Pakistanın "Daily
Times" qəzetində Azərbaycanda parlament seçkilərinə həsr olunmuş məqalə dərc olunmuşdur
Pakistan İslam Respublikasında dərc olunan "Daily Times" qəzetinin 5 noyabr tarixli nömrəsində "40 partiya Azərbaycan Milli Məclisinin 125 yeri uğrunda mübarizədə" başlıqlı məqalə dərc olunmuşdur.
Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, məqalədə bir zamanlar vətəndaş müharibəsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə insan hüquqları və demokratiya sahəsində sürətli inkişaf yolu keçməsindən, Azərbaycan hökumətinin apardığı islahatlardan, seçki prosesinin şəffaf keçirilməsi üçün atılan ardıcıl addımlardan bəhs olunmuşdur. Respublikamızda hazırda 40-dan çox siyasi partiyanın, 15 televiziya kanalının, 1830 media qurumunun fəaliyyəti barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, keçmiş sovet və Şərqi Avropa ölkələri içərisində Azərbaycan kütləvi informasiya vasitələrinin inkişafı və keyfiyyətinə görə aparıcı yerlərdən birini tutur.
Azərbaycanda kütləvi informasiya vasitələri üzərində senzuranın tamamilə ləğv olunması, medianın inkişafı üçün əsas maneələrin aradan qaldırılması, Azərbaycan Prezidenti İlham Əliyevin media qurumlarının və jurnalistlərin fəaliyyətinin asanlaşdırılmasına dair imzaladığı sərəncamlar məqalədə oxucuların diqqətinə çatdırılmışdır.
Azərbaycan.- 2010.- 6 noyabr.- S. 3.