Azərbaycan Prezidenti İlham Əliyev bp-nin icraçı vitse-prezidenti Endi İnqlisi bu vəzifədə fəaliyyətinin başa çatması münasibətilə qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də bp-nin icraçı vitse-prezidenti Endi İnqlisi bu vəzifədə fəaliyyətinin başa çatması münasibətilə qəbul etmişdir.

Endi İnqlis bp ilə ölkəmiz arasında çox güclü tərəfdaşlığın mövcud olduğunu vurğulayaraq Azərbaycan Prezidentinin rəhbərliyi ilə müxtəlif layihələrdə, o cümlədən "Şahdəniz-2" yatağında işlərin uğurla getdiyini qeyd etdi. O, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə artıq bir milyard bareldən çox neftin nəql edildiyini vurğuladı. bp-nin icraçı vitse-prezidenti 2010-cu ili bp ilə Azərbaycan arasında əməkdaşlıqla bağlı çox böyük nailiyyətlərin əldə olunduğu il kimi dəyərləndirdi.

Dövlətimizin başçısı Endi İnqlisin bp-nin icraçı vitse-prezidenti vəzifəsində çalışdığı dövrdə bp ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına verdiyi töhfəni yüksək qiymətləndirdi. Prezident İlham Əliyev 2010-cu ilin Azərbaycan ilə bp arasında əlaqələr baxımından çox uğurlu il olduğunu vurğulayaraq bu müddətdə böyük həcmli işlərin görüldüyünü məmnunluqla qeyd etdibunu ölkəmizlə bp arasında mövcud olan uzunmüddətli tərəfdaşlığın davamı kimi dəyərləndirdi. bp ilə Azərbaycan arasında bu il üçün razılaşdırılmış məsələlərə toxunan Prezident İlham Əliyev nəzərdə tutulan layihələrin gələcək onilliklər ərzində tərəfdaşlığımıza xidmət edəcəyinə ümidvar olduğunu bildirdi. Əməkdaşlığımızın səviyyəsindən razılığını bildirən dövlətimizin başçısı bu münasibətlərin strateji əhəmiyyət daşıdığını və "Şahdəniz", "Şəfəq", "Asiman", "Azəri-Çıraq-Günəşli" və bir çox digər layihələr üzrə əməkdaşlığımızın uğurla həyata keçiriləcəyinə əminliyini ifadə etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 3 noyabr.- S. 1.