Prezident İlham Əliyevin
çıxışı
- Əziz
dostlar, bu gün tarixi bir gündür. Bakıda, Ələt
qəsəbəsində yeni Beynəlxalq Dəniz Ticarət
Limanının təməl daşını qoyuruq. Bu gözəl hadisə münasibətilə
hamınızı ürəkdən təbrik edirəm. Əminəm ki, yaxın zamanlarda burada, bu boş ərazidə
möhtəşəm, müasir, ən yüksək
standartlara cavab verən ticarət limanı
yaradılacaqdır.
Ticarət
limanının yaradılması ilə bağlı işlər
gedir. Layihələndirmə işləri
görülmüş, yerin seçilməsi ilə
bağlı tədqiqatlar aparılmışdır. Bütün bu işlər təqdimatda çox əyani
şəkildə göstərilib. Bu yerin
seçilməsi də təsadüfi xarakter
daşımır. Həm dənizin bu hissəsindəki
məqbul şərait, eyni zamanda, ərazinin bütün
magistral avtomobil yolları ilə bağlı olması, əlbəttə
ki, bu yerin seçilməsində xüsusi rol
oynamışdır. Bakının bu
bölgəsindən şimal, cənub və qərb istiqamətlərinə
çox rahatlıqla avtomobil bağlantısı vardır və
dəmiryolunun mövcudluğu, əlbəttə ki, bu yerin
seçilməsində mühüm rol oynamışdır.
Bir sözlə,
mən əminəm ki, yaxın zamanlarda, yəni, nəzərdə
tutduğumuz vaxtda Xəzər dənizində böyük, əzəmətli
və çox funksional yeni liman tikiləcəkdir. Buna
böyük ehtiyac vardır. Çünki
hazırkı Bakı Ticarət Limanı tələblərimizə
cavab vermir. Bu liman şəhərin mərkəzində
yerləşir və əlbəttə ki, sakinlər
üçün problemlər yaradır. Nəzərə
alsaq ki, hazırda Bakının bulvar hissəsinin genişləndirilməsi
və uzadılması layihəsi işlənilir, limanın bu
əraziyə köçürülməsi şəhər
sakinlərinin gəzinti və istirahəti üçün
yeni imkanların yaradılmasına gətirib
çıxaracaqdır.
Digər tərəfdən,
bugünkü Bakı Dəniz Ticarət Limanı keçən
əsrin 30-cu illərində tikilmişdir və sonralar müəyyən
mərhələlərdə rekonstruksiya işləri
aparılmışdır. Ancaq hazırda Azərbaycanın
nə indiki, nə də ki, gələcək
inkişafının tələblərinə uyğun deyildir.
Ona görə limanın bu ərazidə
yaradılmasının əsas məqsədi Azərbaycanda nəqliyyatın
təhlükəsizlik məsələlərini uğurla həll
etmək, Bakını Xəzər hövzəsində
çox müasir və böyük logistika, nəqliyyat mərkəzinə
çevirmək, Xəzəryanı ölkələr
arasındakı əməkdaşlığı dərinləşdirmək
və nəticədə Şimal-Cənub və Şərq-Qərb
nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə
şərait yaratmaqdır.
Digər tərəfdən,
Azərbaycanda son illər bütün işlər dünya
standartları səviyyəsində görülür. Biz
bütün böyük investisiya layihələrinə
çox ciddi yanaşırıq, böyük təhlillər
aparılır, xarici mütəxəssislər cəlb olunur.
Bu limanın layihələndirilməsində
dünyanın tanınmış xarici şirkəti fəal
iştirak etmişdir. Yəni, bizim
yanaşmamız bundan ibarətdir ki, Azərbaycanda yaradılan
bütün infrastruktur dünya standartlarına cavab verməlidir
və uzunmüddətli əhəmiyyət
daşımalıdır. Tikiləcək dəniz
limanı onilliklər bundan sonra da Azərbaycana xidmət
göstərəcək və beləliklə, iqtisadi
gücümüzü artıracaqdır.
Mən
çox şadam ki, dəniz ticarət limanının fəaliyyətə
başlaması nəticəsində, eyni zamanda, birinci mərhələdə
1400, üçüncü mərhələdə 3 min Azərbaycan
vətəndaşı işlə təmin olunacaqdır. Bu,
özlüyündə böyük sosial məsələlərin
həllinə gətirib çıxaracaqdır. Xüsusilə Ələt qəsəbəsində
yaşayan vətəndaşlar burada işləyəcəklər,
öz xidmətlərini göstərəcəklər. Bir sözlə, Bakının bu ucqar hissəsi
inkişaf edəcək, burada sürətli canlanma prosesi
başlanacaqdır.
Azərbaycanın
coğrafi vəziyyəti belədir ki, biz bütün
yolların kəsişməsində yerləşirik. Bu, bizim
üstünlüyümüzdür.
Ancaq, sadəcə
olaraq, əlverişli coğrafi vəziyyət hələ o
demək deyil ki, bu və ya digər şəhər, yaxud da
ölkə regional mərkəzə çevrilə bilər. Məhz
infrastruktur layihələri, xüsusilə son illər ərzində
nəqliyyat sektoruna qoyulan vəsait və aparılan işlər
Bakını artıq nəqliyyat baxımından regional mərkəzə
çeviribdir. Yeni limanın işə
düşməsi nəticəsində əlbəttə ki, bu
məsələlərdə rolumuz daha da artacaqdır. Nəzərə almalıyıq ki, tikiləcək
liman dünya miqyasında mövcud olan ən böyük
limanların sırasında özünəməxsus yer alacaq
və beləliklə, Azərbaycan beynəlxalq aləmdə
bu sahədə də özünü bir daha göstərəcəkdir.
Biz gələcəkdə
Xəzər dənizində əməkdaşlığın
dərinləşməsi və iqtisadi islahatların
aparılması nəticəsində daha da fəal əməkdaşlıq
gözləyirik. Xəzəryanı ölkələrdə
iqtisadi inkişaf sürətlə gedir. Bu
ölkələr, yəni qonşularımızla Azərbaycan
arasında çox səmərəli dostluq münasibətləri
mövcuddur. Bu ay Bakıda Xəzəryanı ölkələrin
dövlət başçılarının zirvə
görüşü keçiriləcəkdir. Ümid
edirəm ki, zirvə görüşünün nəticələri
uğurlu olacaq və bütün ölkələr arasında
əməkdaşlığın dərinləşməsinə
xidmət göstərəcəkdir. Bu
ölkələrin çox güclü iqtisadi və sənaye
potensialı vardır. Xəzəryanı
ölkələrdə təbii ehtiyatlar mövcuddur və
enerji təhlükəsizliyi baxımından bu ölkələr
dünya miqyasında əvəzolunmaz rol oynayır. Biz çalışırıq ki, enerji
resurslarının işlənilməsi sahəsində əməkdaşlığımız
daha da dərinləşsin.
Nəqliyyat
infrastrukturu olmadan bu layihələrin həyata keçirilməsi
mümkün deyildir, məhz ona görə biz öz
coğrafi vəziyyətimizdən çox səmərəli
istifadə etməliyik və edirik. Azərbaycanda
güclü nəqliyyat infrastrukturu yaradılır. Bu gün artıq ölkəmizi üç qonşu
dövlətlə bağlayan müasir avtomobil yolları
tikilir, şimal və qərb istiqamətində bu işlər
demək olar ki, tamamlanır. Bu magistral
avtomobil yolları yaxın zamanlarda tam şəkildə
istismara veriləcəkdir. Cənub istiqamətində
işlər gedir və ümid edirəm ki, iki il
ərzində cənub avtomobil yolu da yüksək standartlara
uyğun olmaq şərti ilə istismara veriləcəkdir.
Azərbaycanda
dəmiryolu nəqliyyatına böyük investisiyalar
qoyulacaqdır, xüsusi proqram qəbul edilib. Bu günə
qədər işlər yüksək səviyyədə
aparılır, ancaq əsas işlər növbəti illərdə
görüləcəkdir. Hava nəqliyyatına
böyük investisiyalar qoyulubdur. Azərbaycanda
dörd beynəlxalq aeroport fəaliyyət göstərir və
bu aeroportların tikintisi son illər ərzində sürətlə
getmişdir.
Azərbaycanda
dəniz nəqliyyatı böyük tarixə və ənənələrə
malikdir. Xəzər hövzəsində Azərbaycan dənizçiləri
xüsusi fəaliyyətə malikdirlər və son illər ərzində
tankerlər, quru yük gəmiləri
alınmışdır. Beləliklə, Xəzərdə
rolumuz artmaqdadır. Yəni, bütün nəqliyyat
infrastrukturunun genişləndirilməsi və möhkəmləndirilməsi
sahəsində çox fəal və böyük işlər
görülmüşdür.
Bu məqsədlər
üçün böyük investisiyalar qoyulmuşdur. Deyə bilərəm
ki, investisiyaların böyük hissəsini Azərbaycan
dövlətinin vəsaiti təşkil etmişdir. Eyni zamanda, biz beynəlxalq maliyyə qurumları ilə
əməkdaşlıq edirik.
Azərbaycanın
ümumi iqtisadi inkişafı və maliyyə ehtiyatları
bizə imkan verir ki, xarici maliyyə qurumlarından istənilən
məbləğdə maliyyə resurslarını ölkəmizə
gətirək.
Beləliklə, beynəlxalq maliyyə
qurumları ilə əməkdaşlığımız daha
da dərinləşir.
Hesab edirəm
ki, biz hazırda bölgə və Avropa qitəsi
üçün çox vacib olan dəmiryolu layihəsi
üzərində fəal işləyirik. Bakı-Tbilisi-Qars
dəmiryolu tikilir. Bu layihə bildiyiniz
kimi, uzun illər ərzində müzakirə mövzusu idi.
Fəqət, ciddi praktiki addımlar
atılmamışdı. Ancaq son illərdə
üç ölkənin birgə səyləri nəticəsində
bu layihənin həyata keçirilməsi üçün praktiki
addımlar atılmışdır, Azərbaycan öz tərəfindən
maliyyə resurslarını cəlb etmişdir. Bu gün Bakı-Tbilisi-Qars dəmiryolu uğurla
tikilir. Əminəm ki, vaxtilə bu layihədən
kənarda qalan ölkələr o, həyata keçiriləndən
sonra onun imkanlarından bəhrələnəcəklər.
Ən
başlıcası bu layihə Azərbaycanın nəqliyyat
imkanlarını böyük dərəcədə
artıracaq, regional nəqliyyat mərkəzi kimi rolumuzu daha da
gücləndirəcək, Avropanı Asiya ilə etibarlı və
keyfiyyətli dəmiryolu ilə birləşdirəcəkdir. Yəni,
bütün bu amillər bizə diktə edirdi ki, mütləq
Azərbaycanda yeni, müasir dəniz ticarət limanı tikilməlidir.
Görülən bu işlərin cədvəli
və sürət templəri bir-biri ilə
bağlıdır. Ümid edirəm ki, bu
layihələr nəzərdə tutduğumuz vaxtda icra ediləcəkdir.
Beləliklə, bölgədə nəqliyyat sahəsində
tamamilə yeni vəziyyət yaranacaqdır. Bu vəziyyəti biz yaradırıq, praktiki
addımlarımızla, düşünülmüş siyasətimizlə.
Azərbaycanın artan iqtisadi imkanları bu
reallıqları təşkil edir. Əgər
maliyyə imkanlarımız olmasaydı, biz bu böyük
layihələri heç vaxt icra edə bilməzdik. Bakı-Tbilisi-Qars dəmiryolu Azərbaycan tərəfindən
böyük maliyyə dəstəyi almaqla icra edilir.
Bu möhtəşəm
dəniz limanının tikintisinə 100 milyonlarla manat vəsait
xərclənəcəkdir. Təqdimatda göstərildi ki, bu
proses üç mərhələdən ibarət
olacaqdır. Birinci mərhələnin başa
çatması ilə bağlı bütün məsələlər
nəzərə alınıb. Gələn
ilin investisiya proqramında bunun üçün kifayət qədər
vəsait nəzərdə tutulub. Bizim
texniki imkanlarımız var və əminəm ki, bu işləri
vaxtında görəcəyik. Beləliklə,
bu liman 2014-cü ilə qədər fəaliyyətə
başlayacaqdır. Birinci mərhələdə,
təqdimatda göstərildiyi kimi, bu limandan 10 milyon ton əlavə
yük keçəcəkdir. Gələcəkdə
ehtiyac olarsa, limanın yükaşırma qabiliyyəti ən
azı iki dəfə və bundan da çox arta bilər.
Mən hesab edirəm
ki, Azərbaycanın uğurlu iqtisadi inkişafı, artan
imkanlarımız və qonşu ölkələrdə nəzərdə
tutulan layihələr bizə imkan verəcək ki, limanın
tikintisində, sadəcə olaraq, birinci mərhələ ilə
fəaliyyətimizi məhdudlaşdırmayaq. İkinci, üçüncü mərhələlər
də olacaqdır. Ancaq əlbəttə
ki, bunu təmin etmək üçün yüklərin həcmi
daha da artmalıdır.
Xəzər
dostluq, əməkdaşlıq dənizidir. Biz Xəzərdə
fəaliyyətimizi bu nöqteyi-nəzərdən gerçəkləşdiririk.
Əminəm ki, Xəzəryanı ölkələrin
uğurlu inkişafı, eyni zamanda, bu bölgədə əməkdaşlığın
dərinləşməsinə xidmət göstərəcəkdir.
Bu gün,
doğrudan da, çox əlamətdar bir gündür. Çünki
biz bu gün çox böyük əhəmiyyətə malik
olan layihənin başlanmasını qeyd edirik. Bu dəniz ticarət limanı, əlbəttə ki,
Azərbaycana xidmət edəcəkdir. Ancaq
bir daha demək istəyirəm ki, bu limanın əhəmiyyəti
təkcə bir ölkənin maraqları ilə
ölçülmür. Bu liman əminəm
ki, iqtisadi inkişafa böyük təkan verəcək,
imkanlarımızı, Azərbaycanın etibarlı tərəfdaş
kimi rolunu daha da artıracaq və onilliklər bundan sonra da
xalqımıza xidmət edəcəkdir.
Biz vaxtilə
enerji dəhlizinin açılması nəticəsində
bölgədə əməkdaşlığın yeni mərhələsinə
qədəm qoyduq. Bu gün Azərbaycanın təşəbbüsü
ilə həyata keçirilən nəhəng enerji layihələri
təkcə bizim üçün gəlir mənbəyi deyildir.
Bu, eyni zamanda, regional əməkdaşlıq
baxımından da çox böyük əhəmiyyət kəsb
edir. Bu, yeni yolların, yeni xətlərin
açılmasına gətirib çıxarıbdır və
bir layihənin ardınca digər layihələr də həyata
keçirilməyə başlanmışdır. Enerji dəhlizi açılandan sonra dərhal onun
ardınca nəqliyyat dəhlizi də açılır.
Beləliklə, Azərbaycanın həm enerji,
həm nəqliyyat təhlükəsizliyi tam şəkildə
təmin olunacaqdır.
Mən ümid
edirəm ki, nəzərdə tutduğumuz bütün vəzifələr
vaxtında və böyük keyfiyyətlə icra ediləcəkdir. Bir daha demək
istəyirəm ki, biz bu layihəyə çox böyük
diqqətlə, həssaslıqla yanaşmışıq.
Bu gün Azərbaycanın tikinti sektorunda
ölkə əhəmiyyətli böyük layihələrə
ən müasir yanaşma tətbiq olunur. Tələsmədən,
hər şey dəqiq ölçülüb-biçilir, tədqiqatlar
aparılır, dünyanın aparıcı xarici mütəxəssisləri
bu işlərə cəlb olunur və bütün işlər
əsaslı görülür. Biz
dünyada mövcud təcrübəni bilirik və öyrənirik.
Ona görə mən heç şübhə
etmirəm ki, burada yaradılacaq liman dünya səviyyəsində
olacaq, bu gün fəaliyyət göstərən limanlar
arasında öz gözəlliyi və funksional mahiyyəti ilə
fərqlənəcəkdir.
Mən, əziz
dostlar, bir daha sizi bu gözəl hadisə münasibətilə
ürəkdən təbrik etmək istəyirəm. Bu, ölkə
tarixində çox əhəmiyyətli hadisədir. Bu gün və 2014-cü ildə limanın istismara
veriləcəyi gün Azərbaycan tarixinə
yazılacaqdır. Biz və gələcək
nəsillər bu gözəl işlərin nəticələrini
görəcəyik. Azərbaycan daha da
güclü dövlətə çevriləcəkdir, bizim
bölgədəki mövqelərimiz daha da möhkəmlənəcək,
regional əməkdaşlıq daha da sürətlə gedəcək
və biz yeni qələbəni əldə edəcəyik.
Bir daha sizi təbrik edirəm, sizə yeni
uğurlar arzulayıram. Sağ olun.
***
Layihənin təqdimat
mərasimindən sonra Prezident İlham Əliyev yeni limanın
təməlini qoydu. Dövlətimizin başçısı
kapsulu bünövrəyə buraxdı, beton
qarışığı tökən qurğunun düyməsini
basdı.
Sonra Prezident İlham Əliyev
limanın ərazisi ilə tanış
oldu.
Dövlətimizin
başçısına məlumat verildi ki, Bakını Azərbaycan-İran
sərhədi ilə əlaqələndirən
avtomagistralın 66-cı kilometrliyində, həmçinin
Bakını Gürcüstan və digər istiqamətlərlə
əlaqələndirən avtomobil və dəmiryolu xətlərinə
yaxın ərazidə, Xəzər dənizi sahilində yerləşməsi
yeni limanın əhəmiyyətini daha da artırır. Limanın ərazisi sahildən təqribən 4
kilometr məsafədə yerləşən və təbii
dalğaqıran rolunu oynayan Gil adası vasitəsilə
böyük dalğalardan qorunur.
Limanın ərazisi ilə
yaxından tanış olan Prezident
İlham Əliyev tapşırıq və tövsiyələrini
verdi.
AzərTAc
Azərbaycan.- 2010.- 4 noyabr.- S. 1, 2.