Xalq yazıçısı Elçinin "Cəhənnəm sakinləri"
tamaşasının premyerası olmuşdur
Noyabrın 1-də Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivinin təqdimatında "Cəhənnəm sakinləri" tamaşasının premyerası olmuşdur.
AzərTAc xəbər verir ki, xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Elşən Zeynallı, rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Firudin Bağıroğludur.
Əsas rollarda Püstəxanım Zeynalova, İqrar Salamov, Rauf Şahsuvarov və başqaları çıxış etmişlər.
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində təqdim olunan tamaşada hadisələr 1937-ci ildə Bakıda baş verir. Tamaşa, dövrün bütün qorxu və repressiyalarına baxmayaraq, isti və normal münasibətlərini qoruyub saxlayan azərbaycanlı ziyalı ailəsində, ərlə-arvadın təzadlı tale yolundan bəhs edir.
Səhnə əsərində cərəyan edən dramaturji hadisələr sanki reallıq və qeyri-reallıq arasında bir körpü yaradır. Tamaşanın sonunda bir sual yaranır: "Görəsən, biz də cəhənnəm sakinləriyik?!"
İnsanı
xeyirxahlığa, yaxşılığa, mərhəmətli
olmağa səsləyən tamaşa böyük maraqla qarşılanmışdır.
Azərbaycan.- 2010.- 2 noyabr.- S. 11.