Hamının gözlədiyi gün

 

Onu uşaqdan-böyüyə hamı gözləyirdi. Gözləyə-gözləyə inamımız tükənmədi, ümidlərimiz qırılmadı...

Hamının gözlədiyi qəhrəman qayıtdı. Neçə aydan bəri davam edən həsrətə, intizara axır ki, son qoyuldu. Mübariz İbrahimov artıq ermənilərin cızdığı "şərti" sərhəd xəttinin bu biri tərəfində, doğmaların arasındadır.

Prezidentlərin Həştərxan görüşündən sonra onun qayıdacağına olan ümidlər daha da artdı. Hamı bu igid, qəhrəman oğlumuza son borcunu vermək, onu öz yurdunda görmək istəyirdi. Artıq hər bir azərbaycanlının doğmasına, əzizinə çevrilən Mübariz İbrahimovun sücaəti və qəhrəmanlığı hər bir insanı təsirləndirmişdi. Hamı ondan danışırdı. Nəşi düşmən əlində qalsa da, qəlbi, ruhu bizimlə idi. Elə onun, o cavan ruhuna tükənməz ehtiram əlaməti olaraq insanlar Biləsuvara - Mübariz İbrahimovun doğma kəndinə axışırdılar.

 

Ölkə Prezidentinin ona "Milli Qəhrəman" adını verməsi də şərəfli yolun məntiqi nəticəsi idi. Amma onu da deyək ki, bu ad həm də bir çox məsələlərdə - gənclərin milli vətənpərvər ruhunun gücləndirilməsində böyük rol oynadı. Mübariz İbrahimov Qarabağ uğrunda, torpaqlarımızın bütövlüyü uğrunda vuruşduğu kimi, bizonun üçün, onun geri qaytarılması üçün vuruşmalıydıq. Vuruşduq da. Bu artıq "Mübariz davası", "Mübariz üçün dava" idi. Bu, əslində, Qarabağ savaşının bir hissəsi idi. Necə ki, Qarabağ məsələsində, eləcə də Mübariz İbrahimovun nəşinin bütün vasitələrlə geri qaytarılmasında ayrı-seçkilik, iqtidar-müxalifət münasibətləri ola bilməzdi və olmadı da. Mübariz İbrahimovun davası Qarabağ olduğu üçün dövlət başçısının da, adi vətəndaşların da, əli silah və qələm tutan hər kəsin də Mübariz üçün davası elə Qarabağ davası idi. Biz az da olsa, bu davanı uda bildik. Ölkə Prezidenti İlham Əliyevin sözləri ilə desək: "Bu, çox vacibdir. Bu, milli məsələdir, ümummilli məsələdir. Bu məsələdə siyasi maraqlar kənara qoyulmalıdır. Bu məsələdə iqtidar-müxalifət münasibətləri, ümumiyyətlə, olmamalıdır. Bu məsələ ilə bağlı, heç kim spekulyasiya etməməlidir. Bu, bizim ümummilli məsələmizdir".

Bu gün Azərbaycan cəmiyyətində bu birliyin, harmoniyanın yaranmasında, daha da inkişaf etdirilməsində Mübariz İbrahimov, bir əsgər kimi qeyri-adi bir nümunə göstərdi, vətənpərvərlik ruhunun və duyğularının artmasına, daha da güclənməsinə yeni təkan verdi. Artıq neçə illərdir ki, ölkəmizdə orduda xidmət şərəf işinə çevrilib. Hərbi xidmətdən yayınma halları heçə enib. O da maraqlıdır ki, Mübarizin qəhrəmanlığı, şəhidliyi bizdə nə boyda vətənpərvərlik dalğası yaratdısa, qarşı tərəfdə - ermənilərdə bir o qədər mənəvi məyusluğa səbəb oldu. Çünki özləri də bilmədən Azərbaycanda milli vətənpərvərlik hisslərinin, duyğularının güclənməsinə şərait yaratdılar. Onlar gördülər ki, artıq qarşılarındakı əsgər 20 il, 10 il, hətta 5 il əvvəlki deyil. Bu əsgəri öz torpağında qurulan səngərdə tutub saxlamaq gündən-günə çətinləşir. Əsgərin gözü qarşısında yağmalanmış torpaq, talan olunmuş kəndlər, şəhərlər var. Əsgər bilir ki, "getməsək də, görməsək də, o kənd bizim kəndimizdir".

Qısa müddətdə Mübariz İbrahimov Azərbaycan əsgərinin, zabitinin simvoluna çevrildi.

Bu gün ölkəmizin hər yerindən, Mübarizin doğulduğu evə, Biləsuvara öz ürəyinin səsi ilə minlərlə insan gəlir. O adamlar arasında onun getdiyi yolu getməkdə, göstərdiyi şücaəti göstərməkdə qərarlı olan yüzlərlə gənc var.

Bu gün hamı Mübariz İbrahimova Allahdan rəhmət diləyir. Bu gün hamı onun qəhrəmanlığından, vətənpərvərliyindən, şəhidliyindən, geri dönməsindən danışır!

Bu söhbətləri, danışıqları eşitmək xoşdur. Danışmağa haqqımız da var.

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2010.-7 noyabr.- S. 2.