Sözdən alıb, saza deyim dərdimi...
YUNESKO-nun irs
siyahısına düşən folklor
nümunələrindən biri də
ozan-aşıq sənətidir
Ədəbiyyatı, onun əsas komponenti olan ədəbi-bədii söz mülkünü kökü tarixin minillik qatlarına uzanan, qollu-budaqlı bir ağaca bənzədirlər. Onu müxtəlif zamanlarda yaşamış, fərqli zövqlərə və dünyagörüşünə malik soydaşlarımızın əsrlərlə yaratdıqları və bugünümüzə qədər gəlib çıxan bədii irsimizin toplumu da adlandırmaq mümkündür. Bura, əlbəttə, zəngin folklor nümunələri, ozan-aşıq yaradıcılığı, yazılı klassik ədəbi-bədii nümunələr daxildir. Təsadüfi deyil ki, böyük fikir sahiblərinin, söz sərraflarının, ədəbi nəslin klassik nümayəndələrinin yaşadığı dövrlərdən bizi ayıran zaman məsafəsi dəyişdikcə onların yaratdıqları elmi-fəlsəfi, ədəbi-bədii sənət nümunələri daha da formalaşaraq zənginləşir və öz dəyərini artırır.
Azərbaycan ədəbi mühitinin zənginliyi onun folklor nümunələrində özünü daha qabarıq formada göstərib. Bu nümunələrin respublikanın ayrı-ayrı bölgələrində yaranması da onun zənginliyindən xəbər verir. Ayrı-ayrı bölgələrdə bu gün də yaranmaqda olan folklor nümunələri arasında aşıq sənətinin xüsusi diqqət çəkməsi heç də təsadüfi deyil. Yazılı ədəbiyyata qədər geniş xalq kütləsinin dilində nəsildən-nəslə çatdırılan, illərlə bədii duyğu süzgəcindən keçib cilalanan atalar sözləri, zərb-məsəllər, müdrik deyimlər, tapmacalar, atmacalar, nağıl, əfsanə və rəvayətlər, təbii ki, ədəbi tariximizin yaşadıcılarıdır. Ozan-aşıq sənətinin də bu qəbildən olması şəksizdir və elə ona görə də adının YUNESKO-nun irs siyahısına düşməsi, beləliklə, ümumbəşəri mühafizəsi vacib idi. Yeri gəlmişkən, aşıq sənətinin YUNESKO-nun irs siyahısına düşməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın qəbul edilmiş təşəbbüsü, əlbəttə, təkcə sənətsevərlər deyil, bütünlüklə xalqımız tərəfindən yüksək dəyərləndirilir.
Azərbaycanda vahid ədəbi prosesin formalaşması və təkamülündə ayrı-ayrı regionlarda müəyyən tarixi-sosial və ədəbi şərtlərin reallaşdırdığı yaradıcılıq mühitinin rolu çox böyük olmuşdur. Ümummilli ədəbi prosesləri formalaşdıran mühit bu gün də özünün varlığını və gərəkliyini qoruyub saxlamaqdadır. Belə ədəbi mühitlərdən biri də folklor nümunələri ilə zəngin, 1993-cü ilin aprel ayından erməni vandalizminin qurbanına çevrilmiş Kəlbəcərdə hələ meydan tamaşaları dövründən yaranaraq formalaşıb desək, daha doğru olardı.
Uzun müddət açılmamış, oxunmamış, yəni ədəbi tədqiqatın diqqətindən kənarda qalmış bölgə ədəbiyyatına son vaxtlar qayğının artması milli-mənəvi dəyərlərimizə sahib durmaq baxımından olduqca təqdirəlayiqdir. Azərbaycan ədəbi prosesinin orijinal qollarından olan Kəlbəcər mühitinin tarixi qaynaqlarına, onun bədii özəlliklərinə, ayrı-ayrı nümayəndələrinin yaradıcılığının tədqiqinə həsr olunan sanballı elmi araşdırmaların son illərə qədər diqqəti cəlb etməməsinin bir səbəbi də, bəlkə, elə həmin bölgənin respublikamızın ucqarlarında yerləşməsindən irəli gəlib. Lakin bu, heç də əsas vermir ki, folklor nümunələri ilə zəngin, xüsusən də aşıq yaradıcılığının beşiklərindən sayılan bölgədə yaranan sənət nümunələri araşdırılıb elmi-kütləvi nəşrlərdə öz əksini tapmasın.
Bütün bunlarla yanaşı, dövlət müstəqilliyinə yenidən qovuşduqdan sonra xalqımız milli-mənəvi dəyərlərinin də sahibi olmuş və adıçəkilən sahədə bir sıra uğurlar əldə etmişdir. Regionlarda formalaşan ədəbi mühitin elmi ictimaiyyətin diqqətinə çatdırılması vacib məsələlərdən birinə, daha doğrusu, tədqiqat obyektinə çevrilmişdir. Bu baxımdan "XX əsr Kəlbəcər ədəbi mühiti" monoqrafiyası xüsusi əhəmiyyət daşıyır. Yeni ədəbi nəslin yetişməsi və onların klassik sənət nümunələrinə doğma münasibəti adıçəkilən sahədəki boşluğu doldurmaq istiqamətindəki fəaliyyəti artırmışdır. Filologiya elmləri namizədi İlham Məmmədli elmi ictimaiyyətin nəzərinə çatdırdıdığı monoqrafiya ilə bir daha təsdiqlədi ki, Kəlbəcər ədəbi mühiti Azərbaycan ədəbiyyatının ayrılmaz bir parçası olaraq özünəməxsus inkişaf yolu keçmiş, zəngin ədəbi-bədii nümunələrə, fərqli bədii çalarlara, yüksək estetik qaynaqlara malik əvəzsiz mədəni sərvətlərimizdəndir.
Azərbaycan ədəbiyyatşünaslığında Bakı, Təbriz, Tiflis, Borçalı, Naxçıvan, Qarabağ, Şirvan, Göyçə, Gəncə və digər bölgələrin ədəbi mühitləri lazımi qədər araşdırılıb elmi dəyərini alsa da, zəngin potensiala malik bir sıra mənbələr hələ də ciddi tədqiqatdan kənarda qalıb ki, onlardan biri də, qeyd etdiyimiz kimi, Kəlbəcər ədəbi mühitidir. Doğrudur, Kəlbəcərdə doğulub yazıb-yaratmış ayrı-ayrı müəlliflərin bədii yaradıcılıq nümunələri pərakəndə şəkildə, toplu və almanaxlarda çap olunsa da, kütləvi xarakter almadığından, demək olar ki, bölgənin ədəbi aləminə işıq salınmamışdır. Burada yaranan folklor nümunələri ötən əsrin otuzuncu illərindən başlayaraq tədqiq olunmağa başlanmış və bəzi almanaxlarda nəşr edilmişdir. Lakin bu, heç də bölgə ədəbi mühitinin tədqiqi demək deyildi. 1984-cü ildə Əhliman Axundovun tərtibatında nəşr edilmiş "Azərbaycan aşıqları və el şairləri" kitabında Ağdabanlı Qurban, Aşıq Şəmşir, Molla Nəbi (Dilsuz), Bimar Əli, Şair Firudin, Salman Uğurlu və Zal Cabbarlının yaradıcılığından nümunələr və avtobioqrafik göstəricilər verilib.
Son dövrün ədəbi tədqiqatları isə göstərir ki, XX əsr Azərbaycan ədəbiyyatının tanınmış simalarından sayılan Dədə Şəmşirin yaradıcılığı Kəlbəcərdə doğulmuş digər şairlərinkindən fərqli olaraq, daha geniş şəkildə diqqət çəkmiş və onun ilk şeirlər kitabı Osman Sarıvəllinin redaktorluğu ilə 1959-cu ildə Azərbaycan Elmlər Akademiyası tərəfindən nəşr edilmişdir. 1971-ci ildə ustad sənətkarın "Qoşmalar"ı, iki ildən sonra isə "Seçilmiş əsərləri" işıq üzü görmüşdür. Sonrakı illərdə Aşıq Şəmşirin bədii irsi tədqiqat mənbəyinə çevrilmiş, monoqrafiyalar yazılmışdır.
Kəlbəcərdə hələ də öz tədqiqini gözləyən yaradıcı aşıqlar, ozan və ümumiyyətlə, söz adamları az deyil. Onlardan biri də XIX əsrin otuzuncu illərində dünyaya göz açsa da, dövrün iztirabları gözünün nurunu əlindən almış və el-obada "Kor Bəsti" kimi məşhurlaşan Aşıq Bəstidir. Düzdür, onun irsi folklorşünas-alim Sədnik Paşayev tərəfindən toplanaraq 1968-ci ildə "Lalə", 2001-ci ildə "Bənövşələr" adı ilə çap edilib, lakin tədqiqatına hələ də ehtiyac var.
Ağdabanlı Qurbanın da bədii yaradıcılıq nümunələrinin toplanaraq oxuculara çatdırılmasında S.Paşayevin xidmətləri böyük olub. Belə ki, Kəlbəcərdə zaman-zaman yaranan, lakin yazılı ədəbiyyata köçürülməyən folklor nümunələrinin toplanmasında əvəzsiz xidmətlər göstərmiş S.Paşayev 2000-ci ildə "Getmə" adlı şeirlər kitabı ilə bir daha təsdiqlədi ki, Ağdabanlı Qurbanın irsi tədqiq olunmalıdır.
Əlbəttə, xatırladılan ədəbi mühitdə yaradıcılığı formalaşmış aşıqlar təkcə adları çəkilənlər deyil. Kəlbəcərdə şair Nəbi Dilsuz, aşıqlardan Əvəz, Hüseyn, Mehdi, Bədəl, Həşim, Mikayıl, Heydər, Səlim, Cəfər, Umud, İbrahim, Aydın, onun atası Sadıq, Aşıq İsmayıl, İdris Quliyev, Qamışlı Gərayla Tofiq, Telman, Xalıqverdi Həmidoğlu və atası Qəmkeş Allahverdi, Əliş Quliyev, Başlıbelli İmran, Ayrımlı Musa, qardaşı Nəcəf, Ədalət Dəlidağlı, Alxaslı Əziz, Zəylikli Əhlimanla İslam, Firudin Musaoğlu kimi ustad ozan-aşıqları və onların bugünkü davamçıları olan Mehdi və Şöhrət (hər ikisi Gənc aşıqların respublika festivalının iştirakçısıdır) kimi nəsil yetişməkdədir.
Beləliklə, respublikamızın hər bölgəsində hələ də "qatı açılmamış" ədəbi söz boxçaları qalmaqdadır ki, onların tədqiqi milli folklorumuzun zənginləşməsi baxımından olduqca vacibdir.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-
2010.- 2 noyabr.- S. 11.