Türkiyə Prezidenti
Abdullah Gülün Azərbaycana
rəsmi səfəri haqqında miniatür
kitab çapdan
çıxmışdır
Azərbaycan Respublikası "Kitab" Cəmiyyətinin təşəbbüsü ilə İndiqo nəşriyyatında 100 nüsxə tirajla nəfis tərtibatda, ölçüləri 38x53 millimetr olan miniatür kitab işıq üzü görmüşdür. Yeni nəşr Türkiyə Prezidenti Abdullah Gülün cari ilin avqustun 16-17-də Azərbaycana rəsmi səfərinə həsr olunmuşdur.
"Kitab" Cəmiyyətinin sədri, Miniatür kitab muzeyinin təsisçisi və yaradıcısı, əməkdar mədəniyyət xadimi, Prezident təqaüdçüsü Zərifə Salahova AzərTAc-a bildirmişdir ki, kitabda Türkiyə Prezidentinin qarşılanma mərasimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüşü, geniş tərkibdə görüş, mətbuat konfransı, Türkiyə və Azərbaycan prezidentlərinin bəyanatları, Abdullah Gülün Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşləri, Təzəpir məscid kompleksində olması müfəssəl əksini tapmışdır.
Kitabda Türkiyə Prezidentinin Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, Şəhidlər xiyabanında Azərbaycanın azadlığı uğrunda canından keçən igidlərin məzarlarını, türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etməsi yer almışdır.
Türkiyə Prezidentinin Azərbaycanın regionlarında - Zaqatalada, Qaxda, Şəkidə olması, Oncallı kəndindəki Oğuz qəbiristanlığında türk dünyasının böyük şairi şeyx Yunis Əmrənin məzarını ziyarət etməsinə dair materiallar da kitabda geniş işıqlandırılmışdır.
232 səhifəlik kitabda 32 rəngli foto, kitabın üz qabığında Azərbaycan və Türkiyə prezidentlərinin qoşa şəkli verilmişdir.
Dünyanın bir çox ölkəsində, ən mötəbər tədbir və sərgilərdə Azərbaycan kitabının, ən geniş mənada Azərbaycan mədəniyyətinin yorulmaz təbliğatçısı, fədakar insan, dünyada yeganə özəl miniatür kitab muzeyinin yaradıcısı Zərifə Salahova bu dəfə də ənənəni pozmayaraq yeni kitabında AzərTAc-ın materiallarından istifadə etmişdir.
Azərbaycan.- 2010.- 3 noyabr.- S. 3.