Azərbaycanda Türkmənistan Mədəniyyət Günlərinin təntənəli açılışı olmuşdur

 

Noyabrın 4-də Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycanda Türkmənistan Mədəniyyət Günlərinin təntənəli açılışı olmuşdur.

Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva xalqlarımız arasında dərin dostluq və qardaşlıq münasibətlərindən, ortaq mənəvi dəyərlərdən, ölkələrimiz arasında mədəni əməkdaşlığın uğurlu inkişafından danışmışdır. Azərbaycanda Türkmənistan Mədəniyyət Günlərinin keçirilməsini iki ölkə arasında səmimi dostluğun bariz nümunəsi kimi dəyərləndirən F.Əliyeva tədbirin müvəffəqiyyət qazanacağına, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına və mədəni əlaqələrimizin dərinləşməsinə kömək edəcəyinə əminliyini bildirmişdir.

Nümayəndə heyətinin rəhbəri, Türkmənistan Milli Mədəniyyət Mərkəzinin baş direktoru Tuvakbibi Durdiyeva xalqlarımızın səmimi dostluğunun başqa xalqlar üçün nümunə olmasından, ölkələrimiz arasında ictimai-siyasi, mədəni əlaqələrin gündən-günə möhkəmlənməsindən danışmışdır. Ölkəmizdə Türkmənistan Mədəniyyət Günlərinin keçirilməsini əlamətdar hal hesab edən T.Durdiyeva bu cür tədbirlərin tez-tez keçirilməsinin, iki ölkə arasında bütün sahələrdə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulamışdır.

Nümayəndə heyətinin rəhbəri mədəniyyət günləri çərçivəsində keçiriləcək tədbirlər haqqında məlumat vermiş, onların azərbaycanlı tamaşaçılar tərəfindən bəyəniləcəyinə, Bakıda keçirilən bu tədbirin uzun illər yaddaşlardan silinməyəcəyinə əminliyini bildirmişdir.

Sonda Türkmənistanın mədəniyyət və incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı təqdim olunmuşdur. Tədbirdə Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç iştirak etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 5 noyabr.- S. 9.