Bakıda Milli
Azərbaycan Tarixi Muzeyinin
90 illiyinə həsr edilmiş beynəlxalq
elmi konfrans keçirilir
Noyabrın 1-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin 90 illiyinə həsr edilmiş "Muzeylər və mədəni irs" mövzusunda beynəlxalq elmi konfrans işə başlamışdır.
İştirakçılar əvvəlcə muzeyin 90 illiyinə həsr olunmuş sərgi ilə tanış olmuşlar.
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı konfransı giriş sözü ilə açaraq muzeyin keçdiyi 90 illik tarixi yol barədə danışmışdır. Bildirmişdir ki, 1920-ci il iyunun 15-də Bakıda "Doğma diyarın tədris muzeyi" adı ilə fəaliyyətə başlayan muzey böyük və şərəfli yol keçmiş, özünün başlıca vəzifəsi olan mədəniyyət abidələrinin toplanılması, öyrənilməsi, nümayişi və təbliğini həmişə layiqincə yerinə yetirmişdir. Muzey Vətən tarixinin bütün dövrlərini əks etdirən ekspozisiyası və sərgiləri ilə tamaşaçıların diqqətini daim cəlb etmiş, rəğbətini qazanmışdır. Bu gün muzeyin müxtəlif fondlarında tariximizi yaşadan 300 minədək maddi mədəniyyət nümunəsi qorunur. Muzeyin kitabxanasında 80 mindən artıq, əsasən, XIX-XX əsrlərin əvvəllərində çap olunmuş nadir jurnal, kitab və qəzet toplanmışdır. Son illərdə 4 minədək eksponat alınmış və burada olan 15 mindən çox eksponat isə bərpa edilmişdir.
Vurğulanmışdır ki, Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə 2005-2007-ci illərdə burada aparılan əsaslı bərpa və yenidənqurma işlərindən sonra muzey yeni inkişaf mərhələsinə qədəm qoymuş, tarix elminin son nailiyyətlərinə və müasir muzeyşünaslıq prinsiplərinə əsaslanan yeni ekspozisiyanı ziyarətçilərin ixtiyarına vermişdir. "2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"ya uyğun olaraq muzeyimiz dünya muzeyləri ilə əməkdaşlıq mübadiləsinin aparılmasını, qarşılıqlı sərgilərin, kütləvi mədəni tədbirlərin təşkilini, beynəlxalq layihələrdə iştirakı uğurla həyata keçirir. Son iki ildə əməkdaşlarımız Türkiyə, Polşa, Suriya, Çin, Rusiya, Yaponiya və Macarıstanda elmi ezamiyyətlərdə olmuş, həmin ölkələrdə fəaliyyət göstərən müxtəlif profilli muzeylərin iş təcrübəsi ilə maraqlanmışlar. Bundan əlavə, muzey artıq 5 ilə yaxındır ki, Norveçin Stavanger şəhərindəki arxeologiya muzeyi ilə sıx əməkdaşlıq edir.
N.Vəlixanlı diqqətə çatdırmışdır ki, muzey müasir informasiya texnologiyaları ilə təmin olunmuşdur. Ekspozisiya zallarında monitorlar quraşdırılmış və burada fasiləsiz olaraq müxtəlif tarixi mövzulara aid slaydlar nümayiş etdirilir. Hazırda muzeyin internet saytı www.azhistorymuseum.az hazırdır və noyabrın 1-dən istifadəyə verilir.
Tədbirdə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək konfransın işinə uğurlar arzulamışlar. Nəzərə çatdırılmışdır ki, son illər dövlətimizin başçısının müvafiq sərəncamları ilə Azərbaycanda muzey işinin təkmilləşdirilməsi, müasir tələblər səviyyəsində qurulması istiqamətində mühüm addımlar atılmışdır. Mühafizə edilən tarixi abidələrin təbliğinin muzeyin fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu söyləyən natiqlər vurğulamışlar ki, buradakı eksponatlar birinci növbədə ekskursiyalar və sərgilər vasitəsilə geniş tamaşaçı kütləsinin diqqətinə çatdırılır.
Türkiyə nümayəndə heyəti adından Topqapı Sarayı Muzeyinin baş mühafizi Sibel Alparslan Arça və Rusiya nümayəndə heyəti adından Dağıstan Dövlət Universitetinin kafedra müdiri, professor Artur Dalqatov çıxış edərək belə konfransların keçirilməsini yüksək qiymətləndirmiş və bunu muzey işinin təşkili, qarşılıqlı əməkdaşlıq üçün ən yaxşı vasitə hesab etmişlər.
Sonra konfrans işini bölmə iclaslarında davam etdirmişdir.
Türkiyə, Rusiya, İran, Misir, Ukrayna və Şimali Kiprdən olan alimlərin də qatıldığı tədbir iki gün davam edəcəkdir.
Konfransda muzey işinin müasir tələblər səviyyəsində təşkili istiqamətində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunacaq və mövzu ilə bağlı 40-dan çox məruzə dinləniləcəkdir.
AzərTAc
Azərbaycan.- 2010.- 2 noyabr.- S. 6.