Mərakeşdə Azərbaycan Mədəniyyəti Günləri keçirilmişdir

 

Mərakeş Krallığında Azərbaycan Mədəniyyəti Günləri keçirilmişdir.Azərbaycanın Mərakeşdəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, mədəniyyət günlərinin açılış mərasimi Rabatdakı V Məhəmməd adına Milli Teatrda olmuşdur.

Mərasimdə Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin başçılığı ilə nümayəndə heyəti, ölkəmizin Mərakeşdəki səfiri Sabir Ağabəyov, Mərakeşin Mədəniyyət Nazirliyinin baş katibi Məhəmməd Kuveyta, parlamentin sədri A.Radi, dövlət naziri M.Lainser, krallıqda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və bir çox tanınmış mədəniyyət xadimləri iştirak etmişlər.

M.Kuveyta Mərakeşdə Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsinə, iki xalq arasında dostluq münasibətlərinin gücləndirilməsinə töhfə verəcəyini vurğulamışdır. Baş katib bildirmişdir ki, bu, Azərbaycan ilə Mərakeş arasında müxtəlif sahələrdə mövcud əməkdaşlığın yeni perspektivlərinin açılmasına təkan verəcəkdir.

Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ə.Vəliyev Mərakeşdə mədəniyyət günlərinin təşkilinin iki ölkənin hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında 2008-ci ildə imzalanmış sazişə əsasən keçirildiyini vurğulamışdır. Nazir müavini Azərbaycanın sərhəd tanımayan mədəniyyətinin qədim və tarixi köklərə malik olmasını, bu cür mədəniyyət günlərinin keçirilməsinin ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin daha da genişləndirilməsinə xidmət etdiyini demişdir.

Ə.Vəliyev tədbir iştirakçılarını Azərbaycanın qədim tarixini və zəngin mədəniyyətini görmək üçün ölkəmizə dəvət etmişdir.

Konsert proqramında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər Ağaverdi Paşayev) "Arşın mal alan" operettasından parçalar səsləndirmiş, gənc xanəndələrin ifası dinlənilmiş, Yeganə Axundovanın pianoda, Səlim Abbasovun skripkada misilsiz ifaları isə gurultulu alqışlara səbəb olmuşdur. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupu "Koroğlu" operasından "Cəngi", Fikrət Əmirovun "Min bir gecə baleti"ndən "Şəhrizad" və Tofiq Quliyevin bəstələdiyi "Cığatay rəqsi", "Yallı" rəqslərini nümayiş etdirmişdir.

Tədbir çərçivəsində Azərbaycanın mədəni, tarixi yerlərini əks etdirən və tədbir iştirakçılarının böyük marağına səbəb olan 60-dan çox fotodan ibarət "Azərbaycan" adlı sərgi də təşkil olunmuşdur.

Azərbaycan Mədəniyyəti Günləri Mərakeşin Meknes, Fəs və Kasablanka şəhərlərində də keçirilmişdir.

 

 

Azərbaycan.- 2010.- 3 noyabr.- S. 5.