Azərbaycan İKT-nin tətbiqi üzrə regionda lider ölkədir

 

Dünya İqtisadi Forumu (WEF) 2009-2010-cu illər üçün "Qlobal informasiya texnologiyaları" (NRİ) illik hesabatını dərc etmişdir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a bildirmişlər ki, hesabata əsasən Azərbaycan "şəbəkə hazırlığı indeksinə" görə dünya ölkələri arasında 64-cü yerdədir və bütün MDB ölkələrini geridə qoyaraq regiondakı lider mövqeyini saxlamışdır.

Reytinqdə Azərbaycan nəinki MDB dövlətlərini, həmçinin Türkiyə (69-cu yer), Polşa (65), Misir (70), Meksikanı da (78) qabaqlaya bilmişdir. MDB ölkələrindən Rusiya 80-ci, Qazaxıstan 68-ci, Ukrayna 82-ci, Gürcüstan 93-cü, Ermənistan isə 101-ci yerdədir. Hesabatda dünyanın 133 dövləti əhatə olunmuşdur. Sənədin tərtibatçıları xüsusi olaraq qeyd etmişlər ki, Azərbaycan NRİ reytinqinin ilk yarısına düşən yeganə MDB ölkəsidir. Siyahının birinci pilləsində Sinqapuru və Danimarkanı geridə qoyaraq ilk dəfə İsveç yer almışdır. Reytinqin dördüncübeşinci mövqelərində isə müvafiq olaraq İsveçrə və ABŞ-dır.

WEF-in budəfəki hesabatında, həmçinin ayrıca olaraq əhalinin gəlir səviyyələrinə əsasən ölkələrin "şəbəkə hazırlığı" siyahısı da tərtib olunmuşdur. Eyni gəlir səviyyəli ölkələr arasında Azərbaycan 6-cı pillədədir. WEF Azərbaycan hökumətini informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi üçün dövlət hazırlığı reytinqində yüksək qiymətləndirmişdir. Bu parametr üzrə Azərbaycan dünyanın ilk 30 ölkəsi siyahısında yer almış, İKT sahəsi üzrə hökumət prioriteti - 38-ci yerdə, qabaqcıl texnologiyaların dövlət səviyyəsində satınalınması - 16-cı yerdə, gələcək inkişaf baxımından İKT sektorunun əhəmiyyətinə dövlət diqqəti - 40-cı yerdə olmuşdur. WEF ekspertləri, həmçinin dövlətin İKT-nin istifadə olunmasına dair hazırlıq səviyyəsini də qiymətləndirmişdir. Belə ki, Azərbaycan İKT-nin dövlət səviyyəsində istifadəsinə görə dünya ölkələri arasında 49-cu, dövlət hakimiyyəti orqanlarında İKT-nin tətbiqinə görə isə 31-ci pillədə qərarlaşmışdır.

Hesabatda Azərbaycanda informasiya-kommunikasiya sahəsinə dair qanunvericilik və dövlət idarəsi amilləri də yüksək qiymətləndirilmişdir. Məktəblərdə internetə çıxış səviyyəsinə görə Azərbaycan 56-cı yeri, biznesdə innovasiya potensialına görə isə 29-cu yeri tutmuşdur.

 

 

Azərbaycan.- 2010.- 7 noyabr.- S. 2.