Azərbaycanın ilk
telekommunikasiya peykinin
orbitə çıxarılması barədə Fransa şirkəti ilə müqavilə
imzalanmışdır
Noyabrın 5-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi (BƏHM) ilə Fransanın "Arianespace" şirkəti arasında ölkəmizin ilk telekommunikasiya peykinin bu şirkətin istehsalı olan "Ariane-SECA" raketdaşıyıcısı ilə orbitə çıxarılması barədə müqavilə imzalanmışdır. Sənədi BƏHM-in sədri Cəlil Cəfərov və "Arianespace" şirkətinin baş direktoru Jan-İv Le Qal imzalamışlar.
AzərTAc xəbər verir ki, mərasimdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov sənədin imzalanmasını "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nın icrasında növbəti mərhələ kimi qiymətləndirmişdir. Peykin orbitə çıxarılması üzrə şirkətin müəyyən olunması ilə bağlı tender komissiyası bir ildən artıqdır ki, müzakirələr aparmış və bu məsuliyyətli vəzifənin "Arianespace" şirkətinə həvalə edilməsi barədə qərar qəbul etmişdir.
Bu sənəd ölkədə kosmik sənayenin yaradılması üzrə əsas fazanın başlanmasını əks etdirən Azərbaycanın milli peykinin 2012-ci ildə orbitə çıxarılması istiqamətində həyata keçirilən işlər çərçivəsində atılmış növbəti mühüm addımdır.
"Arianespace" şirkətinin baş direktoru Jan-İv Le Qal qurumun raketdaşıyıcılarının orbitə buraxılması sahəsində böyük təcrübəyə malik olduğunu və bugünkü hadisənin həm Azərbaycan, həm şirkət üçün əhəmiyyətini diqqətə çatdırmışdır. Bildirmişdir ki, 1980-ci ildə təsis edilmiş "Arianespace" şirkəti "Ariane-5" raketdaşıyıcısının istehsalı, istismarı və marketinqi ilə məşğuldur.
Ölkələrimiz arasında geniş iqtisadi əlaqələri qeyd edən Fransanın Azərbaycandakı səfiri Qabriel Keller demişdir ki, imzalanan sənəd ikitərəfli münasibətlərin inkişafına müsbət təsir edəcəkdir.
Xatırladaq ki, cari ildə BƏHM ilə Malayziyanın "Measat" və ABŞ-ın aparıcı peyk istehsalçısı olan "Orbital" şirkətləri arasında müvafiq olaraq Malayziyaya məxsus 46°Ş orbital mövqedən birgə istifadəni və peykin istehsalını nəzərdə tutan əsas müqavilələr imzalanmışdır.
Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması 2012-ci ilin dördüncü rübünə planlaşdırılmışdır.
Azərbaycan.- 2010.-6 noyabr.- S. 4.