən "Bahar" adlı şeiri ilə gələn Fikrət Sadığın öz həmkarlarına bənzəyən və seçilən cəhətləri var. Adətən şairlər haqqında fikir söyləyəndə "xəlqi şair", "vətəndaş şair", "lirik şair" ifadələrini çox işlədirlər. Hər şeydən öncə Fikrət Sadıq poetik sözünü kəsə və kəsərli deməyi bacarıb. Bu mühüm məziyyət onu həmişə fərqləndirib. Yaradıcılığı, şəxsiyyəti, mənəviyyatı, elə zahiri görünüşü ilə də onu tanıyanlar tərəfindən Dədə Qorquda bənzədilən Fikrət Sadıq ağır yerişli, ağ saçları, yumorlu söhbəti, yumşaq təbiəti, səmimiliyi, təbiiliyi ilə diqqət mərkəzindədir.

Qırx il öncə xalq şairi Rəsul Rza onun haqqında yazırdı: "Təkcə qədim poeziyamızdan deyil, eləcə də təsviri sənətimizin minillik ənənələrindən - orta əsr miniatürçülərinin rəsmlərindən gələn zəriflik, poetik dünyagörüşünün zərgər incəliyi Fikrət Sadıq istedadının başlıca xüsusiyyətidir... Fikrət həqiqətən milli, yəni bütün köklərdə xalqın tarixi həyat tərzi, onun poetik və estetik görüşləri, folklor obrazları aləmi ilə bağlı olan Azərbaycan dilinin nəfəsini, ətrini və ritmini dərindən duyan şair olmaqla bərabər o, müəyyən coğrafi məkanda, məhəlli və mənəvi məhdudluqda qalmır". Bəlkə də elə bunun nəticəsidir ki, illərlə əlində qələm söz qalasının mülkünü quran Fikrət Sadıq bu sənətin əsl nümunələrini yaradıb. Onu oxumaq kifayət edər ki, böyük sözün möcüzəsi qarşısında dəfələrlə heyrətlənəsən. Şairin qəlbindən süzülən ruhu saf və gözəl poetik rənglərlə öz könlünü bir daha zənginləşdirəsən. Fikrət Sadığın poeziyası fəlsəfi, poetik dərinliyinə görə də diqqət çəkir və sevilir. Xalq şairi Qabil vaxtilə öz qələm dostu haqqında deyirdi ki, Fikrət bizim zərgər şairimizdir. Bu da səbəbsiz deyildi. Şairin "Qafiyə" adlı şeirindən çəkilən nümunəyə fikir verək:

 

Köhnə söz - söz qaxı, təzə söz - nübar,

Ha özünü öldür, ha haray qopar.

Nimdaş qafiyədən qulaqlar qubar, -

Hardasan, üzə çıx, təzə qafiyə!

 

Ömrü boyu bu cür sənət və söz axtarışında olan Fikrət Sadığın yaradıcılığı həmişə baharda göyərən təzə-tər çiçəklərə bənzəyir. Baharın ətirli, zərif bəxşişlərindən bezilmədiyi kimi, Fikrət Sadığı da oxuduqca bir doyumsuzluq tapırsan. O yazanda ki, indi şair olub hamı, itib sözün dadı-tamı, - müəllifin söz ustadı kimi hansı pərişanlığı keçirdiyi aydınlaşır. Bəlkə də buna görədir ki, sözlə, şeirlə bağlı qələmə aldığı misralarda xəfif bir kədər duyulur:

 

Qubar - ürəkdə yaradı,

Qabar - barmaqda yaradı.

Qəbir - torpaqda yaradı.

Hər yara bir qara daş.

 

Xalq yazıçısı Əzizə Cəfərzadə Fikrət Sadıq yaradıcılığını təhlil edərək çox maraqlı fikirlər söyləyib: "Onun hər kəlməsi bir naxış, qədim babaların ata sözü, nənələrin ilmələri, butasıdır". Bu ünvanlı düşüncələrin davamı kimi bildirək ki, Fikrət Sadığın sözə münasibəti çox həssasdır. Ayrı-ayrı kəlmələri o qədər incə və müdrik şəkildə bir-birinə qovuşdurur ki, onun şeirlərində olan tapıntı qafiyələr, poetik kəşflər başqalarında az rast gəlinir. Həmkarları söyləyirlər ki, Fikrət Sadıq həqiqətən də əsl şairlərin söz babası Sabirin nəvəsi olduğunu həmişə sədaqətlə sübut edib. Onun şeirlərini bəzən təhlil etmək də çətindir. Çünki bu şairin misraları o qədər aydın, dəqiq və sərrastdır ki, əlavə izahata ehtiyac duyulmur:

 

Qələm olsun barmaqlarım,

Qələm tutub yalan yazsa.

 

Bu söz sərkərdəsinin nə həyat yolu, nə də yaradıcılığı hamar və rahat olub. Beş-altı yaşındaykən məsul vəzifədə işləyən atası Abbas Sadıqovu "xalq düşməni" damğası ilə ləkələyərək Sibirin buzlu çöllərinə sürgün ediblər. Fikrət Sadıq söyləyir ki, həyatda yaşamaq, ayağa durmaq, ailəmizi qorumaq üçün taleyin bütün ağırlıqlarını lap kiçik yaşlarından öz üzərimə çəkmişəm. Bakıda sənət məktəbində oxuyarkən ilk şeirini "Azərbaycan gəncləri" qəzetinə aparıb. Bəyəniblər, dərc də ediblər, "bir aydan sonra yenə şeir gətir", - deyə söyləyiblər. Bir aydan sonra isə "sən xalq düşməninin oğlusan, səni dərc edə bilmərik" deyərək sərt sözləri keçilməz uçurumlar kimi qarşısına dirəyiblər. Bu maneə on ildən çox çəkib. Gah işıqçı, gah neft kəşfiyyatı sahəsində fəhlə kimi işləyib, hərbi xidmətə gedib, uzun müddət kinomexanik olub. Bütün bu qadağalara, təzyiqlərə, amansızlıqlara, maddi çətinliklərə baxmayaraq, özünütəsdiqə aparan yolda inadkarcasına çalışıb. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil aldığı illərdə atası da sürgündən qayıdıb. Bu gecikmiş bəraət sevinc gətirsə də, ailəyə elə bir xeyri dəyməyib. Abbas kişi aldığı mənəvi zərbələrdən elə sarsılmışdı ki, ana və bacılarının yükü ailənin tək oğlu Fikrətin çiyinlərində qərar tutdu. Damla inadkar olanda dəryaya dönür deyirlər. Bəlkə də elə bu kəşməkeşli ömür yolunun bir hədiyyəsidir ki, Fikrət Sadıq Azərbaycan ədəbiyyatının, poeziyasının tanınmış simalarından birinə çevrildi. Çoxşaxəli yaradıcılığı ilə ədəbi tənqidin diqqətində dayandı. Xalq şairi Məmməd Araz böyük poeziya salonunda öz kürsüsü, öz oxucuları olan Fikrət Sadıq haqqında rəğbətlə yazırdı: "Əsl xoşbəxt şair çox yazan, çox dərc olunan deyil, çox oxunan sənətkardır. Sənətdə mütləq meyar budur. Fikrət Sadıq ədəbiyyata sakit, hay-haraysız gəlib, aramla yazıb, çox oxunub, çox düşündürüb".

Sözə möcüzə kimi yanaşan, "özüm də bir kəlmə sözəm" etirafında olan Fikrət Sadıq görün bu varidatı hansı mənalara yönəldir:

 

Əzab torpağı - Yerdəyəm,

Ürəyi pərdə-pərdəyəm,

Mən kamançanın dərdiyəm,

Dərdli kamança deyiləm.

 

Təkcə böyüklərin deyil, uşaqların da sevimli şairi olan Fikrət Sadıq balaca dostlarına yeddi kitab hədiyyə edib. Bu şeirlər lakonikliyi, məna çalarları, yadda qalmaq məziyyəti ilə seçilir. Orta məktəb illərində Fikrət Sadığın "Gilə" adlı şeirini bir dəfə oxumaqla yadımda saxlamışdım:

 

Gözəl qızam, adım Gilə,

Qonaq getdim dayımgilə.

Yağış yağdı gilə-gilə,

Ayaqlarım batdı gilə...

 

Şeir həm sadədir, həm də bir sözün neçə mənasını uşağa öyrədir. Bu maraqlı şeiri bir vaxt övladlarım dilimdən aldı. İndi də nəvələrim həvəslə söyləyirlər. Budur əsl şeirin ömrü və dəyəri. Fikrət Sadıq poeziyasında belə nümunələrin sayı çoxdur.

Taleyin acı töhfələrini dadan Fikrət Sadıq tuş olduğu haqsızlıqların acığına yaradıcılığında həmişə şah misraların müəllifi olub. Heç vaxt ünvanına tənqidi söz deyilməyib. Çünki sözə həmişə aşiq kimi, zərgər dəqiqliyi ilə yanaşıb. Onun söz hörgüsü çox maraqlı və yaddaqalandır. Bu səbəbdən də yaradıcılığının hansı sahəsində söz göyərdibsə, bitkin və mükəmməl alınıb. 20-yə yaxın kitab müəllifidir. Nəsr sahəsində də qələmini sınayaraq "Xırdaca gəlin", "Daş balkon", "İlk məhəbbət haqqında daha bir hekayə", "Sinif-sinif oyunu" və başqa hekayələr yazıb. Müəllifin bu sahədəki uğurları oxucular və ədəbi tənqid tərəfindən razılıqla qarşılanıb. Uşaqlar üçün qələmə aldığı pyesləri ölkənin müxtəlif teatrlarında - Bakıda, Şamaxıda, Lənkəranda səhnələşdirilib. Bir neçə sənədli və cizgi filminin ssenarilərini yazıb. Hələ sovet dönəmindən başlayaraq şeirləri müxtəlif xalqların dillərinə tərcümə edilib. Özü də tərcümə ilə məşğul olub. Ədəbiyyat sahəsindəki xidmətlərinə görə müxtəlif mükafatlara layiq görülüb. "Dünya öz işindədir" kitabı Dövlət mükafatı alıb. Prezidentin fərdi təqaüdçüsüdür.

Ömrü boyu təmənnasız yaşayıb-yaradan, fikri-zikri ədəbiyyata xidmət olan, vətəni həddən artıq çox sevən, umacaqsız bir şair ömrünün sahibi Fikrət Sadıq "Son şeir" adlı bədii bir xitabında belə deyir:

 

Göylər niyə zalım olsun,

Tale mənə zamin olsun.

Bir dərə məzarım olsun,

Bir dağı örtün üstümə.

 

Nədən belə arzulayır şair, - sualını vermək istəyəndə yenə də cavabını misralarında tapdıq: "Döyüşdə ölmədim deyəm, bayrağı örtün üstümə". Fikrət Sadıq poeziyası həmişə düşündürür. O, şeirlərinə elə dad, elə bədii ifadələr gətirir ki, dəfələrlə eşitdiyimiz adi sözlər belə onun poeziyasında əlvanlaşır, ecazkar bir formaya düşür. Fikrət Sadıq poeziyası milli təfəkkürün əks-sədasıdır. Bu səbəbdən də bədii estetik dəyəri təsirli və effektlidir. Onun şeirlərini oxuduqca qəlbə bir rahatlıq dolur. Həm düşünürsən, həm də həyəcanlanırsan. Onun şeirlərində işıq və istilik var. Bəzən ilk dəfə eşitdiyin misraların ahəngində qəribə bir doğmalıq duyursan. Uzun müddət bu doğmalığın yaratdığı heyrət içində qalırsan. Fikrət Sadıq sözlərin rəngini, boyalarını tapmaqda çox ustaddır. Ən kiçik dörd misralıq şeirində də böyük mənalar ifadə edir. Onun şeir gülüstanından çəkdiyimiz ləçəkdəki dərinliyə fikir verin.

 

Köhnə yurdda həyat vardı, həyət yox,

Təzə yurdda həyət vardı, həyat yox.

O yerdə ki həyət də var, həyat da

Həmin yerdə adam yoxdur mən adda!..

 

Dəniz səbirli şairimizin daşqın düşüncəsindən doğulan bu xiffətli misraların nidaları qarşısında bizim də deyəcəyimiz var. Siz mənalı ömrünüzün elə bir zirvəsində qərar tutmusunuz ki, sizdən yuxarıda da dayanmaq mümkündür, aşağıda da, amma Fikrət Sadıq olmaq çox müşküldür.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2010.- 28  may.- S.  15.