Azərbaycanın xarici işlər nazirinin müavini Mərakeşdə səfərdə olmuşdur

 

Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov noyabrın 3-dən 5-dək Mərakeş Krallığının Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin dövlət katibi xanım Lətifə Əxirbaşın dəvəti ilə bu ölkədə səfərdə olmuşdur.

Azərbaycanın Krallıqdakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində A.Əzimov L.Əxirbaş ilə yanaşı, Mərakeş parlamentinin Sədri Abdul Vahid əl-Radi, Müşavirlər Palatası sədrinin birinci müavini M.Feyzi, dövlət naziri M.Lainserlə görüşmüşdür.

Görüşlərdə Azərbaycan ilə Mərakeş arasında əməkdaşlığın inkişaf perspektivləri, qarşılıqlı dəstək prinsipləri, əlaqələrin daha da möhkəmləndirilməsində iki ölkənin səfirliklərinin oynadığı rol müzakirə olunmuşdur.

Bundan əlavə, qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2010.- 6 noyabr.- S. 4.