Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında yeni mərhələ başlanır

 

Ölkələrimiz arasındakı əməkdaşlıq Qara və Xəzər dənizləri regionlarının inteqrasiyasına yeni təkan verir

 

Beynəlxalq hüquq müstəvisində ən fəal siyasət yürüdən dövlətlər sırasında yer alan Azərbaycan müxtəlif dünya ölkələri və təşkilatları ilə istər iki, istərsə də çoxtərəfli əməkdaşlığını daim genişləndirməkdə, münasibətlərini keyfiyyət etibarı ilə yeni mərhələyə çıxarmaqdadır. Belə vəziyyət ölkəmizin dünya miqyasında nüfuzunun daha da yüksəlməsinə xidmət etməklə yanaşı, onun siyasi, iqtisadi və digər mühüm sferalar üzrə beynəlxalq arenada mövqelərini mütəmadi olaraq gücləndirir. Digər tərəfdən o da mühüm faktdır ki, elə beynəlxalq miqyasda da Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsinə, ölkəmizlə müxtəltf sahələr üzrə daha sıx münasibətlərin qurulmasına diqqət və maraq kifayət qədər böyükdür. Bunun ən ümdə səbəblərindən biri Azərbaycanın mövcud olduğu regionun iqtisadi, siyasi mənzərəsinin müəyyən olunmasında əsas dövlət funksiyasını daşıması, təkcə Cənubi Qafqazı yox, daha böyük coğrafi məkanı əhatə edən bir regionda siyasətin mühüm subyekti olması, burada hadisələrin inkişaf axarını müəyyənləşdirən əsas ölkələrdən biri kimi çıxış etməsidir.

 

Bununla yanaşı, qlobal enerji təhlükəsizliyinin təminatında Azərbaycanın mühüm rolu, yeni regional transmilli layihələrin hazırlanaraq həyata keçirilməsində əsas mövqelərdən birinə malik olması və aparıcı söz sahibinə çevrilməsi, vacib geostrateji məkanda yer alması, eləcə də bu qəbildən olan digər amillər ölkəmizə beynəlxalq diqqəti daim artırır. Qeyd edilənlər fonunda dünya miqyasında Azərbaycanın mühüm tərəfdaşları sayılan dövlətlərin sayı xeyli çoxalıb və belə ölkələrdən biri də Ukraynadır. Uzun illər keçmiş SSRİ kimi nəhəng bir imperiyanın tərkibində yer alan Azərbaycan və Ukrayna dövlət müstəqilliklərini əldə etdikdən sonra da münasibətlərini fəal inkişaf etdiriblər. Cari ilin oktyabrın 27-28-də Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri isə ölkələrimiz arasında əlaqələrin daha sürətli inkişafına öz töhfəsini verəcək yeni bir səhifə açıb. Bunu Prezident İlham Əliyevin keçirdiyi görüşlər, imzalanan dövlətlərarası sənədlər də aydın nümayiş etdirir. Ümumiyyətlə, Azərbaycan və Ukrayna arasında mövcud əlaqələrin inkişaf səviyyəsi artıq ölkələrimizin straterji tərəfdaşlar olduğunu göstərir. Prezident İlham Əliyev bununla bağlı demişdir: "Xalqlarımız arasında dostluq, qardaşlıq münasibətləri mövcuddur. Əsrlər boyu biz fəal qarşılıqlı fəaliyyət göstərmişik, dostluq etmişik, birlikdə işləmişik. Dövlətlərimiz müstəqillik əldə etdiyi andan biz həmişə tərəfdaş, dost olmuşuq. Bu gün bu tərəfdaşlıq strateji səviyyəyə yüksəlmiş, gələcək inkişafımızı və əməkdaşlığımızı şərtləndirir".

Çoxşaxəli xarakterə malik Azərbaycan-Ukrayna əlaqələri ikitərəfli formatla məhdudlaşmayıb regional və beynəlxalq müstəvidə də özünü qabarıq şəkildə büruzə verir. Belə ki, aparıcı beynəlxalq təşkilatlarda, məsələn, BMT-də ölkələrimiz hər zaman bir-birlərinin mövqelərinə yaxından dəstək verirlər. MDB, GUAM kimi təşkilatlar çərçivəsində də Azərbaycan-Ukrayna əlaqələri davamlı inkişaf edir. Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən Ukrayna Dağlıq Qarabağ münaqişəsinin həllinin beynəlxalq hüquq normaları əsasında və yalnız ölkəmizin sərhədlərinin toxunulmazılığı çərçivəsində görür.

İqtisadi sahədə də ölkələrarası münasibətlər intensiv şəkildə inkişaf etməkdədir və bu sahədə əlaqələrin daha da genişlənməsi üçün hər iki tərəf böyük potensiala malikdir. Digər tərəfdən, mövcud şəraitdə istər siyasi, istərsə də iqtisadi sferada Xəzər dənizi və Qara dəniz hövzələrinin regional əməkdaşlığını Ukrayna ilə Azərbaycanın xüsusi rolu olmadan təsəvvür etmək mümkünsüzdür. Bu mənada həm Azərbaycan, həm də Ukrayna Xəzər-Qara dəniz hövzəsində inteqrasiya siyasəti məsələlərində fəal əməkdaşlığın genişləndirilməsinin tərəfdarları kimi çıxış edirlər. Hazırda hər iki ölkə Qara və Xəzər dənizlərini birləşdirən nəqliyyat-energetika dəhlizinin möhkəmləndirilməsi, genişləndirilməsi işində aparıcı mövqe sahibi kimi çıxış edirlər. Bu isə, öz növbəsində Azərbaycan və Ukraynanın regional inteqrasiya və əməkdaşlıq məsələlərində fəal iştirak etməsi, eyni zamanda bu prosesə mühüm töhfə verməsi deməkdir.

İqtisadi sahədə əməkdaşlığın yüksək səviyyəsini xarakterizə edən mühüm göstəricilərdən biri MDB ölkələri arasında Ukraynanın Azərbaycanla ən böyük əmtəə dövriyyəsinə malik olmasıdır. Hazırda sözügedən kateqoriya üzrə Azərbaycan üçün Ukrayna ikinci yerdədir. Bundan başqa, Ukraynanın enerji məhsulları, xüsusən də neftneft məmulatları ilə təminatında Azərbaycanın rolu getdikcə artmaqdadır. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Ukraynaya neft satışını ötən illərlə müqayisədə xeyli artırıb. Təkcə cari ilin ötən dövrü ərzində Ukrayna bazarlarına bir milyon tondan çox Azərbaycan nefti göndərilib. Azərbaycan gələcəkdə satışın həcmini bir qədər də artırmaq niyyətində olduğunu açıq bəyan edir.

Mərkəzi Asiya ölkələrinin enerji resurslarının da Ukraynaya çatdırılmasında Azərbaycanın tranzit əhəmiyyəti olduqca yüksək qiymətləndirilir. Perspektivdə isə sözügedən istiqamətdə konkret işlərin həyata keçiriləcəyi, müvafiq addımların atılacağı proqnozlaşdırılır. Xüsusən də Xəzər dənizinin şərq sahilində yerləşən, qonşu dövlətlərin neft ehtiyatlarınınn ölkəmizin ərazisindən keçməklə Ukrayna bazarlarına nəql edilmə perspektivi olduqca yüksək dəyərləndirilir. Qeyd edilən istiqamətdə görüləcək işlər Qara və Xəzər dənizləri regionunda yer alan ölkələrin iqtisadi, eyni zamanda siyasi sahədə daha böyük inteqrasiyasına təkan verəcək.

Hazırda neft təchizatı ilə bağlı Azərbaycanla Ukraynanın həyata keçirdiyi əməkdaşlıq ölkələrimiz arasında yanacaq-energetika sahəsində münasibətlərin bütün kompleksinin inkişafında lokomotiv rolunu oynayır. Daha bir mühüm məqam isə ondan ibarətdir ki, Azərbaycan Ukraynada enerji sektoru ilə bağlı sahələrə fəal investisya yatıran ölkələrdən biri kimi çıxış etməyə başlayıb. Artıq cari ilin avqust ayından etibarən Odessada Azərbaycan Dövlət Neft Şirkətinin brendi ilə yanacaqdoldurma stansiyaları yaradılıb. Bu istiqamətdə layihələrin miqyasının genişləndirilməsi nəzərdə tutulur. İndiyə qədər Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR brendi ilə Ukraynada 10-dan çox yanacaqdoldurma stansiyası istifadəyə verilib. O da mühüm faktdır ki, Dövlət Neft Şirkəti təkcə Odessada deyil, Ukraynanın başqa şəhərlərində də fəaliyyətini genişləndirməyi planlaşdırır. Hesablamalar göstərir ki, Dövlət Neft Şirkəti tərəfindən qısa vaxt ərzində Ukraynaya təxminən 80 milyon dollar sərmayə qoyulub. Qarşıdakı dövr ərzində isə yatırılan investisiyaların həcminin daha da artırılması nəzərdə tutulur. Bütün bunlar yanacaq-energetika, neft-qaz sektorunda da ölkələrimiz arasında genişmiqyaslı əməkdaşlıq qurulduğunu aydın göstərir. Bununla yanaşı, ölkələrimiz sənaye kompleksini, ticarəti, humanitar əməkdaşlığı, aerokosmik, hərbi sənaye kompleksini əhatə edən sahələrdə də qarşılıqlı əlaqələrin dərinləşməsinə xüsusi maraq göstərirlər.

Hazırda Azərbaycan və Ukrayna arasında hərbi sahədə yüksək səviyyəli əməkdaşlıq həyata keçirilir. Ümumiyyətlə, hərbi sənaye kompleksi sahəsində ölkələrimiz arasında yaxşı ənənələr formalaşıb. Məlumdur ki, Azərbaycan neçə illərdir ki, Ukraynadan hərbi texnikasilah alır. Ölkəmiz bu əməkdaşlığın səviyyəsinin daha da genişlənməsində maraqlıdır. Digər tərəfdən Azərbaycan özünün hərbi sənaye kompleksinin yaradılmasında ukraynalı mütəxəssislərin yardımından da istifadə edib. Bununla əlaqədar Prezident İlham Əliyev bildirmişdir: "Azərbaycanda yaratdıqlarımızın bir hissəsi ukraynalı tərəfdaşlarımızın köməyi ilə ərsəyə gəlmişdir. Bu sahədə bizim şirkətlər arasında müştərək müəssisələr vardır və biz bu əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik. Azərbaycanda istehsalı da, bizə lazım olanları Ukraynadan almağı da, ola bilsin ki, müəyyən mərhələdə üçüncü ölkələrin bazarlarına çıxmağı da nəzərdə tuturuq".

Bütün bunlar hərbi sferada ölkələrimiz arasında yaxşı münasibətlərin formalaşdığını göstərir. Bu arada isə Ukraynanın Baş naziri Nikolay Azarovun bildirdiyinə görə, Azərbaycan Ukraynada birgə vertolyot istehsalına sərmayə qoymağa hazırdır. Xatırlatmaq yerinə düşərdi ki, Prezident İlham Əliyev oktyabrın 28-də Kiyevdə Ukraynanın Baş naziri Nikolay Azarovu qəbul edib.

Görüşdə ölkələrimiz arasında iqtisadi, o cümlədən energetika sahəsində əməkdaşlığın uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub. Bu əlaqələrin genişləndirilməsi və ticarət dövriyyəsinin daha da artırılması üçün yaxşı potensialın mövcud olduğu vurğulanıb. Görüşdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində atılacaq əməli addımlar barədə fikir mübadiləsi aparılıb. Ukraynanın "İnter" kanalına açıqlamasında Nikolay Azarov qeyd edib ki, Azərbaycan birgə vertolyot istehsalı üçün sərmayə ayırmağa hazırdır.

Qeyd edilənlər Azərbaycan və Ukrayna arasında müxtəlif sahələr üzrə fəal əməkdaşlıq qurulduğunu real surətdə təsdiq edir. İndi tərəfləri maraqlandıran əsas məqam qarşılıqlı fəaliyyətin konkret məzmun kəsb etməsi üçün hər iki ölkənin iqtisadiyyatından, müəssisələrin potensialından maksimum istifadə etməkdir. Bunun üçün Azərbaycan Prezidentinin bildirdiyi kimi, bütün ilkin şərait - həm rəhbərliyin şəxsi münasibətləri, həm də ölkələrimizin nümayəndə heyətlərinin üzvlərinin konstruktiv işgüzar münasibətləri var.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2010.- 3 noyabr.- S. 4.