Sabunçu rayonu dinamik inkişaf yolunda
İnkişaf tarixinin yeni,
sürətli dövrünü
yaşayan müasir Azərbaycan mövcud olduğu regionda siyasi və iqtisadi cəhətdən dinamik tərəqqi edən dövlətə çevrilmiş, iqtisadiyyatının
artım tempinə görə son bir neçə ildə dünyada lider mövqenin sahibi kimi çıxış etməyə başlamışdır.
Artıq
sosial-iqtisadi inkişaf
sferasında özünəməxsus
uğurlu modelin əsasını qoymuş
Azərbaycan üçün
əsas fərqləndirici
cəhətlərdən biri
də sözügedən
sahədə yaşanan
tərəqqinin dinamik
və davamlı xarakter daşıması,
kifayət qədər
möhkəm zəminə
söykənməsidir.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan
bu inkişaf strategiyası hazırda onun layiqli davamçısı
Prezident İlham Əliyev tərəfindən
yeni çalarlarla zamanın tələblərinə
uyğun olaraq daha da zənginləşdirilmiş
formada uğurla davam etdirilir. Prezident
İlham Əliyevin rəhbərliyi altında
həyata keçirilən
və sosialyönümlü
problemlərin kompleks həllinə geniş imkanlar açan səmərəli islahatlar,
imzalanan mühüm fərman və sərəncamlar ölkəmizdə
müşahidə olunan
siyasi, iqtisadi inkişafın sürətləndirilməsinə
xidmət etməklə
yanaşı, dünya
miqyasında Azərbaycanın
mövqelərinin daha
da möhkəmlənməsində,
onun beynəlxalq hüququn daha güclü müstəqil
subyekti kimi çıxış etməsində
vacib rol oynayır.
Azərbaycanın sürətli
iqtisadi tərəqqisini
xarakterizə edən ən mühüm məqamlardan biri şübhəsiz ki, inkişafın ölkənin
hər bir rayon və şəhərini əhatə etməsini, onların potensialının
bir-birinə kömək
mexanizmi üzərində
qurulmasını, qeyri-neft
sektorunun daha da möhkəmlənməsini,
iqtisadiyyatın neftdən
asılılıq dərəcəsinin
azaldılmasını, infrastrukturun
yeniləşdirilməsini təmin
edən dövlət proqramları və onlara əlavələrdir.
Qeyd olunan kontekstdə Prezident İlham Əliyev müvafiq fərmanlarla təsdiq etdiyi 2004-2008 və 2009-2013-cü
illərdə Azərbaycan
Respublikası regionlarının
sosial-iqtisadi inkişafi
dövlət proqramlarını
göstərmək mümkündür.
Həmin
proqramlar regionların
davamlı və dinamik inkişafını
təmin etməklə
bərabər, həm
də əhalinin həyat səviyyəsinin
keyfiyyətcə yüksəlməsinə
səbəb olmuşdur.
Bu müddətdə
ayrıca qəbul olunmuş müxtəlif proqramlar çərçivəsində
Bakı şəhəri
də sürətlə
inkişaf etmiş, onun infrastrukturları əhəmiyyətli dərəcədə
yeniləşdirilmiş, əhalinin
qaz, elektrik, su və istilik
təminatı yaxşılaşdırılmış,
yeni yollar salınmış, paytaxt abadlaşdırılmış, tikinti-quruculuq işləri
vüsət almış,
yüz minlərlə
iş yeri açılmışdır. Bu prosesi sürətləndirən
mühüm amillərdən
biri də paytaxt ətrafında yerləşən qəsəbələrin
dinamik, kompleks inkişafının təmin
edilməsi, həmçinin
kommunal xidmətlər,
məktəblərin və
səhiyyə ocaqlarının
tikintisi, qəsəbəətrafı
və qəsəbədaxili
yolların salınması,
iş yerlərinin açılması və
sair bu kimi
məsələlərin həllini
nəzərdə tutan
"Bakı şəhərinin
qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə dair tədbirlər proqramı" olmuşdur.
Proqramda hər bir qəsəbə
üzrə ən müxtəlif sahələri
əhatə edən konkret tədbirlər öz əksini tapmışdır. Sözügedən
direktiv sənəd çərçivəsində qısa müddətdə
Bakı şəhərinin
qəsəbələrinin sosial-iqtisadi
həyatında köklü
dəyişikliklər baş
vermiş, infrastrukturlar
yenidən qurulmuş,
qəsəbə və
kəndlərdə təhsil,
mədəniyyət, səhiyyə,
idman və digər sosialyönümlü
obyektlərin inşası
və əsaslı təmiri həyata keçirilmiş, əhalinin
məşğulluğu təmin
edilmişdir. Bu proqram həm də cənab İlham Əliyevin iqtisadi inkişafa kompleks şəkildə yanaşdığını, regionlarla
yanaşı, mərkəzi
bölgələrin də
inkişaf tempinin qorunaraq irəli getməsinə xüsusi diqqətinin real təzahürü
olmuşdur.
Görülən işlərin məntiqi nəticəsi olaraq Azərbaycanın bütün
rayonları kimi Sabunçu da özünün sürətli
yüksəliş dövrünü
yaşamağa başlamışdır. "Bakı şəhərinin
qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə dair tədbirlər proqramı"nda Sabunçu
rayonunun qəsəbələrində
100-ə yaxın bənddən
ibarət tədbirin həyata keçirilməsi
nəzərdə tutulmuş
və həmin tapşırıq uğurla
icra olunmuşdur.
Sonrakı illərdə də
bu istiqamətdə həyata keçirilən
məqsədyönlü tədbirlər
nəticəsində rayonun
iqtisadiyyatı daha da inkişaf etmiş, əhalinin yaşayış səviyyəsi
davamlı olaraq yüksəlmiş, quruculuq
işləri geniş
vüsət almışdır.
Bu proseslər indi də müvəffəqiyyətlə
davam etdirilir. İllər üzrə rayonda qeydə alınan davamlı iqtisadi artım da bunu
sübut edir. Məsələn, Sabunçuda
ötən il
120 milyon manatlıq sənaye məhsulları istehsal edilmişir ki, bu da
2003-cü ildəkindən 3 dəfə çoxdur. O da mühüm faktdır ki, ötən il
istehsal olunmuş məhsulların 43 faizi qeyri-neft sektorunun payına düşmüşdür.
Cari ilin ilk 9 ayı ərzində isə məhsul istehsalı ötən ilin analoji dövrü
ilə müqayisədə
21,9 faiz artaraq 103,4 milyon manat təşkil etmişdir. Bu statistik rəqəmlər rayonda sənaye istehsalının
davamlı yüksəliş
dövrünü yaşadığını
və 10 qəsəbədən
ibarət olmaqla ərazisi cəmi 244,3 kvadratkilometr olan Sabunçunun Azərbaycanın
ümumi sənayesində
xüsusi çəkiyə
malik olduğunu göstərir.
Təbii ki, Sabunçu rayonunun iqtisadi yüksəlişi onun Azərbaycan sənayesinə
verdiyi töhfələrlə
məhdudlaşmır. Xatırlatmaq
yerinə düşərdi
ki, Prezident İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq olunan "Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"
regionların, eləcə
də Bakı və onun ətraf
qəsəbələrinin inkişafının
bütün əsas istiqamətlərini özündə
əks etdirmişdir. Dövlət
proqramında nəzərdə
tutulan tədbirlərin
icrası, həmçinin
daxili imkanlar hesabına görülən
işlər Sabunçunun
sosial-iqtisadi inkişafında,
abadlıq-quruculuq işlərinin
genişlənməsində yeni bir mərhələnin
başlanmasına start vermişdir.
Bununla yanaşı, təhsil, səhiyyə kimi həyati vacib sahələrdə də mühüm uğurlar qeydə alınmışdır.
Məlumdur ki, ölkəmizdə təhsil ocaqlarının tikintisinə, onların maddi-texniki bazasının müasir tələblərə uyğun qurulmasına Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət yetirilir. "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində ötən müddət ərzində bu işdə ümummilli lider Heydər Əliyevin adını daşıyan Fond tərəfindən çox işlər görülmüşdür. Həmçinin, respublikamızda əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən olaraq daim dövlətin diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, iqtisadi cəhətdən artıq qüdrətli bir ölkəyə çevrilmiş müasir Azərbaycanda yaşanan inkişaf səhiyyədən də yan keçməmiş, bu sahədə aparılan islahatlar nəticəsində əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra mühüm işlər görülmüş, çoxlu sayda tibb müəssisələrinin maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, onlarla xəstəxana, poliklinika və diaqnostika mərkəzi tikilərək əhalinin istifadəsinə verilmiş, səhiyyə müəssisələri müasir tibbi avadanlıqlarla təchiz edilmişdir. Sözügedən proses Sabunçuda da özünü qabarıq şəkildə büruzə vermiş, təhsil və səhiyyə obyektlərinin maddi-texniki bazası yaxşılaşdırılmış, göstərilən xidmətin keyfiyyəti daha da yüksəldilmişdir. Bu sahədə Heydər Əliyev Fondu tərəfindən də mühüm işlər görülmüş, Fondun dəstəyi ilə Pirşağı qəsəbəsindəki 34 saylı poliklinikanın, təcili yardım stansiyasının genişləndirilib müasir tələblərə uyğun yenidən qurulması işləri demək olar ki, başa çatdırılmışdır. Hazırda rayonda 46 təhsil və 26 səhiyyə müəssisəsi fəaliyyət göstərir.
Dünya iqtisadiyyatına fəal inteqrasiya və xarici ticarətin genişləndirilməsi fonunda ölkəmizdə nəqliyyat infrastrukturunun yenidən qurulması, müasir yolların çəkilməsi və yol qurğularının, körpülərin inşası prosesi də uğurla həyata keçirilməkdədir. Ötən müddət ərzində Sabunçuda da bu istiqamətdə xeyli iş görülmüş, yol infrastrukturu təzələnmiş, əvvəlki qurğular müasir standartlar səviyyəsində təmir edilmişdir. İndi bu proses davam edir. Təkcə cari ilin ilk üç rübündə rayonda 71 100 kvadratkilometr əraziyə asfalt örtüyü salınmışdır. Bakı-Aeroport, eləcə də Bilgəh-Sumqayıt yolunun Sabunçu ərazisinə düşən hissələrində yolun yenidən qurulması və genişləndirilməsi işləri davam etdirilir. Rayon icra hakimiyyəti bu işdə də tikinti təşkilatlarına hər cür yardım göstərir. Həmin sahədə yolun kənarına düşən bütün bina və obyektlərdə təmir-bərpa işləri aparılaraq hasarlar çəkilmişdir. Bakı-Aeroport yolu üzrə Böyük-Şor yol qovşağının ikinci 1194 metr uzunluğunda 5 xüsusi yolötürücü kompleksi bu il iyulun 2-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir.
Dövlət başçısının rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi siyasətin strateji məqsədləri qarşıya qoyulmuş sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, çoxşaxəli milli iqtisadiyyatın formalaşdırılması, onun dünya təsərrüfat sisteminə uğurlu inteqrasiyasının təmin olunmasıdır. İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması, ildən-ilə sürətlə artmaqda olan strateji valyuta ehtiyatları və onlardan səmərəli istifadə, milli valyutanın sabitliyi, sahibkarlara verilən dəstəyin gücləndirilməsi, əhalinin sosial rifahının davamlı olaraq yaxşılaşması üçün görülən tədbirlər sosial sferada əldə olunmuş nailiyyətlərin miqyasını əhəmiyyətli dərəcədə genişləndirir. Sabunçuda da əhalinin sosial müdafiəsinin güclənməsi və həyat səviyyəsinin yaxşılaşması istiqamətində müvafiq işlər görülmüş və görülməkdədir. Rayon ərazisində müxtəlif mülkiyyət hüququna məxsus 75 sənaye, 53 tikinti, 9 nəqliyyat, 2 kənd təsərrüfatı və 470 ticarət obyekti fəaliyyət göstərir. Hazırda rayon üzrə məşğul əhalinin ümumi sayı 26822 nəfərdir. Rayon icra hakimiyyəti öz fəaliyyətini Prezident İlham Əliyevin təsdiq etdiyi "Yerli İcra Hakimiyyəti haqqında" əsasnaməyə və digər mövcud qanunvericiliyin tələblərinə uyğun quraraq rayonda hər zaman vətəndaşların hüquq və mənafelərinin müdafiəsini, onların rifahının yaxşılaşdırılması naminə iqtisadiyyatın və sosial sahələrin inkişafını təmin etməyə çalışır.
Əhalinin su, qaz, elektrik enerjisi ilə fasiləsiz təminatı ilə bağlı da rayonda zəruri işlər görülmüş, yeni kanalizasiya xətləri çəkilmişdir. Rabitə sistemi müasir standartlara uyğunlaşdırılmışdır. Təkcə son dövrdə hər biri 512 nömrə tutumu olan elektron tipli iki yeni ATS istifadəyə verilmişdir.
Sabunçu ərazisində Azərbaycanın işğal altında olan rayonlarından didərgin düşmüş məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən zəruri addımlar atılır. Hələ 2007-ci ildə məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə müvafiq dövlət proqramı çərçivəsində Pirşağı qəsəbəsində hər birinin 600 kvadratmetr torpaq sahəsi olmaqla 39 fərdi yaşayış evi, Ramana qəsəbəsi ərazisində hər birinin 1200 kvadratmetr torpaq sahəsi olmaqla 450 fərdi yaşayış evi tikilərək vətəndaşların istifadəsinə verilmişdir. Həmin ənənə bu il də davam etdirilmiş, Ramana ərazisində məcburi köçkünlər üçün yeni beşmərtəbəli bina inşa olunmuşdur.
Rayon ərazisindəki 50 müxtəlif binada 2100 məcburi köçkün ailəsi məskunlaşmışdır. Onların məişət-kommunal şəraitinin yaxşılaşdırılmasına, binalarda zəruri təmir-bərpa işlərinin aparılmasına icra hakimiyyəti hər cür yardım göstərir.
Həyata keçirilən tədbirlər sırasında son illər xüsusi aktuallıq kəsb edən ekologiya məsələləri də prioritet yer tutur. 2010-cu ilin Prezident İlham Əliyev tərəfindən "Ekologiya ili" elan edilməsi və dövlət başçısı tərəfindən yaşıllıqların qorunması, yeni yaşıllıq sahələrinin salınması ilə bağlı verilən tapşırıqlara əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə komissiya yaradılmış, həmin komissiya tərəfindən rayon ərazisində salınacaq yeni yaşıllıq sahələri müəyyənləşdirilmişdir. İlkin təklifdə rayonun 10 müxtəlif yerində ümumilikdə 240 hektar sahədə yaşıllıqların salınması nəzərdə tutulmuş və indiyədək icra hakimiyyəti tərəfindən təşkil edilmiş iməciliklərdə 16 hektar sahədə 15 minə yaxın həmişəyaşıl ağac və kol əkilmişdir. Bu proses indi də davam etdirilir. Bundan başqa, metronun Əzizbəyov stansiyasından Atəşgah kompleksinədək Aeroport yolunun hər iki tərəfində 30 hektardan çox sahəyə torpaq tökülməklə göllər qurudulmuşdur. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən orada xüsusi layihə əsasında yaşıllaşdırma və abadlıq işləri aparılır. Tədbirlər çərçivəsində rayon ərazisində olan mədən sahələrindəki mazutlu torpaqlar da rekultivasiya edilir. Pirşağı və Bilgəh qəsəbələrində qrunt sularının təmizlənməsi məqsədilə təmizləyici qurğular istifadəyə verilmişdir.
Həyata keçirilən tədbirlər Azərbaycanın bütün rayon və şəhərləri kimi Sabunçunun da dinamik və hərtərəfli inkişaf yolunda olduğunun, ölkənin ümumi tərəqqisinə özünəməxsus töhfələr verdiyinin bariz göstəricisidir.
Xalid NİYAZOV
Azərbaycan.- 2010.- 3 noyabr.- S. 3.