Azərbaycan insan inkişafı
indeksinin orta illik tempinə görə son 10 il ərzində
aparıcı dövlət olmuşdur
Bu fikir Bakıda BMT İnkişaf
Proqramının 2010-cu il İnsan İnkişafı
Hesabatının təqdimat mərasimində xüsusi
vurğulanmışdır
İnsan inkişafı indeksinin orta illik tempinə görə Azərbaycan keçmiş Sovet İttifaqı ölkələri arasında son 10 il ərzində aparıcı dövlət olmuşdur. Azərbaycan bu istiqamətdə hətta dünya üzrə qabaqcıl sayılan iki dövləti - Çin və Hindistanı da arxada qoymağa müvəffəq olmuşdur.
Xəbər verdiyimiz kimi, bu sözləri BMT İP-in rezident nümayəndəsi Fikrət Akçura noyabrın 4-də Bakıda BMT İnkişaf Proqramının 2010-cu il İnsan İnkişafı Hesabatının təqdimat mərasimində söyləmişdir.
Azərbaycan Prezidenti Administrasiyasının və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının "Millətlərin həqiqi sərvəti: İnsan inkişafına aparan yollar" devizi altında birgə təşkil etdikləri təqdimat mərasimində hökumətin, beynəlxalq qurumların, diplomatik korpusun və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak etmişlər.
Təqdimat mərasiminin moderatoru BMT İnkişaf Proqramının rezident əlaqələndiricisinin müavini Bahadur Eşonov bildirmişdir ki, 20 il bundan əvvəl BMT İnkişaf Proqramı özünün ilk İnsan İnkişafı Hesabatını hazırlamışdır. Bu tədbir BMT İP-in İnsan İnkişafı Hesabatının 20 illiyinə həsr olunmuşdur. İlk hesabat 1990-cı ildə "hər bir dövlətin həqiqi sərvəti onun insanlarıdır" prinsipinin müəllifi olan mərhum iqtisadçı Məhbub ul Haqın rəhbərliyi ilə müstəqil ekspertlər qrupu tərəfindən hazırlanmışdır. Bu prinsipin mahiyyətini milli inkişafın makroiqtisadi göstəricilərlə qiymətləndirilməsinə alternativ olaraq sağlamlıq, təhsil və gəlir göstəricilərinə əsaslanan İnsan İnkişafı İndeksi təşkil edir. Vurğulanmışdır ki, 2010-cu ilin hesabatı da bu indeksin davamı olaraq ölkələrin inkişaf dinamikası haqqında müasir yanaşmaları, o cümlədən qeyri-bərabərliyin aradan qaldırılmasına, gender məsələlərinə və yoxsulluğun azaldılmasına yönəlmiş yeni metodları əks etdirir. Son 20 il ərzində Birləşmiş Millətlər Təşkilatı dönə-dönə vurğulamışdır ki, milli inkişafın əsasında insan amilinə qayğı və diqqət dayanmalıdır.
Hesabatın Bakıda təqdim olunmasının isə Azərbaycanın ən yaxşı icraçılar arasında olması faktını təsdiq etdiyini bildirən moderator, buna görə də tədbiri ölkənin nailiyyətlərindən və inkişafından söhbət açan filmin nümayişi ilə başlamağı təklif etmişdir.
Mərasimdə "Azərbaycan: inkişafa aparan yol" sənədli filmi nümayiş olunmuşdur.
İnsan inkişafının 1990-cı illərin əvvəllərində
müstəqilliyini bərpa edəndən sonra Azərbaycan
üçün həmişə prioritet olduğunu
vurğulayan moderator bildirmişdir ki, bugünkü təqdimat
tədbirində əsas məruzəçi Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyev son 20 ildə xalqın inkişafı
üçün insanları ruhlandıran şəxslərdən
biri olmuşdur. Odur ki, müdrik fikirlərini bölüşmək
üçün söz akademik Ramiz Mehdiyevə verilir.
Prezident Administrasiyasının rəhbəri,
akademik Ramiz MEHDİYEV tədbirdə açılış
nitqi ilə çıxış edərək demişdir:
- Hörmətli xanımlar və cənablar!
Hörmətli səfirlər!
Sizi Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan dövləti arasında əməkdaşlıq çərçivəsində təşkil edilən bu mötəbər tədbirdə salamlamaqdan məmnunluq hissi keçirirəm.
Birləşmiş Millətlər Təşkilatının (BMT) insan inkişafına dair son hesabatında Azərbaycan haqqında məlumatlar ölkəmizin ümumi inkişafının göstəricisidir. 2005-ci illə müqayisədə 34 pillə irəliləyən Azərbaycan 101-ci yerdən 67-ci yerə yüksəlmişdir. Bununla Azərbaycan 2000-2010-cu illər ərzində postsovet məkanı ölkələri arasında insan inkişafı indeksinə görə illik 1,77 artım dərəcəsi ilə ən yüksək göstəriciyə malik olmuşdur.
Azərbaycanın uğuru dövlət siyasətinin əsas meyarında insan amilinin qərarlaşmasıdır. Cəmiyyətin inkişafı, əlbəttə, ilk növbədə məhz insanların könüllü və şüurlu olaraq birgə fəaliyyət göstərmək iradəsinə bağlıdır. Əgər cəmiyyətin formalaşması insan fəaliyyəti nəticəsində baş veribsə, cəmiyyətdə yaranan institutların, qaydaların, iqtisadi və siyasi mexanizmlərin əsas qayəsi də məhz insan amilidir.
"İnsan inkişafı" adından da göründüyü kimi, bu, daha geniş, əhatəli bir konsepsiyadır və siyasi, iqtisadi, sosial parametrləri özündə ehtiva edir. Tarixi proseslər göstərir ki, dövlət hələ ki, fərdlərin öz potensiallarını inkişaf etdirməsi üçün yeganə və ən optimal institut olaraq qalır. Dövlətin müasir dövrün tələblərinə uyğun, universal dəyərlər əsasında fəaliyyəti bəşəriyyətin inkişafını səciyyələndirir. Yer kürəsi hər birimizin, hər bir vətəndaşın ümumbəşəri xəzinəsi və sərvətidir. Ona görə də dövlət ilk növbədə, məhz insan amilinin inkişafına xidmət etməli və onun gələcəyini düşünməlidir. Bu baxımdan BMT-nin təsis etdiyi inkişaf göstəricisi dünya ölkələrində mövcud vəziyyəti təhlil etmək, həyata keçirilən islahatların və tərəqqinin insan amilini nə dərəcədə nəzərə almasını aydınlaşdırmaq üçün çox önəmli bir mexanizmdir.
Azərbaycan BMT ilə sıx əməkdaşlıq edir, beynəlxalq təhlükəsizliyə və sülhün təmin edilməsinə öz töhfəsini verir. Hazırda Azərbaycan Prezidenti Administrasiyası BMT-nin Azərbaycan nümayəndəliyi ilə birlikdə "Azərbaycan-2050" proqramının hazırlanması işinin başlanmasını müzakirə edir.
Azərbaycan dövlətinin rəhbər tutduğu siyasi və iqtisadi strategiya vətəndaşların azad və bərabər mühitdə yaradıcı düşüncələrini, istedadlarını inkişaf etdirmələrinə və onların qloballaşan müasir dünyaya inteqrasiyasını təmin etməyə imkan verir. Əlbəttə, belə bir mühitin yaradılması hərtərəfli islahatların həyata keçirilməsini, ilk növbədə, ölkə daxilində münbit şəraitin mövcudluğunu zəruri edir.
Müasir dövrdə daxili və xarici proseslər bir-biri ilə sıx əlaqədədir və xarici siyasətin prioritetləri ölkə daxilində gedən proseslərin məntiqi davamıdır. Biz bunu hazırda Azərbaycanın Avratlantik məkana uğurlu inteqrasiya siyasətində daha aydın hiss edirik. Bu, Azərbaycan xalqının seçimi və əzmidir. Biz bununla Avropa məkanının ayrılmaz bir üzvü, fəal və etibarlı tərəfdaşı kimi öz iradəmizi təsdiq edirik.
Bəşər övladının paylaşdığı demokratik dəyərlər uzun müddət totalitar rejimdə yaşamış gənc Azərbaycan Respublikası üçün əsas istinad mənbəyidir. Beynəlxalq təşkilatlarda aktiv fəaliyyət Azərbaycanın siyasi və mədəni təbiətinin, xüsusilə onun insan amilinə verdiyi qiymətin bariz nümunəsidir. ATƏT, Avropa Şurası və Avropa İttifaqı tərəfindən inkişaf etdirilən "insan təhlükəsizliyi", "demokratik təhlükəsizlik" və "kooperativ təhlükəsizlik" konsepsiyaları bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki bu konsepsiyaların əsas qayəsi fərdin maraqlarının təmin edilməsidir. Dövlət bunun üçün bir vasitə kimi çıxış edir.
Bu konsepsiyaların mahiyyəti ondan ibarətdir ki, insanların təhlükəsiz, heç bir zorakılığın mövcud olmadığı şəraitdə fəaliyyət göstərməsi təmin edilsin.
Müasir dövrdə təhlükəsizlik anlayışı fundamental dəyişikliyə uğramışdır. Fərdin təhlükəsizliyinin təmin edilməsi, onun qorunması həm dövlət, həm də beynəlxalq cəmiyyət üçün xüsusi əhəmiyyət kəsb edir. Fərdin öz potensialını inkişaf etdirməsi, eyni zamanda, iqtisadi tərəqqi mühitində bərabər şərtlərin təmin edilməsinə birbaşa bağlıdır. Bu gün Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, yeni iqtisadi münasibətlərin formalaşması və ölkə iqtisadiyyatının möhkəm özüllər üzərində qurulması bu istiqamətdə yeni perspektivlər, üfüqlər açmışdır.
Son illər Azərbaycanda müşahidə olunan iqtisadi artım insanların, vətəndaşların seçim imkanlarını, potensiallarını genişləndirməyə şərait yaradan əsas vasitələrdən birinə çevrilmişdir. Beynəlxalq maliyyə böhranından əvvəl ümumi daxili məhsulun (ÜDM) artım tempi 30 faiz civarında dəyişirdi. Bu, dünyada ən yüksək göstəricilərdən biridir. 2008-ci ildə böhranın dərinləşməsinə baxmayaraq, Prezident İlham Əliyevin qətiyyətli iqtisadi siyasəti Azərbaycanı böhranın mənfi təsirlərindən qorudu. Ümumi daxili məhsul 10,8 faiz artaraq 40 milyard ABŞ dolları təşkil etmişdir. 2009-cu ildə isə ümumi daxili məhsul 9,3 faiz artmış, orta illik inflyasiya isə 1,5 faizi keçməmişdir. 2010-cu ilin birinci yarısında isə inflyasiya 4,9 faiz təşkil etmiş, əhalinin gəlirləri 11 faiz artmışdır.
İqtisadi fəaliyyətin canlanması dövlətin maliyyə vəsaitlərinin artmasını şərtləndirmişdir. Bu gün Azərbaycanın dövlət büdcəsi 15 milyard dollar təşkil edir; strateji valyuta ehtiyatları 28 milyard dollardır. Neft hasilatından əldə edilən gəlirlər isə Dövlət Neft fondunda yığılır və bu fond şəffaf fəaliyyəti ilə BMT-nin xüsusi mükafatına layiq görülmüşdür.
İqtisadiyyatın sürətli tərəqqisi və yeni iqtisadi münasibətlərin formalaşması kontekstində ölkədə sosial ədalətin bərqərar olunmasına xüsusi diqqət yetirilir. Bu, ilk növbədə bərabər şansların və şərtlərin yaradılmasının təmin edilməsində öz ifadəsini tapır. Bu baxımdan Azərbaycan dövlətinin üzərinə xüsusi öhdəlik düşür.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, hər bir vətəndaşın zəruri xidmətlərdən bəhrələnmək, o cümlədən təhsil almaq hüququ təmin edilmişdir. Mən təhsili xüsusilə vurğulayıram, çünki təhsil, bilik gələcəyin möhkəm əsaslar üzərində qurulmasını şərtləndirir. Qloballaşan müasir dünyada texnoloji nailiyyətlər sürətlə inkişaf edir və biz zamanın nəbzini tutub onunla ayaqlaşmalıyıq. Buna görə də Prezident İlham Əliyevin əsas məqsədi mövcud təbii resursların - qara qızılın intellektual potensiala çevrilməsi prosesini sürətləndirməkdir. Bu məqsədlə son illərdə 1200-dən çox orta məktəb binası tikilib istifadəyə verilmişdir. Eyni zamanda, gənc nəslin intellektual səviyyəsinin artırılması və yeni texnologiyalara yiyələnməsi üçün 2007-2015-ci illəri əhatə edən xüsusi dövlət proqramı çərçivəsində 5000 azərbaycanlı tələbənin dünyanın aparıcı universitetlərində təhsil alması işinə başlanmışdır. Məqsədimiz Azərbaycan gənclərinin intellektual potensialını gücləndirərək siyasi və iqtisadi məkanlarda yeni zirvələri fəth etməkdir.
Ölkə iqtisadiyyatının güclənməsi bir tərəfdən işsizlik probleminin aradan qaldırılmasına, digər tərəfdən isə yoxsulluğun səviyyəsinin aşağı salınmasına kömək etmişdir. İqtisadi fəaliyyətin artım tempinə uyğun olaraq yeni işçi qüvvəsinə tələbat yaranmışdır. Son illərdə 900 min yeni iş yeri açılmışdır ki, onların 600 mini daimi iş yeridir.
Ölkədə əlverişli biznes mühitinin olması isə bazar iqtisadiyyatının sütununu təşkil edən orta sinfin formalaşmasını təmin etmişdir. Bu, eyni zamanda, sahibkarların fəaliyyətinə dövlət dəstəyinin uğurlarından qaynaqlanır.
Yoxsulluğun səviyyəsi 2005-ci ildə 29,3 faizdən 2009-cu ildə 11 faizə düşmüşdür. Yoxsulluq geniş anlamda həm insanların maddi vəziyyətindəki çətinliklərinin, həm də onların normal həyat üçün zəruri şərtlərdən məhrumluğunun ifadəsidir. Bu baxımdan, yoxsulluq nəinki insanın inkişafı, hətta demokratiyanın tərəqqisi üçün də ciddi maneədir. Bərabərlik və maddi rifah halının yaxşılaşması insanlara öz hüquq və azadlıqlarından ən yüksək səviyyədə bəhrələnməyə imkan verir. Amerika Birləşmiş Ştatlarının Prezidenti Franklin Delano Ruzvelt haqlı olaraq qeyd edirdi ki, "yoxsulluq və azadlıq bir araya sığmır".
Buna görə də Azərbaycanda qısa müddət ərzində əldə edilən nailiyyətlərin əhalinin rifah halının yaxşılaşmasında öz əksini tapması demokratik dəyərlərin bərqərar olmasını şərtləndirən amilə çevrilmişdir. Vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması hökumətin əsas fəaliyyət prioritetini təşkil edir.
Dövlətin sosial sahəyə müdaxiləsi konsensus və kompromis fəlsəfəsinə əsaslanır, liberal demokratiyanın daha sağlam və möhkəm özül üzərində təşəkkülünü şərtləndirir. Bu gün Azərbaycanda bazar iqtisadiyyatının bəşəri prinsiplər əsasında fəaliyyəti təmin edilir. Bazar iqtisadiyyatı hər bir vətəndaşın ümumi sərvətlərdən bəhrələnməsinə, cəmiyyətdə gedən proseslərə inteqrasiyasına və fərdin kreativliyinin güclənməsinə xidmət etməlidir. Dövlət isə insanlar üçün müdafiəçi rolunu oynamalı, onların hüquq və azadlıqlarının, o cümlədən bərabərliklərinin təminatçısına çevrilməlidir. Budur bizim qayəmiz, amalımız.
Hörmətli xanımlar və cənablar!
Azərbaycanın qısa müddət ərzində keçdiyi demokratiya yolu ölkə daxilində milli həmrəyliyin və sabitliyin təmin edilməsi nəticəsində mümkün olmuşdur. Siyasi və iqtisadi islahatların paralel şəkildə aparılması vətəndaşların fərdi məsuliyyətlərini dərk etmələrinə, onların sosial-siyasi proseslərdə fəal iştirakına rəvac vermişdir.
Biz yeni parlament seçkiləri ərəfəsindəyik, artıq seçki təbliğat-təşviqat kampaniyası başa çatmaq üzrədir. Noyabrın 7-də Azərbaycan vətəndaşları seçki qutuları önündə millət vəkillərini seçəcəklər. Azərbaycanda fəaliyyət göstərən bütün siyasi qüvvələr bu seçkilərdə iştirak edir. Hakimiyyət olaraq isə, biz öz üzərimizə düşən öhdəliyi yerinə yetiririk: bütün namizədlərin bərabər şərtlər çərçivəsində mübarizə aparması təmin edilir; vətəndaşların iradələrinin seçki bülletenlərində öz əksini tapması üçün azad mühit yaradılır. Seçki məntəqələrində quraşdırılan 500 müşahidə kamerası seçkinin şəffaflığını təmin edir və seçki prosesinin obyektivliyini kənardan müşahidə etməyə imkan verəcəkdir. Bu müstəvidə media orqanlarının üzərinə də mühüm vəzifə düşür. Onların qərəzsiz fəaliyyəti seçki prosesinin ədalətli təbliğini təmin etməlidir. Tətbiq edilən müasir seçki texnologiyaları Azərbaycanda seçki prosesini daha da təkmilləşdirir, onun azad və ədalətli keçməsinə yeni töhfə verir. Bu, Azərbaycan demokratiyasının yeni bir uğurudur.
Lakin bir məqamı xüsusi vurğulamaq istərdim. Demokratiyada "ikili standartlar" qəbuledilməzdir. Biz istəmirik ki, Azərbaycanda cərəyan edən demokratik proseslərə, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllinə kənardan "ikili standartlar" mövqeyindən yanaşılsın. Biz Azərbaycanda demokratiyanın təşəkkülü üçün zəruri şəraitin yaradılmasını təmin etmişik və bundan sonra da edəcəyik. Bu gün biz görürük ki, demokratik dəyərlər Azərbaycan milli-mədəni irsinin inkişafı kontekstində insanların həyat tərzinin, mentalitetinin mühüm ünsürünə çevrilir.
Demokratiyanın kəsb etdiyi digər xüsusiyyət onun dövlətlərarası münasibətlərdə sülhsevər siyasət kursuna, siyasi elitanın kompromis mədəniyyətinin təşəkkülünə töhfə verməsidir. Lakin təəssüfləndirici haldır ki, bu xüsusiyyət insan hüquqlarının kobud şəkildə pozulmasına, müharibə vasitəsilə qonşu dövlətlərin ərazilərinin işğal edilməsi faktlarına hələ də son qoymamışdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnamə qəbul etməsinə baxmayaraq, Azərbaycan torpaqlarının 20 faizi hələ də Ermənistan qoşunlarının işğalı altındadır və bir milyondan artıq insan öz evindən didərgin düşmüşdür. Əlbəttə, bu işğala son qoyulmalıdır. Azərbaycan hakimiyyəti bunun üçün ciddi səylər göstərir. Dövlətimizin başçısı məcburi köçkün və qaçqınların layiqli həyat tərzini təmin etmək məqsədilə müvəqqəti olaraq onları yeni inşa olunmuş evlərlə təmin etmişdir. Ancaq əsas məsələ onların tezliklə öz ata-baba yurdlarına qayıtmasının təmin edilməsidir.
Dağlıq Qarabağda güc yolu ilə yaranan vəziyyət beynəlxalq hüququn fundamental prinsip və normalarını kobud şəkildə pozur. Beynəlxalq birlik, o cümlədən BMT-nin Təhlükəsizlik Şurası öz missiyasını yerinə yetirməli, hüququn gücünün qorunmasına xidmət etməli və torpaqlarımızın azad olunması üçün öz səylərini artırmalıdır.
Dağlıq Qarabağ heç bir zaman erməni ərazisi olmamışdır. Bu ərazi Azərbaycan xalqının etnogenezinin mühüm elementini təşkil edən Qafqaz albanlarının əsas əyalətlərindən biri olmuşdur. Onun ilkin adı olan "Arsak" ifadəsinə ilk dəfə Zərdüşt dininin müqəddəs kitabı olan "Avesta"da rast gəlinir. Həmin dövrlərdə zərdüştlük Albaniyada geniş yayılmışdı. Eramızın IV əsrinin əvvəllərində isə xristian dini Qafqaz Albaniyasının rəsmi dövlət dini elan olunur və alban kilsəsi xristianlığın ən qədim kilsələrindən biri hesab edilir. Alban katolikosunun iqamətgahı əvvəlcə Dərbənddə, Qəbələdə, Bərdədə yerləşirdisə, sonuncu iqamətgah XIII əsrdən Qandzasar kilsəsi olmuşdur. Onun tikilməsi alban milli kimliyinin intibah dövrünə təsadüf edir. Həmin dövrdə yaranan Xaçın knyazlığının çarı Həsən Cəlal özünü "bütün albanların çarı" elan etmişdir. Qafqaz Albaniyasında yaşayan xristian albanlar öz milli kimliyini XIX əsrə qədər qoruyub saxlamışlar.
Hələ 1720-ci illərdə Dağlıq Qarabağda yaşayan xristianlar özlərini alban hesab edirdilər və "Qafqaz Albaniyasının qısa tarixi" əsərinin yazılması bunu bir daha sübut edir. Lakin 1836-cı ildə Rusiya administrasiyası tərəfindən alban katolikosluğunun ləğv edilməsi və onun bütün əmlakının Erməni Qreqorian kilsəsinə verilməsi alban kimliyinə sarsılmaz zərbə vurmuşdur. Məhz çar Rusiyası tərəfindən ermənilərin kütləvi şəkildə Dağlıq Qarabağ ərazisinə yerləşdirilməsi xristian albanların assimilyasiyasına təkan vermişdir. Təsadüfi deyil ki, erməni dilində toponimlərə məhz bu dövrdə rast gəlinmişdir.
1727-ci ildə Osmanlı imperiyasının tərkibində olan Dağlıq Qarabağda yeni inzibati idarəçilik formasının yaradılması məqsədilə aparılan siyahıda xristian məliklərini təşkil edən kəndlərdən yalnız 2-nin adının erməni dilində olduğu məlum olmuşdur. 1823-cü ildə keçirilən siyahıyaalmada onların sayının isə 14-ə çatdığını müşahidə edirik. Bütün bunlar, erməni etnosunun Dağlıq Qarabağa gəlmə element olduğunu bir daha sübut edir. Doğrudur, qonşu dövlətin rəhbəri tərəfindən mənsub olduğu xalqın dilinin 8000 il bundan əvvəl, yəni ibtidai icma quruluşunun hökm sürdüyü bir vaxtda artıq formalaşdığı iddia edilsə də, bu cür bəyanatların sağlam təfəkkürlə və real tarixlə heç bir əlaqəsi yoxdur. Hamıya məlumdur ki, həmin dövrdə insanlar hələ mağara həyat tərzi sürür və ibtidai ünsiyyət vasitələrindən istifadə edirdilər.
Göründüyü kimi, Dağlıq Qarabağın çar Rusiyasına ilhaqından sonra baş verən hadisələr, xüsusilə erməni immiqrantların bu ərazidə kütləvi surətdə yerləşdirilməsi bugünkü erməni iddiasının əsasını təşkil edir. Bunun nəticəsi olaraq Azərbaycanın işğal edilmiş ərazilərində, Dağlıq Qarabağda qeyri-legitim və qeyri-leqal bir vəziyyət yaranmışdır.
Bu ərazilər təhlükə mənbəyi olan nəzarətsiz "boz zona"ya çevrilmişdir. Danılmaz sübutlar və məlumatlar göstərir ki, bu zonada silah və narkotik alveri, gizli immiqrasiya, terrorçu düşərgələri geniş vüsət alıb. Bu, regional və beynəlxalq təhlükəsizlik üçün real təhdiddir. Beynəlxalq təşkilatlar, xüsusilə beynəlxalq təhlükəsizliyin təminatçısı qismində birbaşa çıxış edən BMT bu təcavüzə və təhdidə adekvat reaksiya verməlidir. Bu, regionda sülhün bərqərar olunmasına və insan amilinin daha dolğun təcəssümünə xidmət edəcəkdir.
Ermənistan rəhbərliyi bunu anlamalı, qeyri-konstruktiv mövqeyindən çəkinməli və münaqişənin sülh yolu ilə həllinə öz töhfəsini verməlidir.
Müasir Azərbaycanda müşahidə edilən iqtisadi, siyasi və mədəni inkişaf, demokratiya və insanların fundamental hüquqlarının, xüsusilə milli azlıqların hüquqlarının qorunması və tolerant mühit Dağlıq Qarabağ ermənilərinin məhz Azərbaycan Respublikasının tərkibində yaşayıb öz milli xüsusiyyətlərini ifadə etmələri üçün geniş imkanlar açır. Sadə ermənilər hər zaman bu fikri paylaşıblar. Bu, bizə imkan verəcək ki, orada quruculuq işləri görək, məktəblər açaq, əhalinin həyat səviyyəsinin yüksəlməsini təmin edək. Bu, eyni zamanda, onların Azərbaycanda gedən sürətli iqtisadi inkişafdan bəhrələnmələrini mümkün edir. Biz ümid edirik ki, növbəti illərdə tərtib olunan hesabatlarda Dağlıq Qarabağda baş verəcək bu quruculuq işləri də öz əksini tapacaqdır.
Bu gün demokratiya yolunda əzmlə irəliləyən Azərbaycan regionda həm sabitlik amili, həm də regional əməkdaşlığın əsas mühərriki kimi çıxış edir. Hazırda regionda gedən proseslərə nəzər yetirsək görərik ki, həyata keçirilən bütün layihələr Azərbaycanın birbaşa siyasi iradəsi və iqtisadi dəstəyi ilə təsdiqini tapır. Azərbaycanla əməkdaşlıq qonşu dövlətlərin ümumi tərəqqidən bəhrələnməsinə təkan verir; rasional seçim münaqişəli vəziyyətin mənfi fəsadlarını nəzərə alaraq, dostluq və sülh şəraitində Azərbaycanla birlikdə regional əməkdaşlıqda iştirakı zəruri edir.
Belə bir xüsusi mövqeyə malik olan Azərbaycanın əsas məqsədi universal bəşəri dəyərlər əsasında regional təhlükəsizlik arxitekturasının qurulmasına və insan amilinin dövlət siyasətinin əsas predmetinə çevrilməsinə töhfəsini verməkdir. Təsadüfi deyil ki, bütün bu amillər BMT-nin "insan inkişafı" göstəricisində öz əksini tapmışdır və Azərbaycan bu istiqamətdə fəaliyyətini davam etdirəcəkdir. İnsanın demokratik bir mühitdə hərtərəfli inkişafı siyasi fəaliyyətin əsas hədəfi olmalıdır.
Sözümü yekunlaşdıraraq sizi bir daha salamlayıram və tədbirə müvəffəqiyyətlər arzulayıram.
Diqqətinizə
görə təşəkkür edirəm.
* * *
BMT İP-in rezident nümayəndəsi Fikrət AKÇURA çıxış edərək bildirmişdir ki, "Hər bir dövlətin həqiqi sərvəti onun insanlarıdır". Bu sözlərlə başlayan 1990-cı ilin İnsan İnkişafı Hesabatı inkişaf haqqında düşüncə tərzində yeni yanaşmanın əsasını qoymuşdur.
XX əsrdə dövlətlərin müvəffəqiyyətinin demək olar ki, yeganə əsas meyarı adambaşına düşən gəlir olmuşdur. Lakin sonradan insan inkişafı konsepsiyasının formalaşması və Minilliyin İnkişaf Məqsədlərinin təsbit olunması ilə bu sahəyə yeni baxış meydana gəlmişdir. Bu yeni yanaşmanın məğzi ölkələrin tərəqqisi və fərdlərin rifahının müxtəlif komponentlərdən ibarət olan daha müfəssəl qiymətləndirmə meyarı ilə ölçülməsidir. Əlbəttə, gəlir də çox vacibdir, çünki müvafiq resurslar olmadan hər hansı inkişafa nail olmaq çətindir. Lakin biz, eyni zamanda, insanların uzun və sağlam həyat yaşamasına, təhsil almaq və maariflənmək imkanlarına malik olmasına və əldə etdikləri bilik və bacarıqlarla öz həyatlarını daha da yaxşılaşdıra bilməsinə də çalışmalıyıq.
Son 20 il ərzində Birləşmiş Millətlər Təşkilatının başlıca vəzifəsi inkişafın prinsip və mahiyyətcə insanlar üzərində köklənməsinin vacibliyini vurğulamaq olmuşdur. 1970-ci ildən bu yana mövcud sahə üzrə qırxillik məlumat bazasının təhlilinə əsaslanan cari ilin İnsan İnkişafı Hesabatı isə bu ideyanın doğruluğunu bir daha təsdiq edir.
Hesabatda göstərilir ki, indiki dövrdə insanların əksəriyyəti daha sağlam və uzunömürlü həyat sürür, daha yüksək səviyyədə təhsil ala bilir və daha çox məhsul və xidmət növlərindən istifadə etmək imkanına malikdir. 1970-ci ildən günümüzədək keçən dövr ərzində gözlənilən ömür uzunluğu 59 ildən 70 ilədək, ibtidai və orta təhsil qeydiyyatı 55 faizdən 70 faizədək, adambaşına düşən ÜDM isə iki dəfə artmışdır. Bundan əlavə, siyasi azadlıqlar da genişlənməkdədir. Belə ki, əvvəlki dövrlərə nisbətən indi daha çox insan öz rəhbərlərini seçməyə və həmin şəxslərin verdikləri qərarlara görə məsuliyyət daşımasına nail ola bilmişdir. 1970-ci ildəki 30 faizlik göstərici ilə müqayisədə, indi dünya dövlətlərinin əksəriyyəti mütəmadi olaraq bərabərhüquqlu azad seçkilər keçirir.
İnsan inkişafı indeksinin irəliləməsində ən çox nailiyyət əldə etmiş dövlətlər sırasında Çin və Koreya Respublikası kimi tanınmış "iqtisadi inkişaf möcüzələri" ilə yanaşı, gənc dövlət olan Azərbaycanın da adı vardır.
Hesabatın əhatə etdiyi 169 ölkə arasında son 5 il ərzində Azərbaycan insan inkişafı sahəsində ən sürətli irəliləyişə nail olmuşdur: 2005-ci ildə 101-ci yerdə olan Azərbaycan 2010-cu ildə artıq 67-ci yerdə mövqe tutmuşdur ki, bu da çox böyük bir nailiyyətdir.
Azərbaycanın müstəqilliyinin ilk illərini xatırlayarkən onun bugünkü uğurları xüsusilə təqdirəlayiq nəticədir. Həmin illərdə Azərbaycanın məruz qaldığı hərbi təcavüzdən, ərazisinin bir qisminin işğalından, qaçqın və məcburi köçkünlərin irimiqyaslı axınından irəli gələn bir çox çətinliklərlə üzləşmişdi.
Mürəkkəb siyasi, iqtisadi və sosial şəraitə baxmayaraq, Azərbaycan davamlı iqtisadi inkişafa təkan verə bilmiş, yoxsulluğun səviyyəsini xeyli azaltmış və öz vətəndaşları üçün insan inkişafı istiqamətində uğurlar əldə etmişdir. Karbohidrogen məhsullarının ixracından əldə olunan gəlirlər genişmiqyaslı sosial-iqtisadi proqramlara yönəldilmişdir ki, bu da Azərbaycanın insan inkişafı reytinqi üzrə sürətlə irəliləməsində əks olunmuşdur.
Bu il Azərbaycan "orta insan inkişafı" qrupu ölkələrini tərk edərək, Braziliya, Türkiyə və Malayziya kimi "yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil olmuşdur.
İnsan inkişafı indeksinin orta illik tempinə görə Azərbaycan keçmiş Sovet İttifaqı ölkələri arasında son 10 il ərzində aparıcı dövlət olmuşdur. Yeri gəlmişkən qeyd edilməlidir ki, Azərbaycan bu istiqamətdə hətta dünya üzrə qabaqcıl sayılan iki dövləti - Çin və Hindistanı da arxada qoymağa müvəffəq olmuşdur.
Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın bu cür dəyərli təşəbbüslərini daim dəstəkləmişdir. Azərbaycanın insan inkişafı üçün mühüm olan sahələr üzrə fəaliyyəti 2010-cu ilin iyul ayında imzalanmış BMT-nin İnkişafa Yardım Çərçivə sənədində də öz əksini tapmışdır. Biz iqtisadi artımın davam etdirilməsi, xüsusilə də qeyri-neft sektorunda, sosial islahatlar və səmərəli idarəçilik sahələrində azərbaycanlı tərəfdaşlarımızla işbirliyinə həmişə hazırıq. Azərbaycan tərəfinin birgə layihələr vasitəsilə Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığa marağı isə, öz növbəsində, bu layihələrin maliyyələşməsində hökumətin payının getdikcə artması ilə təsdiq olunur.
Aparıcı beynəlxalq inkişaf təşkilatı olaraq bizim əsas məqsədimiz dünyanın müxtəlif ölkələrindəki uğurlu təcrübələrimizdən Azərbaycanın bəhrələnməsi üçün münbit şəraitin yaradılmasının təmin edilməsidir. Əldə olunmuş nəticələr göstərir ki, ümumi siyasi formul və düsturlar heç də həmişə fayda gətirmir. Bizim inkişafyönlü tövsiyələrimiz ölkələrin və cəmiyyətlərin özünəməxsus xüsusiyyətlərini nəzərə almalıdır. Ölkə mühitinə və mövcud şəraitə daha diqqətcil və həssas olmaq lazımdır. Digər ölkələrdən götürülmüş institusional və siyasi islahatların kor-koranə tətbiq olunması çox zaman gözlənilən nəticəni vermir. Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi bu ölkəyə onun milli tələblərinə və BMT prinsiplərinə əsaslanan əməkdaşlıq təklif edir.
İnsan inkişafına yönələn konkret tədbir kimi biz insan inkişafı üzrə tədris kursunun hazırlanması üzərində çalışırıq. Ali təhsil ocaqları üçün nəzərdə tutulan bu kurs tələbələr və dövlət qulluqçularına milli inkişafa yönəlmiş hərtərəfli və ümumi yanaşmanı tədris və təbliğ edəcəkdir. Biz, həmçinin Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələlərə həsr olunmuş milli insan inkişafı hesabatlarının sistemli qaydada hazırlanması işimizi də davam etdirəcəyik.
İnsanları
inkişaf prosesinin mərkəzinə gətirmək, sadəcə
olaraq, intellektual bir məşğələ deyildir. Bu o deməkdir ki, tərəqqinin nəticələrinin
bölüşdürülməsi ədalətli və
genişvüsətli olmalı, insanların dəyişikliklər
prosesində iştirakı təmin edilməli və
bugünkü nailiyyətlər gələcək nəsillərin
ziyanı hesabına əldə olunmamalıdır. Bu vəzifələrin
yerinə yetirilməsi nəinki mümkün, hətta
labüddür. Bir daha vurğulamaq istərdim ki, bu
mühüm missiyanın həyata keçirilməsi işində
Birləşmiş Millətlər Təşkilatı Azərbaycana
dəstək verməyə və birgə fəaliyyətə
daim hazırdır.
* * *
Koreya
Respublikasının Azərbaycandakı səfiri Li Cİ-HAN
insan resurslarının inkişafı sahəsində qeyri-adi
nəticələrə nail olduğuna görə Azərbaycan
hökumətini təbrik edərək demişdir:
- Son 4-5 il ərzində Azərbaycanın iqtisadi artım və insan resurslarının inkişafı sahəsində əldə etdiyi nailiyyətlər təqdirəlayiq bir nümunədir. Bununla belə, həqiqət ondan ibarətdir ki, Azərbaycanda insan resurslarını daha da inkişaf etdirmək lazımdır. Bunun məqsədi cəmiyyətin, xüsusilə də sənaye sahəsinin ehtiyaclarını ödəməkdir. Belə ki, sənaye sahəsində insan qüvvəsinə olan adekvat tələbat və bu tələbatı ödəyəcək təklif olmalıdır. Bu baxımdan sizə Koreyanın təcrübəsindən danışmaq istərdim. Koreya öz iqtisadiyyatını və insan resurslarını inkişaf etdirmək üçün hansı nəticələrə nail olmuşdur?
Koreya 1960-cı illərin əvvəlinə qədər dünyanın ən az inkişaf etmiş ölkələrindən biri idi. Tariximizə nəzər saldıqda biz 36 il Yaponiyanın müstəmləkəsindən gələn nəticədən danışırıq. 1950-ci ildən 1953-cü ilədək üçillik Koreya müharibəsi baş vermişdir. Bu müharibə Koreyanın iqtisadi infrastrukturunu tamamilə talan etmişdi. Ölkədə siyasi və sosial sabitlik bərqərar olunmalı idi. 1962-ci ildən etibarən biz hər biri 5 il davam edən 7 sistematik iqtisadi inkişaf proqramları planlaşdırdıq və həyata keçirdik. Hazırda Koreya dünyanın 13-cü ən nəhəng iqtisadiyyatına malik olan ölkədir. Bizim ümumi daxili məhsulumuz 1 trilyon dollardan çoxdur. Adambaşına düşən ümumi daxili məhsulun göstəricisi isə 20 min ABŞ dollarına bərabərdir. Bu baxımdan bir çox aspektləri vurğulamaq lazımdır. Bu, Koreyanın müvəffəqiyyətlər qazanmasına və iqtisadiyyatının dirçəlməsinə böyük töhfə vermişdir. Bu gün Koreyada çox yüksək səviyyə və təcrübəyə, hökumət idarəçiliyi və beynəlxalq şəraitdən səmərəli şəkildə bəhrələnmək təcrübəsinə malik yetərincə insan resursları vardır. Lakin bununla belə, biz yenə də deməliyik ki, ölkənin əsas inkişafı məhz insan resurslarının inkişafından ibarətdir.
Koreyada bu baxımdan üç əsas sahəni vurğulamaq istərdim. Belə ki, seçim prinsipi əsasında Koreya hər zaman adekvat təhsil siyasətini tələb olunan sahə üzrə vaxtında həyata keçirmişdir. Bunun nəticəsidir ki, Koreya insan inkişafına daha sürətlə nail olmuşdur və inkişaf etmiş digər ölkələrlə müqayisədə daha səmərəli nəticələrə imza atmışdır. Bundan sonra biz iqtisadi inkişafın hər bir mərhələsində təcrübəli əmək qüvvəsini yetişdirə bilmişdik. Beləliklə də, tələb olunan sahələr baxımından biz yetərincə əmək qüvvəsini təklif edə bilirdik. Bu, həmçinin onu göstərir ki, ölkədə xüsusi iqtisadi vəziyyət vardır və bu vəziyyətə əsaslanaraq biz adekvat təhsil siyasətimizi həyata keçirmişdik. Bundan əlavə, iqtisadi əməkdaşlıq çərçivəsində Koreya donor ölkələrin və beynəlxalq təşkilatların ən fəal tərəfdaşına çevrilmişdir.
Digər tərəfdən
Koreya, həmçinin bir sıra əməkdaşlıq layihələrini
planlaşdırmış və həyata keçirmişdir.
Bu da bizə inkişaf yolunu göstərmişdir. Bu qəbildən
tədbirlər bilavasitə səmərəli nəticələri
ərsəyə gətirmişdir. Koreya nou-xau
texnologiyaları sahəsində xarici tərəfdaşlarından
bir çox məsələləri öyrənmiş və
beləliklə də, insan inkişafına növbəti
töhfələrini verə bilmişdir.
* * *
Azərbaycan Gənclərinin Avropaya
İnteqrasiyası Təşkilatının sədri Gülsel
SƏFƏROVA çıxış edərək demişdir:
- Mən gəncəm. Mən QHT sektorunun adından çıxış edirəm. Bu gün sizin qarşınızda fikirlərimi bölüşmək məsuliyyətlidir. Amma ölkəsinə, dövlətinə, millətinə, xalqına ümumbəşəri ideyaları, universal dəyərləri, fundamental insan hüquqlarını təbliğ edərək xidmət etmək mənim və komandamın vətəndaşlıq borcudur.
Məndən əvvəlki dəyərli çıxışlarda Azərbaycan və BMT arasında uğurlu əməkdaşlığın nəticələri sadalandı, Azərbaycan üçün demokratik və ümumbəşəri dəyərlərin vacibliyi vurğulandı, qeyd olunan islahatların Azərbaycan xalqının maddi və mənəvi rifahının yüksəlməsinə gətirib çıxarması barədə danışıldı. Lakin bu gün mən çıxışımda vətəndaş cəmiyyətinin bir subyekti kimi, gənclər sektorunda olan müsbət dəyişikliklər barədə danışmaq istərdim. Azərbaycanın BMT-nin İnsan İnkişafı Hesabatında 34 pillə irəliləməsi ölkəmizin 2005-2010-cu illərdə sosial, iqtisadi və siyasi inkişafının göstəricisidir.
Qeyd etmək istərdim ki, ölkəmizdə gənclər haqqında qanunun daha da təkmilləşdirilməsi, gənclərə və gənclər təşkilatlarına dövlət dəstəyinin bariz nümunəsidir. İpoteka kreditlərinin əsasən gənclərə verilməsi dövlətin gənclərin rifahının yüksəldilməsində maraqlı olduğunu göstərir. Tarixən Şərqlə Qərbin sosiomədəni inteqrasiya nöqtəsi sayılan Azərbaycan XXI əsrdə də bu bəşəri missiyanı uğurla həyata keçirir. Azərbaycanın geosiyasi, geoiqtisadi mövqeyi səmərəli layihələrin həyata keçirilməsinə şərait yaradır. Azərbaycan transmilli layihələr, nəqliyyat dəhlizləri, eləcə də informasiya texnologiyaları və internet şəbəkələri sahələrində yüksək nəticələr əldə etmişdir.
Təsadüfi deyil ki, mən burada Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri kimi çıxış edirəm. Təşkilatımız Azərbaycanda gənc nəslin iştirakı ilə sülh, insan hüquqları və Qərbin demokratik dəyərlərinin təbliğatçılarından biri kimi fəaliyyət göstərir. Əsas missiyamız Qərb vətəndaş cəmiyyəti modelinin və dəyərlərinin Azərbaycanda daha da möhkəmlənməsinə nail olmaqdır.
Əsas prinsipimiz bu universal dəyərləri qəbul etməklə milli identikliyimizin, milli mənəvi dəyərlərimizin aşınmasına yol verməməkdir. Məlumdur ki, Azərbaycan öz milli mənəvi, kulturoloji dəyərləri ilə dünyanın canlı muzeyini xatırladır. Elə məhz bu prizmadan çıxış edərək, biz AGAT olaraq Qərb dəyərlərinin və milli dəyərlərimizin sintezi fonunda gənclər siyasətinə, xüsusilə də ölkənin əsas aparıcı inkişaf modeli sayılan vətəndaş cəmiyyətinə töhfə vermək istiqamətində işlər aparırıq.
Azərbaycan dövlətinin xarici siyasətində əsas amillərdən biri olan avrointeqrasiyaya yönəlmiş bir neçə layihə barədə söhbət açmaq istərdim. Biz Avropada sülhün və təhlükəsizliyin təminatçısı olan Avropa İttifaqının Qonşuluq Siyasətinin Gənclər Fəaliyyəti Proqramı çərçivəsində avrointeqrasiyaya töhfə verəcək bir necə beynəlxalq layihəyə qoşulmuş, bilavasitə icraçısı olmuşuq. Vurğulamaq istərdim ki, nəinki Avropa İttifaqının, həm də digər beynəlxalq institutların, eləcə də BMT-nin əsas prioritetlərindən biri sayılan, insanlar arasında ümumbəşəri dəyərin təbliği, müxtəliflik və gender əsaslı problemlərin həlli istiqamətində görülən işlər Azərbaycan dövlətçiliyi və vətəndaş cəmiyyəti üçün çox önəmlidir. Bütün bunları nəzərə alaraq biz Avropa İttifaqının proqramları çərçivəsində Fransanın AMSED təşkilatı ilə birgə əməkdaşlıq yolu ilə Azərbaycanda "Liderlik və gender bərabərliyi" adlı beynəlxalq seminar həyata keçiririk. Hazırda biz Avropada Qərb dəyərlərinin təbliğatçısı kimi tanınan AMSED şəbəkəsinin tamhüquqlu üzvüyük. Eyni zamanda, bu gün Azərbaycanda fəaliyyət göstərən çoxsaylı gənclər təşkilatları kimi AGAT da, sıx əməkdaşlıq etdiyi Avropa Şurası Gənclər Fondunun dəstəyi ilə insan hüquqları, milli, dini, irqi ayrı-seçkilik əleyhinə kampaniyalar, ümumbəşəri dəyərlər, gənclərin problemlərinin həlli istiqamətində çoxsaylı layihələr həyata keçirmişdir.
Bildiyimiz kimi, mütərəqqi ümumbəşəri ideyaları təbliğ edən BMT də insan hüquqlarının bir hissəsi olan milli icma və etnik azlıqların cəmiyyətdə hüquqlarının müdafiəsinə böyük önəm verir. Bu dəyər həm də bizim cəmiyyətimizdə öncül prioritetlərdəndir. Ona görə də AGAT 2009-cu ildə Cənubi Qafqazda ilk və yeganə olan milli icma və xalqların gənclər təşkilatlarının Əlaqələndirmə Şurasını yaratmışdır.
Hazırda Əlaqələndirmə Şurasında ölkəmizdə yaşayan yunan, yəhudi, Polşa, türk, tatar, rus, Ukrayna milli icmalarının gənclər təşkilatları təmsil olunurlar. Bu qurum Azərbaycanda tolerantlığın, dinlər və mədəniyyətlər arasında dialoqun yüksək səviyyədə olmasının sübutlarından biridir. Hazırda çox vacib bir layihənin üzərində işləyirik. Layihə çərçivəsində gənclərin və gənclər təşkilatlarının ictimai vəkillik sahəsində biliklərinin artırılması təşkilatların şəbəkələşməsi istiqamətindədir.
Sevindirici haldır ki, Azərbaycan gəncləri dövlət proqramı çərçivəsində xaricdə təhsil alır, ölkəmizin mədəniyyətini fəal təbliğ edirlər. Gələcəkdə həmin gənclər Azərbaycana elm, mədəniyyət, iqtisadiyyat, siyasət və informasiya texnologiyaları istiqamətində töhfə verəcəklər.
İqtisadi və siyasi göstəriciləri yüksək olan bir cəmiyyətin gəncləri passiv olmamalıdırlar. Çünki belə əlverişli şərait digər nəsillərin payına düşməyib. Biz Azərbaycan gənci olaraq xoşbəxt və sivil cəmiyyətdə yaşayıb işləyirik. Mən inanıram ki, xoşbəxt olmaq üçün xoşbəxt cəmiyyət yaratmaq lazımdır. Bu gün "yüksək insan inkişafı" qrupuna daxil edilmiş Azərbaycan cəmiyyətinin gənclər təbəqəsində milli kimlik, milli ideya formalaşır. Buna görə də buradan üzümü gənclərə tutub demək istərdim: gəlin vətəndaş cəmiyyətində aparıcı qüvvə olub faydalı işlər görək, insan hüquqlarını, bəşəri dəyərləri rəhbər tutaraq Azərbaycanın parlaq gələcəyi üçün həmrəylik göstərərək, birgə çalışaq. Bilirəm ki, növbəti illərdə gəncliyimiz daha faydalı işlər görəcək, Azərbaycanın dünya birliyinə inteqrasiyasına, daha yüksək göstəricilərə yiyələnməsinə töhfə verəcəklər.
Diqqətinizə
görə təşəkkür edirəm.
* * *
Mərasimə yekun vuran moderator bildirmişdir ki, inkişafın müəyyənləşməsində illərin sınağından çıxmış və yenilikçi yanaşmaya əsaslanan İnsan İnkişafı Hesabatı bütün dünyada inkişaf düşüncəsi üzərində həlledici təsir qüvvəsinə malikdir. Ümid edirəm ki, Azərbaycanın davamlı uğurlarını müzakirə etmək və yüksək qiymətləndirmək üçün gələcək tədbirlərdə yenə də görüşəcəyik.
AzərTAc
Azərbaycan.- 2010.- 6 noyabr.- S. 1, 2.