"Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında təslimetmə haqqında Müqavilə"nin ratifikasiya sənədlərinin mübadiləsi haqqında protokol imzalanmışdır

 

Noyabrın 1-də Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Çinin ölkəmizdəki səfiri Çjan Yannyan ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə X.Xələfov Şanxayda keçirilmiş EXPO-2010 Dünya Sərgisinin yüksək səviyyədə təşkil olunduğunu demişdir. Nazir müavini sərgi çərçivəsində böyük uğurla keçirilmiş Azərbaycan günlərinin təşkilinə Çin tərəfinin lazımi şərait yaratdığına görə təşəkkürünü bildirmişdir.

Ç.Yannyan Azərbaycanın EXPO-2010 Dünya Sərgisində iştirakının bu tədbirin ümumi müvəffəqiyyətinə dəyərli töhfə olduğunu vurğulamışdır.

Görüşdə "Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında təslimetmə haqqında Müqavilə"nin ratifikasiya sənədlərinin mübadiləsi haqqında protokol imzalanmışdır. 2005-ci il martın 17-də imzalanmış bu müqavilə onun müvafiq müddəalarına uyğun olaraq ratifikasiya sənədlərinin mübadiləsi tarixindən otuz gün sonra, yəni cari il dekabrın 1-dən qüvvəyə minəcəkdir.

 

 

Azərbaycan.- 2010.- 2 noyabr.- S. 9.