Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı

 

Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyasının prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 2010-cu il 27 oktyabr tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində, Azərbaycan Respublikasının Tərtər rayonu istiqamətində Ermənistan hərbçilərinin hücumunu dəf edərkən 2010-cu il iyunun 18-də və 2010-cu il sentyabrın 4-də şəhid olmuş Azərbaycan hərbçiləri - İbrahimov Mübariz Ağakərim oğlu və Əhmədov Fərid Güloğlan oğlunun meyitləri 2010-cu il noyabrın 6-da qarşı tərəfdən alınmışdır.

Həmin gün, həmçinin 2010-cu il iyunun 18-də Tərtər çayından tapılmış erməni meyiti qarşı tərəfə qaytarılmışdır. İdentifikasiya prosesində meyitin Ağdərə rayonunun Maqadis kənd sakini, 1924-cü il təvəllüdlü Arustamyan Qavruşa Xaçaturoviçə aid olduğu müəyyənləşdirilmişdir.

İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmişdir.

 

 

Azərbaycan.- 2010.- 7 noyabr.- S. 2.