Küveyt hökuməti Azərbaycan ilə
siyasi, iqtisadi və mədəni
əlaqələrin daha da
dərinləşməsində maraqlıdır
Azərbaycanın Küveyt Dövlətindəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov oktyabrın 24-dən 29-dək bu ölkədə səfərdə olmuşdur.
Küveyt Dövləti Baş nazirinin hüquq məsələləri üzrə müavini, ədliyyə, vəqflər və islam işləri naziri Raşid Abdel Mohsen Əl-Hamadın dəvəti ilə həyata keçirilən səfər zamanı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri H.Orucovu Küveyt Dövlətinin Baş naziri Şeyx Nasir Əl-Məhəmməd Əl-Əhməd Əl-Sabah qəbul etmişdir.
Görüşdə Baş nazir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Küveyt Dövlətinə və xalqına böyük rəğbət bəslədiyini bildirmiş və bütün Küveyt xalqının həmin münasibətə görə təşəkkürünü, bunu dərin hörmət və ehtiramla qəbul etdiyini vurğulamışdır.
Şeyx Nasir Əl-Məhəmməd
Əl-Əhməd Əl-Sabah
Azərbaycan Prezidenti İlham Əliyevin Küveyt Dövlətinə
rəsmi səfəri
zamanı ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş möhkəm
dostluq təməlinin
qorunub saxlanıldığını
və inkişaf etdiyini böyük məmnunluqla dilə gətirmişdir.
Şeyx Nasir Əl-Məhəmməd Əl-Əhməd Əl-Sabah Küveyt Dövlətinin Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Sabahın, vəliəhd Şeyx Nəvaf Əl-Əhməd Əl-Caber Əl-Sabahın və Baş nazir olaraq şəxsən özünün Azərbaycan Prezidenti İlham Əliyevə böyük hörmət və ehtiram bəslədiklərini söyləmiş, Azərbaycanın sürətli inkişafına Küveyt xalqının da səmimi-qəlbdən sevindiyini nəzərə çatdırmışdır.
Baş nazir Küveyt hökumətinin Azərbaycan ilə siyasi, iqtisadi və mədəni əlaqələrin daha da dərinləşməsində maraqlı olduğunu xüsusi qeyd etmişdir.
Şeyx Nasir Əl-Məhəmməd Əl-Əhməd Əl-Sabah Azərbaycan Prezidenti İlham Əliyevə səmimi salamlarının, dərin hörmət və ehtiramının çatdırılmasını xahiş etmişdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri H.Orucov Küveyt Dövlətinin Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Sabaha və vəliəhd Şeyx Nəvaf Əl-Əhməd Əl-Caber Əl-Sabaha və Baş nazirə Prezident İlham Əliyevin salamlarını çatdırmışdır.
Azərbaycan ilə Küveyti bir çox amillərin birləşdirdiyini, bunların arasında dini birliyin əhəmiyyətli rol oynadığını söyləyən H.Orucov Küveytdə keçirdiyi görüşlərdə iki ölkə arasında bu sahədə əməkdaşlığın inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsinin aparıldığını qeyd etmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin islam dünyası ilə, o cümlədən Küveytlə sıx əməkdaşlığa xüsusi diqqət yetirdiyi vurğulanmışdır.
H.Orucov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyinin Küveyt tərəfindən dəstəklənildiyi üçün Baş nazirə təşəkkürünü çatdırmışdır. Baş nazirə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, hərbi təcavüz, bunun nəticəsində yaranan bir milyondan artıq qaçqın və məcburi köçkünün vəziyyəti, münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün həm iki tərəf arasında, həm də ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesi barəsində ətraflı məlumat verilmişdir.
Səfər çərçivəsində H.Orucovla Küveyt Dövləti Baş nazirinin hüquq məsələləri üzrə müavini, ədliyyə, vəqflər və islam işləri naziri Raşid Abdel Mohsen Əl-Hamad, nazirin din siyasəti üzrə müavini Adel Fəllah, Küveytin Vəqflər üzrə Dövlət Komitəsi sədrinin səlahiyyətlərini müvəqqəti icra edən xanım İman Humeyda, Beynəlxalq İslam Xeyriyyə Təşkilatının idarə heyətinin sədri Abdullah Mətuq və həmin təşkilatın baş direktoru Süleyman Şəmsəddin və eyni zamanda, Küveyt Millət Məclisinin Küveyt-Azərbaycan dostluq qrupunun sədri Vəlid Musaid Əl-Tabtabai arasında keçirilmiş görüşlərdə qurumlararası əməkdaşlığın inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılmışdır.
H.Orucov Küveytin Elmi Mərkəzində olmuş, "Məscid-Əl Kəbir"i ziyarət etmiş və buranın fəaliyyəti ilə yaxından tanış olmuşdur.
Səfər zamanı DQİDK sədri Küveytin aparıcı KİV-lərinin nümayəndələri ilə də görüşmüşdür.
Azərbaycan.- 2010.-2 noyabr.- S. 6.