Yeni Bakı Beynəlxalq Dəniz Ticarət
Limanı kompleksinin təməlqoyma mərasimi
keçirilmişdir
Prezident İlham Əliyev
mərasimdə iştirak etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Ələt qəsəbəsinin ərazisində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin təməlqoyma mərasimində iştirak etmişdir.
Mərasim iştirakçıları dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Əvvəlcə kompleksin layihəsinin təqdimatı oldu.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verərək dedi:
- Möhtərəm cənab Prezident!
Hörmətli qonaqlar! Əziz dostlar!
Zati-aliləri!
Ali diqqətinizə məruzə edirəm ki, 2007-ci ilin oktyabrında imzaladığınız sərəncamın icrasını təmin etmək məqsədilə Azərbaycan hökuməti tərəfindən lazımi tədbirlər həyata keçirilmişdir. Nəticədə Bakı şəhərində nəqliyyat infrastrukturunun yeniləşdirilməsi, Azərbaycanın tranzit potensialının artırılması üçün Nəqliyyat Nazirliyi tərəfindən Niderlandın "Royal Haskoning" şirkəti ilə müqavilə imzalanmış və Hollandiya şirkəti tərəfindən layihələndirmə işlərinə başlanılmışdır. Hazırda layihələndirmə işi başa çatmışdır. Zati-aliləri, icazənizlə, həmin layihənin videomaterialını ali diqqətinizə təqdim edərdik.
* * *
Yeni liman kompleksinin ümumi mənzərəsini əks etdirən videomaterial nümayiş olundu.
Yeni liman Bakının Qaradağ rayonunun Ələt qəsəbəsinin ərazisində inşa ediləcəkdir. Liman kompleksinin ərazisi 400 hektar nəzərdə tutulur. Tikinti işləri üç mərhələdə aparılacaqdır. Birinci mərhələ 3 il 6 ay ərzində reallaşdırılacaqdır. İlkin mərhələdən sonra liman kompleksində ildə 10 milyon tona qədər yük və TEU standartlarında 40 min konteyner işləniləcəkdir. İkinci mərhələdə bu rəqəmlər müvafiq surətdə 17 milyon tona və 150 min konteynerə çatdırılacaqdır. Üçüncü mərhələdə isə limanın yükaşırımı gücü ildə 25 milyon tona və 1 milyon konteynerə bərabər olacaqdır.
Layihə çərçivəsində avtomobil və dəmiryolları, giriş kanalı, körpülər, bərə terminalı, quru yük terminalı, konteyner sahəsi və sair inşa olunacaqdır.
Dövlətimizin başçısı mərasimdə çıxış etdi.
Azərbaycan.- 2010.- 4 noyabr.- S. 1.