Nazirlər Kabinetində görüş

 

AzərTAc xəbər verir ki, noyabrın 3-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri Vecdi Gönülün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Türkiyənin Azərbaycan üçün qardaş ölkə olduğunu deyən A.Rasizadə dövlətlərimiz arasında bütün sahələrdə, o cümlədən müdafiə sahəsində əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, Azərbaycanın müstəqilliyinin ilk illərində ordu quruculuğu sahəsində Türkiyənin böyük dəstəyi olmuşdur və bu işlər indi də uğurla davam edir. Mən əminəm ki, sizin səfəriniz, aparacağınız danışıqlar bu sahədə əməkdaşlığı daha da gücləndirəcəkdir. Baş nazir Azərbaycanın müdafiə sahəsinin gücləndirilməsinə böyük əhəmiyyət verdiyini vurğulamış, ölkənin hərbi qüdrətinin daha da möhkəmləndirilməsi istiqamətində işlərin davam etdiriləcəyini diqqətə çatdırmışdır.

Türkiyənin milli müdafiə naziri Vecdi Gönül Bakıda olmasından məmnunluğunu bildirərək ölkəsinin Baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycan hökumətinin başçısına çatdırmışdır. Türkiyənin Azərbaycanla əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verdiyini söyləyən V.Gönül ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlığın daim dərinləşdiyini nəzərə çatdırmış, bu sahədə əlaqələrimizin bundan sonra daha da möhkəmlənəcəyinə əminliyini ifadə etmişdir.

 

 

Azərbaycan.- 2010.- 4 noyabr.- S.2.