Səudiyyə Ərəbistanı
Azərbaycan ilə iqtisadi sahədə əlaqələrin
inkişafında maraqlıdır
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, noyabrın 5-də nazir E.Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının xarici işlər nazirinin müavini şahzadə Xalid ibn Saud bin Xalid Al Saud ilə görüşmüşdür.
Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyən nazir E.Məmmədyarov bunun həm ikitərəfli məsələlərdə, həm də beynəlxalq təşkilatlar çərçivəsində mövcud əməkdaşlıqda öz əyani təzahürünü tapdığını bildirmişdir.
Səudiyyəli qonaq Bakıya səfər etməsindən məmnunluğunu bildirmiş, Azərbaycanda gedən inkişaf prosesinin gözlədiyindən də artıq olduğunu və bununla da əhalinin yaşayış tərzinin yaxşılaşmasına yönəlmiş dövlət siyasətinin düzgün seçildiyini vurğulamışdır. Ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu təsdiqləyən qonaq eyni vəziyyətin iqtisadi sahəyə də şamil edilməsinin vacibliyini demişdir. Ticarət, qarşılıqlı sərmayələr və iqtisadiyyatın digər sahələrinin inkişafına daha çox yer verilməsinin zəruriliyindən danışan qonaq bu istiqamətdə aparılan işlərin intesivləşdirilməsinə ehtiyac duyulduğunu da bildirmişdir.
Sonra tərəflər bir
sıra ikitərəfli, regional və
qarşılıqlı maraq doğuran məsələlər ətrafında
fikir mübadiləsi aparmışlar.
Azərbaycan.- 2010.- 6 noyabr.- S. 4.