Ulu ozan-aşıq sənətinə
dövlətin qayğısı, millətin sevgisi
72 dildə danışan saz Dədə Qorqudumuzun ruhunu yaşatdığını I Beynəlxalq
Aşıq Festivalında bir daha göstərdi
Ustadlarımız söyləmişlər: aşıq gördüyünü çağırar. Bu o anlamı verir ki, ozan-aşıqlar elin-obanın, xalqın həyat tərzini dastanlaşdıran xüsusi sənət sahibləridir. Ulu saz-söz sənətinin keçdiyi yolun müqəddəsliyi də, bəlkə, elə bundadır.
Milli-mənəvi dəyərlərimizin dövlət səviyyəsində qorunması və onların YUNESKO-nun "Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısı"na salınması Heydər Əliyev Fondunun, eləcə də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi beynəlxalq əhəmiyyətli tədbirlərin nəticəsidir.
Oktyabrın 22-dən 27-dək respublikamızda keçirilən I Beynəlxalq Aşıq Festivalı da bir daha adıçəkilən ulu ozan sənətinin unikal milli sərvət olduğunu ortaya qoydu. Milli-mənəvi sərvətlər xalqın tarixi keçmişini, onun zəngin mədəni irsə malik olduğunu təsdiqləyən faktdır. Heydər Əliyev Sarayında başlayan və ölkəmizin bölgələrində başa çatan festivalda, möhtəşəm saz-söz məclislərində Azərbaycanla yanaşı İran, Türkiyə, Rusiya (Dağıstan), Gürcüstan (Borçalı), Qırğızıstan, Özbəkistan, Qazaxıstan aşıqları iştirak edirdilər.
Festivalda respublikamızın 10-na yaxın bölgəsini təmsil edən ozan-folklor ansambllarının çıxışlarının iştirakçılar tərəfindən dəfələrlə sürəkli alqışlanması bir daha bu ulu sənətə el və xalq məhəbbətini nümayiş etdirdi.
Göyçə, Qazax-Gəncə, Borçalı, Şirvan aşıq sənətinin artıq məktəb kimi formalaşması festivalda diqqət çəkən məqamlardan idi.
Festivalın açılışında Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev əsrlərdən boy verən ulu ozan-aşıq sənətinin Dədə Qorquddan xeyir-dua almasını bildirdi: "Aşıq Qurbaninin, Tufarqanlı Abbasın, Sarı Aşığın, Xəstə Qasımın, Aşıq Hüseyn Şəmkirlinin, Molla Cumanın, Aşıq Ələsgərin, Hüseyn Bozalqanlının, Mikayıl Azaflının, Aşıq Alının, Aşıq Şəmşirin adlarına bağlı şeirlər, dastanlar gözəl sənət nümunələridir. Bu sərvət zaman-zaman Azərbaycanın yazılı ədəbiyyatına, çağdaş bəstəkarlığa, xoreoqrafiyaya güclü təsir göstərib".
Belə bir tədbirin ölkəmizdə keçirilməsi Azərbaycan Aşıqlar Birliyinin fəaliyyətindəki dönüşü təsdiqlədi. Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun festivalın açılış mərasimindəki çıxışında dünyanın 72 dilində tərcüməsiz danışan, ruhumuzu, dilimizi qoruyan, onun saflığını, duruluğunu saxlayan sazımızın, sözümüzün işığına yığışanları bu əlamətdar hadisə münasibətilə təbrik edərək söylədiyi fikirlər yaddaşlara bir daha həkk edildi: "Əgər bu gün ozan-aşıq sənəti ilə bağlı dövlətimizin qayğısı, diqqəti ilə millətimizin sevgisi və məhəbbəti üst-üstə düşürsə və ozan-aşıq sənəti YUNESKO-nun baş kitabında qeyd olunursa, Avropa salonlarında insanları Azərbaycan sazı ayağa qaldırırsa, belə bir müqəddəs alətin varlığı ilə bağlı bu cür tədbirlərə qanad vermək, genişləndirmək, dünya ilə bir eləmək lazımdır..."
Azərbaycanın ev sahibliyi ilə keçirilən möhtəşəm tədbir bütünlüklə türk dünyasını əhatə etdi. Bakıdan başlayan tədbirlərin əfsanələr paytaxtı Gəncədə sona çatmasının rəmzi mənası vardı. Oktyabrın 26-da qədim Gəncədə keçirilən final konsertində 7 türkdilli ölkənin təmsilçiləri ilə yanaşı, respublikamızın 10-na yaxın bölgəsinin ozanlarının ifasından sonra proqrama yekun vuran Kəlbəcər aşıqlarının yüksək alqışlanması göstərdi ki, onlar eyni zamanda Dədə Şəmşir ruhu qarşısında öz borclarını vermiş oldular.
Dünyanın 7 ölkəsindən 40, Azərbaycandan isə 100-dən artıq aşıq iştirak etdiyi I Beynəlxalq Aşıq Festivalının ozan-aşıq təmsilçiləri respublika Mədəniyyət və Turizm Nazirliyinin diplomları ilə təltif edildilər.
Bir həftə ərzində keçirilən festival bir daha təsdiqlədi ki, Azərbaycan dövləti və hökuməti milli-mənəvi sərvətlərin qorunub saxlanmasına və gələcək nəsillərə əvəzsiz xəzinə kimi çatdırılmasına çox böyük qayğı göstərir.
Bununla da iki ildən bir keçirilməsi nəzərdə tutulan festival eyni dinə, kökə mənsub xalqlarımızın milli sərvətlərinin qorunması istiqamətində birgə fəaliyyətə start vermiş oldu.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2010.- 5 noyabr.- S. 9.