GORUS - 2010: ABSURD TEATRI MÖVSÜMÜ

 

Biz 2010-cu il oktyabrın 16-da erməni absurd teatrının səhnəsində növbəti tamaşanın şahidi olduq. Bu dəfə tamaşa Yerevandakı teatr səhnəsində deyil, Gorus şəhərində göstərilirdi. Tamaşanın baş qəhrəmanı hansısa sıravi artist deyil, Ermənistan prezidenti Serj Sarkisyanın özü idi - bəli, 1992-ci ilin fevralında Xocalı soyqırımının, Dağlıq Qarabağın və ona bitişik ərazilərin azərbaycanlı əhalisinə qarşı etnik təmizləmələrin əsas təşkilatçılarından biri olmuş Serj Sarkisyan. Bu dəfə özünü akademik kimi göstərməyə çalışan prezident teatr səhnəsindən bütün elm aləmini tarix elmində "yeni kəşflər"lə heyrətləndirməyi qərara almışdı. Erməni diasporunu təmsil edən jurnalistlər qarşısında Sarkisyanın çıxışının "şedevrləri"ndən biri ondan ibarət idi ki, guya "tərkibində bircə nəfər də erməni olmayan genetik və linqvist alimlərin "hansısa böyük bir qrupu" uzun müddət mürəkkəb bir tədqiqat aparmışdır. Son nəticələrə görə, erməni dilinin ən azı səkkiz minillik tarixi vardır. Bu o deməkdir ki, biz bir millət kimi ən azı səkkiz min ildir mövcuduq". Etiraf etmək lazımdır ki, Lısenko genetikanı təqib etməyə başladığı dövrdən bu yana dünya elmində genetikanın bu və ya digər dilin yaşını müəyyən etmək qabiliyyəti kimi sensasiyalı bir kəşf eşidilməmişdir. Bu başabəla alim nə qədər canfəşanlıq etsə də, bu "yeni pyes"ə ciddilik əlaməti verməyə və bu məzhəkənin kobudluğunu gizlətməyə nail ola bilməmişdir. Lakin prezidentliyinin legitimliyi hətta erməni cəmiyyətinin özü tərəfindən də şübhə altına alınan Serj Sarkisyan coşaraq Gorus teatrının səhnəsindən erməni cəmiyyətinin layiq olduğu siyasi liderin obrazından daha çox özünün şəxsi daxili mədəniyyətinin və savadının səviyyəsini əks etdirən bir sıra kəskin bəyanatlar verməyi də özünə rəva bilmişdir.

Lakin prezidentliyinin legitimliyi hətta erməni cəmiyyətinin özü tərəfindən də şübhə altına alınan Serj Sarkisyan coşaraq Gorus teatrının səhnəsindən erməni cəmiyyətinin layiq olduğu siyasi liderin obrazından daha çox özünün şəxsi daxili mədəniyyətinin və savadının səviyyəsini əks etdirən bir sıra kəskin bəyanatlar verməyi də özünə rəva bilmişdir.

Əsrlər boyu Azərbaycan xalqı ilə yanaşı yaşamış və taleyinə bundan sonra da onunla qonşuluq etmək yazılmış erməni xalqı, heç şübhəsiz, əyalət sakini səviyyəsində mənasız çıxışlar etməklə təkcə özünü deyil, abırlı vətəndaşların bədbəxtliyindən, təmsil etdiyi cəmiyyəti də gülünc vəziyyətə salmayan daha yaxşı rəhbərə layiqdir.

Serj Sarkisyan erməni diasporunu təmsil edən jurnalistləri Ermənistana dəvət edib bu şansdan yararlanmaq, onları regionda baş verən hadisələri obyektiv və qərəzsiz işıqlandırmağa çağırmaq əvəzinə, görüşə öz dar təfəkkürünə uyğun yanaşaraq "prezident" tapşırığını vermişdir: tarixi faktları tanınmaz dərəcədə təhrif etmək, tarixi onun dediyi tərzdə yenidən yazmaq, elmi mənbələrə əhəmiyyət verməmək, onların əvəzinə isə Sarkisyanın təklif etdiyi mif və uydurmalara əsaslanmaq. Sağlam akademik mühitdə dövlət rəhbəri, adətən, elmi tədqiqat prosesinə müdaxilə etmir, alimlərin aktual problemləri öyrənmələrinə və əldə olunmuş nəticələrin sonradan dərc edilməsinə və geniş müzakirəsinə şərait yaradır. Bu nəticələr peşəkar, hərtərəfli, qərəzsiz – bu məqam da az əhəmiyyət kəsb etmir – mövcud mənbələr bazasının bütün kompleksinin tənqidi təhlili əsasında, bəzi mənbələri fərqləndirmədən, digərlərinə məhəl qoymadan aparılmış təhlil əsasında alınmalıdır. Ermənistanda isə rəhbərlər, deyəsən, tədqiqat işinin mədəniyyətinə və bu məsələyə bütün dünyada qəbul edilmiş elmi yanaşma ilə tanış deyillər. Burada ölkəyə gəlmiş qonaqlara – onların arasında bəlkə də öz işinin həqiqi peşəkarları da vardı – elmi mühitdə gülməli, dövlət başçısının dilindən eşidildikdə isə, ümumiyyətlə, biabırçı səslənən tamamilə başqa metodlardan istifadə etmək məsləhət görülür.

Ermənistan dövlətinin başçısı həmin tədbirə toplaşmış auditoriyadan daha çox ətraf aləmə ünvanlanmış mesaj göndərərək əsla utanıb çəkinmədən oradakı adamlara bildirmişdir ki, həmin tədqiqatın yekunları, ümumiyyətlə, hazırdır və indi alimlərin bütün işi həqiqət axtarışına deyil (həqiqət artıq tapılmışdır!), yalnız onun və komandasının əvvəlcədən hazırladığı təbliğat şüarlarını təsdiq etməyə yönəldilməlidir, hətta çoxsaylı faktlar və sənədlər həmin şüarlara zidd olsa belə. Elmin siyasi məqsədlərə (bəzən də, ümumiyyətlə, miflərə) tabe edilməsi normal hal sayılan ölkədə dövlət başçısının dilindən bu günlərdə Gorusda səslənənlərə bənzər bəyanatların verilməsi mümkündür.

Yetmiş il bundan əvvəl alman alimləri və üçüncü Reyxin liderləri ari irqin müstəsnalığı barədə buna oxşar "qiymətli direktivlər" vermişdilər. Bir millətin başqalarından üstünlüyü, birinin qədim və təmizqanlı, digərlərinin gəlmə və qarışıq olması barədə söhbətlərin nə ilə nəticələnməsi hamıya yaxşı məlumdur. Təəssüf ki, öz xalqını təxminən eyni fəlakətli istiqamətə sürükləyən bugünkü Ermənistanın rəhbərləri yaxın tarixdən ibrət dərsi almamışlar.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi barədə danışıqlar prosesinin davam etdiyi və bu münaqişənin təqsirkarı olan Ermənistanın 1975-ci il Helsinki Yekun Aktının müddəalarına əsaslanan yenilənmiş Madrid prinsiplərini qəbul etməsini hamının səbirlə gözlədiyi bir vaxtda, beynəlxalq təşkilatlar və dünyanın aparıcı ölkələrinin parlamentləri bir-birinin ardınca Azərbaycanın ərazi bütövlüyünü, Dağlıq Qarabağın Azərbaycana mənsub olmasını, millətlərin öz müqəddəratını təyin etməsi prinsipinin özbaşına interpretasiya edilməsinin yolverilməzliyini, Ermənistanın işğal etdiyi əraziləri azad etməsinin və məcburi köçkünlərin öz evlərinə qaytarılmasının zəruriliyini təsdiq edən qətnamələr qəbul etdiyi bir vaxtda, Serj Sarkisyan bütün bu sənədləri inadkarcasına görmədən və beynəlxalq birliyin mövqeyinə məhəl qoymadan, diaspordan olan qonaqlarına məsləhət görür ki, onlar öz səylərini "ikinci erməni dövlətinin, Dağlıq Qarabağ respublikasının təşəkkülünə, möhkəmlənməsinə, inkişafına və beynəlxalq aləmdə tanınmasına" yönəltsinlər. Ermənistan prezidenti ətrafına nəzər salmaq, beynəlxalq aləmdə təklənməsini dərk etmək və nahamar taxtaya vurulmuş mismarı çəkib çıxarmağa başlamaq əvəzinə, həmin mismarı sona qədər vurmağa çağırır, başa düşmür ki, gələcəkdə bu səhvlərin düzəldilməsi indikindən daha ağrılı olacaqdır. Ermənistan özünü dalana nə qədər çox təpirsə, oradan çıxmaq bir o qədər uzun və çətin olacaqdır. Buna görə bütün məsuliyyəti dövlətin rəhbərləri daşıyacaqlar.

"İkinci (sonra isə üçüncü, dördüncü...) erməni dövləti"nin hansı beynəlxalq miqyasda tanınmasından söhbət gedə bilər və Ermənistanın rəhbərləri öz həmvətənlərini necə saxta ümidlərlə yaşadırlar ki, beynəlxalq birlik özünün çoxsaylı qətnamələri ilə artıq birmənalı şəkildə bildirmişdir ki, bu, heç vaxt olmayacaqdır! Ermənistan rəhbərliyi nəyə ümid edir? Möcüzəyəmi? Bəlkə də onlar ümid edirlər ki, nümayiş etdirdikləri hədsiz tərsliyin qarşısında nə Azərbaycan, nə də dünya birliyi davam gətirəcəkdir? Bu illüziyadan yaxa qurtarmağın vaxtı çatmamışdırmı?

1980-ci illərin avantüristləri özlərinin dardüşüncəli həmvətənlərini Yerevanın və Xankəndinin küçə və meydanlarına çıxararkən "miatsum" utopiyasının perspektivsiz və puç olmasını o vaxt başa düşməmişdilərsə, indi Ermənistan rəhbərlərinin bu faciəli səhvi başa düşməsinin vaxtı çatmamışdırmı? Ölkənin indiki liderləri, elə sadə ermənilər də fikirləşirlərmi ki, əgər həmin illərdə "Krunk" və "Qarabağ" komitələrindən olan saxta patriotlar öz xalqını bu mənasız avantüraya cəlb etməsəydilər, Cənubi Qafqaz regionu bu gün necə olardı? Şübhə yoxdur ki, bu region üç ölkənin sıx inteqrasiya etdiyi nümunəvi region olardı, orada insanın milliyyətinin elə bir böyük əhəmiyyəti olmazdı və hər kəs öz identikliyini qoruyub saxlamaq, xalqlar isə öz mədəniyyətini inkişaf etdirmək imkanına malik olardı. Bəs bu avantüristlər nəticə etibarilə nəyə nail oldular? Onlar mənasız müharibədən, minlərlə taleyin qırılmasından, milyonlarla qaçqından, dağıntılardan, geniş sahələrin becərilmək əvəzinə minalanmasından, sosial xərclər əvəzinə hərbi xərclərin artırılmasından başqa heç nəyə nail olmamışlar – Dağlıq Qarabağı Ermənistana birləşdirmək mümkün olmamışdır və heç vaxt mümkün olmayacaqdır – nə 20 il bundan əvvəl, nə bu gün, nə də 100 ildən sonra. Nə birbaşa, nə də qondarma "müstəqillik" sayəsində. Nəhayət, bu səhvi başa düşmək və diasporu təmsil edən jurnalistlərə daha ağıllı məsləhətlər vermək vaxtı çatmamışdırmı?!

Serj Sarkisyan Gorusdakı çıxışında hiddətlənmişdir ki, Stepan Şaumyanı Azərbaycanda "bandit" adlandırırlar. Lakin ermənilərə himayədarlıq edən və onlar üçün dövlət yaratmış kommunizm rejimi artıq tarixi keçmişdə qalmışdır. Bu gün biz öz keçmişimizdə baş vermiş hadisələri dərk etməkdə azadıq. Bu işdə arxiv materialları bizə kömək edir. Prezident Serj Sarkisyan keçmişə aid ideoloji mətnlərdən gətirdiyi sitatlarla pərdələnməyə nə qədər çalışsa da, faktları inkar etmək olmaz. XX əsrdə Azərbaycan xalqının tarixinin ən faciəli səhifələrindən biri Stepan Şaumyanın adı ilə bağlıdır. S.Şaumyan bolşevizm hərəkatının bayrağı altında çıxış edərək faktiki "Daşnaksütyun" partiyasının proqramını həyata keçirirdi. Bu partiyanın strateji məqsədi isə Azərbaycan və Türkiyə ərazilərinin xeyli hissəsində erməni dövləti yaratmaq idi. Bu məsələni yalnız azərbaycanlı və türk əhalinin qırılması hesabına həll etmək mümkün idi. Ermənilərin rəhbərləri də bu imkandan istifadə etmişlər.

1918-ci il yanvarın 11-də Rusiya bolşevik hökumətinin "Rusiya tərəfindən işğal edilmiş Türkiyə Ermənistanında yaşayan ermənilərin tam müstəqillik də daxil olmaqla öz müqəddəratını azad təyin etmək hüququ"nu dəstəkləyən dekreti dərc ediləndən sonra S.Şaumyan birdəfəlik erməni ekspansionizmi yolunu tutmuşdur. S.Şaumyanın ikili partiya mənsubiyyəti faktı onu izah edir ki, 1918-ci ilin mart-aprel aylarında azərbaycanlı əhalinin kütləvi şəkildə qırılmasını təşkil edərkən daşnak silahlı dəstələrindən istifadə etmişdir. S.Şaumyan sonralar etiraf etmişdir: "Biz bəhanədən istifadə etdik... və bütün cəbhə boyu hücuma keçdik... Bizim 6 min nəfərə yaxın silahlı qüvvəmiz vardı. "Daşnaksütyun"un 3-4 min nəfərə yaxın milli hissəsi də bizim sərəncamımızda idi. Sonuncuların iştirakı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri verirdi, lakin bundan yaxa qurtarmaq mümkün deyildi. Biz bilərəkdən buna gedirdik. Əgər onlar (yəni, azərbaycanlı siyasi qüvvələr) Bakıda üstünlük təşkil etsəydi, şəhər Azərbaycanın paytaxtı elan ediləcəkdi"1.

Nəticədə üç gün ərzində – 1918-ci il martın 30-dan aprelin 1-dək bolşevik-daşnak qoşunları Bakıda 12 mindən çox azərbaycanlını milli mənsubiyyətə görə məhv etmişdir. Bütün bunlardan sonra S.Şaumyanı azərbaycanlıların soyqırımının əsas təşkilatçısı hesab etməmək olarmı?

Gorus görüşündə jurnalistləri "Arsax haqqında həqiqi və obyektiv məlumatı" dünya birliyinə çatdırmağa, "həqiqəti fəal göstərməyə", "gerçəkliyə bəzək-düzək vurmamağa" çağırmışlar. Yaxşı məsləhətdir, mübahisə etməyə dəyməz. Lakin hər dəfə müəyyən xarici telekanal və ya mətbu nəşr əsl həqiqəti – erməni talançılar tərəfindən dağıdılmış və yandırılmış Şuşanı, Dağlıq Qarabağa bitişik yeddi rayonda məhv edilmiş və təhqir edilmiş mədəniyyət abidələrini, boşaldılmış kəndləri, Serj Sarkisyanın keçmiş həmkarları tərəfindən Xocalıda törədilmiş vəhşiliklər haqqında videokadrları bəzək-düzəksiz işıqlandıranda həm Ermənistanda, həm də diasporda dərhal hay-küy qaldırırlar, çünki bu, Ermənistan rəhbərliyinin və diasporun məqsədlərinə cavab vermir. Onlar "gerçəklik" deyəndə medalın yalnız bir üzünü başa düşürlər. Onlar "Arsaxın problemləri" və "bugünkü arsaxlının qayğıları" dedikdə yalnız etnik erməniləri başa düşür, Dağlıq Qarabağ sakinləri olan əhalinin az qala üçdəbir hissəsinin üstündən qələm çəkirlər. Əgər xarici jurnalistlər bu cür məsləhətlərə əməl edərək Dağlıq Qarabağ azərbaycanlılarının indi yaşadığı müvəqqəti qəsəbələrə baş çəksələr, öz doğma yurdlarına qaytarılmasını gözləyən bugünkü "arsaxlı"-azərbaycanlının qayğılarını bəzək-düzəksiz işıqlandırsalar, vəziyyətin nə dərəcədə naqolay olacağı aydın deyilmi? Ermənistan liderləri "obyektiv gerçəkliyi" özləri istədiyi kimi başa düşürlər. Onlar Göbbels kimi bu gerçəklikdə erməni olmayanlara yer olmadığını güman edirlər.

Serj Sarkisyan Gorusda Azərbaycanı, onun təbirincə desək, neftdən əldə edilən dollarları "yalan, saxtakarlıq və qara təbliğatın yayılmasına" xərcləməkdə təqsirləndirmiş və ermənilərin "bütün dünyadakı insan potensialını" buna qarşı qoyacağını vəd etmişdir. Ola bilsin ki, o, hansısa bir "məxfi silah" kimi ehtiyatda saxladığı "bütün dünyadakı insan potensialı" dedikdə, yəqin ki, bu yaxınlarda ABŞ-da ifşa edilmiş əslən Ermənistandan olan, qoca və imkansız adamları aldadaraq onların pullarını oğurlayan, həmin pulları isə korrupsiyaya qurşanmış konqresmenlərin seçki kampaniyasına kömək adı ilə onların pul gücünə ələ alınmasına xərcləyən böyük bir cinayətkar qrupu nəzərdə tuturmuş. Bütün bu illər ərzində ermənilər sıravi vergi ödəyicilərindən oğurladıqları pullar hesabına ələ aldıqları senatorların və Nümayəndələr Palatasının üzvlərinin dilindən Azərbaycan haqqında və regionda baş verən proseslər barədə ağlasığmaz yalanlar yayır, qara təbliğat aparırdılar. Məlum olmuşdur ki, bu kriminal şəbəkə Ermənistanın ali vəzifəli məmurlarına bağlıdır. O ki qaldı neftdən əldə olunan dollarların taleyi məsələsinə, Ermənistanın rəhbərlərinin bu barədə narahat olmasına dəyməz. Həmin pullar məktəblərin, xəstəxanaların, əsrlər boyu yaşadıqları yerlərdən məhz bu müharibədə özləri üçün siyasi karyera yaratmış və bu gün diaspor jurnalistlərinə artıq "qiymətli direktivlər" verən keçmiş səhra komandirləri tərəfindən qovularaq məcburi köçkün vəziyyətinə düşmüş insanlar üçün müvəqqəti qəsəbələrin tikintisinə xərclənir.

Jurnalistlərə ünvanlanmış bu cür xahişlərdən biri də Ermənistanın hakim rejiminə döyüş meydanında qazanılmış "qələbə"ni diplomatiya sahəsində möhkəmləndirməkdə kömək etməkdir. Bütün bu illər ərzində Ermənistanda hələ də başa düşməyiblər ki, Ermənistan qonşu dövlətə qarşı təcavüz törətməklə, onun ərazisini işğal etməklə, etnik təmizləmələr aparmaqla, şəhərləri və kəndləri vəhşicəsinə dağıtmaqla əslində qalib gəlməmiş, məğlub olmuşdur! O, yaranmış bu qədər fürsəti əldən verməklə sülhü uduzmuşdur. Bunu başa düşmək üçün bugünkü Azərbaycanı Ermənistanla müqayisə etmək, illər keçdikcə daha da çoxalacaq fərqi qiymətləndirmək kifayətdir. Ermənistan diplomatiya sahəsində tam məğlubiyyətə doğru gedir, bunun ardınca başqa xarakterli məğlubiyyət də ola bilər. Elə isə indi uçuruma yuvarlanan bu ölkənin rəhbərlərinin öz simalarını saxlaması və nə qədər gec deyil, vəziyyətdən ləyaqətlə çıxaraq labüd nəticədən yaxa qurtarmaq vaxtı çatmamışdırmı?

Bu gün Ermənistan özünü tamamilə təcrid etmişdir, nəqliyyat yolları və boru kəmərləri ondan yan keçir, onun dənizə çıxışı yoxdur, sərhədlərinin çox hissəsi bağlıdır və onun dörd sərhədindən ikisi bundan sonra da "qıfıllı" vəziyyətdə qalacaqdır. Daha hansı ölkənin sərhədlərinin 85 faizi onun öz təqsiri üzündən bağlıdır? Dünyada ikinci belə ölkə yoxdur. Ermənistanın əhalisinin sayı durmadan azalır. BMT İnkişaf Proqramının himayəsi altında dərc edilən İnsan Potensialının İnkişafı Haqqında Məruzədə göstərilir ki, hər il 23 mindən 27 minə qədər adam Ermənistanı tərk edir2. Ermənistanın qeyri-hökumət təşkilatlarının məlumatına görə isə 1991-ci ildən bəri 1,5 milyon nəfər bu ölkəni tərk etmişdir. İyirmi il bundan əvvəl Ermənistan Respublikasında, Arsaxda və Cavaxkda təqribən 3,7 milyon erməni yaşayırdı. Bu gün isə həmin ərazidə 2,2-2,3 milyon erməni yaşayır, yəni burada ermənilərin sayı 40 faiz azalmışdır. Başqa çarə tapmayan və mümkün qədər tezliklə mühacirət etməyə çalışan ölkə sakinlərinin demək olar ki, hamısı, hətta ali rütbəli dövlət məmurları, təhlükəsizlik orqanlarının generalları da "Green Card" Amerika lotereyası oynayırlar. Gellap xidmətinin məlumatlarından görünür ki, postsovet respublikalarından mühacirət etmək arzusunda olanların ən çoxu Ermənistanda yaşayanlardır – 39 faiz3. Belə getsə, tezliklə prezident özü də qaçacaqdır. Bütün iri müəssisələr artıq bu ölkəyə məxsus deyildir və dövlət borcunu ödəmək üçün satılmışdır. Ermənistan hər bir ölkədə dövlətçiliyin rəmzlərindən biri, milli qürur və nüfuz elementi olan dövlət sərhədlərini də özü müstəqil qorumağa qadir deyildir. Onun sərhədləri qorumaq üçün kifayət qədər hərbi qulluqçusu yoxdur. Bu vəziyyətdə o, hələ Azərbaycanın hesabına öz sərhədlərini genişləndirmək də istəyir. Nə üçün? Yenə də başqa ölkənin sərhədçilərindən bu sərhədləri qorumalarını xahiş etmək üçünmü? Ermənistan başqasının ərazisini işğal etmiş və onu məskunlaşdıra bilməmişdir. Ağır demoqrafik vəziyyətdə olan bu ölkə özü tezliklə əhalisiz qalacaqdır. Ermənilərin öz ölkəsini asanlıqla tərk etməsinin və başqa ölkələrə köçüb getməsinin səbəbini izah etmək çətin deyil – onlarda bu torpağa bağlılıq hissi yoxdur, çünki instinktiv səviyyədə gəlmə olduqlarını hiss edirlər. Buna görə də oranı asanlıqla tərk edirlər. Bundan əlavə, onlar yaxşı başa düşürlər ki, Azərbaycan xalqı öz torpaqlarını azad etmək məsələsində qətiyyətlidir, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyincə Ermənistanın rahat gələcəyi olmayacaq və hərbi əməliyyatlar həmişə gündəmdə qalacaqdır.

Azərbaycanın beynəlxalq nüfuzunun, iqtisadi və hərbi qüdrətinin artması fonunda Ermənistan hərbi blokun arxasında gizlənməyə çalışır. Halbuki Ermənistandan başqa bu blokun bütün üzvləri Azərbaycana dost ölkələrdir və onlar Ermənistanın işğalçı mahiyyətini başa düşürlər. Azərbaycanın müdafiə xarakterli cəmi iki kompleks ala biləcəyi barədə informasiya Ermənistan rəhbərliyini görünməmiş vahiməyə salmışdır. Onlar buna "qələbə" deyirlər? Qaliblər özlərini bu cür aparmır və başqa ölkələrdən xahiş etmirlər ki, onları məğlub olandan qorusunlar!

Bəlkə də Serj Sarkisyan "qələbə" dedikdə o əməliyyatı nəzərdə tutur ki, Ermənistanın yuxarı təbəqələrində, özlərinin etiraf etdiyi kimi, onun barəsində "bərkdən danışmamağı üstün tuturlar"4. Onunla birlikdə hərbi xidmət keçən yoldaşlarının Xocalı qaçqınlarının güllələnməsində iştirak etməsini bir neçə il bundan əvvəl britaniyalı jurnalistə etiraf etmiş, bu gün isə Azərbaycana qara yaxan, burada "informasiya yalanından və saxtakarlıqlardan" riyakarcasına "heyrətlənən" həmin Sarkisyan Azərbaycanın həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün artan səylərinə qarşı müvafiq xidmət yaradılması barədə təxminən bir il bundan əvvəl tapşırıq vermişdi. Yeni struktur qısa müddətdə ilk nəticəsini vermişdir: Xocalı sakinlərinin erməni hərbi qulluqçuları tərəfindən qırılması barədə Sarkisyanın özünün təhqiramiz: "Xocalı hadisələrinə qədər azərbaycanlılar fikirləşirdilər ki, bizimlə zarafat etmək olar, onlar güman edirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi sındırmağa nail olduq"5 etirafını inkar edən bir mif yaradılmışdır. Gorusda isə elə həmin Sarkisyan jurnalistlərə demişdir: "Yalan və saxtakarlıq hesabına uzağa getmək olmaz". Ermənistanın bugünkü rəhbərləri "həqiqət"i belə başa düşürlər.

"Azərbaycan özü müharibəyə başlamış, özü də uduzmuşdur" deyən Serj Sarkisyanın məsuliyyətsiz bəyanatının həyasızlığına mat qalırsan. Ermənistanın təcavüzünü öz üzərində hiss edən və ona qarşı heç vaxt ərazi iddiaları irəli sürməmiş (bunun üçün artıqlaması ilə tarixi əsaslar olduğuna baxmayaraq) Azərbaycan bu gün təcavüzkar dövlətin, işğalçı dövlətin, beynəlxalq konvensiyaları pozan dövlətin başçısının dilindən həyasızcasına ittiham eşidir. Bu yerdə istər-istəməz Göbbelsin sözləri yada düşür: "Yalan nə qədər həyasız olsa, bir o qədər sürətlə yayılır". Polşanın Almaniyaya, Küveytin isə İraqa "hücumları" da yada düşür. Azərbaycan heç vaxt Ermənistan ərazisinin beşdəbir hissəsini işğal etmək, erməniləri oradan qovmaq və orada oyuncaq rejim yaratmaq niyyətində olmamışdır. Bu cür riyakar bəyanatların müəllifi başqa bir məsələ üzərində düşünsəydi, pis olmazdı: əgər onun dediyi kimi, məğlubiyyətin nəticələri heç vaxt xoşagələn olmursa, onda ermənilər Birinci Dünya müharibəsi illərində Osmanlı imperiyasında erməni qiyamının nəticələri barədə nə üçün onilliklər boyu şivən qaldırırlar? Onlar özləri öz dövlətinə xain çıxmış, ona arxadan zərbə vurmuş, düşmən tərəfə keçmiş, ölkənin şərqində müsəlman əhalini qırmağa başlamışlar və bunun nəticələrinə görə elə özləri də məsuliyyət daşıyırlar! Guya bu cür əməllərin nəticələri xoşagələn də ola bilərmiş. Ermənilər hansı "soyqırımı"ndan danışa bilərlər ki, o vaxt bu söz yox idi. Hələ üstəlik, onlar XX əsrdə soyqırımının "ilk qurbanları" olmaq istəyirlər, guya bundan əvvəl bütün müsəlman əhalini qılıncdan keçirən ermənilər özləri deyilmiş və 1904-1907-ci illərdə Namibiyada gerrero və hottentot xalqlarının qırğını olmamışdır.

Başqasının torpağını zəbt etmək və işğal faktına əsasən onu öz torpağı elan etməyin mümkün olduğu vaxtlar keçmişdir. Artıq dünya bir neçə əsr bundan əvvəlki dünya deyildir. Buna görə də Ermənistanın ekspansionist başbilənləri qonşularına ərazi iddialarını əsaslandırmaq üçün əvvəlcə tarixi arqumentə müraciət etməyi qərara almışlar: "Bu torpaqlar vaxtilə bizim olmuşdur, biz yerli xalqıq, siz gəlmə, deməli, haqqımız var". Bu məqsədlə faktlarla heç bir əlaqəsi olmayan saxtalaşdırılmış tarix versiyası uydurulmuşdur. İnsanlar başa düşəndə ki, müasir dünyada ərazi mübahisələri orta əsrlərə xas olan məhdud təfəkkür çərçivəsində və tarix müstəvisində deyil, beynəlxalq hüquq müstəvisində həll edilir, Ermənistanda öz ərazi iddialarını beynəlxalq hüquqda mövcud olan millətlərin təyini-müqəddərat prinsipi ilə əsaslandırmağı qərara almışlar. Erməni tərəfin arqument bazası hər iki halda zəif olmuşdur və yenə zəifdir, çünki o, tarixi baxımdan uydurmalara, saxtalaşdırmalara

qeyri-elmi mühakimələrə, hüquqi

baxımdan – beynəlxalq hüquq müddəalarının özbaşına interpretasiyasına əsaslanır, bu isə yolverilməz və səmərəsizdir. Buna görə də ermənilərin iddiaları dünyada dəstəklənmir.

Ermənistanı tarixin saxtalaşdırılması məsələləri üzrə dəyişməz dünya çempionu adlandırmaq olar. Bu baxımdan onun tayı-bərabəri yoxdur. Öz tarixlərini "qədimləşdirməyə" və hər vasitə ilə öz xalqını qonşuların ermənilərin xoşuna gələn ərazilərinə "bağlamağa" çalışan erməni müəlliflər bəzən özləri də bilmədən gülünc nəticələr çıxarır, siyasi liderlər də dərhal bu nəticələrdən yapışır və yüksək tribunalardan çıxış edərkən utanıb-qızarmadan, həmin nəticələri elmdə hamılıqla qəbul edilmiş "aksiomlar" kimi qələmə verirlər. Məsələn, Serj Sarkisyan təkəbbürünü gizlətmədən və heç bir əsas-dəlil göstərmədən azərbaycanlıları xristianlığın qəbul edilməsində dünyada birincilik iddiasında olmaqda günahlandırmışdır. Azərbaycan tarixşünaslığında heç vaxt deyilməmişdir ki, Qafqaz albanları xristianlığı hamıdan əvvəl qəbul etmişlər. Amma erməni tarixçiləri Ermənistanın 301-ci ildə xristianlığı dövlət dini kimi dünyada birinci olaraq qəbul etmiş ölkə olması barədə mif yaratmışlar və onu inadla təbliğ edirlər, hərçənd elmə çoxdan məlumdur ki, hələ II əsrin axırlarında, yəni ermənilərdən bir əsrdən də çox əvvəl ərəmeydilli Edessa çarlığında (Osroyenada) xristianlıq rəsmi din olmuşdur. 165-ci ildə Edessa çarı Abqar bar Manu (V Abqar və ya VIII Manu) xristianlığı qəbul etmişdir6, onu buna inandıran fələstinli missioner Müqəddəs Fadey (Adday) olmuşdur, çar taxt-tacında onun varisi VIII Abqar isə xristianlığı Osroyenanın dövlət dininə çevirmişdir7 (bəzi mənbələrdə göstərilir ki, bunu xristian poeziyasının təməlini qoymuş IX Abqar etmişdir)8. Alman tarixçi və ilahiyyatçısı Adolf fon Harnak 1905-ci ildə yazırdı: "... şübhə yoxdur ki, hələ 190-cı ilə qədər xristianlıq bütün Edessada və ona bitişik vilayətlərdə fəal yayılmışdı və (201-ci ildən az sonra, bəlkə də daha əvvəl) çar sarayı kilsəni (yəni xristianlığı) qəbul etmişdir"9. İrfan Şahid VIII Abqarın Ön Şərqdə xristianlığı qəbul etmiş dövlətin birinci hökmdarı olmasını yazırdı10.

Maraqlıdır ki, Ermənistanın 301-ci ildə xristian dinini qəbul etməsi faktı erməni tarixçilərinin özlərinin arasında da mübahisəyə səbəb olur. Sirarpi Ter-Nersesyan yazır: "Ənənəyə görə bu hadisənin tarixi 301-ci il hesab edilirdi, lakin son araşdırmalara görə bu, 314-cü ildən tez olmamışdır"11.

Bəs bütün bu faktlardan sonra ermənilər dünyada necə ilk xristian milləti olur? Maraqlıdır ki, uydurmaları ilə tarixi faktları təkzib edən ermənilər Edessa dövləti tərəfindən xristianlığın birinci olaraq qəbul edilməsinin əhəmiyyətini azaltmağa çalışaraq aşkar təhriflərə yol verirlər: bəzi yerevanlı tarixçilər iddia edirlər ki, Osroyena tərəfindən xristianlığın dövlət dini kimi qəbul edilməsi, necə deyərlər, "sayılmır", çünki guya həmin dövrdə Osroyena müstəqil, hələ (bəlkə də) öz dövlətçiliyi olmamışdır. Onlar bu uydurmaları təsdiqləmək üçün Osroyenanın Ermənistanın tərkibində göstərildiyi xəritə nəşr edirlər, lakin bir məsələ barədə susurlar ki, Osroyena bundan xeyli əvvəl və qısa müddətə Böyük Tiqran tərəfindən fəth edilmiş, xristianlıq qəbul edilən vaxtda isə Osroyena artıq çoxdan müstəqil idi. Həmin tarixçilər bu cür təhriflərdən əlavə, Osroyena tərəfindən xristianlığın birinci qəbul edilməsinin əhəmiyyətini hər vasitə ilə azaltmağa çalışırlar. Onlar iddia edirlər ki, xristianlığın qəbul edilməsi V Abqarın (VIII Manunun) İsa Məsih ilə yazışması barədə apokrif rəvayətlə bağlı olmuşdur. Edessa çarının kiminlə yazışmasından və şəxsən onun xristianlığı qəbul etməsinin həqiqi səbəblərindən asılı olmayaraq, fakt faktlığında qalır – bu gün qonşu ölkənin yalançı təbliğatı nə qədər cəhd göstərsə də, xristianlıq ermənilərdən bir əsrdən çox əvvəl məhz Osroyenada rəsmi din olmuşdur.

Serj Sarkisyan ibarə ilə qədim yunan coğrafiyaşünası Strabona istinad edərək bildirmişdir ki, guya o, ermənilərin Cənubi Qafqazda avtoxton olmasını qeyd etmişdir. Əslində isə Strabon bu ərazilərin erməni çarları tərəfindən başqa dövlətlərdən və xalqlardan işğal yolu ilə ələ keçirildiyini göstərir. Strabon ermənilərin özgə torpaqlarını ələ keçirmək meylini hələ o vaxt görmüş və öz kitabında yazmışdır: "Əvvəllər kiçik bir ölkə olmuş Ermənistan Artaksiya və Zariadriya müharibələri nəticəsində böyümüşdür. Onlar əvvəlcə Böyük Antioxun sərkərdələri olmuş, o məğlub olandan sonra isə çar olmuşdular (bunlardan birincisi Sofena, Akisena, Odomantida və bəzi başqa vilayətlərin çarı, sonuncusu isə Artaksata ətrafındakı ölkənin çarı olmuşdur); onlar ətrafdakı xalqların vilayətlərinin bir hissəsini qopararaq öz ərazilərini birlikdə genişləndirmişlər; onlar midiyalılardan Kaspiana, Favnitida və Basoropedanı, iberlərdən dağətəyi Pariadra, Xorzen və Kür çayının o tayında yerləşən Qoqarenanı; həliblərdən və mosineklərdən Karenitida və Kiçik Ermənistanla həmsərhəd və onun bir hissəsi olan Kserksenanı; kataonlardan Akilisenanı və Antitavr ətrafındakı vilayəti və nəhayət, suriyalılardan Taronitidanı qoparmışdılar"12. Bundan əlavə, Strabon xüsusi qeyd edirdi ki, ermənilər işğal etdikləri ərazilərdə istila olunmuş xalqları assimilyasiya etməyə çalışırdılar: "Buna görə indi həmin xalqların hamısı bir dildə danışırlar"13.

Ermənistan prezidentinin komandasında Strabonun sözlərini çox maraqlı şəkildə şərh edirlər. Onların məntiqinə görə, əgər erməni çarları başqa xalqların ərazilərini işğal etmişlərsə, onda ermənilər həmin torpaqlarda dərhal "avtoxton" olurdular.

Qeyd etmək lazımdır ki, Ermənistan müstəqil dövlət kimi çox qısa müddət mövcud olmuşdur. Tarixdən məlumdur ki, bizim eranın əvvəlində iyirmi ildən bir qədər artıq müddətdə müstəqil dövlət kimi mövcud olduqdan sonra Ermənistan müstəqilliyini itirərək Roma-Parfiya ərazisinə çevrilmişdir, çünki 63-cü ildən sonra Roma ilə Parfiya arasında müqaviləyə əsasən Ermənistanın ikiqat müstəqilliyi müəyyən edilmişdir14. Bütün sonrakı əsrlərdə, ta 1918-ci ilə qədər o, digər dövlətlərdən – İran, Roma, Osmanlı, Rusiya imperiyalarından ya vassal kimi, ya da tam asılı olmuşdur. Müstəqil Erməni çarlığının mövcud olduğu qısa dövrdə onun hökmdarları dəfələrlə ölkə ərazisini genişləndirməyə cəhd göstərmişlər. Çar Böyük Tiqranın hakimiyyəti dövrü istisna olmaqla, Ermənistanın nəzarətinin müasir Azərbaycan ərazisinə yayılması barədə elmi sübutlar yoxdur. Yalnız Tiqranın hakimiyyəti dövründə Ermənistan öz apogeyinə çatmış və həqiqətən Araz çayından şimalda yerləşən torpaqları müvəqqəti tutmuşdur. Hələ erməni çarı Böyük Tiqranın sağlığında dünyaya gəlmiş Strabonu həmin hadisələrin müasiri adlandırmaq olar. Buna görə də təəccüblü deyildir ki, Strabon "Coğrafiya" kitabında haqlı olaraq qeyd edir ki, Orxistena (ola bilsin həmin vaxt) Ermənistanın bir vilayəti olmuşdur. Məlum olduğu kimi, tarix heç vaxt statik vəziyyətdə qalmır – ərazilər genişlənmiş və kiçilmiş, dövlətlər yaranmış və yox olmuş, sərhədlər dəyişmişdir. Bu halda onu da unutmamalıyıq ki, Tiqranın dövründə genişlənmiş Erməni çarlığının ərazisində təkcə ermənilər deyil, çox xalqlar yaşayırdı. Əhəmiyyətlisi başqa məsələdir – Strabon heç yerdə demir ki, əldən-ələ keçməsi tamamilə mümkün olan Orxistenada ermənilər yaşamışdır. Strabon Arsaxın bu etnik tərkibi və xüsusən onun əhalisinin avtoxton, yoxsa gəlmə olması barədə bir kəlmə də yazmır! Lakin çoxsaylı başqa mənbələrdə və başqa müəlliflərin əsərlərində Arsaxın məhz alban əhalisindən bəhs edilir. Strabon elə həmin kitabın 11-ci bölməsində qeyd edir ki, Kir (Kür) çayı Albaniya ərazisindən (!) axırdı15.

Müəlliflərinin intellektual səviyyəsini səciyyələndirən daha bir absurd tezis ondan ibarətdir ki, guya Azərbaycanın və bir millət kimi azərbaycanlıların yaranmasından bir əsrdən az vaxt keçmişdir və XX əsrin əvvəlinə qədər bu ərazidə olub-keçənlərin onlara heç bir aidiyyəti yoxdur. Görünür, bu cür sərsəm bəyanatların müəllifləri adi bir məsələ üzərində fikirləşməmişlər: bürokratik direktiv-məmur etnogenezi ilə adi insan biologiyası arasında nə əlaqə var? Əgər çoxəsrlik tarixə malik olan bir xalqın adını dəyişməyi qərara almış partiya rəhbərinin öz kabinetində bircə dəfə "qələm çalması" əsasında millət yaradıla bilərsə, bu o deməkdirmi ki, "yeni yaradılmış" xalqın ilk nümayəndələrinin nə ataları, nə babaları, nə də ulu babaları olmuşdur və onlar hamısı sınaq şüşəsində klonlaşdırılmışdır? Bu gün Azərbaycanda keçən əsrin 30-cu illərində doğulmuş yaşlı nəsil yaşayır. Bu nəslin nümayəndələrinin çoxunun valideynləri hələ sağdır. Onlar Azərbaycan türklərinin adlarının dəyişdirilərək azərbaycanlılar adlandırılması barədə qərar qəbul ediləndən əvvəl dünyaya gəlmişlər. Erməni "intellektualları"nın məntiqinə görə belə çıxır ki, bu iki nəsil etnik baxımdan müxtəlif millətlərə aiddir, çünki görün ha, yaşlılar azərbaycanlı hesab edilmək üçün kifayət qədər gənc deyil, onların 30-cu illərdə doğulmuş uşaqları isə özlərinin "bioloji" əcdadlarının minillik irsi ilə mənəvi və mədəni-tarixi əlaqəyə layiq görülmək üçün kifayət qədər qoca deyillər? Belə çıxır ki, bir xalqa yeni ad verilən gündən həmin xalqın çoxəsrlik tarixi dayanır və "sahibsiz" olur, başqa bir xalqın tarixi başlanır, üstəlik, nəinki atalar və oğulların iki "sərhəd" nəsli arasında əlaqə, hətta indi artıq "müxtəlif" sayılan millətlər arasında əlaqə də qırılır.

Dövlət rəhbərlərinin bu cür absurd bəyanatlarla çıxış etməsi Ermənistandan başqa heç bir yerdə yəqin ki, mümkün deyildir. Görəsən, məsələn, keçən əsrin 60-70-ci illərində ermənilərin adlarını dəyişdirərək onları Ararat vadisinin adına görə "araratlılar", yaxud Göyçə gölünün təzə adına uyğun olaraq "sevanlılar" adlandırsaydılar, bu "alimlər" hansı havanı "oxuyardılar"? Bu halda yeni millətin tarixi başlanardımı? Bu halda onlar öz respublikasında yaşamaq hüququndan məhrum edilərdimi və oradan dərhal deportasiya edilməyə layiq olardımı? Axı, orta əsr manuskriptlərində "ararat" və ya "sevan" xalqının adını tapmaq mümkün deyil, amma həmin manuskriptlərdə hansısa ermənilər barədə söhbət gedir, halbuki onların mövcudluğuna partiya qərarının dərc edildiyi gün son qoyulmuşdur.

Bununla belə, hələ orta əsrlərin ərəb müəllifləri Qafqaz Albaniyasının ərazisini çox vaxt "Azərbaycan", "Yuxarı Azərbaycan" adlandırırdılar. Məsələn, Əl-Kufi Azərbaycan hökmdarının Şəkidə olmasından bəhs edərək yazır ki, xəlifə əl-Cərraha "Azərbaycanda dayanmağı" əmr etmiş, "Azərbaycan vilayətindəki əl-Baba (Dərbəndə) çatmış", "Azərbaycan ölkəsinə yola düşmüş və Baylakanda düşərgə salmış...", "Azərbaycan ölkəsinə yola düşmüş və Bərdədə dayanmışdır"16.

1864-cü ildə İngiltərənin Təbrizdəki konsulu Keyt Abbot Kral Coğrafiya Cəmiyyəti üçün memorandumda yazırdı: "Farsların Azərbaycan kimi tanıdığı ölkə onlarla [İran ilə] Rusiya arasında bölünmüşdür. [Azərbaycanın] ərazisi təqribən 80.000 kvadrat mil və ya Böyük Britaniyanın sahəsi qədərdir. Bu ərazinin 5/8 hissəsi Rusiyaya məxsusdur; beləliklə, 50.000 kvadrat mili Rusiyaya və 30.000 kvadrat mili İrana məxsusdur. [Azərbaycanın] Rusiya hissəsi şimaldan və şimal-şərqdən Xəzər sahilində Bakı ətrafına qədər uzanıb gedən Qafqaz dağları ilə həmsərhəddir. Qərbdə ona hazırda Rusiyaya məxsus olan İmeretiya, Minqreliya, Quriya və Axıska əyalətləri; şərqdə Xəzər dənizi, cənubda isə sərhəd Muğan düzündən Talış mahalına qədər Arass (Araz) və kiçik Astura (Astara) çayı ilə qeyd edilmişdir. Bu vilayətə aşağıdakı ərazilər daxildir: Kaxetiya, Kartli, Somexeti və Qazaxdan ibarət olan Qruziya və ya Gürcüstan; müsəlman vilayətləri İrəvan, Naxçıvan, Qarabağ, Gəncə, Şirvan, Şəki, Şamaxı, Bakı, Quba, Salyan və Talışın bir hissəsi"17.

Yalançılıqda və "Azərbaycan təbliğatı"na xidmət etməkdə günahlandırılması çətin olan ingilis diplomatının məlumatlarından göründüyü kimi, XIX əsrin 60-cı illərində İrəvan, Naxçıvan və Qarabağın əhalisi, hətta ermənilər buraya köçürüləndən sonra da əvvəlki kimi əsasən Məhəmməd ümməti (yəni, türk, Sarkisyanın xoşuna belə gəlirsə – azərbaycanlı) idi və bu vilayətlər Azərbaycana aid edilirdi. Diaspordan olan qonaqlarına: "200-300 il bundan əvvəl filan yaşayış məntəqəsinin adı necə Azərbaycan adı ola bilərdi? Barı türk və ya fars adları deyərdilər!", – deyə ritorik sual verməklə onlara təsir göstərməyə çalışan bugünkü Ermənistan rəhbərlərinin intellektual səviyyəsi, təəssüf ki, belədir. Amma sən demə, yaşayış məntəqəsinin adı Azərbaycan adı ola bilərmiş! 300 il bundan əvvəl də, lap min il bundan əvvəl də. Serj Sarkisyan öz auditoriyasının avamlığına ümid edərək və özü də bunu bilmədiyindən, onlara izah etməmişdir ki, xüsusən Cənubi Qafqaz regionundan söhbət gedəndə "Azərbaycan dili" və "türk dili" – eyni şeydir. Əgər bunu başa düşmək çətindirsə, onda zəhmət çəksin, eyni qayda ilə fikirləşsin görək hayların erməni toponimlərinə nə dəxli var?

Axı linqvistikada qəbul edilmiş qaydaya əsasən, hay dili yüz seçim əlamətinə görə 11 qrupa və 44 dialektə bölünür (bax: Djaikən Q.B. Obhee i armənskoe əzıkoznanie. Erevan, 1978 q.). Dilçi mütəxəssislərin fikrincə, xalqın bu qədər çoxsaylı dil və dialekt şaxələrinin olması bunu deməyə əsas verir ki, hay dili bir xalqın dili deyildir. Bu, Ermənistan ərazisində qədim məzarlıqlarda tapılmış kəllələrlə də təsdiqlənir. Həmin kəllələrin baş göstəriciləri müasir ermənilərin baş göstəricilərindən kəskin fərqlənir (bax: Roqtnskiy Ə.Ə., Levin M.Q. Antropoloqiə, M., 1963, str. 390). Ermənilərin 16 antropoloji tipə bölünməsi tədqiqatçıları heyrətləndirir. Bir xalqın bu qədər antropoloji fərqləri ola bilməz. Belə çıxır ki, haylar və ermənilər arasında əlaqə məsələsini cəsarətlə şübhə altına almaq olar. Ola bilsin ki, Ermənistan prezidentinin komandasında bu barədə fikirləşərək başa düşərlər ki, yaşayış məntəqəsi 200-300 il bundan əvvəl məhz Azərbaycan adına necə malik ola bilərdi.

Başqa bir məsələ barədə də fikirləşmək pis olmazdı. Ermənilər antropoloji baxımdan praktiki olaraq yeganə xalqdır ki, onlar Cənubi Qafqaz xalqları üçün xarakterik olan antropoloji tipə uyğun gəlmirlər. Aparılmış antropoloji tədqiqatlara əsasən deyə bilərik ki, tarixi Azərbaycanın qərb hissəsinin əhalisi bütün dövrlərdə (eneolitdən başlamış müasir dövrə qədər) Azərbaycanın qalan hissəsinin əhalisinə oxşar olmuşdur. Müasir Ermənistan ərazisində ermənilərlə bağlı aşkar edilmiş ən qədim antropoloji tapıntılar yalnız XVII əsrə aiddir və yalnız Kenaker nekropolunda aşkar edilmiş tapıntılarla təsdiqlənir. Onlar bir sıra əlamətlərə (kəllə qutusunun forması, üz skeletinin quruluşu və s.) əvvəlki paleoantropoloji seriyalardan əsaslı şəkildə fərqlənir və yeni etnik komponentdirlər.

Ermənilərin diş-çənə sisteminin təhlili də onların Dağlıq Qarabağ zonasında aborigenlər olmamasına dəlalət edir18.

"Arsax" toponimi də "erməni" toponimi olmuş və əlüstü "Vararakn" adlı "erməni məskəni" uydurulmuşdur. Heç bir mənbədə "Vararakn" deyilən məskən adı çəkilmir. Əlbəttə, əgər ermənilərin tarixi saxtalaşdırmaq laboratoriyalarında belə bir şey uydurmağa və əsası Qarabağ xanları tərəfindən qoyulmuş Xankəndinin yerləşdiyi əraziyə bağlamağa hələ macal tapmayıblarsa. Berdzor, karvaçar, kaşataq və bir sıra başqa uydurma "qədim erməni" adları kimi, bu "vararakn" da erməni təbliğatının faydasız icadıdır. Məsələn, onlar Azərbaycanın işğal edilmiş Ağdam rayonunda qanunsuz arxeoloji qazıntılar zamanı aşkar edilmiş tikilinin bünövrəsinin ətrafındakı yeri özbaşına, ciddi elmi faktlara əsaslanmadan "Tiqranakert" adlandırmağı qərara almışlar. Sual edilir: nə üçün başqa ad deyil, məhz "Tiqranakert" və nə üçün başqa yerdə deyil, məhz bu yerdə? Təkcə ona görəmi ki, bu yer ermənilərin xoşuna gəlmişdir və tarixi saxtalaşdırmaq laboratoriyasının ilhaqçı planlarının həyata keçirilməsinə kömək etmək üçün adətləri üzrə saxta şəhadətlərə və salnamələrə istinad edir və indi özləri də alimnüma görkəmlə bu mənbələrə istinad edirlər.

Əvvəllər Azərbaycana (məhz Azərbaycana!) məxsus olmuş İrəvan xanlığının ərazisində yüzlərlə toponimin sovet dövründə vaxtilə həmin torpaqlarda yaşamış Azərbaycan türklərinin izlərini məhv etmək məqsədilə adları dəyişdirilərək onlara erməni adları qoyulmuşdur. Bizim dildə mənası olan bu toponimlərin erməni dilində heç bir mənası yoxdur. Bu toponimlər haraya yox olmuşdur? Şübhə yoxdur ki, elə həmin tarixi saxtalaşdırmaq laboratoriyaları bu suala cavab axtararkən Basarkeçər (Vardenis), Qaranlıq (Martuni), Hamamlı (Spitak), Cəlaloğlu (Stepanavan), Qarakilsə (Sisyan), Qarakilsə (Vanadzor), Keşişkənd (Yexeqnadzor), Uluxanlı və ya Zəngibasar (Masis), İstibulaq və ya Karvansara (İcevan), Dəvəli (Ararat qəsəbəsi), Gözlü Kəmərli (Metsamor), Üç-Müədzin (Eçmiədzin), Alagöz (Araqats), Göyçə (Sevan), Arpaçay (Axuryan) və yüzlərlə başqa keçmiş Azərbaycan toponimləri üçün yüzlərlə yeni "vararakn"lar icad edəcəklər. Az qala Nuh əyyamından qalmış yeni "qədim erməni" adlarının guya qeydə alındığı saxta "salnamələr" üzə çıxacaqdır. Elə həmin laboratoriyalar işğal edilmiş şəhərlər və kəndlər üçün yeni adlar fikirləşib tapmış və bir müddətdən sonra Ermənistan rəhbərləri yüksək tribunalardan çıxış edərək yeni "vararakn"lar barədə dünyaya car çəkəcəklər. Ermənilər artıq Ukraynanın Lvov şəhərinin də adını dəyişdirərək onu Aryuts adlandırmaq istəyirlər!

"Erməni" mənşəli Arsax toponiminə gəldikdə isə, onun erməni dilinə və Ermənistanın erkən tarixinə heç bir aidiyyəti yoxdur. Ermənistan prezidentinin Gorusda səsləndirdiyi tezis savadsızlıq dərəcəsinə görə adamı mat qoyur: "Bu yerin erməni adı – Arsax miladdan əvvəl VIII əsrdə təsdiqlənmişdir və bunu Yerevanın təməlini qoymuş I Arqiştinin oğlu II Sarduri təsdiq etmişdir". Əvvələn, I Arqişti və II Sarduri hay çarları deyil, Urartu çarları olmuşdur. Urartu və hay xalqları müxtəlif xalqlar olmuş və müxtəlif dil ailələrinə aid olan müxtəlif dillərdə danışmışlar. Görünür, Sarkisyan "yeri gəlmişkən" təkcə albanların deyil, həm də urartuluların mədəni-tarixi irsinə tamah salmışdır. İkincisi, bu ad nə münasibətlə birdən-birə erməni adı oldu? Urartu çarı yalnız Arsax adını təsdiqləmiş, lakin onun erməni toponimi olmasını təsdiqləməmişdir! O yalnız qeyd etmişdir ki, belə bir vilayət var, vəssalam. Belə çıxır ki, əgər Qafqazda Arsax adlı bir vilayət olması barədə Misir fironları və ya Çin imperatorları məlumat vermiş olsaydı, onda bu toponim həmin an hökmən Misir və ya Çin toponimi olacaqdı? Axı Arsax toponimi təkcə Bizans mənbələrində onun adının çəkilməsinə görə antik toponim olmamışdır! Başabəla erməni alim və siyasətçilərinin saxtalaşdırma metodları insanı mat qoyur: onlar əvvəlcə hurritdilli urartuluları hind-Avropa haylarına çevirir və onların irsini mənimsəyir, sonra isə Arsaxın "erməni" adı olmasını bəyan edirlər. Özü də yalnız ona görə ki, baxın ha, təzə peyda olmuş "hay" II Sarduri Arsaxın adını çəkmişdir. Halbuki dünya tarixşünaslığında müəyyən edilmiş konsensusa görə, bugünkü ermənilərin (haylar) istər Arsax toponiminə, istər Urartu sivilizasiyasına, istərsə də əsası I Arqişti tərəfindən qoyulmuş şəhərə heç bir aidiyyəti yoxdur. Mənbələrdə Sünik, Utik, Paytakaran kimi Arsax-Xaçen də Qafqaz Albaniyasının tarixi vilayəti kimi göstərilir. Tarixi inkişafın qısa bir dövründə ərazisi genişlənmiş Erməni çarlığının siyasi təsiri bu vilayətə aid ola bilərdi. Axı bir sıra başqa imperiyalar, xilafətlər, çarlıqlar da genişlənmiş və kiçilmiş, tərəqqi və tənəzzül dövrlərini yaşamışlar. Bunun nəticəsində onların nəzarət etdikləri ərazilərin heç də bütün əhalisi, deyək ki, latın, yunan, ərəb, fars, monqol, osmanlı, ingilis, fransız və s. olmamışdır. İşğal edilmiş ərazilərdə yerli xalqlar yaşamaqda davam edirdi. Kür çayının sağ sahilinin, o cümlədən Arsaxın, Paytakaranın, Utikin, Sünikin alban əhalisi barədə hətta Raffi, B.İşxanyan, İ.Orbeli, R.Suni kimi erməni tarixçilərinin özləri də yazırdılar. Dünyada onlarca digər nüfuzlu tarixçilər də bu fikirdədir.

Məsələn, münaqişənin lap əvvəlində, 1988-ci ildə ABŞ-ın Miçiqan Universitetində işləyən erməni tarixçisi Ronald Suni bugünkü Qarabağın ərazisində orta əsrlərdə Qafqaz albanlarının dövlətinin mövcud olmasını qeyd edirdi: "Orta əsrlərdə türk xalqları Orta Asiyadan buraya köçənə qədər Zaqafqaziya Qafqaz Albaniyası kimi tanınmışdır. Qafqaz albanlarının Balkan albanlarına heç bir aidiyyəti olmamışdır, o, ermənilərə yaxın olan xristian xalqı idi. XI əsrdə səlcuqlar buraya gələndən sonra dağlıq hissədə, yəni Qarabağdan başlamış tarixi Ermənistanla sərhədə qədər ərazidə yaşayan albanlar xristian kimi qalmış və nəticədə ermənilərlə qaynayıb qarışmışlar. Şərq hissədə – ovalıqdan Xəzərə qədər olan ərazidə albanlar isə türk əhali ilə qaynayıb qarışmış və müsəlman olmuşlar"19.

Bir qədər sonra, hərbi əməliyyatların qızğın çağında o, "Ararat tərəfə baxış" kitabında yazırdı: "Ən qədim dövrlərdə və orta əsrlərdə Qarabağ Qafqaz albanları knyazlığının bir hissəsi olmuşdur. Müasir dövrümüzdə artıq mövcud olmayan bu müstəqil etnodini qrup IV əsrdə xristianlığı qəbul etmiş və Erməni kilsəsi ilə yaxınlaşmışdı. Sonralar Alban elitasının yüksək təbəqəsi erməniləşmişdir. XI əsrdə səlcuqlar Cənubi Qafqaza girəndən sonra islamlaşdırma prosesi başlanmış və nəticədə Qarabağın aran hissəsinin əhalisi müsəlman dinini qəbul etmişdir. İndiki azərbaycanlıların birbaşa əcdadı sayılan bu xalq türk dilində danışır və islamın qonşu İranda yayılmış şiə məzhəbini qəbul etmişdir. Dağlıq hissədə isə əsasən, xristianlıq qalmış və Qarabağ albanları zaman-zaman ermənilərlə qaynayıb qarışmışlar. Alban kilsəsinin mərkəzi Qanzasar Erməni kilsəsinin yepiskopluğundan birinə çevrilmişdir. Bir zamanlar müstəqil milli kilsənin izləri katolikos adlanan yerli arxiyepiskop statusunda qalmışdır"20.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən əvvəl erməni tarixçiləri Arsaxın Qafqaz Albaniyasının tərkibinə daxil olmasını və bu vilayətin əhalisinin alban olması barədə mübahisə etmirdilər.

Digər erməni müəllifi B.İşxanyan yazırdı ki, "Dağlıq Qarabağda yaşayan ermənilərin bir hissəsi qədim albanların nəslindən olan yerli əhali, bir hissəsi isə Türkiyə və İrandan olan qaçqınlardır. Onlar üçün Azərbaycan torpağı təqiblərdən sığınacaq yerinə çevrildi"21.

Erməni alimləri Qafqaz Albaniyası haqqında "Qafqaz mədəniyyəti aləmindən Ermənistan və Gürcüstanla eyni əhəmiyyətli" (İ.A.Orbeli) dövlət kimi, alban incəsənəti və memarlığı barədə isə Qafqaz mədəniyyəti tarixində ayrıca mövzu kimi (İ.A.Orbeli, S.T.Yeremyan və başqaları) yazırdılar. Erməni tarixçisi İosif Orbelinin fikrincə, Albaniyanın tərkibinə daxil olan Xaçen knyazlığının yüksəlişi və çiçəklənməsi XII-XIII əsrlərə təsadüf edir22. Həmin Orbeli erməni feodallarının müasir Dağlıq Qarabağın vilayətlərini zəbt etməsi və müstəmləkəyə çevirməsindən yazırdı23.

Erməni akademiki S.T.Yeremyan yazırdı: "Əksər hissəsi ərəb işğalından əvvəlki dövrlərə təsadüf edilən xristian abidələrinin çoxu qədim Albaniyanın erməniləşmiş hissəsində və hazırda, əsasən, erməni əhalisinin yaşadığı qədim Alban vilayətləri olan Arsax və Utikdə qorunub saxlanılmışdır"24.

Əgər Arsaxın Albaniyanın vilayəti olması, indiki erməni rəhbərliyinin iddia etdiyi kimi, yalan, uydurma və "Azərbaycan təbliğatı"nın məhsuludursa, onda erməni müəllifləri bu barədə həqiqəti niyə yazırdılar? Əgər Arsaxın Albaniya ilə heç bir əlaqəsi yox idisə, Gəncəsar monastırı sırf "erməni" monastırı kimi yaradılmışdısa, niyə bu məbədi tikdirmiş knyaz Həsən Cəlal tikilinin üstündə "mənim alban xalqım" üçün ucaldılmış "Albaniya paytaxt məbədi" yazdırmışdı? Məgər kimsə onları buna vadar edirdi, bəlkə onlar "Azərbaycan kəşfiyyatı"na xidmət edirdilər? Erməni tarixçiləri özləri Arsaxın alban xarakterini etiraf edirdilər!

Maraqlıdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən əvvəl erməni tarixçiləri Arsaxın Qafqaz Albaniyasının tərkibinə daxil olmasını və bu vilayətin əhalisinin alban olması barədə mübahisə etmirdilər. Münaqişənin lap əvvəlində Yerevanın başabəla tarixçiləri antik və erkən orta əsrlər dövründə Qafqaz Albaniyası dövlətinin və albanların mövcudluğunu, ümumiyyətlə, inkar etməyə çalışırdılar. Onların bəziləri isə albanları hətta əfsanəvi Atlantida ilə müqayisə edirdi. Bu "tarixçilər" akademik aləmdə pis vəziyyətə düşdüklərini və alimlərin istehza obyektinə çevrildiklərini anlayandan sonra bu vəziyyətdən yetərincə orijinal üsulla çıxmağa cəhd göstərmişlər: onlar Qafqaz Albaniyasının mövcudluğunun danılmaz fakt olduğunu etiraf etsələr də, onun sərhədlərində bir balaca "düzəliş" etmiş və bu sərhədləri ərazi iştahalarının çəkdiyi yerə – Kür çayınadək uzatmışlar. Bəlkə də ermənilərin iddiaları Abşeronadək gəlib çıxsaydı (lap ağıllarını itirmişlər, hələ də "erməni Bakurakert"dən danışırlar), Albaniya Xəzərin o biri tayına "köçməli" olacaqdı. Bu halda Yerevan "tarixçiləri" Albaniyanın nə üçün səhvən Orta Asiya deyil, Qafqaz Albaniyası adlanmasını izah etməli olacaqdılar. Elmi miflərə və xarici siyasət məqsədlərinə tabe etmək məsələsində erməni tarix elmi bəzən absurd səviyyəyə çatır.

Haylardan fərqli olaraq, albanlar Arsaxın və Qafqaz Albaniyasının digər əyalətlərinin avtoxtonları idi. Tarixə görə, alban qəbilələri Kürün hər iki sahilində yaşamışlar. A.Y.Krımski çox dəqiq qeyd etmişdir: "Strabon (XI,7, I paraqraf) sağ sahillə sol sahilin əhalisinin eyni qəbiləyə aid olduğunu bilirdi"25. Yuxarıda qeyd olunduğu kimi, Kürün Albaniyadan keçməsini Strabon da (XI, I, 5; XI, III, 2; XI, IV, 2; XI, VIII, 3) açıq-aydın göstərir26.

Alban dövləti təxminən eramızdan əvvəl IV-III əsrlərdə yaranmışdır və alban əhalisi ilk dəfə o dövrün hadisələri ilə əlaqədar xatırlanır27. Eramızın I əsrindən Albaniyada Arşakidlər sülaləsinin parfıya nəsli hökmranlıq edirdi. Həm erməni, həm də alban tarixçiləri bu dövr barədə məlumat verərək yazırlar ki, Albaniyanın cənub sərhədləri Araz çayından keçirdi28, başqa sözlə, Araz və Kür çayları arasındakı ərazi Alban dövlətinin tərkibinə daxil idi. Qarabağın tarixi torpaqları – Orxistena (Arsax), Savdeya, Otena, Araksenanın bir hissəsi məhz burada yerləşirdi.

Erməni müəllifi Movses Xorenatsi, – onun məlumatlarını tarixçi Moisey Kalankatlı da təsdiq edir, – parfiya hökmdarı Valarşakın (ehtimal ki, II Vononun oğlu I Vologez (eramızın 51/52-79/90-cı illəri ilə) "geniş düzənliyi iki yerə bölən böyük Kür çayı boyunca uzanan nəhəng, şanlı, əhalisi çox olan Şimal-Şərq diyarında canişinlik yaradaraq adlı-sanlı, müdrik və ağıllı Aranı29 (təyin etmişdir)". Bir qədər aşağıda aydın olur ki, bu böyük və şanlı diyar Albaniyadır: "Sisakın işlərindən də xəbər tut, çünki bu böyük və şan-şöhrətli qəbilə barədə Birinci kitabda yazmağı unutmuşduq. Onlar Xnarakert30 adlanan Yerasx31 çayından dağlara tərəf olan hissəsi daxil olmaqla Alvan düzənliyinə varis olmuşlar. Ölkə isə mülayim xasiyyətinə görə "alu"32 sözündən götürülərək Alvaniya adlanırdı. Onun nəslindən olanlardan biri, adı çəkilən adlı-sanlı və qəhrəman Draya parfiyalı Valarşak tərəfindən minbaşı-canişin təyin edilmişdi. Deyilənə görə, utilər qəbiləsi və qardmanlar, savdeylər və qarqarlar knyazlıqları33 onun nəslindən əmələ gəlmişdi34.

Qeyd etmək lazımdır ki, bu etiraf Aran (Araz və Kür çayları arasındakı ərazi) sakinlərini "daim yalan danışan alvan kişiləri"35 adlandıran albanofob Movses Xorenatsiyə məxsusdur. Adı çəkilən alban qəbilələrindən utilər, savdeylər şübhəsiz, qarqarlar isə, demək olar ki, şübhəsiz Qarabağ zonasında məskunlaşmışdılar. Deməli, Arazın döngəsindən tutmuş Ağstafayadək Kürün bütün sağ sahilində alban qəbilələri məskunlaşmışdı. Mənbələrdə Qarabağ bölgəsi qəbilələrinin alban mənşəli və bu ərazinin Alban dövlətinə məxsus olması qəti surətdə vurğulanır.

Movses Xorenatsi Paytakaran əyalətinin əhalisinin də alban olduğunu yazır. Çar Trdat gənc missioner, Vrtanesin oğlu Qriqorisi Sanatruka adlı birisinin müşayiəti ilə, ehtimal ki, yerli əhaliyə (Xorenatsi onları "barbarlar" adlandırır) xristianlığı qəbul etdirmək üçün oraya göndərmişdi. "Lakin Trdatın vəfatı xəbəri gələndən sonra Sanatrukun özünün və daim fitnə-fəsadla məşğul olan alban kişilərinin hiyləsinə uyaraq barbarlar müqəddəsi Xəzər adlanan dənizin sahilləri yaxınlığındakı Vatnean düzənliyində atın dırnaqları altına qoyub öldürmüşdülər... Sanatruk isə taxt-taca sahib olaraq Paytakaran şəhərini zəbt etmiş və başqa xalqların köməyi ilə Ermənistanın bütün ərazisində hakimiyyəti ələ keçirməyə can atmışdı". Movses Xorenatsi Sanatruka Paytakaranı ələ keçirməkdə kömək etmiş "başqa xalqlar" deyəndə, şübhəsiz ki, boyun əyməyən yerli əhalini – "alvan kişiləri"ni nəzərdə tuturdu"36.

Qafqaz Albaniyasını tədqiq edən nüfuzlu Qərb mütəxəssislərindən biri, Oksford Universitetinin professoru Çarlz Douset yazırdı: "Katolikos Con və Tovma Arkruni Boqa Əl-Qabirin 854-cü ildə götürdüyü əsirlər arasında üç alban knyazının: knyaz Xaçena Atrnersex, Smbatın oğlu knyaz Şaki Saxl və Arsaxda Ktişa knyazı Esay Abu Musanın olmasını xatırlayırlar"37. Bir ildən sonra alim yazmışdı: "Albaniyada Arsaxın qədim hissəsi olan Xaçen müstəqilliyini qoruyub saxlamışdı. Məlumdur ki, Mxitar həm də knyaz Vaxtanqın xahişi ilə qanunlar məcəlləsi tərtib etmişdi"38. Qafqazşünas V.F.Minorski yazırdı ki, indiki Azərbaycan SSR-in ərazisi təxminən qədim Qafqaz Albaniyasına uyğun gəlir39.

Müstəqil Alban dövlətinin süqutundan sonra Azərbaycan coğrafi və siyasi anlayışının bir hissəsi olan Qarabağ Sacilər Azərbaycan dövlətinin, X əsrdə Salarilər dövlətinin tərkibinə daxil idi, XI-XII əsrlərdə Şəddadilər dövlətinin, XII-XIII əsrlərdə Qarabağ Atabəylər-Eldəgizlər dövlətinin bir hissəsi olmuşdur. Sonralar o, Qaraqoyunlular və Ağqoyunlular dövlətlərinin tərkibinə, XVI-XVII əsrlərdə Qarabağ bəylərbəyliyinin tərkibində olan Qarabağ Səfəvilər türk dövlətinin tərkibinə daxil olmuşdur. Qarabağ XVIII əsrin ikinci yarısında Qarabağ xanlığının tərkib hissəsi olmuş və elə onun tərkibində də XIX əsrin əvvəllərində Rusiyaya birləşdirilmişdir.

Azərbaycanın xristian abidələri erməni ruhanilərinin və onlarla bağlı elmin saxtalaşdırma obyekti olmuşdur. Əsrlər boyu alban kilsəsi ilə mübarizə aparan erməni kilsəsi planlı şəkildə onu özünə tabe etməyə, sonralar isə ləğv etməyə çalışmışdır. Bu siyasətin bir hissəsi alban əlyazmalarının epiqrafikasının məhv edilməsi olmuşdur. Azərbaycanın xristian memarlıq abidələrində XI əsrədək erməni epiqrafikası yoxdur (əgər müasir daşyonanlar işğal olunmuş ərazilərdə yeni "qədim" erməni yazıları oymağa macal tapmamışlarsa). Daha ilkin alban yazıları 1836-cı ildə rus Sinodunun qərarı ilə alban kilsəsi erməni kilsəsinə tabe ediləndən sonra silinmişdir. XI əsrdən sonrakı dövrə aid ermənidilli epiqrafikanın və tarixi yazılı mənbələrin olması yazıların müəlliflərinin etnik deyil, yalnız konfessional mənsubiyyətindən xəbər verir.

1975-76-cı illərdə Ermənistanın rəsmi hakimiyyət orqanları Amasya-Qazançı yolunun tikintisi zamanı Amasya rayonunun Göllü kəndinin əhalisinin qəbirüstü xaçlara və oyma yazılara görə xristian məzarlığı saydığı qədim qəbiristanlığı yerlə yeksan etmişdilər. Halbuki həmin xaçlar erməni xaçlarına, hərflər isə erməni əlifbasının hərflərinə bənzəmirdi. Mütəxəssis alimlər və Amasya Rayon Kommunist Partiyasının təbliğat və təşviqat şöbəsinin müdiri Armais Arutunyan məzarlardan insan cəsədinin qalıqlarını çıxarıb onların antropoloji xarakteristikasını öyrənirdilər. Bir müddətdən sonra qəbirüstü abidələri tamamilə dağıdıb yerlə yeksan etdilər. Sakinlərin "siz niyə öz əcdadlarınızın məzarlarını dağıdırsınız?" sualına A.Arutunyan cavab verirdi ki, bunlar, erməni məzarları deyildir. Albaniyanın qeyri-erməni xristian izləri bax, beləcə məhv edilirdi.

Azərbaycanın, o cümlədən Qarabağın xristian memarlığı abidələri artıq özlüyündə sübutdur və alban tarixçiləri Moisey Kalankatlının və Kirakos Qandzakskinin əsərləri onların etnik və mədəni mənsubiyyətini təsdiq edir. Bu, alban çarlarının və knyazlarının tikdirdiyi abidələrdir. Onların arasında Albaniya çarı Mömin Vaçaqanın ucaltdığı ilkin dövrə aid xristian məbədlərinin dağıntıları da vardır. Moisey Kalankatlının yazdığına görə, Çar Mömin Vaçaqan "ilin günlərinin sayı qədər" kilsə tikdirmişdi. Knyaz Cavanşir də çoxlu memarlıq abidəsi tikdirmişdi. Onlar XII-XIII əsrlərdə, Alban knyazlığının yüksəlişi dövründə ucaldılmışdı. Xaçen knyazlığı onların arasında xüsusilə seçilirdi. Bu nəslin nümayəndəsi Həsən Cəlal qısa müddət ərzində alban knyazlıqlarını birləşdirə bilmiş və Albaniya çarı adını qazanmışdı. Onun tikdirdiyi Gəncəsar məbədi Albaniya katolikosluğunun mərkəzinə çevrilmişdi. Xudavank monastır kompleksi Albaniyanın Xaçen knyazları Böyük Həsən, onun oğlu Vaxtanq və "böyük bəylərbəyi Kürd"ün qızı Arzu Xatun tərəfindən tikdirilmişdi.

Müqəddəs Yelisey monastırı Albaniya maarifçisinin adını daşıyırdı. O, Alban hökmdarı Mömin Vaçaqanın hakimiyyəti dövründən mövcuddur və onun məzarı da elə burada, kiçik kilsələrdən birində yerləşir. Anım monastırı Xatiravank daha bir alban knyaz ailəsinin məqbərəsi kimi tikilmişdir. Qarabağın bu və digər monastırlarının və kilsələrinin tarixi çox qədim keçmişdən 1836-cı ilə – Gəncəsar katolikosluğu ləğv edilənədək Qafqaz Albaniyasının tarixi ilə sıx bağlıdır. Onların baniləri alban hökmdarları və knyazlarıdır. Onların adları da açıq-aydın etnik mənsubiyyətindən xəbər verir. Erməni tədqiqatçısı S.Lisitsyan etiraf etməli olmuşdur ki, "Dağlıq Qarabağın müasir monastırlarının adlarından görünür ki, sırf erməni müqəddəslərinin burada fəaliyyəti çox zəif olmuşdur". Hətta XX əsrdə Qarabağın xristian əhalisi erməniləşdiriləndən sonra da burada sırf erməni müqəddəsləri anılmırdı. Təbii ki, daha erkən əsrlərdə Qarabağda erməni müqəddəslərinin adına tikilən monastırlar və kilsələr, ümumiyyətlə, yox idi. Alban monastırları və kilsələri ümumxristian və ya yerli alban müqəddəslərinin şərəfinə tikilirdi ki, bu da onları erməni məbədlərindən fərqləndirirdi.

Bu gün ermənilərin işğal etdikləri torpaqlarda mədəni terror həyata keçirilir. Separatçılar tarixi-memarlıq qoruğu, orta əsrlərə aid Azərbaycan şəhəri Şuşanı dağıtmışlar. Burada məscidlər, XVIII-XIX əsrlərə aid evlər, mülki və müdafiə tikililəri dağıdılmışdır. İşğal zonasında mülki memarlığın nadir nümunələri – Araz çayı üzərində Xudafərin keçidində on bir və on beş tağlı körpülər qalmışdır. Çoxsaylı məscidlər, o cümlədən görkəmli Azərbaycan memarı Kərbəlayı Səfixan Qarabağinin tikdiyi məscidlər, körpülər, hamamlar, xatirə tikililəri, XII-XIII əsrlərə aid Məlik Acar, XIV əsrə aid Mir Əli, XIV əsrə aid Xaçın Dorbatlı, XIII əsrə aid Şeyx Baba, XVII əsrə aid Pənah xan məqbərələri və başqaları, həmçinin azərbaycanlıların qəbiristanlıqları dağıdılmışdır. Bütün bunlar mədəni terrorun və işğal olunmuş ərazilərdə azərbaycanlıların izlərinin məqsədyönlü şəkildə məhv edilməsinin nəticəsidir.

Əgər islam abidələrinə qarşı terror siyasəti yeridilirsə, Azərbaycan mədəni irsinin digər hissəsi – Qafqaz Albaniyasının xristian abidələri ya dağıdılır, ya da erməniləşdirilir. Alban knyazlarının tikdirdiyi və Qafqaz Albaniyasının tarixi ilə bağlı xristian məbədləri və monastır kompleksləri "ermənilərinki" olur. Erməni tədqiqatçıları bu abidələr üzərində onların erməniləşdirilməsinə yönəldilmiş "bərpa" işləri aparırlar. Bu işlər işğal olunmuş ərazilərdə, başqalarına məxsus abidələr üzərində və Azərbaycan alimlərinin iştirakı olmadan aparıldığı üçün qanunsuzdur. Bu abidələrdən alban mədəniyyətinin izləri silinir. "Bərpa" işləri adı altında saxtalaşdırma aparılır və alban Qarabağ memarlığının səciyyəvi xüsusiyyətləri məhv edilir. Təəssüf ki, bu işlərə bəzən əcnəbi mütəxəssislər də cəlb olunurlar. İşğalçıların fikrincə, əcnəbilərin iştirakı onların uydurmalarına "elmi həqiqət" gətirəcəkdir.

Ermənilər (haylar) XV əsrin ortalarınadək Cənubi Qafqazda, demək olar ki, yaşamırdılar. 1441-ci ildə Qaraqoyunlular türk-Azərbaycan dövlətinin hökmdarı Cahan şah erməni katolikosluğunun mərkəzini əhalisi tamamilə türklər olan İrəvan yaxınlığındakı Kilikiyanın Sis şəhərindən qədimdə alban monastırı olmuş Üçkilsə monastırına (yaxud Üç Müədzinə) köçürmüşdür. Sonralar ermənilər Üç Müədzin adını dəyişərək "Eçmiədzin" kimi ifadə etmişlər. Erməni dilində bu sözün heç bir mənası yoxdur (təbii ki, hər hansı erməni sözünü ona uyğun dəyişməsələr). Halbuki Azərbaycan türkcəsində bu sözün mənası "üç müəzzin"dir ("müəzzin" ərəbcə azan oxuyan deməkdir). Matenadaranda saxlanılan orta əsr sənədlərində məbədin adı məhz "Üçkilsə" kimi xatırlanır40. Erməni katolikosluğunun Üçkilsəyə köçürülməsi ilə erməni missionerləri buraya üz tutdular. Onların Cənubi Qafqazda nüfuzlarını artırmaq imkanı yaranmışdı. Tezliklə monastırın özü ermənilərin dini mərkəzinə çevrilmişdir. Bu torpaqların XIX əsrin birinci yarısında Rusiyaya birləşdirilməsinədək Cənubi Qafqazda Üçkilsənin hüdudlarından kənarda çox cüzi erməni var idi.

Əsasən türk əhalisinin yaşadığı Cənubi Qafqaza köçənədək haylar Van gölü ətrafında yaşayırdılar. Elə buraya da onlar Balkanlardan köçüb gəlmişdilər. Qədim yunan tarixçisi Herodot yazırdı ki, ermənilərin əcdadları Frigiya torpaqlarından köçürülmüşlər41. Bu faktı erməni alimləri özləri də etiraf edirlər. "Erməni xalqının tarixi" kitabının redaktoru M.Q.Nersisyan yazır: "Dəniz xalqları"nın məşhur böyük köçürülmə dövründə (eramızdan əvvəl XIII-XII əsrlər) ermənilər Balkanlardan onlara qohum olan frakiya-frigiya tayfaları ilə birlikdə Kiçik Asiyaya gəlmişlər"42. A.Pastrmaçyan da bununla razıdır. O hesab edir ki, hind-Avropa mənşəli frigiya tayfalarından biri kimi ermənilərin Balkanlardan Kiçik Asiyaya köçməsi elm aləmində qəbul olunmuş faktdır43. Doğrudur, onun fikrincə, bu, 6 əsr gec – eramızdan əvvəl VII-VI əsrlərdə baş vermişdir. Bunu tədqiqatçıların əksəriyyəti etiraf edir.

Görkəmli rus şərqşünası İ.M.Dyakonov yazırdı ki, "erkən erməni dilinin daşıyıcıları Erməni Yaylasına əkinçiliklə məşğul olan köçəri maldarlar kimi gəlmişdilər. Onlar sinifli cəmiyyətdən xəbərsiz idilər, Yaylanın təbiəti və erkən sinifli cəmiyyətin sosial şərtləri ilə isə o zaman hələ erməni dilinə keçməmiş avtoxtonlardan tanış olurdular (bax: Dğəkonov İ.M. K predıstorii armənskoqo əzıka (o faktax, svidetelğstvax i loqike) İFJ, 4, 1983, str.166).

Ermənistan prezidentinin tamamilə cəfəng, elmi və tarixi faktlarla heç bir əlaqəsi olmayan bəyanatında deyilir ki, Qarabağ əhalisi minilliklər boyu guya "yalnız ermənilərdən" ibarət olmuş, "türk-müsəlman" köçəri tayfaları isə yalnız XVIII əsrin ikinci yarısında buraya köçməyə başlamışlar. Onların sayı ötən əsrin əvvəllərində əhalinin ümumi sayının yalnız 5 faizini təşkil edirdi". İnandırıcı çıxsın deyə, Sarkisyan hansısa müəmmalı "XVIII əsr rəsmi türk mənbələri"nə əsaslanmışdır. Təbii ki, elmə zidd bu cəfəngiyatın müəllifi məhz hansı mənbələri nəzərdə tutduğunu dəqiqləşdirməmişdir, çünki ermənilərin tarixin saxtalaşdırılması laboratoriyalarında belə mənbələr yoxdur. Əslində, türk arxivləri bunun əksini sübut edir. 2009-cu ilin noyabrında Türkiyə Nazirlər Kabineti yanında Mərkəzi Dövlət Arxiv İdarəsi 660 səhifəlik arxiv materiallarından ibarət "Qarabağ Osmanlı sənədlərində" kitabını nəşr etdirmişdir. Kitab "Siyasi, hərbi və diplomatik münasibətlər" və "Köçmə" hissələrindən ibarətdir. Kitabda arxiv materialları əsasında ermənilərin Qarabağa köçməsinə dair sübutlar gətirilir. Osmanlı arxivlərində Qarabağda ermənilərin olmasını xatırladan heç bir sənəd yoxdur. Bütün sənədlərdə söhbət ermənilərin Qarabağda XVII-XIX əsrlərdə məskunlaşması prosesindən və əhalinin etnik tərkibinin dəyişməsindən gedir.

Sarkisyanın "kəşfi", yumşaq desək, erməni tarixçilərinin yazdıqları ilə uyğun gəlmir. Məsələn, Corc Burnutyan yazır: "Bir sıra erməni mənbələri 1830-cu illərdən sonrakı statistikadan danışarkən İran hakimiyyəti dövründə Şərqi Ermənistanda ermənilərin sayını düzgün göstərmir və onların əhalinin ümumi sayının 30-50 faizini təşkil etdiklərini bildirirlər (Serj Sarkisyan ermənilərin ümumi əhalinin 95 faizini təşkil etdiyini deyir!). Həqiqətdə isə rəsmi statistika məlumatlarına görə, rus işğalından sonra ermənilər Şərqi Ermənistanda ümumi əhalinin güclə 20 faizini, müsəlmanlar isə 80 faizdən çoxunu təşkil edirdi. İstənilən halda, Rusiya istilasınadək ermənilər burada heç vaxt çoxluq təşkil etməmişlər. Kameral siyahıyaalma Şərqi Ermənistanın bir neçə mahalında ermənilərin çoxluq təşkil etməsini göstərir. Bu dəyişiklik artıq 35 mindən çox müsəlmanın həmin bölgədən mühacirətindən sonra baş vermişdir. Beləliklə, İran administrasiyası illərində heç bir dairədə ermənilərin çoxluq təşkil etməsini sübuta yetirən sənəd yoxdur. Çox güman ki, ermənilərin yerli səviyyədə çoxluq təşkil etdiyi yeganə yer Qərbibasar mahalı idi. Burada Üçkilsə (Eçmiədzin) erməni dini mərkəzi yerləşirdi. 1832-ci ildə minlərlə müsəlmanın köçürülməsi, İrandan və Osmanlı imperiyasından 57 min erməni immiqrantın gəlməsi ilə xristian əhalinin sayı xeyli artmış və müsəlmanlara bərabər olmuşdur. Yalnız rus-türk müharibəsindən sonra 1855-56-cı və 1877-78-ci illərdə Osmanlı imperiyasından daha çox erməni köçüb gələndən, buradan isə daha çox müsəlman köçüb gedəndən sonra ermənilər, nəhayət, çoxluq təşkil etməyə başladılar. Hətta bundan sonra da XX əsrin əvvəllərinədək İrəvan şəhəri, əsasən, müsəlman şəhəri olaraq qalırdı"44.

Burnutyanın misal gətirdiyi statistik məlumatlara görə, 1826-1832-ci illərdə İrəvan və Naxçıvan xanlıqlarında müsəlmanların sayı təxminən dörddə üç dəfə azalmışdı. Ermənilərin sayı isə köçkünlərin hesabına 3,5 dəfə artmışdı. Burnutyan daha sonra qeyd edir: "Statistikadan görünür ki, Rusiya istilasınadək ermənilər Şərqi Ermənistan əhalisinin təxminən 20 faizini, müsəlmanlar isə 80 faizini təşkil edirdilər. Rusiya ilhaqından sonra İrandan və Osmanlı imperiyasından bura 57 min erməni immiqrant gəlmiş, 35 min müsəlman Şərqi Ermənistanı tərk etmişdi. 1832-ci ildə ermənilər ümumi əhalinin yarısını təşkil edirdilər"45.

Rusiyanın statistik məlumatlarına görə Türkmənçay müqaviləsi bağlanana qədər Qarabağ xanlığında ermənilər daha az idi. İsveç müəllifi Svante Kornelə görə "Rusiyada keçirilən siyahıyaalmaya əsasən, 1823-cü ildə ermənilər Qarabağın ümumi əhalisinin 9 faizini (qalan 91 faiz müsəlman kimi qeyd olunmuşdu), 1832-ci ildə 35 faizini, 1880-ci ildə isə artıq üstünlük təşkil edirdilər – 53 faiz"46.

1928-ci ildə Türkmənçay müqaviləsi bağlandıqdan sonra ermənilərin İrandan, Osmanlı imperiyasının şərq əyalətlərindən İrəvan, Naxçıvan və Qarabağa kütləvi köçürülməsi başlandı. Əməliyyata rus diplomat və şairi Aleksandr Qriboyedov rəhbərlik edirdi. O, "Ermənilərin İrandan bizim vilayətlərə köçürülməsi haqqında qeydlər" adlı yazısında göstərirdi: "Ermənilər daha çox müsəlmanların mülkədar torpaqlarında məskunlaşdırılmışlar. Yayda hələ buna yol vermək olardı. Torpaq sahibləri, müsəlmanlar əsas etibarilə köç yerlərində idilər və başqa dinə mənsub olan gəlmələrlə təmasda az olurdular". Eyni zamanda, Qriboyedov gəlmə ermənilərlə yerli müsəlmanlar arasında gələcəkdə mümkün ola biləcək münaqişələr barədə xəbərdarlıq edirdi (Kameral siyahıyaalma statistikasından göründüyü kimi, müsəlmanlar əsas etibarilə türklər, yəni azərbaycanlılar idi): "Biz onunla (knyaz Arqutinski ilə), həmçinin müsəlmanları müvəqqəti çətinliklərlə barışdırmaq, ermənilərin ilk dəfə buraxıldığı torpaqları həmişəlik ələ keçirmələri barədə qorxularının kökünü kəsmək üçün onlara təsir göstərmək barədə çox düşünürdük"47!

Ermənilərin Qarabağa, İrəvana və Naxçıvana köçürülməsi rus yazıçısı və tarixçisi S.N.Qlinka tərəfindən 1831-ci ildə Moskvada çap olunmuş "Azərbaycan ermənilərinin Rusiya hüdudlarına köçürülməsinin təsviri" kitabında müfəssəl şərh olunmuşdur. 1828-ci il fevralın 26-dan iyunun 11-dək, yəni üç ay yarım ərzində buraya İrandan 8249 erməni ailəsi və ya ən azı 40 min erməni köçürülmüşdür48. Növbəti bir neçə ildə bu üç keçmiş xanlığa Osmanlı imperiyasından daha 90 min erməni köçürülmüşdür49.

1991-ci ildə daha bir rus müəllifi N.Şavrov yazırdı: "Hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən bir milyondan çoxu yerli əhali deyildir, bizim tərəfimizdən köçürülənlərdir". "Onlar əsasən ermənilərin sayının çox cüzi olduğu Yelizavetpol və İrəvan quberniyalarının münbit torpaqlarında yerləşdirilirdi. Bu ermənilər Yelizavetpol quberniyasının dağlıq hissəsində (Dağlıq Qarabağ) və Göycə gölünün sahillərində məskunlaşdırılmışdılar"50.

Ermənilərin Qarabağa, İrəvana və Naxçıvana köçürülməsi faktı hətta incəsənət ustalarının işlərində, məsələn tanınmış rus rəssamı V.İ.Maşkovun 1828-ci ildə çəkilmiş və ermənilərin İrandan Araz çayının şimal sahilinə kütləvi köçürülməsi mövzusunu parlaq şəkildə əks edən tablosunda yer almışdır.

Beləliklə, Gorusda beş faizi güclə adlayan "köçəri" türk-müsəlman əhalisi və Qarabağın "yekcins" "yerli" erməni əhalisi haqqında danışarkən, Serj Sarkisyan ermənilərlə türklərin yerini dəyişmiş və "köçəri" sözünün ünvanını səhv salmışdır. Statistik məlumatlar və həmin hadisələrin şahidi olmuş müəlliflərin (onların "Azərbaycan təşviqatına" xidmət etməsindən çətin ki, şübhələnmək olar) təsvirləri Türkmənçay müqaviləsinə qədər türk əhalisinin sayının erməni əhalisinin sayından qat-qat çox olmasına və erməni əhalisinin sayının Qarabağ və bugünkü Ermənistanın (İrəvan xanlığı) Rusiyaya birləşdirilməsindən sonra onların bu torpaqlara köçürülməsi nəticəsində kəskin surətdə artmasına dəlalət edir. Erməni tarixçilərinin özləri də bunu təsdiq edirlər. Onlardan heç biri "türk köçəriləri"nin "qədim erməni" torpaqlarına köçürülməsi və bu vilayətlərin "yekcins erməni" əhalisi barədə yazmır. Onlar müfəssəl və dəqiq surətdə əks hadisələri qeyd edirlər.

Ermənistanın bugünkü rəhbərləri Qarabağda çətin ki, "türk-müsəlman köçəriləri"nin buraya gəlməsinin ildönümü ilə əlaqədar ucaldılmış abidə taparlar. Əvəzində, 1978-ci ildə Ağdərə rayonunun Marquşevan kəndində ermənilərin Qarabağa köçmələrinin 150 illiyi ilə əlaqədar abidə açılmışdı. Münaqişə başlayandan sonra abidənin başına nə gəldiyi və Sarkisyanın həmyerlilərinin onu nə səbəbdən tez-tələsik dağıtdıqlarını Ermənistan prezidenti diaspordan olan jurnalistlərinə gələn dəfə danışar. Üstəlik başa salar ki, niyə 1805-ci ildə Qarabağın Rusiyanın tərkibinə daxil olması haqqında müqavilə (Kürəkçay müqaviləsi)51 hansısa bir erməni knyazı tərəfindən imzalanmamış, türk (Azərbaycan) xanı İbrahimxəlil və Rusiya imperatorunun nümayəndəsi general Sisianov arasında bağlanmışdır. Yəqin ona görə ki, İbrahimxəlil xan "orada təzə peyda olmuş" "beşfaizlik köçəri əhalini" təmsil edirmiş.

Rusiya statistikasının məlumatına görə, təxminən həmin vaxt (1810-cu ildə) Qarabağ əhalisi 9500 türk və 2500 erməni ailəsindən ibarət idi52. Təəccüblü deyil ki, müqavilənin mətnində "Ermənistan" və ya "ermənilər" sözləri yoxdur və ola da bilməzdi. Buna baxmayaraq, uzun illər sonra Ermənistanda "Qarabağ ermənilərinin könüllü olaraq" Rusiyanın tərkibinə daxil olması barədə mif yaradacaqlar.

Akademik S.P.Ağayan Azərbaycan maarifçisi A.A.Bakıxanova həsr etdiyi əsərində XVIII əsr Şimali Azərbaycan xanlıqlarının xəritəsini dərc etmişdir53. Ancaq erməni akademiki xəritəyə Azərbaycanın bir xanlığının ərazisini daxil etməmişdir, məhz İrəvan xanlığının.

Bununla bərabər xəritədə yer almış qeydlərdə Ağayan vurğulayır ki, bu xəritəni o, P.İ.Kovalevskinin "Rusiyanın Qafqazı fəth etməsi"54 kitabından olduğu kimi götürmüşdür. Ağayan yalan deyir, çünki Kovalevskinin əsərində dərc olunmuş xəritədə bütün xanlıqların, o cümlədən İrəvan xanlığının ərazisi göstərilmişdir. Bu fakt ustalaşmış erməni saxtakarlığının əyani nümunəsidir!

1828-ci il martın 21-də, Azərbaycan türklərinin qeyd etdikləri Novruz bayramı günündə, imperator I Nikolay öz fərmanı ilə əsrlər boyu mövcud olmuş İrəvan və Naxçıvan xanlıqlarını ləğv etdi və bu ərazilərdə İrandan və Türkiyədən köçürülmüş ermənilər üçün qondarma "Erməni vilayəti" yaratdı55. Bununla da, köçürülmüş ermənilər üçün Azərbaycan torpaqları olan İrəvan və Naxçıvan xanlıqlarında yeni vətən yaratmaq yolunda ilk addım atıldı.

Cənab Serj Sarkisyanın və onun ideya-siyasi silahdaşlarının yadına salmaq pis olmazdı ki, 1918-ci il mayın 28-də ermənilər müstəqil dövlətin qurulmasını siyasi mərkəzləri olmadan bəyan etmişdilər. 1918-ci il mayın 29-da yeni elan edilmiş Azərbaycan Xalq Cümhuriyyəti (AXC) böyük dövlətlərin təzyiqi altında qədim Azərbaycan şəhəri İrəvanı və ona bitişik təxminən 9,5 min kvadratkilometr ərazini ermənilərə güzəştə getməyə məcbur olmuşdur. Yeri gəlmişkən, bu gün Ermənistanın ərazisi 29 min kvadratkilometrdən çoxdur. Sual olunur, nəyin hesabına? Müasir erməni dövləti həmin o ermənilərə bağışlanmış, keçmişdə İrəvan xanlığı olan Şimali Azərbaycan əraziləri hesabına yaradılmışdır.

AXC Nazirlər Şurasının sədri Fətəli xan Xoyski güman edirdi ki, bununla ermənilərin bütün ərazi iddiaları bitəcəkdir. Lakin o, böyük səhv edirdi. Taleyin hökmü ilə AXC-nin süqutundan sonra Ermənistanın ekspansionist siyasətinin necə inkişaf etdiyini görmək ona nəsib olmadı. Çünki 1920-ci il iyunun 19-da "Daşnaksütyun" partiyasının Osmanlı imperiyası və Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin məhv edilməsi üzrə "Nemezis" əməliyyatı çərçivəsində o, Tbilisidə erməni terrorçu-daşnaksakanları Aram Erkanyan və Misak Kirakosyan tərəfindən qətlə yetirildi.

Bütün bunlar etibarlı arxiv materiallarına, müasirlərin, həm bitərəf, həm də erməni tarixçilərin şəhadətinə əsaslanan tarixi faktlardır. Onları necə saya saymamaq və ya daha pisi, "Azərbaycan saxtakarlıqları" adlandıraraq rədd etmək olar? Bəlkə 1919-cu ildə Mikoyanın əvəzinə Leninə azərbaycanlılar yazırdı: "Daşnaklar, erməni hökumətinin agentləri Qarabağın Ermənistana birləşdirilməsinə çalışırlar. Lakin bu, Qarabağ əhalisi üçün Bakıda həyat mənbəyini itirmək və heç vaxt, heç bir əlaqələri olmayan İrəvanla bağlanmaq demək olardı. Erməni kəndliləri beşinci qurultayda qərara gəlmişlər ki, Azərbaycana birləşsinlər"56. Məgər 1921-ci ilin iyununda Qafbüronun plenumunda Qarabağın Azərbaycanın tərkibində qalmasına ermənilərin özləri (məsələn, A.M.Nazaretyan) səs verməmişdilər? Məgər Qarabağ ermənilərinin liderlərinin özləri (məsələn, Sero Manutsyan) bu qərarı alqışlayaraq qeyd etmirdilərmi: "Azərbaycanın tərkibində muxtariyyət aktı erməni kəndliləri tərəfindən tam yekdilliklə qarşılanmışdır". Qarabağın 1921-ci ildə Azərbaycanın hüdudlarında qalması ilə bağlı arxiv sənədlərinin dərc olunmasına baxmayaraq, Ermənistanın indiki rəhbərləri dünya ictimaiyyətini aldadıb özlərinə qarşı rəğbət oyatmaq məqsədilə Qarabağın Stalin tərəfindən Ermənistandan "ayrılıb" Azərbaycana "verilməsi" barədə özlərinin yaratdığı mifi dünyaya yaymaqda davam edirlər. Ancaq Stalin və Çiçerin Qarabağın Ermənistana verilməsinin tərəfdarı idilər.

Dağlıq Qarabağda muxtar vilayət süni qurum idi. Onun sərhədləri artıq o zaman erməni əhalisinin üstünlük təşkil etdiyi yığcam yerləşmiş Azərbaycan kəndlərinin ixtiyari birləşdirilməsi yolu ilə müəyyənləşdirilmişdi. Burada absurd vəziyyətlər yaranırdı. AK(b)P MK Rəyasət Heyətinin 1923-cü il 16 sentyabr tarixli qərarına əsasən İ.Dövlətov, M.Bağırov və E.Xanbudaqovdan ibarət komissiya regionda vəziyyəti yoxlamaq üçün Qarabağa yollandı. Daha sonra, AK(b)P MK-ya 1923-cü il 3 oktyabr tarixli təqdimatında M.C.Bağırov yazırdı: "Xankəndi, Şuşa və Abdallar rayonunda əhalisinin sayı 8000 nəfərə qədər olan bir sıra müsəlman kəndləri vardır: Xəlfəli, Zarıslı, Müsəlmanlar və b. Onları Abdallardan daha asan idarə etmək olar, nəinki Xankəndidən. Yalnız ona görə ki, bu müsəlman kəndlərinin arasında əhalisinin 1150 nəfəri erməni olan Qaladərəsi kəndi yerləşir, bütün bu rayonu nədənsə Xankəndiyə birləşdirmişlər, üstəlik əhalisi təxminən 10.000 nəfər müsəlman olan Şuşanı da. Cavanşir qəzasında otuz müsəlman kəndi arasında bir erməni kəndi yerləşib. Nədənsə onu bu müsəlman kəndlərinin başı üzərindən Xankəndiyə birləşdirmişlər"57. Komissiyanın hesabatlarından göründüyü kimi, daim torpaq azlığından şikayət edən ermənilərə hətta müsəlman qəbiristanlıqlarının əraziləri də verilirdi.

Yarandığı zaman Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi 4160,5 kvadratkilometr idi58. Yalnız iki il ərzində (1923-1925) Azərbaycanın torpaq fondundan DQMV-nin tərkibinə 16 min desyatin torpaq verilmişdir59. DQMV-nin sahəsi daim genişlənirdi və 1933-cü il yanvarın 1-nə olan məlumata görə artıq 4431,7 kvadratkilometr təşkil edirdi60.

Sovet hakimiyyəti illərində Ermənistanın özünə Azərbaycanın tərkibinə daxil olan geniş torpaq sahələri verilmişdir. Ermənistanda sovet hakimiyyəti qurulandan çox keçməmiş, 1920-ci ilin dekabrında Zəngəzur Ermənistana verildi. İki ildən sonra isə artıq "erməni" Zəngəzuruna əlavə torpaqlar verildi. Azərbaycan SSR Xalq Torpaq Komissarlığı tərəfindən 1922-ci il oktyabrın 22-də hazırlanmış arayışda məlumat verilirdi: "Azərbaycan SSR-in bütün ərazisi 7.989.105 desyatin təşkil edirdi. Göstərilmiş ümumi sahədən: a) Qazax qəzasından Ermənistana 379.984 desyatin torpaq verilmişdir; b) keçmiş Zəngəzur qəzasından Ermənistana 405.000 desyatin torpaq verilmişdir"61.

Xalq Torpaq Komissarlığının Torpaq Quruluşu İdarəsinin 1920-1923-cü illər üçün hesabatında deyilir: "Əvvəllər Zəngəzur, Cavanşir və Qazax qəzalarının sərhədlərində olan və Azərbaycana məxsus otlaqların 150.000 desyatinə qədər hissəsi indi Ermənistana verildikdən sonra bu iki respublika arasında mübahisəli olan zonaya daxil olduğundan otlaqların əzəli istifadəçiləri – Azərbaycan maldarları buraya köçmə zamanı böyük narahatlıq keçirirlər"62.

1929-cu il fevralın 18-də tarixən Azərbaycan torpağı olan Zəngəzurun İranla sərhədə çıxan sonuncu parçası Ermənistana verildi. Zaqafqaziya MİK-in 1919-cu il 18 fevral tarixli qərarı ilə aran Qarabağın əraziləri – Azərbaycan SSR Cəbrayıl qəzasının Nüvədi, Eynadzor və Tuqut kəndləri63, həmçinin Ordubad qəzasının Kərkivan kəndi və Kilid kəndi torpaqlarının bir hissəsi64 Ermənistana verildi və əhalisi azərbaycanlılar olan yeni "erməni" torpaqlarında süni yolla bu vaxtadək mövcud olmayan Ermənistan SSR-in Meğri qəzası yaradıldı. Beləcə, Naxçıvanın Azərbaycanın böyük hissəsindən ayrılması və türk dünyasının içində süni coğrafi sədd (paz) yaradılması başa çatdırıldı. Elə həmin qərarla Naxçıvanın digər kəndləri: Qurdqulaq, Horadiz, Xaçik, Ağbin, Ağxaç, Almalı, Dağalmalı, İtqıran, Sultanbəy Ermənistana verildi. Beləliklə, 1933-cü il üçün Naxçıvan muxtariyyətinin ərazisi Qars müqaviləsi ilə müəyyən olunmuş əvvəlki 5988 kvadratkilometrdən65 5329,6 kvadratkilometrədək azaldı66.

Ermənistanda hətta ən yeni, lap yaxın keçmişdəki, bu gün yaşayan nəslin şahidi olduğu tarixi faktları danmaqdan, xronologiyanı təhrif etməkdən, səbəb və nəticənin yerlərini dəyişməkdən utanmırlar. Məsələn, ermənilər hər yerdə Sumqayıt, Kirovabad və Bakıdakı talanlardan danışırlar, lakin Qafanda, Meğridə, Əsgəranda, Qukarkda talan və qətllərin arxasında durduqlarını dilə gətirməməyə çalışırlar. Bu hadisələr zamanı Ermənistanın azərbaycanlı əhalisi Azərbaycan şəhərlərində yaşayan ermənilərdən dəfələrlə çox ziyan çəkmişdir. İttifaq prokurorluğunun materiallarında əksini tapmış təkzibedilməz sübutlara, şahidlərin və ziyançəkmişlərin ifadələrinə baxmayaraq, Sumqayıtda və digər şəhərlərdə ermənilərin öz soydaşlarının qətlə yetirilməsində iştirakı faktını Ermənistanda xatırlatmamağa (bəzən isə qəti inkar edir və "uydurma" adlandırırlar) üstünlük verirlər. Qukarkda, yaxud Ermənistanın digər rayonlarında Sumqayıt canisi E.Qriqoryan kimi öz soydaşlarına qarşı talanlarda iştirak edən heç olmasa bir azərbaycanlı olubmu? Azərbaycanlını gizlədib qonşusunun həyatını xilas edən heç olmasa bir Ermənistan sakini tapılıbmı?

Təyyarə qəzasında həlak olmuş altı Yuqoslaviya xilasedicisinə abidə ucaldan Ermənistan 1988-ci ildə təbii fəlakət zonasına tələsən və erməni dispetçerlərin hələ də təhqiq edilməmiş ziddiyyətli komandaları nəticəsində həlak olmuş 79 azərbaycanlı xilasedicinin ailələrinə heç olmasa elementar nəzakət xatirinə şifahi başsağlığı belə vermədi.

İttifaq dövlətinin mövcudluğunun son illərində keçmiş DQMV-ni Azərbaycanın tərkibindən çıxarmaq cəhdləri birtərəfli xarakter daşıyırdı, SSRİ Konstitusiyasının bir sıra maddələrinə zidd idi və 1990-cı il 3 aprel tarixli "Müttəfiq respublikaların SSRİ-nin tərkibindən çıxması ilə bağlı məsələlərin həlli qaydaları" adlı SSRİ Qanununu pozurdu. Ona görə də separatçıların bütün bu cəhdləri qanunsuz idi. SSRİ-nin süqutundan sonra onun ərazisində dünya birliyi tərəfindən tanınmış və BMT-yə əvvəlki sərhədləri çərçivəsində qəbul olunmuş 15 müstəqil dövlət yarandı. BMT-nin İnsan haqlarının müdafiəsi üzrə Alt komissiyasının üzvü A.Eydenin qeyd etdiyi kimi "BMT çərçivəsində həm keçmiş SSRİ-nin, həm də keçmiş Yuqoslaviyanın müttəfiq respublikalarının sərhədlərini etnik məskunlaşma deyil, uti possidetis juris əsasında müəyyən etmək barədə geniş konsensus əldə edildi. Bu o deməkdir ki, federasiyanın müttəfiq respublikalarının əvvəllər mövcud olmuş sərhədləri yeni sərhəd kimi sayılmalıdır"67. AŞ PA-nın məruzəçisi D.Atkinson 2004-cü il 29 noyabr tarixli məruzəsində birmənalı olaraq qeyd etmişdir: "Azərbaycan ərazisinin əhəmiyyətli hissəsi hələ də erməni qüvvələrinin işğalı altındadır". O, eyni zamanda, xüsusi vurğulamışdır ki, "Azərbaycanın sərhədləri beynəlxalq birlik tərəfindən 1991-ci ildə, ölkə, ərazisinə Dağlıq Qarabağ regionu daxil olan müstəqil dövlət kimi tanınan zaman tanınmışdır"68.

Ermənilərin siyasi tarixi siyasətçi və ideoloqların səyi ilə ermənilərin milli şüuruna türkofobiya, Azərbaycana və türkə aid nə varsa hamısına nifrət hissi hopmasını söyləməyə kifayət qədər əsas verir. Onlar hətta heç gizlətmirlər ki, erməni dövlətinin mövcudluğunu dəstəkləyən bu zərərli ermənilik dünyagörüşünün başlanğıc bazası "1915-ci il soyqırımı", "Qarabağın və Cavaxkın" və digər ərazilərin ilhaqı kimi ideya-siyasi məqsədlərdir. Bu absurd ideyaların həyata keçirilməsi məqsədilə həmin dünyagörüşü erməni terrorçuları və separatçılarının ən ağlasığmaz cinayətlərinə bəraət qazandırır.

Ermənistanda ümid edirlər ki, tarixi primitiv şəkildə saxtalaşdırıb beynəlxalq təşkilatlara Dağlıq Qarabağın guya qədim erməni torpağı olduğunu "sübut" etməklə onu özlərinə birləşdirməyə nail olacaqlar. S.Sarkisyan və tarixi saxtalaşdırmaq üzrə laboratoriyadan olan erməni "intellektualları" çoxdan bilməli idilər ki, tarixi proses irəliyə doğru hərəkət edir, geriyə yox. O ki qaldı Dağlıq Qarabağın və ya onun əvvlki adı ilə desək, Arsaxın qədim alban torpağı olmasına, bunu erməni tarixçilərinin özləri sübut etmişlər. Məsələn, S.T.Yeremyan yazırdı: "Bir çoxu ərəblərdən əvvəlki dövrə aid olan külli miqdarda xristian abidələri qədim Albaniyanın erməniləşmiş hissəsində, hazırda əsasən erməni əhalinin yaşadığı qədim alban vilayətləri Arsax və Utikdə salamat qalmışdır"69. Lakin təəccüb doğuran utanmadan yalan danışan və bu yolla dünya birliyinin bəzi üzvlərinin rəğbətini qazanmağa çalışan saxtakarların və onlarla birlikdə siyasətçilərin həyasızlığıdır. S.Sarkisyan öz mövqeyini nəzərə alaraq erməni xalqının taleyi ilə oynamamalıdır. Axı hələ heç kimə törətdiyi cinayətlərə görə öz həmvətənlərinin qəzəbindən qurtulmaq müyəssər olmamışdır. Müasir dünyada dövlət sərhədlərinin mif və antik salnamələr əsasında müəyyən olunmadığını, hər hansı ərazidə monastırın mövcudluğu və ya milli azlıqların yaşaması ilə dəyişdirilmədiyini bilməyin vaxtı çoxdan çatmışdır. Əks halda, dünyanın siyasi xəritəsi bu gün başqa cür görünərdi (məsələn, Ermənistan yenidən müstəqilliyini itirib dirçələn Roma imperiyasının tərkibinə, ermənilərin özləri isə Frigiyaya qayıtmalı olardılar), BMT öz Nizamnaməsini hazırlamaq əvəzinə arxeoloji məlumat və manuskriptlərin toplanması və öyrənilməsi ilə məşğul olar, Təhlükəsizlik Şurası isə tarixçilər arasında debat yerinə çevrilərdi. Ermənistan rəhbərləri artıq başa düşməlidirlər ki, müasir dünyada ərazi məsələləri "kim əzəldən harada yaşamışdır və kim haraya köçmüşdür" prinsipi üzrə tarixi kontekstdə deyil, beynəlxalq hüquq əsasında həll olunur. Odur ki, özlərini və cəmiyyətlərini bu əyalətçi təfəkkürdən xilas etməlidirlər. Tarixi təhrif etmək və abidələri dağıtmaq, hətta uğurlu olsa belə, onlara başqa dövlətlərin ərazilərini zəbt etməyi əsaslandırmaqda kömək etməyəcəkdir. Sərhədlərin zorla dəyişdirilməsi həmişə müharibələrə gətirib çıxarır. Siyasi lider isə öz xalqını müharibələrdən qorumalı, onu uçuruma sürükləməməlidir.

Azərbaycanın dəstəklədiyi millətlərin öz müqəddəratını təyin etmək hüququ hərc-mərcliyi və sərhədləri ağlına gələn kimi dəyişmək hüququnu nəzərdə tutmur. Bu hüququn Ermənistanda özünə rəva görülən kimi yozulması yolverilməzdir. Əks təqdirdə bu gün dünyada milli azlıqlar olmazdı, çünki onların hamısı, ən xırdası belə təyini-müqəddərat hüququndan istifadə edərək özünü dünya birliyinin müstəqil subyekti elan edər, beynəlxalq tanınma haqqında xahiş edərdi. Görünür, bu prinsipin primitiv təfsirindən irəli gələn xof Ermənistan hökumətini azərbaycanlıları keçmiş İrəvan xanlığının əzəli torpaqlarından planlı şəkildə qovmağa, respublikalarını monoetnik dövlətə çevirməyə, sonra isə Azərbaycan ərazisinin işğal edilmiş hissəsində də etnik təmizləmələr aparmağa vadar etmişdir. Hazırda Dağlıq Qarabağın erməni əhalisinin aid olduğu milli azlıqların təyini-müqəddəratının yalnız beynəlxalq hüquq çərçivəsində mümkün olması ilə Ermənistan barışmalı olacaqdır. Bu hüququn prinsipləri çoxsaylı konvensiya və sənədlərdə təsbit olunmuşdur ki, bunların da dürüst ifadələri ilə Ermənistanda, şübhə etmirik ki, yaxşı tanışdırlar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin hüquqi bazası 1975-ci il Helsinki Yekun Aktıdır. Orada təyini-müqəddərat hüququ dövlətin ərazi bütövlüyü çərçivəsində göstərilmişdir.

Dağlıq Qarabağ Azərbaycanın bir hissəsi olub və olacaqdır. O, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İKT, NATO, GUAM, bir çox dövlətlərin parlamentləri və dövlət başçıları tərəfindən bu şəkildə tanınmışdır. O, Azərbaycanın bir hissəsi kimi ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən də tanınmışdır. Həmsədrlər bəyanatlarında erməni adı ilə yanaşı, həm də tarixi Xankəndi adını işlədirlər, təkcə faktiki erməni icmasının liderləri ilə deyil, həm də Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərləri ilə görüşlər keçirirlər, regiona Azərbaycan ərazisindən səfərlərini "sərhədi yox, qoşunların təmas xəttini keçmək" adlandırırlar. BMT Təhlükəsizlik Şurasının qətnamələrində Dağlıq Qarabağ "Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu" kimi göstərilir. Digər beynəlxalq təşkilatların sənədlərində də analoji ifadələrə rast gəlmək olar. Əgər Ermənistanda hələ də bu incə fərqləri görə bilmirlərsə, dünya birliyinin onları dəstəkləmədiyini başa düşmək üçün heç olmasa sənədlərə müraciət etsinlər, orada hər şey açıq, incə eyhamlarsız yazılmışdır.

Yalnız erməni rəhbərlərinin nitqlərində "dağlıq qarabağ respublikası" adına rast gəlmək olar. Tam tənha qalmalarına baxmayaraq, onlar özlərinə və öz vətəndaşlarına toxtaqlıq verməkdə davam edirlər ki, dünya birliyi onların "ümidləri"ni dəstəkləyir. İşğal olunmuş ərazidə yaradılmış oyuncaq, yalançı respublika heç kim tərəfindən tanınmayıbdır. Bəzən Ermənistan rəhbərlərinin hədələdiyi kimi onların bu ölkə tərəfindən tanınması bu qanunsuz qurumu legitimləşdirməyəcək və Ermənistanın vəziyyətini daha da ağırlaşdıracaqdır. Reallığı dərk etmək əvəzinə Serj Sarkisyan Gorusdakı nitqi ilə özünü pis vəziyyətə salmış və qonaqlara yanlış məsləhətlər vermişdir. Başa düşmək çətin deyil ki, Ermənistanın gələcək nəsilləri bu səhvlərin ağır nəticələrini öz üzərlərində hiss edəcəklər.

 

 

Ramiz Mehdiyev,

Azərbaycan Milli Elmlər

Akademiyasının həqiqi üzvü

 

Azərbaycan.- 2010.- 4 noyabr.- S. 4, 5.6, 7.