Azərbaycan insan
amilinə ən yüksək qiymət verilən ölkələr
sırasında yer alır
Prezident Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyev: "Azərbaycanın uğuru
dövlət siyasətinin əsas meyarında insan
amilinin qərarlaşmasıdır"
Dinamik sosial-iqtisadi tərəqqi göstəricilərinə malik Azərbaycanı dünya miqyasında xarakterizə edən mühüm göstəricilərdən biri ölkəmizdə əhalinin maddi rifah halının davamlı olaraq yüksəlməsi, zəngin intellektual potensialın yaradılması, təhsil, səhiyyə və digər mühüm sahələrdə göstərilən xidmətlərin keyfiyyətlərinin əhəmiyyətli dərəcədə yüksəldilməsidir. Bu mənada təsadüfi deyil ki, dövlət büdcəsindən ayırmalarda sosialyönümlü xərclərin miqdarı xüsusi çəkiyə malikdir və sözügedən istiqamətdə sərf olunan vəsaitlərin həcmi hər keçən il daha da çoxalır. Təhsil, səhiyyə kimi vacib sahələrdə həyata keçirilən islahatlar, güclü maddi-texniki bazanın yaradılması, insanların maddi gəlirlərinin artması, onların layiqli həyat tərzinin təmin olunması istiqamətində dövlət tərəfindən görülən işlər Azərbaycanın ümumi tərəqqisinin vacib göstəriciləri sırasında yer alır.
Daha bir mühüm məqam isə ondan ibarətdir ki, ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində inkişafın mühüm bazası və göstəricisi olan insan kapitalının formalaşdırılmasına hər zaman xüsusi diqqət yetirilir. Çünki istənilən ölkənin inkişafının əsasında ən əsas məqamlardan biri məhz insan kapitalının yaradılması, onun daha zəngin hala gətirilməsidir. Ölkəmizdə isə bu müstəvidə konkret addımlar atılmaqda, günü-gündən güclənən iqtisadiyyat fonunda böyük insan kapitalı yaradılmaqdadır. Prezident İlham Əliyev bununla bağlı demişdir: "Azərbaycanın enerji resursları hələ uzun illər bizə imkan verəcək ki, iqtisadiyyatımızı gücləndirək. Ancaq bizim əsas vəzifəmiz bu kapitalı insan kapitalına çevirməkdir. Bu məqsədlə Azərbaycanda sosial və humanitar sahələrdə çox böyük tədbirlər görülür".
Bütün bunlar öz növbəsində Azərbaycanın insan inkişafı indeksi baxımından möhtəşəm nailiyyətə imza atmasını, bu sahədə qazanılan uğurların miqyasının daim genişlənməsini təmin edir. Məhz bunun nəticəsidir ki, insan inkişafı indeksinin orta illik tempinə görə Azərbaycan keçmiş Sovet İttifaqı məkanındakı ölkələr arasında son 10 il ərzində aparıcı dövlət olub. Qeyd edilən fakt noyabrın 4-də Bakıda təqdimat mərasimi keçirilən BMT İnkişaf Proqramının 2010-cu il İnsan İnkişafı Hesabatında da aydın şəkildə öz əksini tapıb. Xatırladaq ki, Azərbaycan Prezidenti Administrasiyasının və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının "Millətlərin həqiqi sərvəti: İnsan inkişafına aparan yollar" devizi altında birgə təşkil etdikləri təqdimat mərasimində hökumətin, beynəlxalq qurumların, diplomatik korpusun və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.
Təqdimat mərasiminin moderatoru olan BMT İnkişaf Proqramının rezident-əlaqələndiricisinin müavini Bahadur Eşonov bildirib ki, hesabatın Bakıda təqdim olunması Azərbaycanın ən yaxşı icraçılar arasında olması faktını təsdiq edir. Bununla yanaşı, hesabatdan o da aydın olur ki, ölkəmizdə müasir dövrdə insanlar daha sağlam və uzunömürlü həyat sürür, həmçinin daha yüksək səviyyədə təhsil ala bilir və daha çox məhsul və xidmət növlərindən istifadə etmək imkanına malikdirlər. Qeyd edilənlərin məntiqi nəticəsidir ki, BMT İnkişaf Proqramının 2010-cu il İnsan İnkişafı Hesabatında 2005-ci illə müqayisədə 34 pillə irəliləyən Azərbaycan 101-ci yerdən 67-ci yerə yüksəlib. Belə mühüm nailiyyətə imza atan Azərbaycan son on il ərzində postsovet məkanı ölkələri arasında insan inkişafı indeksinə görə illik 1,77 artım dərəcəsi ilə ən yüksək göstəriciyə malik olub. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev təqdimat mərasimində çıxışı zamanı qeyd edib ki, Azərbaycanın uğuru dövlət siyasətinin əsas meyarında insan amilinin qərarlaşmasıdır. Geniş, dərinməzmunlu, fəlsəfi xaratkerli çıxışında akademik Ramiz Mehdiyev ölkəmizdə insan inkişafına verilən xüsusi diqqətdən də ətraflı, bəhs edib: "Azərbaycan dövlətinin rəhbər tutduğu siyasi və iqtisadi strategiya vətəndaşların azad və bərabər mühitdə yaradıcı düşüncələrini, istedadlarını inkişaf etdirmələrinə və onların qloballaşan müasir dünyaya inteqrasiyasını təmin etməyə imkan verir. Əlbəttə, belə bir mühitin yaradılması hərtərəfli islahatların həyata keçirilməsini, ilk növbədə, ölkə daxilində münbit şəraitin mövcudluğunu zəruri edir".
Avratlantik məkana inteqrasiya yolunda uğurla irəliləyən Azərbaycanda demokratik dəyərlərin daha möhkəm özüllər üzərində bərqərar olaraq mütəhərrik inkişafı daim xüsusi diqqət yetirilən ən mühüm məqamlardandır. Bunun nəticəsidir ki, ölkəmizdə müasir dünya tələblərinə cavab verən demokratiya mühiti formalaşıb və bu mühitin daha zəngin xarakter alması istiqamətində görülən işlərin miqyası daim genişlənir. Çünki demokratiya və onu xarakterizə edən əsas göstəricilər özü də mütəmadi inkişafda olan prosesdir. O da danılmaz həqiqətdir ki, yeni müstəqillik tariximizdə Azərbaycanın demokratiya yolunda irəlilədiyi məsafəni dünyanın inkişaf edən əksər ölkələri daha uzun müddətə keçiblər. Beynəlxalq səviyyədə də açıq etiraf edilir ki, sosial-iqtisadi inkişaf dinamikasına görə uğurlu bir modelin əsasını yarada bilmiş Azərbaycan dünya miqyasında həm də siyasi və demokratik tərəqqi yolunda möhtəşəm naliyyətlərə imza atan dövlətdir. Bütün bunlar həm də ondan irəli gəlir ki, - demokratik dəyərlərin sürətlə inkişafı, dövlət tərəfindən həyata keçirilən Avratlantik məkana uğurlu inteqrasiya həm də Azərbaycan xalqının seçimi və əzmidir. Akademik Ramiz Mehdiyevin bu fonda səsləndirdiyi fikirlər, xüsusən, ölkəmizin beynəlxalq təşkilatlarda aktiv iştirakı ilə də insan amilinə verdiyi qiymət barədə toxunduğu məqamlar olduqca böyük maraq kəsb edir: "Bəşər övladının paylaşdığı demokratik dəyərlər uzun müddət totalitar rejimdə yaşamış gənc Azərbaycan Respublikası üçün əsas istinad mənbəyidir. Beynəlxalq təşkilatlarda aktiv fəaliyyət Azərbaycanın siyasi və mədəni təbiətinin, xüsusilə, onun insan amilinə verdiyi qiymətin bariz nümunəsidir. ATƏT, Avropa Şurası və Avropa İttifaqı tərəfindən inkişaf etdirilən "insan təhlükəsizliyi", "demokratik təhlükəsizlik" və "kooperativ təhlükəsizlik" konsepsiyaları bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki bu konsepsiyaların əsas qayəsi fərdin maraqlarının təmin edilməsidir. Dövlət bunun üçün bir vasitə kimi çıxış edir".
Özünün sosial-iqtisadi inkişaf tempinə görə son bir neçə ildə dünyada lider mövqedən çıxış edən Azərbaycan həm də həyata keçirdiyi siyasi, demokratik və digər islahatlarla nümunəvi dövlətlər sırasında yer alır. Ölkənin sürətli inkişafının hər bir vətəndaşın həyatında da öz əksini tapması, davamlı iqtisadi tərəqqinin yaşanması, karbohidrogen məhsulların ixracından əldə olunan gəlirlərin genişmiqyaslı sosial-iqtisadi proqramlara yönəldilməsi isə Azərbaycanda insan inkişafına böyük töhfələr verib. Yaşanan bu inkişaf fonunda isə akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, iqtisadiyyatın sürətli tərəqqisi və yeni iqtisadi münasibətlərin formalaşması kontekstində ölkəmizdə sosial ədalətin bərqərar olunmasına xüsusi diqqət yetirilir. Bu, ilk növbədə, bərabər şansların və şərtlərin yaradılmasının təmin edilməsində öz ifadəsini tapır. Bu baxımdan Azərbaycan dövlətinin üzərinə xüsusi öhdəlik düşür: "Qloballaşan müasir dünyada texnoloji nailiyyətlər sürətlə inkişaf edir və biz zamanın nəbzini tutub onunla ayaqlaşmalıyıq. Buna görə də Prezident İlham Əliyevin əsas məqsədi mövcud təbii resursların - qara qızılın intellektual potensiala çevrilməsi prosesini sürətləndirməkdir. Bu məqsədlə son illərdə 1200-dən çox orta məktəb binası tikilib istifadəyə verilmişdir. Eyni zamanda, gənc nəslin intellektual səviyyəsinin artırılması və yeni texnologiyalara yiyələnməsi üçün 2007-2015-ci illəri əhatə edən xüsusi dövlət proqramı çərçivəsində 5000 azərbaycanlı tələbənin dünyanın aparıcı universitetlərində təhsil alması işinə başlanmışdır. Məqsədimiz Azərbaycan gənclərinin intellektual potensialını gücləndirərək siyasi və iqtisadi məkanlarda yeni zirvələri fəth etməkdir".
Ölkəmizdə həyata keçirilən və dəqiq düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olunub, davamlı xarakterə malik iqtisadi yüksəlişin əsası qoyulub, sosial həyat və iqtisadiyyatın bütün sahələrində islahatlara başlanıb, əhalinin həyat səviyyəsinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi bu inkişaf strategiyası hazırda onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdə, zamanın tələblərinə uyğun olaraq yeni çalarlarla daha da zəngin hala gətirilməkdədir. Cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən və ilk növbədə, sosialyönümlü problemlərin kompleks həllinə geniş imkanlar açan səmərəli islahatlar, imzalanan mühüm fərman və sərəncamlar, dövlət proqramları ölkəmizdə müşahidə olunan iqtisadi inkişafın sürətləndirilməsinə xidmət etməklə yanaşı, dünya miqyasında Azərbaycanın mövqelərini daha da möhkəmləndirməkdədir. Bütün bunlar işsizlik probleminin aradan qaldırılmasına, digər tərəfdən isə yoxsulluğun səviyyəsinin aşağı salınmasına mühüm töhfələr verib. Təkcə bir faktı xatırlamaq kifayətdir ki, son illərdə 900 min yeni iş yeri açılıb ki, onların 600 mini daimidir. Yoxsulluğun səviyyəsi 2005-ci ildə 29,3 faizdən 2009-cu ildə 11 faizə düşüb. Vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması hökumətin əsas fəaliyyət prioritetini təşkil etdyini bildirən akademik Ramiz Mehdiyev qeyd edib: "Dövlətin sosial sahəyə müdaxiləsi konsensus və kompromis fəlsəfəsinə əsaslanır, liberal demokratiyanın daha sağlam və möhkəm özül üzərində təşəkkülünü şərtləndirir. Bu gün Azərbaycanda bazar iqtisadiyyatının bəşəri prinsiplər əsasında fəaliyyəti təmin edilir. Bazar iqtisadiyyatı hər bir vətəndaşın ümumi sərvətlərdən bəhrələnməsinə, cəmiyyətdə gedən proseslərə inteqrasiyasına və fərdin kreativliyinin güclənməsinə xidmət etməlidir. Dövlət isə insanlar üçün müdafiəçi rolunu oynamalı, onların hüquq və azadlıqlarının, o cümlədən bərabərliklərinin təminatçısına çevrilməlidir. Budur bizim qayəmiz, amalımız".
Prezident Administrasiyasının rəhbərinin çıxışında toxunduğu ən mühüm məqamlardan biri də demokratiyanın kəsb etdiyi mühüm xüsusiyyətlərdən biri olaraq onun dövlətlərarası münasibətlərdə sülhsevər siyasət kursuna, siyasi elitanın kompromis mədəniyyətinin təşəkkülünə töhfə verməsi ilə bağlı olub. Bu kontekstdə akademik Ramiz Mehdiyev bildirib ki, demokratiyanın sözügedən xüsusiyyəti insan hüquqlarının kobud şəkildə pozulmasına, müharibə vasitəsilə qonşu dövlətlərin ərazilərinin işğal edilməsi faktlarına hələ də son qoymayıb. Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri buna ən bariz nümunədir.
Dağlıq Qarabağın tarixi barədə geniş məlumat verən akademik Ramiz Mehdiyev ermənilərin buraya sonralar kütləvi şəkildə köçürülməsini xatırladaraq hazırda davam edən işğal nəticəsində Azərbaycanın zəbt olunmuş ərazilərində yaradılan təhlükə mənbələrindən də geniş bəhs edib.
Məlum həqiqətdir ki, Azərbaycan ərazilərinin bir hissəsini işğal altında saxlayan Ermənistanın davam etdirdiyi işğalçılıq siyasəti regionun ümumi təhlükəsizliyinə də mənfi təsir göstərir. Ermənistanın həyata keçirdiyi işğal zamanı düşmən tərəfinin etnik zəmində həyata keçirdiyi təmizləmə siyasəti ilə yanaşı, Dağlıq Qarabağda və onun ətrafında yerləşən 7 rayonda iqtisadi və sosial infrastruktur dağıdılıb, ekosistemə ciddi xələl gətirilib. İndi də ermənilər işğal altında saxladıqları ərazilərdə təbii sərvətləri talan etməkdə, nadir fauna və flora növlərinin kökünü kəsməkdə davam edirlər. Burada yerləşən, ümumdünya tarixi və mədəni irsinin tərkib hissəsi olan maddi mədəniyyət abidələrimiz ya məhv edilib, ya da tamamilə yararsız bir vəziyyətə salınıb. Hazırda işğal altında saxlanan ərazilər həm Azərbaycan mərkəzi hakimiyyətinin, həm də beynəlxalq rəsmi təşkilatlar və dünya ictimaiyyətinin nəzarətindən tamamilə kənar bir vəziyyətdədir. Bunun nəticəsi olaraq həmin ərazilərdə separatçılığın, terrorçuluğun, narkoticarətin çiçəklənməsinə və digər qanunsuz halların genişlənməsinə münbit şərait yaradılıb. O da danılmaz faktdır ki, burada insan alverindən tutmuş, narkotik və psixotrop maddələrin qeyri-qanuni istehsalı, daşınması, ticarəti, dövriyyəsi, silah alveri üçün tranzit marşrutların yaradılması Ermənistanın bilavasitə dəstəyi və iştirakı ilə baş verir. Aparılan tədqiqatlar göstərir ki, Ermənistan "Avropada adi silahlı qüvvələr haqqında" 1990-cı ildə imzalanan müqavilənin müddəalarını da kobud şəkildə pozaraq malik olduğu əlavə hərbi texnikanın bir hissəsini işğal edilmiş ərazilərdə yerləşdirir. Bununla da, akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi işğal altında olan ərazilər təhlükə mənbəyi olan nəzarətsiz "boz zona"ya çevrilib: "Danılmaz sübutlar və məlumatlar göstərir ki, bu zonada silah və narkotik alveri, gizli immiqrasiya, terrorçu düşərgələri geniş vüsət alıb. Bu, regional və beynəlxalq təhlükəsizlik üçün real təhdiddir. Beynəlxalq təşkilatlar, xüsusilə, beynəlxalq təhlükəsizliyin təminatçısı qismində birbaşa çıxış edən BMT bu təcavüzə və təhdidə adekvat reaksiya verməlidir. Bu, regionda sülhün bərqərar olunmasına və insan amilinin daha dolğun təcəssümünə xidmət edəcəkdir. Ermənistan rəhbərliyi bunu anlamalı, qeyri-konstruktiv mövqeyindən çəkinməli və münaqişənin sülh yolu ilə həllinə öz töhfəsini verməlidir".
Prezident Administrasiyasının rəhbəri onu da vurğulayıb ki, müasir Azərbaycanda müşahidə edilən iqtisadi, siyasi və mədəni inkişaf, demokratiya və insanların fundamental hüquqlarının, xüsusilə, milli azlıqların hüquqlarının qorunması və tolerant mühit Dağlıq Qarabağ ermənilərinin məhz Azərbaycan Respublikasının tərkibində yaşayıb öz milli xüsusiyyətlərini ifadə etmələri üçün geniş imkanlar açır. Azərbaycanın regional roluna da toxunan akademik Ramiz Mehdiyevin sözlərinə görə, bu gün demokratiya yolunda əzmlə irəliləyən Azərbaycan regionda həm sabitlik amili, həm də regional əməkdaşlığın əsas mühərriki kimi çıxış edir: "Hazırda regionda gedən proseslərə nəzər yetirsək görərik ki, həyata keçirilən bütün layihələr Azərbaycanın birbaşa siyasi iradəsi və iqtisadi dəstəyi ilə təsdiqini tapır. Azərbaycanla əməkdaşlıq qonşu dövlətlərin ümumi tərəqqidən bəhrələnməsinə təkan verir; rasional seçim münaqişəli vəziyyətin mənfi fəsadlarını nəzərə alaraq, dostluq və sülh şəraitində Azərbaycanla birlikdə regional əməkdaşlıqda iştirakı zəruri edir. Belə bir xüsusi mövqeyə malik olan Azərbaycanın əsas məqsədi universal bəşəri dəyərlər əsasında regional təhlükəsizlik arxitekturasının qurulmasına və insan amilinin dövlət siyasətinin əsas predmetinə çevrilməsinə töhfəsini verməkdir".
Bütün bunlar ölkəmizdə insan, vətəndaş amilinə kifayət qədər yüksək qiymət verildiyini, Azərbaycanın bu kateqoriya üzrə dünyanın lider dövlətləri sırasında yer aldığını göstərir.
Rasim BAYRAMOV
Azərbaycan.- 2010.- 7 noyabr.- S. 2.