Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı
dövlət proqramlarının
uğurla yerinə yetirilməsi sahəsində
ölkənin bütün
bölgələrində, o cümlədən Sabirabad
rayonunda bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.
Bununla belə,
Kür və Araz çaylarının daşması nəticəsində
baş vermiş təbii fəlakətin fəsadlarının aradan
qaldırılması zamanı
rayonun bəzi kəndlərarası avtomobil
yolları daha intensiv şəkildə istismar olunaraq ciddi dağıntılara məruz qalmış, 34
min nəfər əhalinin
yaşadığı 18 yaşayış
məntəqəsini birləşdirən
Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı
yolu isə istifadəyə yararsız
vəziyyətə düşmüşdür.
Yuxarıda göstərilən
avtomobil yolunun yenidən qurulması işlərinin başlanılmasını
təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı avtomobil yolunun yenidən qurulması məqsədilə Sabirabad Rayon İcra Hakimiyyətinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 noyabr 2010-cu il
Azərbaycan.- 2010.- 3 noyabr.- S. 1.